Maestro Niyazinin doğum
gününə Türkiyədən mühüm
töhfə
Türkiyənin “Net Kitaplık” nəşriyyatında gənc musiqişünas Ecem Tuğçe Akbulutun “Maestro Niyazi Tağızadə: Sovet dövründə Azərbaycan və Türkiyə münasibətlərində mədəniyyət elçisi” adlı monoqrafiyası türk dilində nəşr olunub.
Kitab gənc tədqiqatçının eyni mövzuya həsr olunmuş İstanbul Universiteti Humanitar Elmlər İnstitutunda uğurla müdafiə etdiyi magistratura dissertasiyası işi əsasında hazırlanıb.
AZƏRTAC xəbər verir ki, zəngin mənbələr və sənədlər əsasında yazılmış və üç fəsildən ibarət olan bu monoqrafiyanın birinci fəsli “Mədəni diplomatiya anlayışı və SSRİ dövründə Türkiyə-Azərbaycan mədəni münasibətləri”nə həsr edilib. Bu fəsildə mədəni diplomatiyanın nəzəri-konseptual əsasları tədqiq olunur, keçmiş sovet dövründə Azərbaycan və Türkiyə arasında mədəni əlaqələrin əhəmiyyətli məqamları çoxsaylı mənbələr əsasında tədqiq edilir.
Niyazinin həyat və yaradıcılığına həsr olunmuş ikinci fəsildə maestronun uşaqlıq və gənclik illəri, yaradıcılıq dövrü, dirijorluq sənətinə aparan yol nəzərdən keçirilir. Həmçinin Niyazinin bir sənətkar kimi yetişməsində ölkənin musiqi elitasına məxsus ailəsinin yaratdığı sənət mühitinin əhəmiyyətli rolu, xüsusilə əmisi, Azərbaycan professional musiqisinin banisi Üzeyir bəy Hacıbəylinin rolu bir yarımfəsildə ayrıca olaraq araşdırılır. Niyazinin dirijorluq və bəstəkarlıq fəaliyyətinin musiqişünaslıq nöqteyi-nəzərdən geniş şəkildə tədqiq olunduğu bu fəsildə, həm də Azərbaycan xalqının və müstəqil Azərbaycan dövlətinin dahi sənətkarın musiqi mirasına və xatirəsinə verdiyi əməli qiymət konkret faktlarla xüsusi olaraq nəzərə çatdırılır.
Monoqrafiyanın üçüncü fəsli Niyazinin 1960 və 1980-ci illər arasında Türkiyədə yaradıcılıq fəaliyyətinə həsr olunub. Bu fəsildə Niyazinin Türkiyədə çalışdığı dövr ərzində dirijorluq etdiyi musiqi əsərləri haqqında məlumat verilir, onun Nazim Hikmət, Adnan Sayqun, Cəmal Rəşid Rey, İdil Biret kimi türk ziyalıları və incəsənət xadimləri ilə münasibətləri xüsusi şəkildə təhlil edilir. Müəllif tərəfindən Niyazinin Türkiyədəki yaradıcılığı həm türk simfonik musiqisinin inkişafı kontekstində, həm də ideoloji buxovların hakim olduğu sovet dövründə Azərbaycan-Türkiyə mədəni münasibətlərində oynadığı əhəmiyyətli rol baxımından dəyərləndirilir.
192 səhifədən ibarət kitabın sonunda tədqiqatın mahiyyətini ifadə edən geniş nəticə, ədəbiyyat siyahısı və Niyazinin Türkiyədəki fəaliyyət dövrünü əks etdirən fotosalnamə oxuculara təqdim edilir.
Azərbaycan.- 2021.- 13 avqust.- S. 6.