“Sənət
ilahəsi”
Hindistanın
ilk baş naziri Cəvahirləl Nehru
Xalq artisti Elmira Rəhimovanı belə
adlandırmışdı
Hər sənətin öz gözəlliyi və özəlliyi olur. Lakin elə sənət
növləri də var ki,
onu öyrənib mənimsəməkdən
daha çox, ilahidən
sənə pay verilir.
Yaxşı səs, müğənnilik, musiqi
duyumu, ifaçılıq da
belələrinə aiddir. Azərbaycan musiqi sənətində xüsusi
dəstxəti ilə seçilən və sevilən korifey sənətkarlarımız
az olmayıb. Xalqımızı heç də ötəri yerə nəğməkar
adlandırmayıblar. Muğam, xalq mahnılarını yetərincə ifa etmək və dünya
xalqlarına sevdirmək hər sənətkara nəsib olmur. Barmaqla sayılan belə
sənətkarlarımızdan biri də
80 illik yubileyi
könüllərdə qeyd edilən Xalq artisti Elmira
Rəhimovadır.
Səsi bu gün dünyanı dolaşan
müğənni ilk dəfə iyirminci yüzilliyin
ortalarında konsert salonlarında, radio dalğalarından eşidilməyə
başladı. O zamanlar hələ məktəbyaşlı
idi. Radio və televiziya verilişlərinə dəvət alanda beləcə də təqdim edilirdi: “Oxuyur Bakı məktəblisi
Elmira Rəhimova”.
Əlbəttə, sonralar bu təqdimatın
auditoriyası genişləndi. Elmira Rəhimova
sənət aləminin korifeylərinin diqqətini çəkdi.
Daha möhtəşəm konsert
salonlarında sürəkli alqışlandı. O, xalq məhəbbətini qazandı.
Elmira Rəhimovanın
yalnız səsi, səhnə mədəniyyəti deyil, həm də etik-estetik
davranışları da onu
sevdirirdi. Sənətkarın özünəməxsus
ifaçılıq qabiliyyəti, səsinin ahəngindəki şirinlik - titrəyiş, həzinlik
mahnılarına özgə bir ovqat əlavə edirdi.
Sevilən mahnıları dillər əzbərinə çevrilir, sənət dünyasında yeni bir istedadın
parladığı görünürdü.
Axı, Elmira Rəhimova səhnəyə
və sənətə təsadüfi gəlmirdi.
15
yaş və ilk mükafat
Elmira Rəhimovanın
bəxti həm də onda gətirmişdi
ki, həmin dövrdə hind
mahnıları
ecazkarlığına görə dünyanı heyran qoyurdu. Bakıdakı
kinoteatrlarda göstərilən hind filmlərindəki Şərq musiqiləri
gəncliyi öz təsirinə
salmışdı. Paytaxtın ən qədim
yaşayış məkanı olan
İçərişəhərdə yaşayan
Elmirada da hind mahnılarına sevgi böyük idi. O da hind musiqilərinə
heyranlıqla qulaq asır və zümzümə
etməklə yanaşı, aktrisa kimi, özünü obrazlarda görürdü.
Hindli qadınlarının geyimində isə
o, özünü
tamamilə özgə bir aləmdə hisss edirdi.
Orta
məktəb illərindən başlayan bu sənət sevgisi onun yolunu 1956-cı ildə
Moskvada keçirilən Ümumittifaq
Baxış Müsabiqəsinə saldı. Elmira
burada “Avara” hind filmindən ifa etdiyi mahnı ilə daha böyük və gurultulu
tamaşaçı alqışı qazandı. Bu, o vaxtlar
idi ki,15 yaşlı Elmira
Rəhimova ilk mükafat və fəxri fərmanlara layiq görülürdü.
Xalqımızın və
eləcə də dünyanın 60-dək ölkəsindəki
musiqisevərlərin qəlbində əbədi sevgi qazanan Elmira
Allahverdi qızı Rəhimova 1941-ci il avqust ayının 13-də
Bakıda anadan olub.
Paytaxtdakı 18 nömrəli orta məktəbdə
təhsil alıb. Kiçik yaşlarından hind musiqisinə
olan vurğunluq onu bu qədim ölkənin
mədəniyyətinə bağlayıb. 1955-ci ildən M.Maqomayev adına Mahnı və Rəqs
Ansamblının solisti kimi
tanınıb. 1965-ci ildə A.Zeynallı adına Azərbaycan
Dövlət Musiqi Texnikumunda
Seyid Şuşinskinin
sinfini, daha sonralar isə Azərbaycan Dövlət Dillər İnstitutunu (indiki Azərbaycan Dillər Universiteti)
bitirib.
