Abadlıq təmizlik, gözəllik
və rahatlıqdır
2021-ci ilin İnvestisiya Proqramına əsasən, Bakı şəhərinin təmirə ehtiyacı olan küçə və yollarında kompleks tədbirlər həyata keçirilir. İlk növbədə uzun müddət əsaslı şəkildə təmir edilməyən, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, işlək küçə və yollar yenidən qurulur. Təmiri nəzərdə tutulan bir sıra küçə və yollarda işlər artıq yekunlaşıb, bir çoxunda isə hələ davam edir.
Son vaxtlar təmiri başa çatdırılan küçələrdən biri Pirallahı rayonunun Mübariz İbrahimov küçəsidir. Təmir-tikinti işləri çərçivəsində 2 kilometr uzunluğa malik küçə boyu bəzi zəruri işlər görülüb, qum-çınqıl qarışığından yol əsası işlənilib. Sonra yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Təmirin aparıldığı ərazinin sahəsi
12 min kvadratmetr təşkil edib. Təmir işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən həyata keçirilib.
Bu, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin cari ildə Pirallahıda təmir etdiyi birinci küçə deyil. İndiyədək rayonda Süleyman Bağırov və Gənclik küçələri də təmir olunub. Təmirə ehtiyacı olan digər küçə və yolların da qaydaya salınması nəzərdə tutulur.
Xətai rayonunda isə ümumi uzunluğu 14,2 kilometr təşkil edən küçə və yolda təmir-tikinti işləri davam etdirilir. Rayonun yol infrastrukturunda ən işlək küçələrdən sayılan Nəsrəddin Tusi və Əliağa Şıxlinski küçələri artıq təmir olunub.
2,8 kilometrlik Nəsrəddin Tusi küçəsi və Əliağa Şıxlinski küçələrinin 1,8 kilometrlik hissəsi uzun müddət təmir olunmadan istismar edilirdi. Yenidənqurma işləri nəticəsində küçələr yaxşı mənada tanınmaz olub. Küçə boyu zəruri yerlərdə piyada səkiləri bərpa edilib, onların hərəkət hissəsi asfaltlanıb. Hər iki küçədə avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün üfüqi nişanlanma xətləri çəkilib.
Bundan əvvəl rayon üzrə 2,1 kilometr uzunluğa malik Kazımağa Kərimov və 2,8 kilometrlik Abbas Fətullayev küçələrində, həmçinin 0,7 kilometrlik Zavod küçəsi üzrə yollarda da analoji təmir işləri görülmüşdü. 4 kilometr uzunluğa malik Admiral Naximov küçəsinin isə yan yollarında təmir işlərinin aparılması nəzərdə tutulur.
Qeyd edək ki, Xətai rayonu ərazisində 2019-2020-ci illər ərzində ümumi uzunluğu 41,5 kilometr olan 32 adda küçə və yolda təmir-tikinti işləri görülüb.
Bu ilin İnvestisiya proqramına uyğun olaraq Sabunçu rayonu üzrə təmirə ehtiyacı olan qəsəbədaxili küçə və yollarda da müvafiq işlər aparılır. Rayonun Ramana qəsəbəsinin Mərkəzi küçəsində uzunluğu 700, eni 9 metr olan sahədə təmir-tikinti işləri artıq yekunlaşıb.
Hazırda Bakıxanov qəsəbəsində 3,1 kilometr uzunluğa malik, ortalama eni 14 metr olan Bəşir Bünyadov küçəsinin təmiri davam etdirilir. Bir sıra işlər görüldükdən sonra küçənin 2 kilometrlik hissəsinə asfalt-beton örtüyü döşənib. Sonuncu mərhələdə üfüqi nişanlanma xətlərinin çəkilişi nəzərdə tutulur. Burada işlər başa çatandan sonra qəsəbənin 3,2 kilometr uzunluğa malik Nazim İsmayılov küçəsinin də əsaslı şəkildə təmiri aparılacaq.
Sabunçu rayonunda analoji təmir-tikinti işləri həmçinin Bilgəh qəsəbəsinin Əliağa Ağayev və Rəsul Rza küçələrində icra olunur. Bura qəsəbələrin gediş-gəliş çox olan əsas ərazisidir. Təmir-bərpa işlərinin aparılması da məhz sakinlərin rahatlığına, sərnişindaşımanın asanlaşmasına yönəldilib.
Nəsimi rayonu ərazisində də bu istiqamətdə genişmiqyaslı təmir-tikinti işləri davam etdirilir. 5 küçənin təmiri artıq yekunlaşıb.
Cari ildə rayon üzrə ümumi olaraq 6 kilometr ərazidə yenidənqurma işləri nəzərdə tutulub. Xeyli müddətdir küçə və yollar əsaslı şəkildə yenidən qurulur. Ümumi uzunluğu 3 kilometrdən çox olan Feyzulla Qasımzadə, Abbas Səhhət, İmran Qasımov, İbrahim Əbilov və Balababa Məcidov küçələrində təmir işləri başa çatıb.
Uzunluğu 800 metr olan Möhsün Sənani küçəsində isə təmir işləri son mərhələyə qədəm qoyub. Eni ortalama 9 metr təşkil edən küçə uzun müddət təmir olunmadan istismarda idi. Layihə çərçivəsində küçənin mövcud piyada səkiləri bərpa olunub, kənarlarındakı köhnə səki daşları sökülərək yeniləri ilə əvəzlənib. Əvvəlki asfalt-beton örtüyünün üst qatı sökülüb, küçə boyunca zəruri yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks dolğu işləri aparılıb. Layihəyə uyğun olaraq, inşaat norma və qaydalarının tələblərinə əsasən, yola iki laydan ibarət yeni asfalt-beton örtüyü döşənib.Yağış-kanalizasiya sistemləri də bərpa olunaraq işlək vəziyyətə gətirilib, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulub.
Ümumilikdə isə təmir işlərinin aparıldığı ümumi sahə 7 min kvadratmetr təşkil edir. Görülən işlərin ardıcıllığına uyğun olaraq rayonun Ceyhun Səlimov və Alı Mustafayev küçələri də yenidən qurulacaq. Qeyd edək ki, ötən iki ildə Nəsimi rayonu üzrə 10 kilometrdən çox uzunluğa malik küçə və yol təmir olunub.
Prezident İlham Əliyevin tapşırığına əsasən, növbəti sərəncam və İnvestisiya Proqramları çərçivəsində paytaxtın digər küçə və yollarında da lazımi işlərin görülməsi nəzərdə tutulur. Bütün işlər qrafikə uyğun şəkildə aparılır. İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilir.
Flora SADIQLI,
Azərbaycan.-2021.-15 avqust.- S.1;7.