İgidin oğlu igid olar

 

 

Şəhidlik zirvəsinə yüksələn İsmət Hacıyevin ailəsinə “Gəncliyə Yardım Fondu” tərəfindən “Qurani-Kərim” təqdim edilib. Fondun əməkdaşları valideynlərindən nəyə ehtiyacı olduqlarını soruşduqda onlarQuran” kitabı istəyiblər.

 

Bu müqəddəs kitab şəhidin ömür yoluna həsr edilmiş guşənin ən görkəmli yerində asılıb. Şəhidin vətən savaşında qazanmış olduğu medallar, hərbi geyimi, çantası, xidmətdə olduğu vaxtlarda və uşaqlıq illərində çəkdirdiyi foto-şəkillər və başqa eksponatlar çox qısa ömür sürmüş bir gəncin döyüş yolunun anlarını əks etdirir.

 

İsmət Şölət oğlu Hacıyev 1993-cü il yanvarın 20-də dünyaya göz açıb. O, ailənin böyük oğlu idi. Hələ məktəb illərində öz istedadı, davranışı ilə həmyaşıdlarından fərqlənirdi. Gözəl rəsmlər çəkir, sərgilərdə fəal iştirak edirdi.

 

Yaxın qonşuları, ailə dostları Məzahir Həmidoğlu o illəri belə xatırlayır:

 

- Çox vaxt həyətdə işdən gələndə İsmətlə rastlaşardım. Uşaqlardan birini qarşısında əyləşdirib şəklini çəkərdi. Onun istedadına hamı məftun idi. Qonşular və yaşıdları onun tezliklə yaxşı rəssam kimi ad-san qazanacağına ürəkdən inanırdılar. Dəfələrlə məktəbdə keçirilən sərgilərdə iştirak etmişik. Hamısında da ən yaxşı nəticəni İsmət göstərərdi. Lakin o, bu sənəti seçmədi.

 

İsmət Vətənin keşiyində durmağı üstün saydı. 2008-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olundu, 2011-ci ildə liseyi əla qiymətlərlə bitirdi. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil oldu, kəşfiyyatçı ixtisasına yiyələndi.

 

İsmətin atası Şölət Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. Dəfələrlə erməni qəsbkarlarla üzbəüz gələn Şölət onlara aman verməyib. Həyatını torpaqlarımızın azadlığı uğrunda mübarizəyə sərf edən İsmətin vətənpərvər ruhda böyüməsində atasının xüsusi rolu olub. Şölət 1992-1994-cü illərdə könüllü olaraq Tərtər, Cəmilli, Gorsunlu, Laçın, Sarıbaba, Ərikli, Turşsu uğrunda gedən döyüşlərdə iştirak edib. O, kəşfiyyat dəstəsinin komandiri kimi dəfələrlə düşmən arxasına keçib mühüm məlumatlar əldə edib. “Ot kökü üstündə bitər”,-deyiblər. Şölət Hacıyev qəmli baxışlarını gizlədərək keçmişləri arayırmış kimi sakit səslə söhbətinə belə başlayır:

 

- Həmişə evdə Qarabağ döyüşlərindən söz düşəndə diqqətlə məni dinləyərdi. Eşitdiyini gözləri önündə canlandırardı. Bir neçə gün keçəndən sonra həmin söhbətə qayıdanda onu elə tərzdə danışardı ki, sanki orada özü iştirak edib. Soruşanda ki, nə yaxşı yadında saxlamısan? Deyərdi ki, mən də döyüşçü olacağam, ona görə yaddaşıma indidən köçürürəm onları. Harasa bir yerə gedəndə hərbi geyimli adamla qarşılaşanda ona elə hərbi qaydalara uyğun salam verərdi. Həmişə də rəğbətlə qarşılanardı.

 

O, “N” saylı hərbi hissədə kəşfiyyat bölüyünün müşahidə tağımının komandiri vəzifəsində çalışmağa başladı. Şərəfli zabit ömrünə qədəm qoyan baş leytenant İsmət Hacıyev tezliklə hərbi hissədə nümunəvi komandir kimi rəğbət qazandı. 2016-cı ildə Aprel döyüşləri başlayanda o da vətənin müdafiəsinə qalxdı. Azərbaycan hərb tarixinə qızıl hərflərlə yazılmış bu döyüşlərdə böyük şücaət göstərən igid oğullardan biri oldu. Qolundan yaralandığı halda bunu ailəsindən gizlətdi. Apardığı uğurlu əməliyyatlar, hərbi biliyini artırması sayəsində o, 2019-cu ildə bölük komandiri vəzifəsinə təyin olundu. Silahlı qüvvələrin təlim və tədris mərkəzində kəşfiyyat bölük komandiri kursunu uğurla bitirdi.

 

- Əsgərləri arasında böyük hörməti vardı, - Şölət ata söhbətinə davam edir. Hər dəfə evdən hərbi hissəyə qayıdanda pay-püş tutar, hamının istədiklərini alardı. Quba paxlavası və bükməsini xüsusilə çox sevərdi. Deyirdi ki, uşaqlar ancaq bunları istəyirlər. Axırda onların çoxuna şirniyyatdan yedirib qubalı edəcəyəm. Qoy hər şey yerinə düşsün. Amma...

 

İsmət bir zamanlar atasının döyüşdüyü torpaqların azad olunması uğrunda gedən döyüşlərdə igidlik göstərdi. Bu igid əsgər Tərtər və Ağdərə istiqamətində qəhrəmancasına vuruşdu. Suqovuşanın azad olunması uğrunda gedən ölüm-dirim mübarizəsi isə onun son döyüş yolu oldu, ölümsüzlüyə yüksəldi.

 

İsmət ailəli idi. Həyat yoldaşı Leyli xanım da İsmətlə birlikdə müharibə bölgəsində atəş səsləri altında bir əsgər həyatı yaşamışdı. Ailənin sevinci isə körpə Mələk idi.

 

Həyat yoldaşı Leyli dedi ki, İsmət son dəfə sentyabrın 26-sı axşam evə gəldi. Səhəri günü zəng edib hər şeyin yaxşı olduğunu söylədi. Lakin çox keçmədi ki, düşmən gülləsi onun həyatına son qoydu. Ölümdən qorxmayan, ona meydan oxuyan igidim vətən üçün can verdi.

 

Şəhid İsmət Hacıyevin adı artıq əbədiləşdirilib. Quba şəhərinin küçələrindən biri indi onun adını daşıyır.

 

Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə İsmət Hacıyev Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda”, “İgidliyə görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub. Bundan əlavə “Qafqaz-Mediaİctimai Birliyinin təsis etdiyiNur üzlü şəhidim” medalı ailəsinə təqdim edilib.

 

Quba şəhəri, Fətəli xan küçəsindəki beşmərtəbəli evin qabağında boyük bir portret asılıb. Altında bu sözlər yazılıb: Kəşfiyyat bölük komandiri, baş leytenant Hacıyev İsmət Şölət oğlu. 20.01.1993. - 27.09.2020.

 

Hər gün onlarla insan buranı ziyarət edir, onun ruhuna dualar oxuyur. Həyat göstərir ki, qəlbi Vətən üçün döyünənlər ölməz olur. Onlardan biri İsmətdir.

 

 

 

Akif ƏLİYEV,

Azərbaycan.-2021.-14 avqust.- S.3.