Erkən nikah kabusu

 

Ailə həyatına uşaq ikən atılan təhsilsiz analar və onların böyütdüyü övladlar sonradan cəmiyyətin “yarasına” çevrilirlər

 

 

 

... 17yaşa yenicə keçən Aygün bir necə il əvvəl 11-ci sinfi yaxşı qiymətlərlə bitirib təhsilini davam etdirməyi arzulasa da, atasının onu ərə vermək istəyi heç tam orta təhsilini belə tamamlamağa imkan verməyib. Ailələr arasında baş tutan kiçik nişan mərasimindən bir necə ay sonra ərə gedən Aygünün ailə münasibətlərinə daxil olmasını hüquqi baxımdan təsdiqləyən rəsmi nikahı yoxdur. Lakin bunuAygünün  valideynləri, nə də qayınanası problem sayır.

 

Aygün kimi erkən yaşda ərə gedən anası Aliyə xanım qızının belə tez ailə həyatı qurmasında qeyri-adi heçgörmür. Əksinə, övladını ailə həyatına yaxşı hazırladığını düşünərək hesab edir ki, ev işlərini yaxşı  bacardığı, vaxtilə onun əlinə baxıb mətbəx sirlərini öyrəndiyi üçün qızı bir evin gəlini ola bilər. Təəssüf ki, belə valideynlərin düşüncəsində ailə qurmağa hazır olmaq, sadəcə, kiçik məişət işlərini görə bilmək bacarığı ilə ölçülür...

 

 

 

Zorakılığa məruz qalan hər dörd qadından biri qeyri-rəsmi nikahda olanlardır

 

 

 

Hazırda Azərbaycanda nikah yaşı həm qızlar, həm də oğlanlar üçün 18 yaşdır. Ailə Məcəlləsində 17 yaşlı qızların nikahına istisna hallarda yol verilir. Yalnız üzrlü səbəb olduqda ərazi üzrə müvafiq icra hakimiyyəti orqanı nikaha daxil olmaq istəyən şəxslərin xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq, azaldılmasına icazə verə bilər.

 

Belə bir icazə olmadıqda nikahın bağlanmasının əsas şərtlərindən biri olan yaş həddi gözlənilmədiyi üçün nikah rəsmi qaydada tanınmır və rəsmi orqanlarda qeydiyyata  alınmır. Qanunvericiliyin tələblərinə əməl olunmadan, yaş həddini gözləmədən qeyri-rəsmi ailə quranların dini kəbinləri olsa belə, tərəflər arasındakı faktiki ailə münasibətlərinin heç bir hüquqi əhəmiyyəti olmur. 18 yaşı tamam olmayanlar yetkinlik yaşına çatmayan şəxslər hesab edildikləri üçün qız və oğlanın nikaha razılıq verməsinin də heç bir əhəmiyyəti yoxdur.

 

Yeri gəlmişkən, Azərbaycanda aparılmış sosioloji sorğunun nəticəsinə görə, məişət zorakılığına məruz qalan qadınların, demək olar ki, hər dörd nəfərindən biri qeyri-rəsmi nikahda olanlardır. Məişət zorakılığına məruz qalmış qadınların nikaha daxilolma üzrə ortalama yaşı ölkə üzrə göstəricidən ən azı 4 yaş kiçikdir. Zorakılığa məruz qalanlar arasında erkən nikaha daxil olan qadınlara daha çox rast gəlinir.

 

 

 

Həssas qrupların sayının artmasının səbəbi...

 

 

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva onları narahat edən problemlərdən birinin məhz erkən, qohumlar arasında bağlanan nikahlar olduğunu söyləyir.

 

Onun sözlərinə görə, erkən nikahların sayının azalmasına, çalışılmasına, bunun üçün maarifləndirmə işlərinin aparılmasına baxmayaraq, Azərbaycanda erkən nikah hələ də aktual problemlərdən biri olaraq qalır.

