Koronavirusdan qorunmaq vətəndaşlıq borcumuzdur
Hande
Harmancı: “Azərbaycanda son günlər
COVID-19-a yoluxma halları gündəlik 10 dəfə
artıb, tədbir görülməsə, sentyabrdan
başlayaraq yoluxma
yenidən çoxala bilər”
Əslində, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancın bu fikirləri həyəcan təbili qədər ciddi hesab edilməlidir. Onun sözlərinə görə, epidemioloji vəziyyətlə bağlı məhdudiyyətlərin yumşaldılması zamanı COVID-19 virusuna yoluxma hallarının artacağı təxmin edilirdi.
Nəticə göz qarşısındadır: son bir ayda Azərbaycanda koronavirusa yoluxma sayında sürətli artım müşahidə olunmaqdadır: “Belə ki, bu müddətdə COVID-19-a gündəlik yeni yoluxma halları 10 dəfə artıb.
Yoluxma halları, əvvəllər ikirəqəmli ədədlərlə ifadə olunurdusa, hazırda 2000-dən çoxdur. Azərbaycanda hər gün təxminən 10 min civarında diaqnostik test icra olunur. Aparılan testlər arasında pozitiv nəticələrin payı 2-dən 13 faizə qədər artıb. Bu, o deməkdir ki, əhali arasında koronavirusla xəstələnənlərin sayı artır”.
ÜST rəsmisinə görə, əgər tədbir görülməsə, sentyabrdan başlayaraq yenidən gündəlik yoluxmalar arta bilər: “Havanın temperaturunun koronavirusun yayılmasına heç bir təsiri yoxdur, payız mövsümündə hava soyuduqca insanlar qapalı məkanlara üz tutacaq. Qapı-pəncərələr bağlanacaq və hava dövriyyəsi azalacaq. Bütün bunlar isə yoluxma hallarının artımına səbəb olur”.
Ötən gün Azərbaycanda koronavirusa 1769-dan artıq yoluxma halı qeydə alınıb, 16 nəfər ölübsə, bu, heç də diqqətdən yayına bilməz. Ölkə ərazisində indiyədək ümumilikdə 355 mindən artıq insan COVID-19 virusuna yoluxub (5 mindən çox şəxs isə bu bəladan xilas olmayıb. Doğrudur, ölkəmizdə koronavirusa qarşı peyvənd olunanların sayı az deyil, 5 milyon yarımdan çoxdur. Lakin bütün bunlar heç də əsas vermir ki, özümüzü və doğmalarımızı bu bəladan qorumayaq.
Bəzən laqeydcəsinə özünə belə sual verənlər də olur: “Koronavirusa qarşı vaksin vurdurmasam, mənə nə olar ki?”
Mütəxəssislər bu suala birmənalı şəkildə cavab verirlər ki, vaksindən imtina edirsinizsə, təmasda olduğunuz dostlarınızı, ailə üzvlərinizi, iş yoldaşlarınızı, hətta tanımadığınız adamları da risk altına qoya bilərsiniz.
Bəzən “evdə müalicə və təcrid vaxtı nə etməli, ailə üzvlərini necə qorumalı?” sualı meydana çıxır. Bu da insanları narahat edən məqamlardandır. İnfeksionistlər bildirirlər ki, ölkəmizdə COVID-19-u yayan, artıran koronavirusa yoluxmuş şəxslər simptomlardan asılı olaraq ev şəraitində də müalicə oluna bilər. Maraqlıdır: kimlər evdə müalicə olunmalıdır? Səhiyyə Nazirliyinin evdə müalicə ilə bağlı açıqladığı qaydalara əsasən, yoluxma halı təsdiqlənərsə, xəstəliyi yüngül formada keçirən şəxslər həkim rəyinə əsasən, yaşadıqları yerdə təcrid olunur və onların üzərində tibbi müşahidə həyata keçirilir.
Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının əməkdaşının fikirlərinə əsasən, xəstəliyi simptomsuz (klinik əlaməti olmayan) keçirən xəstələr də ev şəraitində həkim nəzarətində olmalıdır. Tibb üzrə fəlsəfə doktoru Vüqar Cavadzadənin dediyinə görə, testi pozitiv çıxan, lakin heç bir klinik laborator dəyişikliyi olmayan şəxslərə müalicə təyin edilmir.
