Azərbaycanın Milli Qəhrəmanı Məzahir Rüstəmovun
xatirəsi yad olunub
Gədəbəy Rayon İcra Hakimiyyətinin və Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Milli Qəhrəman Məzahir Rüstəmovun xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Milli Qəhrəmanın Gədəbəy şəhərinin mərkəzində ucaldılmış abidəsi önündə keçirilən anım tədbirində şəhidin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Təşkilatçı qurumların rəsmilərinin, şəhidin vaxtilə xidmət etdiyi hərbi hissə komandirlərinin, eləcə də rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə çıxış edənlər ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın müdafiəsi uğrunda canını fəda edən Məzahir Rüstəmovun həyat yolundan və onun göstərdiyi igidlikdən danışmışlar. Qeyd edilmişdir ki, Məzahir Rüstəmov 1960-cı ilin baharında Bakıda doğulub. İndiki Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib, ata-baba yurdunda vəziyyət gərginləşəndə Dövlət Mətbuat Komitəsində tutduğu məsul vəzifədən imtina edərək könüllü Azərbaycan Ordusuna yazılıb və Gədəbəyə gəlib. Bu, o vaxtlar idi ki, Gədəbəy rayonunun da sərhəd kəndləri intensiv atəşə tutulur, dinc əhali vəhşicəsinə qətlə yetirilirdi.
1992-ci il avqustun 6-da düşmənlər tank, digər zirehli texnika və canlı qüvvə ilə qəflətən Mutudərə istiqamətində hücuma keçir. Komandirin müavini olan leytenant Məzahir Rüstəmov bölüyün əsgərləri ilə birlikdə döyüşlərə atılır. Onlar mühasirəyə düşsələr də, son gülləyə, son nəfəsədək mübarizə aparırlar. Erməni quldurlarına əsir düşməmək üçün gənc zabit sonuncu qumbaranı sinəsinə sıxaraq həm özünü, həm də onu əsir götürmək istəyən bir neçə ermənini məhv edir.
Lakin Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Məzahirin və onun silahdaşlarının intiqamı alınır. Başkənd quldurlardan tamamilə azad edilir, bir çox strateji əhəmiyyətli zirvələr ələ keçirilir, Gədəbəyin sərhədyanı kəndlərinin təhlükəsizliyi təmin olunur. Məzahir Rüstəmovun nəşi isə avqustun 9-da Bakıya gətirilərək Şəhidlər xiyabanında torpağa tapşırılır.
Anım mərasimində çıxış edən Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani belə tədbirlərin Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olanların xatirəsinə ehtiram əlaməti olmaqla yanaşı, gənclərin vətənpərvərlik nümunələri, qəhrəmanlıq ənənələri ruhunda tərbiyəsində, ordumuzda layiqli əsgərin yetişməsində xüsusi əhəmiyyət daşıdığını və Müdafiə Nazirliyi rəhbərliyinin bu işə xüsusi önəm verdiyini diqqətə çatdırdı. Bildirdi ki, Məzahir Rüstəmovun adı Bakıda təhsil aldığı orta məktəbə və küçələrdən birinə verilib, yaşadığı binaya xatirə lövhəsi vurulub, Gədəbəydə abidəsi ucaldılıb. Milli Qəhrəmanın ailəsi də həmişə dövlətin və Müdafiə Nazirliyi rəhbərliyinin diqqət mərkəzindədir. Məzahir döyüşə gedərkən 6 aylığında olan qızı Təhminə isə artıq boya-başa çatıb, ailə həyatı qurub və bir övladı var.
Sonda şəhidin atası, professor İzzət Rüstəmov və anası Rəfiqə xanım bütün şəhid ailələrinə, Qarabağ müharibəsinin veteranlarına, döyüşlərdə sağlamlığını itirənlərə dövlət qayğısının yüksək səviyyədə olduğunu qeyd edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Müdafiə Nazirliyi rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.
S.ƏLİYEV,
Azərbaycan.-2021.- 11 avqust.- S.5.