Dünya Bankı: Azərbaycanın ali audit qurumu öndədir

 

Dünya Bankı “Ali Audit Qurumlarının Müstəqilliyi İndeksi” üzrə ölkələrin reytinqini açıqlamışdır. Hesabata əsasən, Azərbaycan Dünya Bankı tərəfindən ali audit qurumunun, yəni Hesablama Palatasının müstəqilliyi parametrlərinə görə dünya miqyasında ən yaxşı performans göstərən ölkələrdən biri seçilmişdir.

 

İqtisadi  İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM)   departament rəhbəri Dünya Bankının hesabatını şərh edərkən demişdir ki, qlobal miqyasda yalnız iki ölkə 10 bal nəticə əldə etməklə “ən yüksək müstəqil”lik meyarına cavab verə bilmişdir. 17 ölkənin audit qurumu “yüksək səviyyədə müstəqil”, 33 ölkəninki “əsasən yüksək”, 37 ölkəninki “orta səviyyədə yüksək”, 29 ölkəninki  isə “aşağı səviyyədə müstəqil” qiymətləndirilmişdir.

 

İİTKM-nin şərhində Azərbaycanın ali audit qurumunun fəaliyyətinin 9-9,5 balla “yüksək səviyyədə müstəqillik” kimi qiymətləndirilməsi adıçəkilən  qurumun müstəqillik üzrə beynəlxalq indikatorların əksəriyyətinin tələblərinə yüksək səviyyədə cavab verməsi ilə izah edilir. Təhlildə həmçinin o da qeyd edilir ki, region ölkələrindən Türkiyə, GürcüstanRusiya da Azərbaycanla eyni qrupda yer almışdır. Moldova, Özbəkistan, Ermənistan, Qırğızıstan, Ukrayna, Belarus, Qazaxıstan və Tacikistan isə müvafiq ardıcıllıqla daha aşağı pillələrdə qərarlaşmışlar.

 

A.Müseyibov təhlilində ona da diqqət yetirir ki, Dünya Bankının ekspertləri tərəfindən 118 ölkənin qiymətləndirildiyi hesabatda 1977-ci il tarixli Lima Bəyannaməsinə əsasən, qlobal miqyasda ali audit qurumlarının müstəqilliyinin təmin edilməsinin zəruriliyinə xüsusi diqqət ayrılır. Belə ki, müstəqil və effektiv audit qurumlarının fəaliyyəti yaxşı idarəetmə, şəffaflıq və hesabatlılığın təşviq edilməsində kritik rol oynayır, dayanıqlı inkişaf məqsədləri üzrə icra edilən tədbirlərin monitorinqinə müsbət töhfələr verir. Bu baxımdan audit qurumlarının müstəqilliyi xüsusi önəm kəsb edir. Eyni zamanda qlobal miqyasda audit prosedurlarına siyasi müdaxilələr, zəruri məlumatlara çıxışda problemlər, audit üzrə aşkara çıxarılmış boşluqların aradan qaldırılmasında audit qurumlarının səlahiyyətinin olmaması, parlamentlə zəif əlaqələr və s. əsas çağırışlar kimi qeyd olunur.

 

Müəllif bildirir ki, müvafiq hesabatın metodoloji əsasını beynəlxalq audit standartları, təcrübə, hüquqi, maliyyə, mandat, əhatə dairəsi məsələləri də daxil olmaqla, ümumilikdə, 10 indikator təşkil edir. Daha detallı qeyd etsək, bu indikatorlar konstitusiyahüquqi çərçivə, ali audit qurumunun rəhbərinin təyin edilməsində şəffaflıq, maliyyə muxtariyyəti, auditin növləri, əməliyyat muxtariyyəti, əməkdaşların səlahiyyət muxtariyyəti, audit mandatı, auditin əhatə dairəsi üzrə muxtariyyət, məlumatlara çıxış, audit hesabatı üzrə hüquq və öhdəliklərdir. Ən yüksək qiymətləndirmə meyarı 10 baldır ki, bu da qiymətləndirilən qurumun müstəqillik üzrə bütün meyarlara cavab verdiyini göstərir.

 

Məlumat üçün qeyd edək ki, “Beynəlxalq Büdcə Tərəfdaşlığı” təşkilatı da audit qurumlarının müstəqilliyini “Açıq Büdcə Sorğusu” hesabatı əsasında 2 ildən bir  mərhələli əsasda qiymətləndirir. Ən son açıqlanmış hesabatda Azərbaycan audit prosedurların icra olunmasına görə 89 balla qiymətləndirilmişdir.

 

 

 

Bahadur İMANQULİYEV,

Azərbaycan.-2021.-14 avqust.- S.4.