Əbədi və sarsılmaz
qardaşlıq nümunəsi
İyulun 28-dən Türkiyədə başlayan yanğınlar artıq nəzarət altına alınmışdır. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri də hazırda bu məqsədlə qardaş ölkədədir.
“Türkiyə dünya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkədir. Buna görə bir daha təşəkkürümü bildirirəm. Öz növbəmdə bildirməliyəm ki, bütün məsələlərdə, beynəlxalq arenalarda Azərbaycan daim Türkiyənin haqq işini dəstəkləyir. Elə bir məsələ olmayıb və əminəm olmayacaq ki, Azərbaycan öz dəstəyini Türkiyəyə göstərməsin. Hazırda bölgədə gedən bütün proseslərdə birmənalı şəkildə Azərbaycan dövləti və Azərbaycan xalqı Türkiyə dövlətinin və xalqının yanındadır”. Prezident İlham Əliyevin bu sözləri real həyatda yerini tapır. Azərbaycan ynğınsöndürənləri də Türkiyədə yanğınla mübarizədə iştirak edirlər. Azərbaycan çətin günlərində Türkiyənin yanındadır. Necə ki, Türkiyə 44 günlük Vətən müharibəsində Azərbaycanın hər addımında yanında olub.
Ölkəmizin Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələrinin əməkdaşlarından ibarət birinci qrup Türkiyəyə yanğın başlayandan cəmi iki gün sonra, iyulun 30-da yollanıb. İkinci qrup iyulun 31-də Türkiyəyə yola salınıb. Yanğınsöndürmə qrupları hələ də Türkiyənin bir neçə bölgəsində fəaliyyətlərini davam etdirirlər. FHN-in qüvvələrinin koordinasiyalı idarə edilməsi məqsədilə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin başçılıq etdiyi nazirliyin məsul vəzifəli əməkdaşlarından ibarət nümayəndə heyəti də Türkiyədədir.
Yanğın-xilasetmə qrupuna əvvəlcə 1 helikopter, 53 ədəd yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikası, 220 nəfər yanğınsöndürən və xilasedici daxil idisə, sonradan canlı qüvvənin və texnikanın sayı artırıldı. Nazir müavini jurnalistlərə müsahibəsində Türkiyədə yanğınların söndürülməsinin mürəkkəbliyini qeyd edib. Bildirib ki, azərbaycanlı və türkiyəli mütəxəssislər yanğının lokallaşdırılması və qarşısının alınması üçün birlikdə fədakarlıqla çalışıblar.
Fövqəladə Hallar Nazirliyinin peşəkar və təcrübəli əməkdaşları təhkim olunduqları bölgələrdə yanğınların söndürülməsi işində qısa vaxtda xeyli irəliləyiş əldə ediblər. Yanğının əhali yaşayan ərazilərə geniş yayılmasının qarşısı alınıb.
FHN-in yanğın-xilasetmə qrupunu sərhəddə Türkiyə rəsmiləri ilə yanaşı, yerli sakinlər də qarşılayıblar. Onlar azərbaycanlı xilasedicilərə güvəndiklərini deyiblər. Azərbaycanlı xilasedicilər isə öz vətənlərində, doğma yurdlarında olduqlarını deyiblər. Yanğınsöndürənlərimiz əllərindən gələni etdilər ki, qardaş Türkiyənin insanları, təbiəti və iqtisadiyyatı çox zərər görməsin.
“Avqustun 2-dən Türkiyənin Muğla vilayətində yanğınların söndürülməsində iştirak etdik. Uçuşlarımız gün ərzində 8 saatdan çox çəkdi. Yanğın ərazilərinə orta hesabla 28 dəfə su boşaltdıq. Alovlanan sahələrə ümumilikdə 70 tondan yuxarı su töküldü. Biz 11 gün ərzində ən çox Köyceğiz rayonunda və Seyidkəmərli kəndində çalışdıq”.
Bu sözləri Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin helikopterinin pilotu Elməddin Allahverdiyev deyib. Türkiyədə baş verən meşə yanğınlarının söndürülməsindən danışan E.Allahverdiyev bildirib ki, bu cür yanğınların söndürülməsi ilə bağlı mühüm təlimlərdə iştirak ediblər: “ Buna görə də bu sahədə kifayət qədər təcrübəmiz var. Azərbaycan-Türkiyə qardaşlığı əbədidir və sarsılmazdır. Qardaş türk xalqına çətin gündə kömək etmək üçün daim hazırıq. Fəxr edirəm ki, qardaş ölkədə xidmət edirəm” - deyə əlavə edib.
Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatıb, bir sıra sahələr üzrə keyfiyyətcə yeni müstəviyə keçib.
Bir millət, iki dövlət birlikdə bu çətinlikdən də üzüağ çıxdı.
Ramilə QURBANLI,
Azərbaycan.-2021.-15 avqust.- S.1;4.