Türkiyəyə ən böyük dəstək ölkəmiz oldu

 

 

Azərbaycana məxsus 93 yanğınsöndürmə texnikası, 1 helikopter və 1 amfibiya tipli təyyarə, 700-dən çox şəxsi heyət qardaş ölkədə yanğınla gecə-gündüz mübarizə aparır

 

 

 

Türkiyədə baş verən və günlərdir davam edən meşə yanğınları, eyni zamanda alovun yaşayış zonalarına ciddi ziyan vurması, insan tələfatına səbəb olması dövlətimizin və xalqımızın kədərinə səbəb oldu. Bütün Azərbaycan bu ağır günlərdə Türkiyə xalqı ilə həmrəylik nümayiş etdirdi, əlindən gələn imkanlarla qardaşlarına həm mənəvi, həm də maddi dəstək olmağa çalışdı, hər an “Türkiyə, sənin yanındayıq” söylədi.

Prezident İlham Əliyev qardaş ölkənin rəhbərinə yanğınlar zamanı həyatını itirən vətəndaşlara görə başsağlığı verərək bildirdi ki, Azərbaycan hökuməti və xalqı hər zaman olduğu kimi, bu gün də Türkiyə xalqı ilə həmrəydir və onun yanındadır. Birinci vitse-prezident Mehriban Əliyeva da Türkiyəyə mənəvi dəstək olaraq paylaşım etdi, baş verən yanğınlar nəticəsində həyatlarını itirənlərin doğmalarına və yaxınlarına başsağlığı verdi, yaralıların tezliklə şəfa tapmasını arzuladı.

İstər xoş günlərdə, istərsə də çətin məqamlarda Azərbaycan daim qardaş Türkiyənin yanında olubmin illər sonra da belə olacaq. Necə ki, Vətən müharibəsində qardaş ölkə haqq işimizi müdafiə edərək Qarabağın azadlığa qovuşdurulmasında Azərbaycana həm mənəvi, həm də siyasi dəstək oldu.

Ay-ulduzlu üçrəngli bayrağımız türk qardaşlarımızın, ay-ulduzlu al bayraq isə azərbaycanlıların könlündə, başının üzərində daim qürurla dalğalandırılır...

İki ölkə arasında yaşanan bu həmrəylik qardaşlığın, mənəvi bağlılığın təntənəsidir və tarixən var olan həmrəylik ənənələrinin dünyada analoqu olmayan göstəricisidir...

 

 

 

Yanğın-xilasetmə qüvvələrimiz uğurla fəaliyyət göstərirlər

 

 

 

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri hazırda yanğınların söndürülməsi əməliyyatlarında uğurlu fəaliyyətlərini davam etdirirlər. Meşə yanğınlarının söndürülməsi üçün Türkiyəyə ümumilikdə 700-dən çox şəxsi heyət, 93 yanğınsöndürmə texnikası, 1 helikopter və 1 amfibiya tipli təyyarə göndərilib.

Xatırladaq ki, FHN-in yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət birinci qrup iyulun 30-da Türkiyəyə yola düşüb.

 

FHN-in Türkiyədəki qüvvələrinin koordinasiyalı idarə edilməsi məqsədilə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin başçılığı ilə qurumun məsul vəzifəli əməkdaşlarından ibarət nümayəndə heyəti də qardaş ölkədədir.

E.Mirzəyev Azərbaycan FHN-in yanğın-xilasetmə qüvvələrinin yanğınların söndürülməsi istiqamətindəki fəaliyyəti və əldə edilən nəticələr barədə media nümayəndələrinə ətraflı məlumat verərək bildirib ki, yanğınsöndürmə, mühüm əhəmiyyətli ərazilərin yanğından mühafizə əməliyyatları zamanı effektiv qarşılıqlı əlaqənin təşkili məqsədilə Muğla orman koordinasiya və Marmaris kriz mərkəzləri kimi əsas və mobil qərərgahlar təşkil edilib.

Əsasən mürəkkəb relyefli dağlıq ərazilərdə həyata keçirilən yanğından mühafizə və yanğınsöndürmə əməliyyatları zamanı yerli qüvvələrlə birgə fəaliyyət göstərilib. FHN-in yanğınsöndürmə və xilasetmə bölmələri əməliyyat şəraitini tam nəzarətə götürmək məqsədilə gecə saatlarında da fəaliyyətlərini davam etdiriblər. Eyni zamanda yanğınsöndürmə, soyutma, ağacların kəsilməsi ilə mühafizə zolağının yaradılması və mühüm obyektlərin yanğından qorunması tədbirlərinin həyata keçirilməsi istiqamətində təxirəsalınmaz əməliyyatlar aparılmaqdadır.

 

General-leytenant E.Mirzəyev Azərbaycan FHN-in yanğın-xilasetmə qüvvələrinin ümumilikdə Türkiyənin 14 yaşayış məntəqəsində uğurla fəaliyyət göstərdiyini vurğulayıb.

 

 

 

Azərbaycan Türkiyəni yalqız buraxmadı

 

 

 

Azərbaycandan göndərilən və gecə-gündüz alovlarla mübarizə aparan yanğınsöndürənlərimiz Türkiyədə böyük sevgi ilə qarşılanıb. Soydaşlarımızın fəaliyyətləri qardaş ölkənin mediasında da geniş işıqlandırılıb. Azərbaycanın Türkiyəni meşə yanğınlarında yalnız buraxmadığı, yanğınsöndürənlərimizin türklərlə eyni dildə danışdıqları, yerli əhali ilə dialoq qurmaqda heç bir çətinlik çəkmədikləri xüsusi vurğulanıb.

Türkiyə vətəndaşları sosial mediada göstərilən dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə minlərlə təşəkkür mesajları ünvanlayıblar. Onlar yanğınsöndürənlərimizin fədakarlığını yüksək qiymətləndirib minnətdarlıqlarını bildiriblər.

Bir-birinə dayaq duran iki qardaş ölkə - Azərbaycan və Türkiyə bütün çətinliklərə qarşı daim çiyin-çiyinə mübarizə aparırlar. Əminik ki, tezliklə bu fəlakətin də öhdəsindən birlikdə gəlinəcək, Türkiyənin ormanlarını bürüyən alovların qarşısı alınacaq, səngiyəcək, göylərini bürüyən qara tüstü buludları yerini al günəşli mavi səmaya verəcək...

Bir millət, iki dövlət olan Azərbaycan və Türkiyə birliyi bu sınaqdan da həmrəyliyinin sayəsində qalib çıxacaq...

 

 

 

Yasəmən MUSAYEVA

Azərbaycan.-2021.- 11 avqust.- S.1;4.