Aqrar innovasiyalar məhsuldarlığı
artırmağa xidmət edir
Ölkəmizdə
bu cür innovasiyalar ardıcıllıqla tətbiq olunur
Dünyada kataklizmlər və təbii
fəlakətlər artdıqca, koronavirus pandemiyasının insanların gündəlik həyatına
təsiri qaldıqca ərzaq və kənd təsərrüfatı
sistemlərinin bütünlükdə yenilənməsi,
innovasiyaların aqrar sektora kütləvi tətbiqi zərurətə çevrilir. Bu zərurət Yer üzündə
yüz milyonlarla insanın aclıqdan əziyyət çəkməsindən,
zəruri ərzaq məhsullarının, xüsusən
içməli suyun çatışmazlığından
doğur.
Günümüzədək
gəlib çatan aqrar-ərzaq sistemləri biomüxtəlifliyin
itirilməsi və iqlim dəyişiklikləri səbəbindən
ciddi təsirlərə məruz qalmışdır. Bu isə
öz növbəsində zəruri olan qida məhsullarının
istehsal zəncirində bir sıra problemlər
yaratmışdır. Bu yerdə xatırladaq ki, BMT-nin
Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı
(FAO) dünya əhalisinin kifayət qədər ərzaq məhsulları
ilə təmin edilməsini, qidaların keyfiyyətinin
yaxşılaşdırılmasını, onların həcminin
artırılmasını və ətraf mühitin vəziyyətinin
sağlamlaşmasını qarşıya məqsəd kimi
qoyan cəsarətli konsepsiya işləmişdir. Həmin sənəd çərçivəsində
bu gün bütünlükdə aqrar sektor fərqli
yanaşmalara səmtlənməkdədir.
FAO bu il keçirdiyi konfransda da aqrar-ərzaq
sistemlərinin tətbiqinin qlobal aclıq problemlərinin
həllində oynaya biləcəyi vacib rola xüsusi diqqət
ayırmışdır. Bu strategiya aqrar sistemlərin
yenilənməsinə, kənd təsərrüfatına
investisiyaların artırılmasına və əhalinin nisbətən
imkansız təbəqələrinin hüquqlarının
müdafiəsinin güclənməsinə
hesablanmışdır.
Reallıqları nəzərdən
keçirdikdə aydın görünür ki,
bütünlükdə aqrar sektorun qlobal inkişafı ilə
bağlı faktlar o qədər də ürəkaçan
deyil. Əgər
pandemiyaya qədər dünyada 690 milyon insan aclıqdan əziyyət
çəkirdisə, bu gün həmin rəqəm 822 milyona çatmışdır! Dünyada kifayət qədər ərzaq məhsullarının
istehsal olunmasına baxmayaraq, yenə də yüz milyonlarla
insanın əli zəruri qidalara çatmır. Demək
olar ki, əksər ölkələrdə aclıqdan və
yoxsulluqdan əziyyət çəkən
insanlar var. Halbuki ərzaq məhsullarının 12 faizi itkilərə
məruz qalır, 17 faizi isə tarladan bazara gedən yolda xarab
olur. Yalnız bu iki rəqəmin sıfırlanması
yüz milyonlarla insanın qida məhsullarına olan tələbatını
ödəməyə imkan verər. Müasir
aqrar sistemlərə həmçinin iqlim dəyişiklikləri,
su resurslarının tükənməsi, transsərhəd
ziyanvericilərinin yayılması, təbii fəlakətlər,
üzücü müharibə və münaqişələrin
artması da mənfi təsir edir. Beləliklə,
III minilliyin ən vacib məsələsi əhalinin ərzaq məhsullarına
artan tələblərini ödəməklə yanaşı,
aqrar sektorun ətraf mühitə ziyanlı təsirlərini
minimallaşdırmaqdır.
Həmin təsirlərsə az deyil. Məsələn, BMT-nin meqatrendlər
barəsində yeni məruzəsində göstərilir ki,
2020-2050-ci illər arasında şəhərlərdə
yaşayan insanların sayı 53 faizdən 70 faizə qədər
artacaq və bu ciddi fərq aqrar sektora təsirsiz
ötüşməyəcək.
Bundan əlavə, kənd təsərrüfatında
və iqtisadiyyatın digər sahələrində parnik
qazlarının atmosferə tullanması da aqrar-ərzaq sistemlərinə
mənfi təsir göstərir. O da ehtimal edilir ki, kəndlər
yerləşən ərazilərdə yoxsulluq və aclıq
artacaq, bir sıra ərazilərdə kənd təsərrüfatı
məhsullarının istehsalı su qıtlığı səbəbindən
aşağı düşəcək. Sahil
zolaqlarında isə suyun səviyyəsi, qasırğa və
tufanların sayı artacaq, duzlu dəniz suları quruya
hücum çəkərək torpaqları
şoranlaşdıracaq, okeanlar isinəcək.
