130 yaşlı Lənkəran teatrı

 

Teatr

 

Azərbaycanın sürətlə inkişaf edən bölgələrindən biri füsunkar təbiəti, zəngin maddi-mədəni tarixi ilə seçilən Lənkərandır. Abadlıq işlərinin geniş vüsət aldığı, müasir infrastrukturun formalaşdığı bu diyarda regional inkişafın müsbət modeli yaranıb.

Mədəniyyət sahəsində də Lənkəran özünəməxsus tərəqqi yolu keçmiş, incəsənətimizin ayrı-ayrı sahələrinin inkişafında iz qoymuşdur. Xalqın kütləvi mədəniyyətinin - teatr ənənəsinin peşəkar səviyyədə təşəkkülündə, şübhəsiz ki, Lənkəran teatrının da müstəsna rolu var. Lənkəran peşəkar teatrının tarixi XIX əsrin sonlarına təsadüf etsə də, ondan öncələrdə də Lənkəranda bu zəngin sənətə maraq böyük olub. Rəsmi mənbələrə  əsaslansaq, bu sənət ocağının tarixi 1891-ci il 18 yanvardan başlayır.

Lənkəranda işləmək, burada maarif və mədəniyyət toxumu yaymaq bir çox sənətkarların həyat amalı olub. Onlardan biri də görkəmli Azərbaycan bəstəkarı Müslüm Maqomayevdir. 1905-ci ilin sentyabrından Lənkəranda müəllimlik fəaliyyətinə başlayan bəstəkar dörd sinifli məktəbdə təbiət, coğrafiya fənlərini tədris etməklə yanaşı, peşəkar musiqi fəaliyyətini də davam etdirib. Dram, xor və nəfəsli orkestri yaradıb, oğlanlarla yanaşı, məktəbli qızları da bu dərnəklərə cəlb edib.

Lənkəran teatrının təşəkkülündə görkəmli səhnə ustası, SSRİ Xalq artisti Sidqi Ruhullanın da böyük xidmətləri olub. 1912-ci ildə Lənkərana gələn S.Ruhulla burada dram heyəti yaratmaq istəyən həvəskarlarla “Bəxtsiz cavan”, “Nadir şah” faciələrini, H.Rzayevin “Cəhalət” və N.Vəzirovun “Ev tərbiyəsinin bir şəkli” komediyalarını tamaşaya hazırlamaqla bərabər, həm baş rolları ifa, həm də rejissorluq edib. 1923-cü ildə yerli ziyalılardan Teymur Şahverdiyevin “Altı rəfat” və “Həqiqi röya” pyeslərinin tamaşaları da Lənkəranın mədəni həyatında böyük əks-sədaya səbəb olub. Hər iki əsər yenicə yaradılmış Hüseyn Ərəblinski adına rayon xalq teatrı həvəskarlarının və yerli ziyalıların dəstəyi ilə hazırlanıb.

Ümumiyyətlə, şəhərdə xalq teatrı təxminən 10 ildən çox fəaliyyət göstərib və sonralar yaradılmış peşəkar teatr üçün zəmin yaradıb. Azərbaycanın adlı-sanlı sənətkarlarından  Həqiqət Rzayeva, Münəvvər Kələntərli, Haşım Kələntərli, İsmayıl Talışıniski, Cahan Talışıniskaya ilk addımlarını məhz Lənkəran xalq teatrının səhnəsində atıblar.

1934-cu ilin payızında Lənkəranda açılan Dövlət Dram Teatrı 1949-cu ilə kimi səmərəli fəaliyyət göstərib. Hələ İkinci Dünya savaşı illərində məhsuldar fəaliyyət göstərən  teatrın direktorurejissoru Qəni Vəliyev, aktyor Kamil Nəcəfov Azərbaycanın Əməkdar artisti fəxri adına, bir qrup aktyor isə respublika Ali Sovetinin fəxri fərmanına layiq görülüblər.

Lənkəranlıların teatr sənətinə sonsuz məhəbbəti nəticəsində 1959-cu ilin dekabrında rayonda yenidən H.Ərəblinski adına xalq teatrı təşkil edilib. Cavan yaradıcı qüvvələrlə müntəzəm aparmaq, yeni istedadları teatra cəlb etmək, repertuarı müasir əsərlərlə zənginləşdirmək və bununla teatrsevərlərə yüksək sənət zövqü aşılamaq teatrın əsas fəaliyyət proqramı olub. Həmin sənət ocağına isə uzun müddət Əməkdar artist Kamil Nəcəfov rəhbərlik edib.