Yaradıcılığı
çoxcəhətli olan Elmira
Rəhimovanın repertuarına Azərbaycan xalq
mahnıları, təsniflər, bəstəkar
mahnıları daxildir. Ən maraqlı və
həyatının unudulmaz anlarından biri 1957-ci ildə Hindistanın Baş
naziri Cəvahirləl Nehrunun
dəvəti ilə bu ölkəyə
getməsi, üç il
orada klassik hind rəqs sənətini mənimsəməsidir.
Xatirələrin
birində istedadlı müğənni bildirirdi
ki, ifasında Azərbaycan
mahnılarını dinləməyi çox
sevən Cəvahirləl Nehru bayram günlərində onu
da rəsmi ziyafətlərə dəvət
edərmiş. O, hətta bu qarayanız azərbaycanlı
qızını “Miradi” - deyə
çağırarmış (“Mira” hindcə,
“sənət ilahəsi” deməkdir).
Elmira
Rəhimovanın istər yaradıcılığında, istərsə
də həyatında Hindistanla mədəni
əlaqələrin mühüm rolu olub. 1961-ci ildə
yenidən Hindistana dəvət olunmuş müğənni oradan
qayıtdıqdan sonra müxtəlif musiqi ansambllarında çıxış edib. Sevə-sevə ifa etdiyi “Ana
laylası”, “Küsüb məndən”, “Sənin
gülüşlərin”, “Mən anayam” kimi mahnıları ona əbədi
şöhrət gətirib.
Dehlidə ağlına gəlməyən
başına gəlib…
Xalq
sevgisini qazanan Elmira Rəhimovanın sənətkarlığı,
eləcə də Azərbaycan və hind
mahnılarının təbliğindəki xidmətləri
dövlət tərəfindən layiqincə qiymətləndirilib.
1967-ci ildə respublikanın Əməkdar, 2000-ci ildə isə
Xalq artisti fəxri
adlarına layiq görülüb. Elmira Rəhimova 1982-ci ildə Hindistanda
keçirilən festivalın laureatı olub.
Dünyanın 60-dan çox ölkəsinə
qastrol səfərlərinə gedib.
Elmira Rəhimova
ilk azərbaycanlı idi
ki, Hindistanda təhsil
almaq ona qismət olub. Doğma Vətənindən ayrılıb,
“özgə bir aləm”ə düşmək
o qədər də asan
olmur. Həm də sənin cəmi 16
yaşın ola. Hindistana,
xüsusən də paytaxt Dehliyə qədəm
basanda ağlına gəlməyən
başına gəlib: təmtəraqla qarşılanıb. Azərbaycanlı
qızın şərəfinə
təşkil olunan ziyafət, 200 nəfər
adlı-sanlı incəsənət adamının, hətta,
dövlət xadiminin
qatıldığı mərasimdə “gözləri qaralsa da”, “başı gicəllənməyib”.
Nəğmələri
ilə ürəklərə yol tapan Elmira xanımın
yaxşı xatirindədir ki, “Ay işığında” mahnısını,
“Segah” muğamını ustalıqla ifa etməsi, həmçinin “Naz
eləmə” rəqsini özünəməxsus şuxluqla oynaması hindli
tamaşaçılara xoş təsir
bağışlayıb. Bir gün sonra günəşlər
ölkəsində çıxan qəzetlər “Azərbaycan bülbülü Hindistana
gəlmişdir” başlığı altında Elmira Rəhimova haqqında yazılar dərc
ediblər.
Rabindranad Taqor tərəfindən əsası qoyulan məşhur Kəlküttə-Şantiniketan
Universitetində təhsil almağa başlayan Elmira Rəhimova
əsasən milli və klassik
hind mahnılarını öyrənməyə
üstünlük verib.
Deyirlər ki, klassik hind ladlarının ifası isə çox çətindir. Ona
görə ki, burada
40-a qədər ahəng var.
Hindistan şahzadəsinin elçi düşdüyü
qız
Elmira Rəhimova
püxtələşmək üçün
enişli-yoxuşlu sənət
yollarından keçməli olub:
Hindistanın Qucarat ştatındakı
universitetdə dərs alıb. O, burada məşhur
mütəxəssislərdən hind musiqisinin nəzəriyyəsini öyrənib,
peşəkarlıq və sənətkarlıq qabiliyyətini
daha da yüksəldib.