Bu yerdə onu da qeyd etmək
yerinə düşərdi ki, dünyanın aqrar sistemi
iqtisadiyyatın ən nəhəng seqmentidir və bu sahədə
birbaşa və dolayısı 4 milyard insan
çalışır. Yoxsulluqdan və aclıqdan əziyyət
çəkənlərin də 80 faizi məhz kənd yerlərində
yaşayır və aqrar sənaye kompleksində işləyirlər.
Başqa bir fakt: aqrar sektorda planetin quru torpaqlarının 34
faizi istifadə edilir. Bu sektorda
tullantıların həcmi isə Yer kürəsindəki
bütün yük və minik avtomobillərinin, qatarların,
sərnişin və yük təyyarələrinin atmosferə
atdığı tullantıların çəkisinə bərabərdir.
Bunlar da hələ hamısı deyil. Aqrar sektor dünyanın şirin su
ehtiyatlarının 70 faizini sərf edir. Həmçinin
meşələrin 80 faizinin qırılmasının səbəbkarı
bu sektordur.
Mövcud ərzaq sistemləri
biomüxtəlifliyin yoxsullaşmasına da birbaşa təsir
edir. Biomüxtəliflik isə insan həyatı
üçün ən vacib ekosistemləri özündə
birləşdirir və ziyanvericilərlə mübarizədə,
torpağın münbitliyinin qorunmasında, bitkilərin
tozlanmasında, vəhşi təbiətdə
canlıların yaşamasında başlıca rol oynayır.
Lakin insanın aqrar sektorda göstərdiyi fəaliyyət
biomüxtəlifliyə elə ciddi zərbə vurmuşdur
ki, Yerin üst qatının 70 faizi dəyişmiş, milyona
yaxın bitki və canlı yox olmaq təhlükəsi ilə
qarşılaşmışdır. Meşələrin
“keçəlləşməsi” isə təhlükəli həddə
çatmışdır. Quru ərazilərin
31 faizini meşələr örtsə də, onların sahəsi
azalmaqdadır. Təkcə son 30 il ərzində Yer kürəsində
meşələrin sahəsi 178 milyon hektar
azalmışdır. Bu səbəbdən
1990-cı ildən üzübəri 420 milyon hektara yaxın
meşə “qeyb” olmuşdur. Bu xoşagəlməz hal
son illər bir az səngisə də, hər il dünyada İtaliya kimi bir ölkənin ərazisi
qədər meşə yox olur. Bu amil isə
qlobal iqlim dəyişikliklərinin qarşısının
alınmasında əngəl yaradır. Əgər
meşələrin qırılmasını dayandırsaq və
onları bərpa etmək mümkün olarsa, iqlim dəyişikliklərinin
qarşını almaq bir qədər asanlaşar. Amma ildən-ilə aqrar sektora ayrılan
torpaqların artması və digər səbəblər buna
imkan vermir.
Məhz dünyanın aqrar
sektorunda yaranan bu ağrılı vəziyyət tələb
edir ki, aqrar-ərzaq sistemləri yubanmadan yeni strategiyaya
adlasın, innovasiyalara və modernləşməyə
açıq olsun. Bu baxımdan hazırda gündəlikdə duran ən
vacib məsələ odur ki, 2030-cu ilədək yeni inklüziv və
dayanıqlı aqrar sistemlər tətbiq edilsin və
bunların nəticəsində kənd təsərrüfatı
xarici təsirlərə duruş gətirərək sabit və
ağrısız inkişaf etsin, ətraf mühit
sarsıdıcı təsirlərə məruz qalmasın,
qidanın tərkibi, ətraf mühitin vəziyyəti və
insanların həyat səviyyəsi yaxşılaşsın.
Kənd təsərrüfatında tətbiq edilən
innovasiyalar, müasir dünya təcrübəsi, bilik və məlumatların
davamlı emalı və analizi dünyanı aclıqdan və
yoxsulluqdan xilas etmək gücünə qadir olsun.
