Dünyanın başağrısına çevrilmiş taliblər kimdir

 

 

 

Son zamanlar demək olar bütün dünyanın diqqəti və kütləvi informasiya vasitələrinin əsas mövzusu Əfqanıstanda baş verən hadisələrdir. NATO qoşunlarının Əfqanıstandan çıxarılması xəbəri yayıldıqdan sonraTaliban” hərəkatı praktiki olaraq ölkənin bütün regionlarına hücuma keçmişdir. Son məlumata görə, Qəzni əyalətinin eyniadlı inzibati mərkəzinə yiyələnən taliblər hazırda paytaxt Kabilin 130 kilometrliyindədir.

 

Bəs, “Taliban” hərəkatının məqsəd və məramı nədir? Taliblər kimin “övladı”dır və arxalarında hansı qüvvələr dayanır? Bu suallara cavab tapmaq üçün uzaq olmayan keçmişə nəzər salaq.

 

Sünni təriqətli radikal islamçı hərəkatı olanTaliban” 1994-cü ildə puştular arasında yaranmışdır. Taliblər 1996-2001-ci illərdə “Əfqanıstan İslam Əmirliyi” adlandırdıqları ölkəyə və 2004-cü ildən Pakistanın şimalında yerləşən Vəziristan (“Vəziristan İslam Dövləti”) regionuna rəhbərlik  etmiş, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan və Səudiyyə Ərəbistanı ilə diplomatik əlaqələri qurmuşlar.

 

Hərəkatın özəyi Qəndəhar şəhərindəki mədrəsənin 30 tələbəsi (talib ərəbcə və puştu dilində “tələbə” deməkdir) olmuşdur. Onlara molla Məhəmməd Ömər başçılıq etmişdir. Taliblərin fərqli xüsusiyyəti qara əmmamələr və geyimlərdir.

 

Taliban” rejiminə müxalifətdə olan əsasən taciklərdən və Əhməd Şah Məsudun və Burhanuddin Rəbbaninin başçılıq və general Abdulrəşid Dostumun rəhbərlik etdikləri özbəklərdən ibarət Şimali Alyansdır. Onu da qeyd edək ki, o vaxt terrorçu Üsamə bin Ladenə sığınacaq verilməsi və buddist memarlığının heykəllərinin məhv edilməsi dünya ictimaiyyətinin gözündə taliblərin neqativ imicini formalaşdırmışdır.

 

2001-ci il 11 sentyabr terror aktlarından sonra ABŞ “Əfqanıstan İslam Əmirliyi”nə qarşı əməliyyata başlamış və Şimali Alyansın dəstəyi ilə rejimi devirmişdir. Bundan sonra gizli fəaliyyət göstərən taliblər qismən Vəziristana geri çəkilmş və orada Hacı Ömərin rəhbərliyi altında birləşmişlər. 2004-cü ildə ənənəvi qəbilə başçılarını sıxışdıran taliblər regionda faktiki olaraq hakimiyyəti ələ keçirmişlər. 2006-cı il fevralın 14-də isə Şimali Vəziristan ərazisində müstəqillik və “Vəziristan İslam Əmirliyi”nin yaradılması elan olunmuşdur. Bundan sonra Pakistan ordusunun cəhdlərinə baxmayaraq, əmirliyin ərazisi Cənubi Vəziristan əyalətinin torpaqları hesabına genişləndirilmişdir.

 

Xatırladaq ki, 1996-cı ildə Kabili ələ keçirən və “Əfqanıstan İslam Əmirliyi” yaradanTaliban” ölkənin bütün ərazisində sərt şəriət qanunları tətbiq edir. Taliblərin nəzarət etdikləri ərazilərdə televiziya, musiqi, spirtli içkilər, kompüterlər, şahmats. qadağan olunur. Onlar qızların təhsil almasına da icazə vermirlər. Tez-tez təhsil ocaqlarına hücuma keçən “Taliban” təkcə 2008-ci ildə Pakistanın qərbində yerləşən Svat regionunda 150-dən çox məktəbi məhv etmişdir.

 

Son aylarTaliban” Əfqanıstanın əyalətlərinin yarıdan çoxunu ələ keçirmişdir.  Halbuki ötən ilin fevralında Qətərin paytaxtı Dohada keçirilmiş görüşdə taliblər NATO qoşunlarının ölkədən çıxarıldığı zaman döyüşlər aparmayacağını, insan hüquqlarına hörmət edəcəyini vəd vermişdir.

 

Bu günlər “Azadıq” radiosuna müsahibə verən “Taliban”ın rəsmi nümayəndəsi Zəbiulla Mücahid bildirmişdir ki, Dohada vədlər verən komissiya son aylar geniş əraziləri ələ keçirmiş silahlılara birbaşa nəzarət etmir. Məlumat üçün bildirək ki, Qətər paytaxtındakı siyasi ofis taliblərin ali lideri Məlavi Hibatulla Axundzadənin yanında bir növ nazirlər kabineti təşkil edən təxminən 20 komissiya və ofisdən biridir. Axundzadənin dini, siyasi və hərbi məsələlər üzrə üç müavini var. Siyasi məsələlər üzrə müavin molla Abdulqani Bəradər Dohadakı komissiyaya və “Taliban”ın nümayəndə heyətinə başçılıq edir.