1973-cü il dekabrın 6-sı da teatr üçün əlamətdar tarixdir. Məhz həmin gün teatr Ulu Öndər Heydər Əliyevin xeyir-duası ilə Xalq yazıçısı M.İbrahimovun “Yaxşı adam” tamaşasını hazırlayaraq  yenidən öz pərdələrini sənətsevərlərin üzünə açmış və elə həmin vaxtdan etibarən dövlət teatrı statusu almışdır.

Yarandığı ilk dövrdən sağlam mənəvi prinsiplər üzərində təşəkkül tapan Lənkəran teatrı ötən müddət ərzində 270-dək əsərə səhnə həyatı verib. Repertuarında Azərbaycan dramaturqlarının əsərləri ilə yanaşı, Qərbi Avropa, rus və digər ölkə xalqlarının dramaturgiyasından nümunələrin yer aldığı sənət ocağımız nəinki respublikamızda, eyni zamanda bir sıra xarici ölkələrdə keçirilən beynəlxalq teatr festivallarında uğurla iştirak edərək müxtəlif mükafatlara layiq görülüb. Təsadüfi deyil ki, teatrda səhnəyə qoyulan Üzeyir bəy Hacıbəylinin “Olanlardan-keçənlərdən” və Cəlil Məmmədquluzadənin “Ölülər” əsərlərinin tamaşaları Azərbaycan Televiziyasının “Qızıl fonduna daxil edilib.

Teatrın yaradıcı heyətinin əməyi dövlət tərəfindən daim yüksək qiymətləndirilib.  Hazırda teatrda iki Xalq, iki Əməkdar artist, bir Əməkdar incəsənət xadimi, eləcə də üç Prezident mükafatçısı çalışır. Uğurlu fəaliyyətin nəticəsi olaraq Mədəniyyət Nazirliyinin 22 may 2015-ci il tarixli əmri ilə Lənkəran Dövlət Dram Teatrına “Aparıcı teatrstatusu verilib.

Yaradıcı əlaqələrə daim geniş yer verən sənət ocağı bir sıra xarici ölkə teatrları, eləcə də əcnəbi rejissorlarla əməkdaşlıq edirbunun nəticəsi kimi maraqlı səhnə əsərlərini tamaşaçıların ixtiyarına verir. İndiyəcən Bolqarıstan, Gürcüstan, Ukrayna və İrandan dəvət edilmiş rejissorlar teatrda maraqlı tamaşalar hazırlamışlar. 2015-ci ilin dekabrında İran İslam Respublikasından dəvət edilmiş rejissor Xeyrullah Təğiyanipur dramaturq Bəhrəm Beyzayininİlan Sultan” əsərinə maraqlı səhnə quruluşu verib. Bu tamaşa İranla Azərbaycan arasında teatr əlaqələrinin genişlənməsində mühüm əhəmiyyət kəsb edib. Belə ki, Lənkəran teatrının İran İslam Respublikasının Mədəniyyət Nazirliyinin Teatr-Dram Sənəti Baş idarəsi ilə bağladığı müqaviləyə əsasən, “İlan Sultan” tamaşası Lənkəranla yanaşı, İranın bir sıra şəhərlərində, həmçinin 2016-cı ilin yanvar ayında Tehranda keçirilən Beynəlxalq Fəcr Teatr Festivalında nümayiş etdirilib. Teatr bu tamaşa ilə 2017-ci ildə İranın Rəşt və Parsabad şəhərlərində dəfələrlə səhnəyə çıxıb. Bundan əlavə, teatrmız Qazaxıstan və Rusiya teatrları ilə də sıx yaradıcılıq əlaqələri quraraq qarşılıqlı qastrol səfərlərinin təşkilinə nail olub.

Ölkədaxili məhdud teatr bayramları da teatrımızın adı ilə bağlıdır desək, yanılmarıq. Çünki 2019-cu il iyunun 1-də Lənkəran Dövlət Dram Teatrı I Lənkəran Beynəlxalq Teatr Festivalına evsahibliyi etmişdir. Bu möhtəşəm sənət bayramında ölkəmizin 10 sənət ocağı, həmçinin Böyük Britaniyanın “Two Destination Language”, Gürcüstanın “Azadlıq”, İranın “Muğan Hünər”, “Mika” teatrları, habelə “Ünvan” Ərdəbil şəhər teatrının kollektivləri öz məharətlərini nümayiş etdirmişlər.