FAO proqram fəaliyyətində
4 sektorda cəmləşən 20 prioritet istiqaməti əsas
götürmüşdür. İstehsalın keyfiyyətinin
yaxşılaşdırılması üçün xarici faktorlara müqavimət
göstərə bilən yeni faydalı, dayanıqlı
istehlak və istehsal modelləri yaradılmalıdır. Bu
istiqamətdə aşağıdakı prioritetlət müəyyən
edilmişdir: “yaşıl” innovasiyalar, “mavi” transformasiyalar,
vahid sağlamlıq, kiçik istehsalçıların
resurslara və rəqəmsal kənd təsərrüfatına
bərabərhüquqlu əlçatanlıq. Qidanın keyfiyyətinin
yaxşılaşdırılması, aclığın və
yoxsulluğun
aradan qaldırılması üçün ərzaq
təhlükəsizliyinin təmin edilməsi vacibdir. Ətraf mühitin
yaxşılaşdırılması dedikdə dəniz və
torpaq ekosistemlərinin dayanıqlı istifadəsi nəzərdə
tutulur. İqlim dəyişiklikləri ilə mübarizə
və təbiətin mühafizəsi üçün xarici
mühitin təsirlərinə davam gətirən dayanıqlı aqrar ərzaq
sistemlərinin yaradılması nəzərdə tutulur.
Məlumat üçün bildirək
ki, FAO qarşıya qoyduğu məqsədlərə
çatmaq üçün texnologiyaların,
innovasiyaların, məlumatların və təhcizat vasitələrinin
“sürətləndiriciləri”ni hərəkətə
gətirməyə çalışacaq. Bu məqsədlə
bütün dünya üzrə 1000 kənd seçərək
onları rəqəmsallaşdıracaq. Yeniliklərin tətbiqi
elektron ticarəti genişləndirəcək, fermerlərin bazarlara əlçatanlığını
asanlaşdıracaq. Rəqəmsal kənd təsərrüfatı
öz növbəsində şəhərlə kənd
arasındakı fərqlərin azalmasına, ərzaq problemlərinin
daha asan həllinə təkan verəcək. Şəhərlə kənd arasında iqtisadi əlaqələr
rəqəmsal texnologiyalar üzərindən güclənəcək.
Bu yeniliklər 42 müxtəlif gender qrupları arasında rəqəmsal
fərqin də azalmasını təmin edəcək. Rəqəmsal
texnologiyaların sürətlə yayılması kəndlərin
inkişafına, rəqəmsallaşdırmaya, kənd rayonlarının
dirçəlməsinə təkan verəcək. Modernləşmə kənd həyatını gənclər
üçün daha maraqlı və rahat edəcək,
kasıb təbəqələrin həyat səviyyəsinin
yüksəlməsinə səbəb olacaq.
BMT-nin FAO təşkilatının
aqrar sektorun yeni simasının formalaşmasında
planlaşdırdığı innovasiyaları Azərbaycanın
aqrar sektorunda aparılan tale yüklü islahatlarla müqayisə edəndə
dövlətin nə qədər
düşünülmüş və dərin aqrar siyasət
yeritdiyi bir daha aydın
görünür. Böyük aqroparkların
yaradılması, logistika məsələlərinin həlli,
anbarların və soyuducuların quraşdırılması,
nəqliyyat və yol infrastrukturu məsələlərinin həlli
ölkədə aqrar sektorun simasını büsbütün
dəyişmişdir. Bu gün dövlətimizin
işğal edilmiş ərazilərdə “ağıllı”
kənd və şəhərlərin salınması,
“ağıllı kənd təsərrüfatı”nın qurulması isə dövlətin aqrar islahatlara
necə dərindən və sistemli yanaşmasının
göstəricisidir.
Yeni suvarma sistemlərinin tətbiqi, kanalların
çəkilişi, su anbarlarının tikilməsi, köhnə
kanalların və arxların bərpası da bu gün Azərbaycanda
diqqət mərkəzindədir. Eyni zamanda
müasir texnologiyaların tətbiqi, yeni maşın və
mexanizmlərin alınaraq və güzəştli şərtlərlə
fermerlərə satılması Azərbaycanın dünyada
gedən aqrar islahatların nəbzini tutmasını təsdiqləyir.
Kənd təsərrüfatının sürətlə
şaxələndirilməsi, ənənəvi kənd təsərrüfatı
sahələrinin dirçəldilməsi onu təsdiq edir ki,
Azərbaycan müasir dünya təcrübəsinin
yayılması və tətbiqi sahəsində bütün
yeniliklərə açıqdır və əhalinin sosial
rifahının yaxşılaşması, həyat səviyyəsinin
yüksəlməsi üçün bütün zəruri
addımları atır, islahatları aqrar sektorun bütün
sahələri üzrə inkişaf etdirir.
Bahadur
İMANQULİYEV
Azərbaycan. - 2021.-
10 avqust.- S.1; 6.