Özünün COVID-19 virusuna yoluxduğuna şübhəsi olanlar ilk addım kimi poliklinikaya zəng etməlidirlər. Bakı Baş Səhiyyə İdarəsinin rəisi Nelli Veysova qeyd edir ki, məhz bundan sonra sahə həkimi sorğu-sualla xəstənin vəziyyətini dəyərləndirmək üçün məlumat toplayır: “...Yalnız bu həkimin qərarının əsasında yoluxma şübhəsi ilə müraciət etmiş vətəndaşın ünvanına COVID-19 testini keçirmək məqsədilə tibb işçisi yönləndirilir. Testin cavabı 3 gün ərzində SMS vasitəsilə vətəndaşa bildirilir. Bu müddətdə isə sahə həkimi vətəndaşın vəziyyətini izləməli və test nəticəsi müsbət olarsa, o, qeydiyyata alınmalıdır”.
Səhiyyə Nazirliyinin rəsmisi
bildirir ki, xəstəliyi
simptomsuz və ya yüngül keçirən vətəndaşlar
evdə müalicə almaq üçün
dövlət tərəfindən dərman preparatları ilə
təmin olunurlar. Dərman dəstlərinə vitamin C, vitamin D3, Maqnezium, Sink, Selen və Parasetamol kimi preparatlar daxildir. Adıçəkilən preparatların qəbulu
müalicə və xəstəliyin gedişatı
ərzində yaranma ehtimalı olan fəsadların qarşısını
almaq məqsədilə
xəstələrə təyin
edilir.
Vətəndaşları maraqlandıran sualların arasında diqqət çəkənlərdən
biri də budur: “Evdə müalicə neçə
gün davam edir?” Sahə həkimləri koronavirusa yoluxmuş evdə müalicə alan
xəstənin vəziyyətini
14 gün ərzində
gündəlik müşahidə
etməlidirlər, əgər
ağırlaşma olarsa,
o zaman həkimlər vətəndaşın stasionar
şəraitdə müalicəsini
davam etdirmək barədə qərar verməlidir.
Hər hansı
xəstəlikdən sığortalanmaq
üçün ilk növbədə
gərək məsuliyyətli
olasan. Təəssüf ki, ilyarımdan
artıq bir müddətdə insanların
COVID-19-dan xilası üçün
həyata keçirilən
qabaqlayıcı və
profilaktik tədbirlərin
səmərəsini aşağa
salan da elə insanlardır.
Acınacaqlı haldır ki,
bu sahədə aparılan geniş təbliğat hələ
də öz səmərəsini lazımınca
vermir. Belə ki, hələ də ictimai nəqliyyatda, daha çox kütləvilik
hiss edilən böyük ticarət mərkəzlərində, dükan-bazarlarda, bir sözlə, qapalı məkanlarda, park və xiyabanlarda tələb və tövsiyə edilən qayda-qanunları pozanlara rast gəlinir. Polis əməkdaşını
görüb tibbi maskanı cibindən çıxarıb tələsik
çənəsinə taxan
şəxslər hələ
də bilmirlər ki, kimdən qorunur. Bu, özünü
aldatmaq və həyatını riskə
atmaqdır.
Maraqlıdır, cərimədən qorxub maska taxanlar koronavirusun daha təhlükəli olduğunu
doğrudanmı anlamırlar? Dəfələrlə
qeyd edildiyi kimi, hələ də ictimai yerlərdə nə tibbi maskadan istifadə edən, nə lazım olan ara məsafəsini saxlayan, nə də peyvəndin əhəmiyyətini ciddiliyə
alanlar var. Bu isə insanların özlərinə
və yaxınlarına
yalnız etinasızlığı,
laqeydliyi deyil, həm də qayda-qanunu pozmaq deməkdir.
Məhəmməd NƏRİMANOĞLU,
Azərbaycan.-2021.-14 avqust.- S.1-2.