 

Aynur Sofiyeva deyir ki, erkən nikahların baş verməsi qızların təhsildən yayınmasına, bir çox hallarda ailələrdə münaqişələrə, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə,  boşanmalara və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur: “Ailə Məcəlləsinə dəyişiklik edilərək qızlar üçün minimal nikah yaşı 17-dən 18-ə qaldırılıb, habelə qadını nikaha məcbur etməyə görə cinayət məsuliyyəti müəyyən edilib. Cinayət Məcəlləsinin 176-1.1-ci maddəsi ilə qadını nikaha daxil olmağa məcbur etməyə görə şəxs iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məcəllənin 176-1.2-ci maddəsinə əsasən, eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə üç min manatdan dörd min manatadək cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

 

Aynur Sofiyevanın sözlərinə görə, dövlət komitəsi tərəfindən layihəsi hazırlanan və Nazirlər Kabinetinin

 

23 iyun 2020-ci il tarixli 213 nömrəli Qərarı ilə təsdiqlənən “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın icrası bu istiqamətdə görülən işlərə təkan verir.

 

Bu qaydada gənclər arasında erkən və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmənin aparılma prinsipləri, vasitələri, istiqamətləri, maarifləndirməni həyata keçirən dövlət qurumlarının funksiyaları müəyyən edilib. Dövlət komitəsi, eləcə də nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək mərkəzləri qaydada qeyd olunan digər aidiyyəti qurumlarla əməkdaşlıq çərçivəsində yeniyetmə və gənclərin, valideynlərin erkən, qohumlar arasında nikahın mənfi nəticələrinə dair məlumatlılıq səviyyəsini artıran tədbirlər həyata keçiriblər. Yerli icra hakimiyyətləri tərəfindən belə halların qarşısının alınması istiqamətində ailələrlə görüşlər keçirilib, müvafiq tədbirlər görülüb. Eyni zamanda, komitə tərəfindən erkən, qohumlar arasında nikahın mənfi nəticələrinə dair araşdırmalar aparılır. Həyata keçirilən işlərin nəticəsi olaraq, bu  göstəricinin ildən-ilə azalması müşahidə olunur. Belə ki, 2019-cu ildə nikahları qeydə alınmış

 

18 yaşadək gəlinlərin sayı azalaraq 366, bəylərin sayı 1 nəfər olub. 2020-ci ildə isə gəlinlərin sayı 165-ə enib. Bundan əlavə, 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı 2011-ci ildə 4392, 2019-cu ildə 2320, 2020-ci ildə isə 1917-dək azalıb.

 

 

 

Uşaqların iradəsi xaricində gerçəkləşən nikahlar

 

 

 

Türkiyənin Üsküdar Universitetinin Sosiologiya kafedrasının müdiri, professor Əbülfəz Süleymanlı elmi-texnoloji innovasiyalar dövrü adlandırılan XXI əsrdə erkən nikahların hələ də problem olaraq qalmasına təəssüflənir.

 

Sosioloq əlavə edir ki, qlobal miqyasda bu problem daha çox sosial-iqtisadi çalarlara malik problem kimi özünü büruzə versə də, əslində, adət-ənənələr adı altında pərdələnmiş və beyinlərə yanlış sirayət etmiş stereotiplər bu cür halların dünyanın fərqli ölkələrində kütləvi xarakter almasına səbəb olur. Erkən nikahlara yol açan amillərdən biri ailələrin aşağı təhsil və ümumi mədəniyyət səviyyəsi ilə bağlıdır. Belə ki, dünyanın fərqli ölkələrində aparılan tədqiqatların nəticəsinə görə, erkən nikahlara təhsil və mədəni dünyagörüş səviyyəsi aşağı olan ailələrdə daha çox təsadüf olunur: “Şübhəsiz ki, erkən nikahların uşaq hüquqlarının pozulmasından məişət zorakılığına, doğuş zamanı ana-uşaq ölümlərindən fiziki-psixoloji çətinliklər kimi çox geniş spektri əhatə edən ciddi fəsadları mövcuddur. Hər şeydən əvvəl erkən nikahlar bu akta sövq olunan yetkinlik yaşına çatmamış qızların, istərsə də oğlanların normalsağlam inkişafının qarşısını alır”.

