Qardaşlığın təcəssümü
Azərbaycan-Türkiyə münasibətləri illərin sınağından keçib. Hər zaman ağır günlərində Türkiyə ilə Azərbaycan bir-birilərinin yanında olublar. Bunu son hadisələr bir daha təsdiqlədi. 44 günlük Vətən müharibəsində Türkiyə Azərbaycana hərtərəfli qardaşlıq həmrəyliyi nümayiş etdirdi. Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqda, informasiya müharibəsində qardaş ölkənin mətbuatının rolunu unutmamışıq.
Türkiyədə baş verən meşə yanğınları ilə bağlı yaşananlar ilk günlərdən Azərbaycan xalqını da ciddi narahat etdi. Prezident İlham Əliyev qardaş ölkənin rəhbərinə yanğınlar zamanı həyatını itirən vətəndaşlara görə başsağlığı verərək Azərbaycan hökumətinin və xalqının hər zaman olduğu kimi, yenə də qardaş Türkiyə xalqı ilə həmrəy olduğunu söylədi.
Birinci vitse-prezident Mehriban Əliyeva da Türkiyəyə dəstək olaraq sosial şəbəkədəki hesabında paylaşım edərək yazdı: “Türkiyə regionlarında baş vermiş dəhşətli yanğınların nəticələri barədə xəbərləri dərin kədər və təəssüf hissi ilə qarşıladım. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralıların tezliklə şəfa tapmasını arzulayıram. Türkiyə xalqının kədəri bizim kədərimizdir. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!”
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri hazırda qardaş ölkədə yanğınlarla mübarizə aparır.
Yanğınsöndürənlərimiz alovun
yayılmasının qarşısını almağa
nail olublar
Fövqəladə Hallar Nazirliyinin (FHN) Türkiyəyə yollanan üçüncü yanğın-xilasetmə qrupu avqustun 8-də Muğlada fəaliyyətə başlayıb.
FHN-in yanğın-xilasetmə qüvvələrinin üçüncü qrupunun tərkibinə 40 yanğınsöndürmə texnikası və 160 yanğınsöndürən daxildir. Qrupla birlikdə media nümayəndələri də Türkiyəyə səfərdə iştirak edirlər. Bu qrupun üzvləri Muğlanın ətrafında yerləşən, gərgin alov nöqtələrindən olan Çayhisar kəndində yerləşib orada yanğınla mübarizə aparırlar. Yüksək fədakarlıq nümayiş etdirən yanğınsöndürənlərimiz artıq bir neçə ərazidə yanğınların geniş əraziyə yayılmasının qarşısını almağa nail olublar.
Qardaş ölkədə tüğyan edən meşə yanğınlarının söndürülməsi üçün Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizdən ümumilikdə 700-dən çox şəxsi heyət, 93 yanğınsöndürmə texnikası, 1 helikopter və 1 amfibiya tipli təyyarə göndərilib.
Onu da xatırladaq ki, FHN-in yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət birinci qrup iyulun 30-da Türkiyəyə yola düşüb. Yanğınsöndürənlərimiz təyinat nöqtələrində yanğınların söndürülməsində fədakarlıqla çalışırlar.
İyulun 31-də FHN-in 1 helikopter, 53 yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikası, 1 tibbi yardım avtomobili, 220 yanğınsöndürən və xilasedicidən ibarət ikinci qrupu qardaş ölkəyə yola salınıb. Qrup Gürcüstandan keçməklə iki sutka ərzində Marmarisə çataraq birinci qrupun üzvlərinə qoşulub.
Avqustun 5-də səhər saatlarında FHN-in “BE-200ÇS” tipli amfibiya təyyarəsi qardaş ölkəyə yola düşüb. Həmin gün FHN-in 40 yanğınsöndürmə texnikası və 160 yanğınsöndürəndən ibarət üçüncü yanğın-xilasetmə qrupu da Türkiyəyə yola salınıb. Media nümayəndələrinin də yer aldığı həmin qrup Türkiyə ərazisindədir və təyinat məntəqəsi istiqamətində hərəkət edir.
Avqustun 6-da axşam saatlarında isə FHN-in yanğın-xilasetmə qüvvələrinin 200 nəfərdən ibarət dördüncü qrupu Türkiyəyə yola salınıb.
FHN-in Türkiyədəki qüvvələrinin koordinasiyalı idarə edilməsi məqsədilə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin başçılığı ilə qurumun məsul vəzifəli əməkdaşlarından ibarət nümayəndə heyəti də qardaş ölkədədir.
Prezident Rəcəb Tayyib Ərdoğan əlavə
dəstəyə görə təşəkkürünü
bildirib
Avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.
Dövlətimizin başçısı qardaş Türkiyənin müxtəlif bölgələrində baş vermiş güclü meşə yanğınları nəticəsində insanların həlak olması ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana bir daha başsağlığı verib. Prezident İlham Əliyev yanğınların söndürülməsi və onların törətdiyi fəsadların qarşısının alınması üçün Azərbaycanın Türkiyənin yanında olduğunu bir daha billdirib və həmrəyliyini ifadə edib.
Prezident Rəcəb Tayyib Ərdoğan başsağlığına və meşə yanğınlarının ilk günlərindən Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycanın yanğınların söndürülməsində Türkiyəyə göstərdiyi dəstəyinə görə təşəkkürünü bildirib. O, Azərbaycandan olan yanğınsöndürənlərin yanğınsöndürmə əməliyyatlarında yüksək peşəkarlıq və sevgi ilə iştirak etdiklərini vurğulayıb.
Prezident Rəcəb Tayyib Ərdoğan dəstəyə görə təşəkkürünü bildirib və bunun Azərbaycan ilə Türkiyənin qardaşlığının və dostluğunun bariz təcəssümü olduğunu diqqətə çatdırıb.
Azərbaycandan gedən yanğınsöndürənlərin işlərinin öhdəsindən fədakarlıqla gəlmələri Türkiyə əhalisi arasında da razılıqla qarşılanıb. “Azərbaycan yanğınsöndürənləri Muğla və Marmarisdə yüksək fədakarlıq göstərirlər. Biz bir millət, iki dövlətik”, - deyə Türkiyə vətəndaşı Coşqun Bayar deyib. “Şükürlər olsun ki, bu günədək burada ölən və ya xəsarət alan olmayıb. Biz inanırıq ki, yanğın qısa müddətdə söndürüləcək. Ərazi tamamilə yanğından mühafizə olunduqdan sonra isə kənd sakinləri yenidən öz evlərinə qayıdacaqlar”, - deyə o bildirib.
Türkiyədə yanğınla mübarizədə irəliləyişlər var. Yanğınların əksəriyyəti söndürülsə də, mübarizə davam edir. Azərbaycan yanğınsöndürənləri qardaş ölkədə təhlükə tam aradan qaldırılana qədər mübarizə aparacaqlar.
Ramilə QURBANLI
Azərbaycan.- 2021.-10 avqust.-
S.1; 5.