Dövlət Komitəsində xaricdə yaşayan bir qrup azərbaycanlı ilə görüş keçirilib

 

 

 

Diasporla İş üzrə Dövlət Komitəsində xaricdə yaşayan bir qrup azərbaycanlı ilə görüş  keçirilib.

 

Komitədən AZƏRTAC-a bildirilib ki, qurumun rəhbəri Fuad Muradov iştirakçıları salamladıqdan sonra Azərbaycan diasporunun fəaliyyətindən söz açıb, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanmasını, diaspor nümayəndələrinin  həm müharibə, həm də müharibədən sonrakı dövrdə beynəlxalq platformalarda gördükləri işləri yüksək qiymətləndirdiyini bildirib.

 

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunan ərazilərdə aparılan bərpa-quruculuq işləri barədə görüş iştirakçılarına ətraflı məlumat verilib, 30 il işğal altında qalan torpaqlarımızda törədilmiş vəhşiliklərin, yaşayış məskənlərinin xarabalığa çevrilməsinin, milli-mədəni irsin məhv edilməsinin dünya ictimaiyyətinə çatdırılmasında diasporun müstəsna xidmətlərindən danışılıb. Bildirilib ki, hər bir diaspor nümayəndəsi informasiya daşıyıcısıdır və onların işğaldan azad olunan torpaqlarımıza səfərlərinin təşkili  məhz bu baxımdan xüsusi əhəmiyyətə malikdir.

 

Diaspor nümayəndələrinin beynəlxalq informasiya platformalarında fəaliyyəti, dünya ictimaiyyətinin məlumatlandırılmasında əvəzsiz xidmətləri barədə fikir mübadiləsi aparılıb,  diaspor işinin effektivliyinin artırılmasına, birlik modelinə  dair təkliflər səsləndirilib, onların Komitə və Azərbaycan Diasporuna Dəstək Fondu ilə sistemli işləmələrinin vacibliyi diqqətə çatdırılıb.

 

Bu yayı vətəndə keçirən və Komitənin təşkilatçılığı ilə Qarabağa təşkil olunan səfərlərdə iştirak etməyə hazırlaşan diaspor nümayəndələri öz növbələrində diaspora göstərilən diqqət və qayğıya, eləcə də diasporun işğaldan azad olunan torpaqlarımıza mütəmadi səfərlərinin təşkilinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

 

Sonda diaspor nümayəndələrini maraqlandıran suallara cavab verilib.

 

Qeyd edək ki, görüşdə 21 ölkədən diaspor nümayəndələri iştirak ediblər.

 

Azərbaycan.-2021.-17 avqust.- S.2.