Ağdamda təhsil ocaqları yenidən qurulacaq

 

 

Xəbər verildiyi kimi, Prezidentin 4 avqust 2021-ci il tarixli sərəncamı ilə Ermənistan silahlı qüvvələrinin keçən il sentyabrın 27-dən başlayan ölkəmizin ərazisinə təcavüzü nəticəsində zərərçəkmiş təhsil müəssisələrində təmir-tikinti işləri üçün 7 milyon manat vəsait ayrılmışdır.

Dağıdılan məktəblər Ağdamda da az deyil. Təkcə İkinci Qarabağ müharibəsi zamanı rayon ərazisində fəaliyyət göstərən 59 ümumtəhsil məktəbindən 17-sinə zərər dəymişdir. Birinci Sarıcalı, Hacıturalı, Gülbaharlı kənd, Dördyol-2 qəsəbə, 114 və 22 nömrəli, Qaradağlı, Mahrızlı kənd və Birinci Baharlı qəsəbə məktəbləri müxtəlif dərəcəli dağıntılara məruz qalmışdır. Əlbəttə, bu tam siyahı deyil. Düşmən artilleriyasının hədəfinə çevrilən Təzəkənd, Ayaqqərvənd, 114, 93, 14 saylı məktəblər, Sarıcalı, Birinci Yüzbaşlı kənd məktəbləri və digər təhsil müəssisələri də müharibədən zərərçəkənlər sırasındadır.

Dövlət başçısının zamanında imzaladığı sərəncam ölkənin digər bölgələrində olduğu kimi, Ağdam rayonunda da böyük razılıqla, dərin minnətdarlıq hissi ilə qarşılanıb. Rayonun Çəmənli kənd orta məktəbinin biologiya müəllimi Etibar Həsənov:

- Qəhrəman Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 30 ildən bəri yolunu gözlədiyimiz parlaq qələbəni gerçəkləşdirdi, bizlərə dünyanın ən böyük sevincini yaşatdı. İndi sözün həqiqi mənasında biz özümüzü xoşbəxt sayırıq. Nankorxain düşmənlərin daş üstə daş qoymadığı, xarabaya çevirdiyi Ağdam bu gün yenidən qurulur. “Ağıllı kənd”, “Ağıllı şəhər” layihələrinin icrasına artıq start verilib. O ki qaldı Prezidentin məlum sərəncamına, bu sənəd bütün Qarabağ camaatında, xüsusilə təhsil işçilərində xoş ovqat yaratmışdır. İnanırıq ki, çox çəkməyəcək, övladlarımız təhsillərini yenidən qurulan müasir məktəblərdə davam etdirəcəklər. Bu inamı bizə həmişə sözünün sahibi olan dövlət başçısı verib.

 

 

 

Lazım QULİYEV

Azərbaycan.-2021.- 11 avqust.- S.1;5.