Ən effektiv
xilas yolu peyvənd
olunmaqdır
Dünyada və olkəmizdə pandemiya şəraiti hələ də davam edir. Nə vaxta qədər davam edəcəyi haqqında isə dəqiq məlumat, yaxud hər hansı proqnoz yoxdur. Mütəxəssislərin fikrincə, virus mutasiyaya uğradığı üçün konkret fikir söyləmək çətindir.
Azərbaycanda ilk koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı 28 fevral 2020-ci ildə qeydə alınıb. Koronavirus infeksiyasının ölkədə yayılmasının qarşısını almaq məqsədilə xüsusi karantin rejimi tətbiq edilib ki, bunun da müddəti 1 sentyabr 2021-ci il tarixinədək uzadılıb.
Pandemiya qaydalarına əməl edilməlidir
Dünyanı bürüyən pandemiya (COVID-19) artma-azalma tendensiyası ilə davam edir. 2020-ci ilin martından bu günə qədər, yəni ÜST-ün (Ümumdünya Səhiyyə Təşkilatı) koronavirusun yayılmasını pandemiya elan etməsindən ötən vaxt ərzində dünyada virusa yoluxanların sayı milyonlarladır.
Qonşu Rusiyada artıq yoluxma rekord həddə çatıb. İranda da yoluxmanın sayı yüksək həddədir.
Dünyada yoluxmanın çoxluğuna görə hələ də ABŞ lider ölkədir. Bu ölkədə infeksiyadan yoluxanların sayı milyonlarladır.
Sağalanlar olsa da, minlərlə insan virusdan dünyasını dəyişib. Sıralamanın ardıcıllığına görə ikinci yerdə Hindistandır. Ondan sonrakı yerdə Braziliya gəlir. Hər iki ölkədə milyonlarla yoluxan və minlərlə dünyasını dəyişən var. Bütün dünya üzrə sağalmalardakı göstəricilər yoluxmada olan rəqəmləri üstələmir. İnsanlardan tələb olunan yalnız pandemiya şəraitində qoyulan qaydalara ciddi əməl etməkdir.
Azərbaycanda vəziyyət sadalanan ölkələrlə müqayisədə yaxşıdır. Bununla belə, koronavirusa yoluxanların sayının artması davam edir.
İnsanlar virusla mübarizədə daha məsuliyyətli olmalıdırlar. Hələ də bəzən ictimai yerlərdə və nəqliyyatda maskasız insanlara rast gəlinir. Pandemiya dövründə ictimai yerlərdə maskasız hərəkət etmək, qoyulan qaydalara əməl etməmək özünün və ətrafındakıların həyatını riskə atmaqdır. Bir halda ki, bu virus insanın həyatına son qoyur, demək, insanlığı ondan xilas etmək vacibdir. Bunun üçün isə daha məsuliyyətli olub maska taxmalıyıq. Maska taxıb sağlam gəzmək, xəstəxanaya düşüb süni nəfəs aparatına qoşulmaqdan daha yaxşıdır.
Qoyulan qaydalara riayət etməklə yanaşı, peyvəndlənməyə də diqqət artırılmalıdır. Azərbaycanda vaksinasiya prosesi uğurla həyata keçirilir. Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların ümumi sayı 5 milyonu ötüb. Peyvənd olunanların sayı nə qədər çox olarsa, bir o qədər tez bu virus bəlasından xilas olarıq. Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə yaydığı məlumatda deyilir: “Əks-göstərişləri olmayan vətəndaşların nəzərinə çatdırmaq istəyirik ki, dünyada və ölkəmizdə aparılan tədqiqatlardan əldə olunmuş nəticələrin təhlili bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli növlərindən qorunmağın ən effektiv yolu vaksinasiyadır. Vaksinasiya ilə yanaşı, fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalara da riayət olunmalıdır”.
Virus dünyanı ağuşuna
almaqda davam edir
Ölüm sayı Azərbaycanda qonşu ölkələrdən,
hətta Avropadan azdır. Ölkəmizdə bu sahədə
görülən tədbirlər
sayəsində yoluxma
və ölüm sayı dünya statistikasına görə
aşağı rəqəmlərlə
ölçülür. Amma narahatlıq hələ də davam etməkdədir,
çünki son günlər
ölüm sayında
artan tendensiya müşahidə edilir.
Virus hələ də
var və dünyanı ağuşuna
almaqda davam edir. Virusa yoluxma ilə
peyvəndləmənin sürəti
arasında mübarizə
gedir. Hansı o birini üstələyəcəksə
qalib də o olacaq. İnsanlığın virusa qalib gəlməsi üçün
yol isə hələ ki yalnız vaksinasiyadan keçir. Mütəxəssislərin dediyinə görə,
müşahidə edilən
odur ki, virusdan ölənlərin
99 faizi peyvənd olunmayan insanlardır.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın iyulun 26-da
təşkil etdiyi sonuncu brifinqdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident
Administrasiyasının İqtisadi
məsələlər və
innovativ inkişaf siyasəti şöbəsinin
müdiri Şahmar Mövsümov da bildirib.
İnsanlar peyvənd olunmağı sabaha saxlamasalar qapanmalara getmək məcburiyyətində də
qalmarıq. Hətta kinoteatrlar və
teatrlar da qapılarını tamaşaçıların
üzünə açar
və əvvəlki karantinsiz, normal həyatımıza
qayıdarıq.
Azərbaycanda vaksinasiya prosesesinə
bu ilin yanvar
ayından start verilib.
İndiyə qədər ciddi
əks göstəriş
faktı qeydə alınmayıb. Vaksinasiya
olunanlar normal, adi həyatlarına, iş prosesinə davam edirlər. Əhali arasında peyvəndin
əks göstərişi
ilə bağlı gəzən şayiələrin
heç bir əsası yoxdur.
Qarşıdan yeni tədris ili gəlir.
İki tədris ilinin onlayn rejimdə keçməsi dünyada,
o cümlədən ölkəmizdə
təhsil prosesinə təsir etməmiş deyil. Uşaqlarımızın
normal, ənənəvi təhsil
prosesinə qayıtmaları
üçün olduğumuz
hər yerdə ara məsafəsini
qorumalı, maska taxmalıyıq. Bununla yanaşı, peyvənd
olunmaq da vacibdir.
Problemə məsuliyyətlə yanaşıb özümüzü və yaxınlarımızı xəstəlikdən qorumalıyıq. Qarşıdan həm də payız ayları gəlir. Fəslin gətirəcəyi təbiət gözəlliklərindən, çal-çağırlı payız şənliklərindən, dadlı-ləzzətli payız meyvələrindən zövq alıb yaşamağımız üçün COVID-19-a qalib gəlməyimiz vacibdir. Qalib gəlmək üçün isə vətəndaşların böyük əksəriyyəti peyvənd olunmalıdır.
Ramilə QURBANLI
Azərbaycan.-2021.- 11 avqust.- S.1;6.