Bir ailənin 3 igidi - əsgər, döyüşçü  qəhrəman qardaşlar

 

Qıy vuran qartallar...

 

 

 

...Laçınlar qayalarda yuva qurar, zirvələrdə qanad çalar. Şuşa murdar ayaqlardan təmizləndikdən sonra orada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçirilirdi. Tədbir başlamamışdan öncə bir dəstə gənc özləri ilə qəfəsdə gətirdikləri qartalı səmaya buraxdılar. Şuşa kimi qartal da sanki əsirlikdən azadlığa buraxılmışdı. Qanad çalanda inanmadı azadlığına qovuşub. Axı illərdir ki, qartallar da zirvələrdə qanad çalmağa həsrət qalmışdı...

 

Bu gün həmin qartal timsallı üç igid oğuldan söz açmağımız da təsadüfi deyil. Çünki onların danışmağa daha çox haqqı var. Axı qartalların da qıy vurub zirvələrdə qanad çalmasının əsl səbəbkarları elə igidlərdir - Vətən torpağını canı-qanı ilə düşməndən azad edənlər.

 

Onlar üç qardaşdır: Mehrac, SiracEltac  Ötərxan oğlu Məmmədzadələr əslən Laçın rayonundandırlar.  Böyük qardaş Mehrac 1999-cu, ortancıl Sirac 2000-ci, kiçikləri Eltac isə 2001-ci ildə Bakı şəhəri, Xəzər rayonunun Buzovna qəsəbəsində dünyaya göz açıblar. Ona görə ki, ata-anasının dədə-baba yurdu Laçının Quşçu kəndi də erməni vandallarının tapdağında idi. Bu səbəbdən ailə 1992-ci ildən Bakıda müvəqqəti məskundur.

 

 Sirac İdman Akademiyasını, Mehrac Aviasiya Akademiyasını bitirib. Eltac isə texniki-peşə məktəbində sənətə yiyələnib.

 

Vətən torpaqlarının müdafiəsinə üç oğul verən Ötərxan  Məmmədzadə deyir: “Bu gün fəxr edirəm ki, övladlarım da illərlə düşmən tapdağında qalan torpaqlarımızın azad edilməsi uğrunda canından keçməyə hazır olduqlarını təsdiqlədilər. Biz həm də ona görə qürur duymalıyıq ki, Azərbaycanın ərazi bütövlüyünü bərpa edən belə oğulların sayəsində sərhədlərimizdə üçrəngli bayrağımız dalğalanır. O da qürurvericidir ki, həmin  torpaqlarda Azərbaycan əsgəri dövlətinə, Vətəninə və xalqına xidmət edir! Namərd düşmən əsgərlərimizin qarşısında dayana, duruş gətirə bilmir. Çünki kapitulyasiya aktına qol çəkdikdən sonra, eləcə də “Dəmir yumruğun zərbəsindən hələ də ayılmayıblar...”

 

 

 

Ön cəbhədə ancaq əmr verilir

 

 

 

Üç əsgər atası deyir ki, Eltac, şükür, müharibədən sonra doğma ailəmizə qalib kimi qayıtdı: “...Mehrac Qubadlının Cibikli istiqamətindədir. Sülhməramlılarla Ermənistan ordusunun bölmələri arasında sərhədçi kimi xidmətini şərəflə yerinə yetirir. Strateji əhəmiyyətli bir bölgədə Vətənə xidmətini davam etdirir...”

 

Ailə ortancıl qardaşı - Siracı da Vətənə xidmətə yola salıb. Gəncədə hərbi andiçmə mərasimindən sonra o da Vətənimizin sərhədlərinin toxunulmazlığının təmin olunmasında öz üzərinə düşən borcunu layiqincə yerinə yetirəcək, çünki özündən böyük qardaşlarının vətənpərvərlik dərsləri ona bir məktəbdir.

