Türk
dünyasının qələbəsi
Tarixən xalqımızın milli-xəlqi xarakterində düşmənçiliyə meyil olmayıb. Həmişə dosta dost olmuşuq. Sərhədlərimizə təmiz ürəklə ayaq basanları duz-çörəklə qarşılamışıq. Min illəri belə yaşamışıq, əbədiyyətə qədər də belə yaşayacağıq.
Türkdilli xalqların bir-birinə münasibəti, təbii ki, dostluq münasibətidi. 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul ediləndə onu ilk tanıyanlar da türkdilli dövlətlər oldu - dostluğun, qardaşlığın təsdiqi kimi.
Ermənistan əvvəl Naxçıvanı, sonra Dağlıq Qarabağı Azərbaycandan qoparmaq, SSRİ hökumətinin himayəsi ilə əvvəlki illərdə nail olduğu siyasi üsullarla torpaq əldə etmək istəyirdi. Bu plan ilk olaraq akademik Aqambekyanın “Humanite” qəzetinə müsahibəsində səslənsə də, Ermənistanda hazırlanmışdı, ictimailəşdirilməsinə Moskvada xeyir-dua verilmişdi. Ermənistan Türkiyə amilinə, “Qars” müqaviləsinin xofuna görə Naxçıvan iddiasından Dağlıq Qarabağa keçid etdi. Sərhəd kəndlərimizə həmlələr, hücumlar edirdi, havadarlarının siyasi, mənəvi, hərbi dəstəyindən bəhrələnməklə Azərbaycana qarşı elan etmədən müharibə aparırdı. Ermənistan silahlı birləşmələrinin hərbi əməliyyatlarının qarşısını xalq, yerli müdafiə batalyonları alırdı; Ermənistanın bu istəyini düyünlənən yumruqlarıyla qarşılayan xalqımız müharibəyə kökləndi. Daha Ermənistanın Qazaxdan olduğu kimi ərazi mənimsəmə dövrü deyildi. Xalqın milli ruhu dünyanın gərdişiylə mübarizə aparmağa qadir idi. Xəli Rza Ulutürk demişkən, xalqın milli ruhu əsgərləşmişdi.
Moskva əsassız iddialarına görə Ermənistanı suçlamayanda xalqımızın pərakəndə, emosional etirazları nizami mübarizə müstəvisində birləşdi. Təşkilatlanan bu mübarizə dünyanı heyrətləndirən milli-azadlıq hərəkatı oldu.
Xalqın tələbi nə idi? - Ermənistanın bu iddiasına son qoyulsun, yəni SSRİ hökuməti Ermənistanın niyyətinin yolverilməzliyini etiraf etsin, bu etirafdan sonra Ermənistan separatçılıqdan əl çəksin. Belə olmadı, mərkəz erməniliyə qeyri-rəsmi dəstək verdi. Bu, xalqın etiraz dalğalarını müqayisəyəgəlməz dərəcədə kükrətdi. Hərəkat dövlət müstəqilliyinin bərpasına yönəldi. Həm də dönməzliklə.
O illərdə dünyanın neçə-neçə dövləti Azərbaycanın tarixi mübarizəsini milli-xəlqi ruhun mübarizəsi kimi dəyərləndirdi və səmimiyyətlə, ehtiramla dəstəklədi. Dünyanın müxtəlif dövlətlərində yaşayan alimlər, sənət adamları, yazıçılar, şairlər də həmçinin, tanınmış Qazax şairi və ictimai xadim Oljas Süleymenov 20 Yanvar faciəsini öz xalqının faciəsi bilmişdi, o ağır vaxtlarda mübarizlərin sırasında Azərbaycandaydı. Bu faciəyə görə Moskvanı suçlayanlardan, faciənin təşkilatçılarının cəzalandırılmasını tələb edənlərdən biri də ruhən azərbaycanlılarla həmişə bir yerdə olmuş Oljas Süleymenov idi. O vaxtlarda şair Olyas Süleymenov ictimai xadim kimi bu mübarizənin mahiyyətini varlığıyla dərk edən ruh adamı olaraq bildirmişdi ki, Azərbaycan xalqının milli-azadlıq mübarizəsi, bu dönməz hərəkat dövlət müstəqilliyinin bərpası ilə nəticələnəcək. Bu inam həm də Oljas Süleymenovun timsalında qazax xalqının bizə sevgisi idi.
1991-ci ilin oktyabrında Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul ediləndə Oljas Süleymenovun qüruru da, sevinci də, sevgisi də bir boy dikəldi.
Bu günlərdə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev görkəmli qazax şairi və ictimai xadimi Oljas Süleymenovu qəbul
etdi. Görüşdə
dövlətimizin başçısı böyük şairin Azərbaycanın haqq
işini həmişə dəstəklədiyini,
onun ölkəmizlə Qazaxıstan
arasında mədəni əlaqələrin inkişafında
xidmətlərinə görə
“Şərəf” ordeni ilə təltif
edildiyini bildirdi.
Bu təltif
birliyin, qardaşlığın dövlət tərəfindən
təsdiqi sənədidir, dövlətin ehtiramıdır,
xalqın sevgisidir.
Şair, ictimai xadim Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfəri türk dünyasının qələbəsi kimi dəyərləndirdi. Oljas Süleymenov kimi nüfuzlu və dünyada tanınmış şəxsiyyətlərin Vətən müharibəsini bu səviyyədə dəyərləndirməsi qazanılmış Zəfərin bəşəriliyinin qürurudur, bu qürur dünyəvi niyyətləri sabahlara aparan yolları nurlandırmağa qadirdir. Uğurlarımıza türk dünyasının qələbəsi kimi sevinən, qürurlanan Oljas Süleymenov bölünməyəcək ruhun şairidir. “Az i ya” kitabı bizim də kitabəmizdır. “Az i ya” bölünməz, bölünməyən ruhun bəşəriyyətin mənəviyyat ulduzu olduğunu bizə də öyrədib.
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı
Azərbaycan.-2021.-17 avqust.- S.3.