Hindistanda keçən günlər Elmira Rəhimovanın həyatında çox unudulmaz xatirəyə
dönüb. O, burada Baş nazir Cəvahirləl
Nehru, onun qızı İndira Qandi, eləcə
də məşhur kino ulduzları Raç Kapur, Qopal, Nərgiz və digər
tanınmış simalarla tanış olub.
Elmiranın təkcə sənətini
deyil, özünü
də ürəkdən sevən insanlar
vardı. Hindistan şahzadəsinin ona elçi düşməsi
o dövrdə Azərbaycanda səs-küyə
də səbəb olmuşdu. Bu sevdanın baş tutmaması
bəzi səbəblərlə bağlıdır. Amma əsası odur ki, Elmira Rəhimova öz vətənini
- Azərbaycanı daha çox sevirdi. O, sonralar da bu ölkəyə dəfələrlə
gəlib. Maraqlıdır ki, Bakıda hind mahnılarını oxumağı xoşlayan Elmira Rəhimova
Hindistanda
repertuarı dəyişirdi. Orada o, Azərbaycan muğamlarını, xalq mahnılarını ifa
etməyi daha çox
sevirdi.
Daha bir maraqlı fakt da ondan ibarətdir ki, Elmira Rəhimova rus, hind, ingilis
dillərini mükəmməl bilən ilk
azərbaycanlı müğənnidir.
Müxtəlif musiqi ansamblları ilə uğurla
çıxış edən Elmira
xanımın ifasında dəfələrlə eşidilən
mahnılar çox fərqli və qeyri-adi bir ahəngdə olub.
Hind xalqına nəğmələrimizi
və musiqimizi sevdirən müğənni
Heç
də təsadüfi deyil ki,
Elmira Rəhimova Əməkdar artist fəxri adına layiq
görüləndə cəmi 25 yaşı vardı. Çünki artıq Elmira
Rəhimova o vaxta kimi F.Əmirovun, C.Cahangirovun,
R.Hacıyevin, A.Məlikovun, N.Məmmədovun, T.Hacıyevin, E.Sabitoğlunun onlarca
mahnısının ilk
ifaçısı olmuşdur.
Xalq artisti fəxri adına 2000-ci ildə Ümummilli Lider Heydər
Əliyev tərəfindən layiq
görülən Elmira Rəhimova sənət
dünyasının bərq vuran dan ulduzlarından biri kimi tanınıb. Bu sənət
aşiqi həm də hind
xalqına bizim doğma
nəğmələrimizi və musiqimizi
sevdirən müğənnidir.
Hind
mahnılarının mahir
ifaçılarından biri, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə
doktoru, Tofiq Mukeşin müəllifliyi ilə 1989-cu ildə
çapdan buraxılan “Azərbaycan-Hindistan
mədəni əlaqələr” kitabında da
göstərilir ki, (xatırladaq ki, Hindistanda Mukeşin mahnılarını gözəl ifa etdiyinə görə
Tofiq Əliyev
elə Mukeşin özü
tərəfindən “Azərbaycanın Mukeşi” ləqəbini qazanıb. Onun Elmira Rəhimova ilə duetləri də sevilir) Elmira Rəhimova öz sanbalını qoruyan,
sənətə məsuliyyətlə yanaşan,
təvazökar, ağır təbiətli sənətkardır:
“Elmira Rəhimova yalnız müğənni
deyil, o, həm də Hindistanla mədəni əlaqələrin
möhkəmlənməsinə mühüm
töhfə verən ictimai xadim, diplomatdır. “Gör, mən kimlərlə bir
səhnədə nəfəs almışam” deyən Elmira Rəhimova Sona Aslanova, Şövkət Ələkbərova, Yaşar Səfərov, Mirzə Babayev, Sara Qədimova, Oqtay Ağayev, Rübabə
Muradova... kimi unudulmaz səs sahibləri ilə birgə səhnə bölüşüb.
Yubilyarın əsas arzusu Qarabağın yaşıl tacı olan Şuşaya səfər
etmək, Cıdır düzündə gəncliyindəki kimi, sənətini nümayiş
etdirməkdir.
Məhəmməd
NƏRİMANOĞLU
Azərbaycan.- 2021.- 13
avqust.- S. 6.