 

...Eltacın da olduğu dəstə “Qarşıdakı yüksəklik geri götürülməlidir” əmrini aldıqdan sonra Füzuli istiqamətindən Cəbrayıla doğru hərəkət edərkən 5 nəfərdən ibarət üç bölüyə ayrılıblar. Yüksəkliyə qalxdıqdan sonra məlumat alıblar ki, düşmən qüvvələri onları mühasirəyə salıb. Belə məqamlarda soyuqqanlılıq əsas şərtdir. Eltac bu barədə  söz açarkən özü də həmin soyuqqanlılığı hiss etdirdi: “Hiss edəndə ki artıq düşmən səni mühasirəyə salıb, bu zamansilah atmaq, nə də hərəkət etmək olmaz. Hər daşın, qayanın arxasından sənə və əsgər yoldaşına silah tuşlayan erməni yaraqlıları kiçik bir səhvdən istifadə edib, sənə aman verməyə bilər. Bizim də elə anlarımız çox olub. Lakin müzəffər ordumuzun hərtərəfli taktikitexniki baxımdan hazırlığı yüksək olduğuna görə ermənilər bizdən çəkinirdilər. Bunu da müşahidə edirdik. Ordumuzun hərtərəfli hazırlığı, “düşmənə ancaq zərbə və irəli!” coşqusu bizimkiləri neçə belə mühasirəni yarmağa şərait yaradırdı. Ən strateji bir yüksəkliyi düşməndən geri qaytaranda da cəmi iki şəhid verməklə onlara gücümüzü, inadımızı göstərdik: nəinki mühasirədən çıxdıq, hətta erməniləri pərən-pərən saldıq...”

 

Dəmir dəbilqə, susuz dodaqlar və yağış damcıları...

 

 

 

XTQ-nin çavuşu  Eltac Məmmədzadə müharibənin ən incə məqamlarını dilə gətirməyə həvəsli görünmürdü. Lakin demək istədikləri də az deyildi: “...Bilirsiniz, mühasirə, amansız düşmən, zülmət gecə, aclıq-susuzluq... ön cəbhədə vuruşan igidləri gözləyən çətinliklər onların yaşadıqlarının mində biridir. Biz də belə dözülməz anları yaşadıq. Aclığa dözmək olur, lakin susuzluq insanı məhv edir. Zülmət gecələrin biri idi. Susuzluqdan dilimiz-ağzımız yanırdı. Payız ayları olması bizim xeyrimizə idi. Başımızdakı dəmir dəbilqələrimizi çıxardıb Yaradanımızdan su istəyirdik. Yağış yağmasa da, gecənin şehi dəbilqələrimizi islatmış və dil-dodaqlarımızın yanğısını soyutmuşduq. Bu da bizə güc-qüvvə, irəliyə doğru daha  bir addım atmaq demək idi. Cəbhədə hər şey Vətən, torpaq üçündür. Ona görə də insan oğlu indi çətinliklə söylədiyimiz o anlarda irəli getməkdən başqa heçdüşünmür”.

 

Eltac iki ildən artıq müddətdə hərbi xidmətdə olub. Atası deyir ki, müharibə başlayandan 38 gün keçsə də, Eltacdan bir xəbər tuta bilməyiblər: “İlk dəfə Zəngilan rayonunun Ağbənd qəsəbəsi istiqamətində döyüşdüklərini öyrəndik. Eltac deyir ki, döyüşlərin qızğın vaxtlarında arxa cəbhə, ata-ana, qardaş-bacı, yaxın-uzaq qohum yada düşmür, ancaq irəliyə doğru can atırsan, ləngisən, düşmən səni məhv edər, qazanılan uğurlar əldən çıxar. Orada ancaq cəsurluq, qorxmazlıq, dəyanət məktəbinin dərsini keçirsən”.

 

Eltac evin ən kiçiyi olsa da, ailədən hərbi xidmətə ilk olaraq o gedib. Müharibədən qalib gələn əsgərin atası Ötərxan da bundan qürur hissi keçirir.

 

...Vətən torpaqlarının müdafiəsində dayanan qardaşılardan ailəyə dönən Eltacın təltifləri də var. Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” və  “Vətən uğrunda”medalları ilə təltif olunub.

 

 

Məhəmməd NƏRİMANOĞLU,

Azərbaycan.-2021.-17 avqust.- S.4.