 

Əbülfəz Süleymanlı bildirir ki, əksər hallarda uşaqların iradəsi xaricində gerçəkləşən bu növ nikahlar onların mənəvi bütövlüyünə xələl gətirərək cəmiyyətə qarşı etimad hisslərinin zəifləməsinə gətirib çıxarır. Xüsusilə yetkinlik yaşına çatmamış qızlar bu növ nikahlara sövq olunaraq təhsillərini yarımçıq qoymaq məcburiyyətində qalırlar. Beləliklə də hər hansı bir peşəyə yiyələnə bilmirlər. Bu isə o deməkdir ki, onlar gələcəkdə ortaya çıxa biləcək boşanma, cütlərdən birinin vəfat etməsi kimi problemlər qarşısında iqtisadi cəhətdən zəif vəziyyətə düçar olacaqlar.

 

Sosioloqun fikrincə, bəzən uşaqlıq dövrünü başa vurmamış bu cür fərdlər dünyaya gətirdikləri övladlarına lazımi səviyyədə qulluq göstərə bilməyərək, onlara laqeyd yanaşaraq tərbiyə işlərində nöqsanlara yol verirlər. Beləliklə, erkən nikahların və bununla da övlad dünyaya gətirməyin fəsadları tək bir körpə və onların valideynləri üçün deyil, bütövlükdə cəmiyyət üçün risk mənbəyinə çevrilir.

 

Əbülfəz Süleymanlı açıqlayır ki, Azərbaycanda daha çox bəzi regionlarda müşahidə olunan erkən nikahlar uzun illərdir həm müvafiq dövlət qurumlarının, həm QHT-lərin, həm də bütövlükdə cəmiyyətin diqqət mərkəzindədir. Bu sahədə adıçəkilən qurumlar tərəfindən indiyə kimi çoxsaylı tədbirlər, elmi-sosioloji tədqiqatlar və maarifləndirmə işləri aparılıb.

 

Onun fikrincə, görülən bu işlər müəyyən dərəcədə erkən nikahların sayının azalmasına təsir göstərib. İndiki mərhələdə daha effektiv mübarizə üçün erkən nikahların insan hüquqlarının pozulması faktı kimi  daha qabarıq formada təqdim olunması lazımdır. 1989-cu il tarixli Uşaq Hüquqları Konvensiyasında da uşaqların nikaha daxil olması insan hüquqlarının pozulma faktı kimi qiymətləndirilir: “Söhbət yetkinlik yaşına çatmayan uşaqların məcburi yolla evləndirilməsi nəticəsində hər cür istismara məruz qalmasından, öz yaşıdlarından uzaqlaşdırılmasındən, həm də təhsil hüquqlarının pozulmasından gedir. Eyni zamanda, Avropa İnsan Hüquqları Konvensiyasının 12-ci maddəsində də qeyd edilib ki, yalnız nikah yaşına çatmış kişi və qadınlar ailə qurmaq hüququna malikdirlər. Bu mənada insan hüquqlarının qorunması sahəsində fəaliyyət göstərən müvafiq dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının bu məsələ ilə bağlı yeni fəaliyyət strategiyasını hazırlaması vacib əhəmiyyət kəsb edir”.

 

 

 

Təkliflər

 

 

 

Tədqiqatçı alimin fikrincə, təhsil erkən nikahların qarşısının alınması istiqamətində ən təsirli üsullardan biridir. Buna görə erkən nikahların daha çox qeydə alındığı regionlarda uşaqların  təhsildən yayınmamaları üçün mövcud səyləri daha da artırmaq vacibdir.

