Baş atıcının döyüş şücaəti

 

 

İkinci Qarabağ savaşının iştirakçısı, qazi Vaqif Əlizadə ilə ötən il sentyabrın 21-də  Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon İdarəsində toplanış zamanı tanış olmuşdum. Bu vaxt onu da müşahidə etdim ki, Ermənistan silahlı birləşmələrinin Azərbaycan ərazisinə hücumunun qarşısını almağa, torpaqlarımızı işğaldan azad etməyə gedən yüzlərlə könüllü arasında  digər millətlərə məxsus gənclər də  çoxdur. Qəzetimizə müsahibə verən Dmitri Vyaçeslaviçin oğlu Andrey Antonov, anası rus (Svetlana xanım), atası azərbaycanlı Məhəmməd İbayev, eləcə də atası azərbaycanlı, anası rus (Lyubov xanım) olan Vaqif Əlizadə və başqaları buna bariz nümunədir.

 

Qazi Vaqif Vaqif oğlu Əlizadə 1995-ci il sentyabrın 9-u Bakıda anadan olub. Orta təhsilini Bakı şəhəri Yasamal rayonundakı 60 nömrəli məktəbdə başa vurub. 2013-2017-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində ali təhsil alıb, Geoloji kəşfiyyat fakültəsini bitirib. 2017- 2018-ci illərdə Şəmkirdə “N” saylı hərbi hissədə əsgəri xidmətdə olub.

 

Vaqif Əlizadə 2020-ci il sentyabrın 27-də Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılan ərazilərin azad edilməsi üçün  başlanan Vətən müharibəsinə yollanan ilk könüllülərdəndir.

 

Bir həftəlik təlimlərdən sonra yaxın qohumu - Füzulidən olan Pərviz Mürşüdzadə, Mürşüd Mürşüdzadə və digərləri ilə döyüş bölgəsinə yollanan Vaqif deyir ki, müharibəyə Füzulidən başladıq. Mən taborda baş atıcı idim. Döyüşə gəlməyimə, bu torpaqların erməni işğalından azad olunmasında iştirakıma, hətta yeri gəlsə, şəhid olacağıma belə sevinirdim. Çünki atam Füzulidəndir, söhbətlərində bu yerlərdə ermənilərin onların ailələrinə, həmkəndlilərimizə etdikləri qətliamlar, terror hadisələri barədə o qədər yanğı ilə, intiqam hissilə danışırdı ki, indi doğma torpaqlarda vuruşmaqdan qürur duyurdum. Atamın arzusunu yerinə yetirmək, əzizlərinin intiqamını erməni quldurlarından almaq üçün qorxu hissini tamamilə unutmuşdum.

 

Vaqifin də tərkibində olduğu hərbi hissə Füzulidən sonra Cəbrayıl istiqamətində hərəkətə keçib. Baş atıcı Vaqif Əlizadə deyir ki, taborda Dmitri Sonçov, Denis İvanov, Timur (soyadını unutmuşam) və digər rus əsilli könüllülər erməni riyakarlığına, erməni vandalizminə qarşı canla-başla vuruşurdular. Bir neçə günün ərzində Cəbrayıldakı erməni istehkamlarını, hərbi hissələrini darmadağın etdik, çoxlu hərbi texnikasilah-sursat qənimət götürdük. Məni heyran edən o idi ki, Ali Baş Komandanın uğurlu rəhbərliyi nəticəsində ərazilərimizi erməni silahlı quldurlarından azad etdikcə, əsgərlərdə irəliyə getmək, Vətən torpağının hər qarışı uğrunda mübarizə aparmaq həvəsi artırdı.

 

Baş atıcı Vaqif Əlizadə Cəbrayılın düşməndən azad edilməsindən sonra Şuşa istiqmətində gedən döyüşlərin iştirakçısı olur. Oktyabrın sonuncu günü yaxınlığına qəfil düşən erməni mərmisindən bir neçə döyüşçü yoldaşı həlak olur, Vaqif isə huşunu itirir, hər iki qulağının pərdəsi dağılır. Əsgər yoldaşları vasitəsilə tibb məntəqəsinə çatdırılır, ilkin tibbi yardım göstərilir. Lakin vaziyyəti ağır olduğundan oradan Füzuli rayonu ərazisindəki Əhmədbəyli hospitalına gətirilir. O, burada bir neçə gün müalicə aldıqdan sonra Bakı şəhərinə, hərbi hospitala göndərilir. İlk günlər anlamsız olan Vaqif Əlizadə həkimlərin qayğı və köməyi sayəsində özünə gəlir, tam müalicə olunur.

 

Qazi Vaqif Əlizadə Vətən müharibəsində göstərdiyi şücaətlərə görə Azərbaycan Prezidenti, Ali Baş Komandanın sərəncamı ilə  “Cəbrayılın azad edilməsinə görə” və “Şuşanın azad edilməsinə görə” medalları ilə təltif edilir. Hazırda aparıcı şirkətlərin birində - “Bestcomp Groupda çalışır.

 

 

 

Rəhman SALMANLI,

Azərbaycan.-2021.-12 avqust.- S.4.