 

“Taliban”ın yaradıcısı mərhum molla Məhəmməd Ömərin oğlu molla Məhəmməd Yaqub taliblərin hərbi əməliyyatlarına başçılıq edir. O, həm də cənubi əyalətlərin başçısının müavinidir. Axundzadənin  şərq əyalətləri üzrə müavini Siracuddin Xəqqani isə həm də “Xəqqani şəbəkəsi” adlandırılan qurumun başçısıdır.

 

Mücahidin dediyinə görə, taliblərin iyerarxiyası Yaqubun və Xəqqaninin dominantlıq etdiyi hərbi məsələlər üzrə komissiyanın səlahiyyətindədir. Rayon səviyyəsindən başlayaraq bu komandanlıq iyerarxiyasında hər bir səhra komandiri əyalət komandanlığının tabeliyindədir. Yeddi regional “dairə” mövcuddur ki, onların hər biri azı üç əyalət komandanlığına cavabdehlik daşıyır. Bu regional “dairələr” hərbi məsələlər üzrə komissiya rəhbərinin iki müavininin nəzarətindədir. Onlardan biri “qərb zonasındakı” 21 əyalətə, digəri isə “şərq zonasında” yerləşən 13 əyalətdə komandanlıq edir. “Taliban”ın hərbi məsələlər ürə komissiyası həm də əyalətlərdə bütün “qubernator”ların təyinatına və nəzarətə cavabdehdir.

 

Analitiklərin fikrincə, 2001-ci ildən bəri “Taliban” rəhbərliyi strukturunun təkamülü dağınıq təşkilatdan daha yaxşı təşkil olunmuş siyasi və hərbi hərəkata çevrilmək zərurətindən əmələ gəlmişdir. Rəhbərlikdəki əsas dəyişikliklər 2013-cü ildə molla Ömərin ölümündən sonra talibləri rəqabət aparan fraksiyalara bölmüş fikir ayrılıqlarına cavab tədbirləri olaraq həyata keçirilmişdir. Əslində, puştu qəbiləsi strukturlarına əsaslanan bu bölmələr hakimiyyət uğrunda uzun sürən mübarizənin nəticəsidir. Bir tərəfdə “Taliban”ın ali lideri kimi Ömərin oğlunu dəstəkləyənlər, digər tərəfdə isə “Xəqqani şəbəkəsi” ilə əlaqəli Əfqanıstanın cənubundakı və Pakistandakı taliblərin komandirləridir.

 

ABŞ-dakı Sülh İnstitutunun (USIP) 2019-cu ildə keçirdiyi tədqiqatda deyilir ki, molla Ömərin ölümündən sonra silahlı qruplaşmalar arasında fikir ayrılıqlarını aradan qaldırmaq üçün taliblər özlərinin komanda strukturlarına korrektə etmişlər. Daha sıx hərbi və siyasi hərəkat yaratdıqdan sonra onlar böyük əraziləri ələ keçirmişonlara nəzarət edə bilmişlər. Onun üçünTaliban” hərəkatında kölgə idarəetmə  sistemi yaradılmışdır. Bu addım müxtəlif silahlı qruplaşmalardan olan hərbi komandirlərə onların nəzarətində olan ərazilərdə kölgə hökumətinin “vəzifəli şəxs”lərini təyin etməyə imkan verir. Buna baxmayaraq, USIP hesab edir ki, “Taliban”ın kölgə idarəetməsi “qeyri-sabitqeyri-sistematikdir”. Nəticədə müxtəlif komandirlərin, yerli adət və ənənələrin və “Taliban”ın icmadakı qüvvələrinin fikirləri nəzərə alınmaqla formalaşdırılmış qaydalar hazırlanmışdır. “Taliban” rəhbərliyindən başlayaraq yerli komandirlərədək xeyli sayda iştirakçı Əfqanıstanda hərəkatın siyasi xəttinin yaradılmasında və formalaşdırılmasında əsas rol oynamışdır.

 

İndi əsas sual ondan ibarətdir ki, gələcəkdə “Taliban” hazırkı idarəetmə və nəzarət  strukturunu qoruya biləcəkmi?

 

BMT Təhlükəsizlik Şurasının sanksiyalarına analitik dəstək və müşahidə üzrə qrupunun son hesabatında bildirilir ki, Əfqanıstanda “Taliban”ın təxminən 85 min döyüşçüsü varonlardan 10 mini əcnəbi muzdlulardır.

 

Formal olaraqTaliban” sayı və texnoloji cəhətdən Əfqanıstanın milli təhlükəsizlik qüvvələrinə xeyli uduzur. Lakin analitiklər xəbərdarlıq edirlər ki, kağızda yazılanlar bu ölkədə heç də hər vaxt real vəziyyətlə üst-üstə düşmür. Bəzi məlumatlara görə, son illər ABŞ tərəfindən Əfqanıstan hökumətinə və hökumətyönümlü könüllülərə verilmiş silahların əksəriyyəti ya işləmir, ya da hücum edən “Taliban”ın əlinə keçmişdir.

 

Avropa İttifaqı (Aİ) isə “Taliban” hərəkatını dərhal hücumları dayandırmağa və danışıqlara çağırmışdır. Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrelin bəyanatında vurğulanır ki, “Taliban”ın hərbi hücumu hərəkatın vəd verdiyi münaqişənin dinc yolla həllinə və Dohadakı danışıqlara sadiqliyinə birbaşa ziddir. Aİ həmçinin “Taliban”ın nəzarətində olan regionlarda beynəlxalq humanitar normaların və insan hüquqlarının pozulmasını pisləmişdir.

 

 

 

Rizvan CƏFƏROV,

Azərbaycan.-2021.-14 avqust.- S.6.