Bəşəriyyətin bəlasına çevrilən koronavirus (COVID-19) pandemiyası səbəbindən Lənkəran Dövlət Dram Teatrının kollektivi də ölkənin digər teatr-konsert müəssisələri kimi öz fəaliyyətini karantin rejiminin tələblərinə uyğun qurmuşdur. Yaradıcılıq fəaliyyəti əsas etibarilə onlayn formatda davam etdirilsə də, zərurət yarandıqda ənənəvi məşqlər də edilir,  yaradıcı heyətin məhsuldarlığının artırılmasına diqqət yetirilir. Fürsətdən istifadə  edib teatrın binasında cari təmir işləri də görülmüş, texniki avadanlıqlar saz vəziyyətə gətirilmişdir.

Ali Baş Komandamızın qətiyyəti və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində  qazandığımız şanlı Zəfər teatrımızın kollektivini də qürurlandırır, yeni yaradıcılıq uğurlarına sövq edir. Hərbi vətənpərvərlik mövzusunda qələmə alınmış səhnə əsərlərinə xüsusi önəm verən yaradıcı heyətimiz 44 günlük Vətən müharibəsində də öz ənənəsinə sadiq qalaraq sosial şəbəkə və platformalarda onlayn qaydada sistemli təbliğat işi qurdu. Xalqımızın vətənpərvərlik qüdrətini tərənnüm etmək məqsədilə “İgid əsgər, möhkəm dayan!”, “Əziz, doğma Şuşamız”, “Qarabağ bizimdir!”, “Qarabağ Azərbaycandır”, “Müzəffər Ali Baş Komandan” başlıqlı ədəbi-bədii audio-kompozisiyalar hazırlandı və onlar şəhər və kəndlərdə səsləndirildi.

 Eyni zamanda kollektivimiz ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş, erməni işğalçıları ilə döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini yad etmək üçün karantin qaydaları çərçivəsində vaxtaşırı Lənkəran şəhərindəki Böyük BazarKiçik Bazar qəbiristanlıqlarını ziyarət edir, şəhidlərin məzarları üzərinə qərənfillər düzür, onların unudulmaz xatirəsini hörmət və ehtiramla anırlar. Şəhid ailələrinə diqqət, maddi və mənəvi dəstək də bizim üçün daim prioritetdir.

Məlum olduğu kimi, 2021-ci il dövlət  başçısının sərəncamı ilə ölkəmizdə “Nizami Gəncəvi ilielan olunub. Bu çərçivədə Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilən “Sənsiz” bədii qiraət müsabiqəsində Lənkəran Dövlət Dram Teatrının aktrisaları Gülər Kərimova münsiflər heyətinin qərarı ilə diplom və pul mükafatı, Vəfa Hacızadə isə diplomla təltif olunub. Kollektivimiz həmçinin bu mövzuda iki yeni tamaşa üzərində işləyir. N.Gəncəvinin “Sirlər xəzinəsi” (quruluşçu rejissor Oruc Qurbanov) və G.Xuqayevin “Varlı ev” (quruluşçu rejissor Firudin Məhərrəmov) tamaşalarının hazırlanması istiqamətində onlayn müzakirələr aparırıq.

Bir neçə ildir ki, teatrımız mövsümün açılış və bağlanış mərasimlərini doğma səhnədən kənarda (Biləsuvar, Neftçala, Lerik, Yardımlı rayonlarında) keçirirbununla səhnənin, teatrın kütləvi təsir imkanlarını bir daha nümayiş etməyə çalışır. Karantin qaydalarına uyğun olaraq səyyar səhnəmiz bu dəfə  Astarada quruldu. Rayonun Burzubənd kəndində açıq məkanda C.Cabbarlının “Vəfalı Səriyyə, yaxud gözyaşı içində gülüş” tamaşası ilə 130-cu mövsümə yekun vurduq.

Bu yaxınlarda  isə Ağdam Dövlət Dram Teatrının qonağı olduq. Həmkarlarımızla iki teatr arasında yaradıcılıq əlaqələrini müzakirə etdik. Yekunda Ağdam sənətçiləri ilə qarşılıqlı əməkdaşlıqla əlaqədar niyyət sazişi imzalandı. Sazişə əsasən, teatrlarımız arasında yaradıcı münasibətin qurulması, qarşılıqlı qastrol səfərlərinin təşkili, rejissoraktyor mübadiləsi, texniki dəstək, yaradıcı görüşlər və təcrübə mübadiləsi nəzərdə tutulur.

 

Tofiq HEYDƏROV,

Lənkəran Dövlət Dram Teatrının direktoru

 

Azərbaycan.- 2021.- 13 avqust.- S. 6.