 

Adminstrativ və maarifləndirici  tədbirlərlə yanaşı, uşaqlarını maddi çatışmazlığa görə oxuda bilməyən aztəminatlı ailələrin sosial-iqtisadi cəhətdən dəstəklənməsi də problemin müsbət həllində mühüm əhəmiyyət kəsb edir. Xüsusilə yerli icra orqanları və yerlərdəki əlaqədar qurumlar bu məsələdə daha aktiv olmalıdırlar. Bu mənada sosioloqların, psixoloqların və sosial işçilərin bu problemlərin həllinə yönəldilməsi zəruridir.

 

Bununla birgə orta ümumtəhsil məktəblərində təhsil alan uşaqların problemin mahiyyəti haqqında daha çox maarifləndirilmələri üçün erkən nikahların fəsadları haqqında geniş məzmunlu bilgilərin tədris programına (dərsliklərə, əlavə oxu materiallarına  s.) daxil edilməsi mühümdir. Bu vasitə ilə  uşaqlar belə halların ortaya çıxardığı fəsadlar haqqında mükəmməl məlumat əldə edərək öz hüquqları haqqında mükəmməl məlumata sahib olacaqlar.

 

Əbülfəz Süleymanlı hesab edir ki, erkən nikahların qarşısının alınmasında “el-oba qınağı” kimi vasitənin daha məqsədyönlü istifadəsi vacibdir. Belə ki, bu cür nikahlara qarşı olan insanlar əksər hallarda etirazlarını öz aralarında giley-güzar etməklə nümayiş etdirirlər. Halbuki övladlarını bu cür nikahlara sövq edən valideynlərin öz yaxın ətraflarından başlayaraq, daha çox qınaq obyektinə çevrilməsi və etiraz əlaməti olaraq, cütlüklərdən birinin erkən nikaha daxil olduğu müəyyən olunan toy-nişan mərasimlərində hamılıqla iştirakdan imtina olunması kimi vacib çəkindirici təsir vasitələrinin işə salınması zəruridir.  Bunlarla yanaşı, daha çox insanın bu mövzu haqqında maariflənməsi üçün yeni sosial çarxların çəkilməsinə də ehtiyac var.

 

Erkən nikahlarla mübarizədə ən əsas şərtlərdən biri bu sahədə fəaliyyət göstərən dövlət qurumları və QHT-lər arasında düzgün koordinasiyanın təmin olunmasıdır. Erkən nikah yalnız Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində rast gəlinən əsas problemlərdəndir. Bəzi ölkələrdə qadınların 15 faizi 18 yaşına çatmadan əvvəl ailə qurur.

 

Erkən nikahın qanunla qadağan edildiyi Azərbaycanda belə halların nisbətən azalmaya doğru getdiyi açıqlanır. Lakin nəzərə alınmalıdır ki, qeydə alınan erkən nikahlar real mənzərəni təsvir etmir. Çünki çox zaman ailələr bu cür evlənmələri gizli saxlamağa üstünlük verərək ailə münasibətlərinə erkən daxil olmuş şəxsin 18 yaşı tamam olduqdan sonra onun nikahını rəsmiləşdirmək üçün rəsmi orqanlara müraciət edirlər. Bir çox hallarda belə nikahların mövcudluğu rəsmi orqanlara həmin izdivaclardan dünyaya körpə gələrkən məlum olur.

 

Ailələr və onun ətrafları belə məsələləri gizli saxlayarkən bunu düşünmürlər ki, erkən nikah yalnız bir ailəyə aid olan problem deyil. Bu problem ailə institutunun möhkəmliyinə zərbə vurur, bəzən insanların düşüncə qabiliyyətini getdikcə zəiflətməklə onları inkişafdan geri qoyur. Həyatın bütün gercəkliklərinə hazır olmayan, ailə həyatına uşaq ikən atılan təhsilsiz analar və onların böyütdüyü övladlar sonradan bu cəmiyyətin “yarasına” çevrilirlər.

 

 

 

İlhamə İSABALAYEVA,

Azərbaycan.-2021.- 11 avqust.- S.6.