Ölümün gözünə dik baxan əsgər

 

 

Vətən müharibəsinin qəhrəman şəhidlərindən olan Əjdərli Şamxal Maarif oğlu 1997-ci il dekabrın 17-də Şəmkirin Xuluf  kəndində zəhmətkeş ailədə dünyaya göz açıb. Atası fərdi təsərrüfatçı, anası Yeganə xanım evdar qadındır. Ailə Nurlanə, Rüfanə və Səma adlı üç qız, Şamxal adlı bir oğul övladı boya-başa çatdırıb. Nurlanə ailəlidir, Rüfanə nişanlıdır, Səma isə bacısının toyunu gözləyir.

 

İkinci Qarabağ savaşında şəhidlik zirvəsinə yüksəlmiş ailənin yeganə oğul övladı Şamxal üç bacının bir qardaşı, evin sonbeşiyi idi. O, 2004-2015-ci illərdə R.İsmayılov adına 2 saylı Xuluf kənd tam orta məktəbində təhsil alıb. Onunla bir sinifdə oxumuş Zahid Vəliyətli deyir ki, Şamxalla on il bir parta arxasında oturmuşuq: “Dostcanlı, təəssübkeş və mərd oğlan idi. Evin sonbeşiyi, bacıların yeganə qardaşı olduğundan onu gözdən qırağa qoymazdılar. Atası, eləcə də anası Yeganə xanım biləndə ki harasa mənimlə gedib, nigaran qalmırdılar. Həmyaşıdlarımız kimi futbola çox həvəs göstərirdi. Hərdən zarafatla soruşurdum: yoxsa futbolçu olmaq istəyirsən? Deyirdi, nə danışırsan, bir arzum var - məktəbi bitirən kimi əsgərliyə gedəcəyəm, illərdi torpaqlarımızı işğal altında saxlayan, uşağa, qocaya, qarıya, xəstəyə rəhm etmədən qətlə yetirən, neçə-neçə ailənin həyatını tamamilə məhv edən ermənilərdən o insanların intiqamını alacağam”.

 

Şamxal orta məktəbi bitirən ilin payızında müddətli həqiqi hərbi xidmətə çağırış vərəqəsi alanda çox sevindi. 

 

O, 2016-2017-ci illərdə Naxçıvan Muxtar Respublikasında “N” saylı hərbi hissədə xidmətini başa vurdu. Qulluq etdiyi hissənin Ermənistanla sərhəd ərazilərdə yerləşən postlarının ərzaq və digər ləvazimatlarla vaxtında təmin olunmasından ötrü əlindən gələni əsirgəmədi. Erməni ilə üzbəüz mübarizədə, ön cəbhədə olmağı arzulayan Şamxal hər dəfə dağlar qoynundakı məntəqələrdən qayıdanda və tapşırığı yerinə yetirməsi haqqında məlumat verəndən sonra xahişanə surətdə deyərdi: “Komandir, çox istərdim məni məntəqəyə göndərəsiniz...” Komandir isə bildirərdi: “Bu tapşırıq daha mühümdür, hələlik səndən başqa heç kimə həvalə etmək olmaz, gələcəkdə baxarıq”. O, Şamxala tapşırılan işin icrasında ciddi olmağı tövsiyə edərdi. Əsgəri xidmətdə olduğu zaman sıravi Şamxal Əjdərli hərbi əmr və tapşırıqları layiqincə yerinə yetirdiyinə görə dəfələrlə təşəkkür və fəxri fərmanlarla təltif olunmuşdur.

 

30 ilə yaxın torpaqlarımızın 20 faizini işğal altında saxlayan Ermənistan silahlı birləşmələri növbəti dəfə - ötən ilin sentyabrında Azərbaycana hücum edəndə Şamxal da böyük narahatlıq keçirir. Bir neçə həmkəndlisi ilə Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir Rayon İdarəsinə gedib könüllü olaraq ön cəbhədə döyüşmək üçün müraciət edir.

 

Şamxal Əjdərli döyüş əməliyyatlarına Füzulidən başlayır. İlk gündən çevikliyi və qorxmazlığı ilə diqqət çəkir. Onunla Şəmkirdən Füzuliyədək yol gedən qonşu Təzəkənd kəndinin sakini, səngər yoldaşı Abbas Məmmədov deyir ki, Şamxal qorxu nədir bilmirdi, ölümün gözünə dik baxan əsgər idi: “Həmişə ən çətin əməliyyat tapşırıqlarına öndə getməyə can atırdı. Elə olurdu ki, yaxşı bələd olmadığımız ərazilərdən yaralıları, şəhidləri çıxarmaq lazım gəlirdi. Günün hansı vaxtı desən, Şamxal bu tapşırığa hazır idi. Onun bu qorxmazlığı sayəsində neçə-neçə yaralıya vaxtında yardım edib həyata qaytara bilmişdik. Bir neçə günün içərisində Füzulini erməni silahlı birləşmələrindən azad etdikdən sonra  Hadruta doğru döyüşləri davam etdirmək əmri aldıq. Oktyabrın 25-də Şamxalla mən bir neçə əsgər yoldaşımızla axsamdan Füzuli rayonunun Aşağıbəyli kəndinin çıxışında, Hadrit meşəliyi istiqamətində “Beton yer” deyilən ərazidə müşahidə mövqeyində idik. Gecə bizim işarəmizlə tabor yoldaşlarımız düşmən istehkamlarını məhv etməli idi. Odur ki, Şamxal gündüzdən bütün ətrafı nəzərdən keçirmişdi. Şər qarışandan az sonra Ermənistan qoşunları tərəfindən güllə, mərmi yağışı ara vermirdi. Saat 12-də atəş bir az səngidi, heç yarım saat keçmədi ki, ermənilər yenidən başladılar... Şəhərə yaxın əsgərlər məni torpağın altından yarımcan çıxardılar. Hospitalda bildim ki, yoldaşlarım, eləcə də Şamxal şəhid olublar”.

 

Şəhidimiz hərbçi yoldaşlarının və rayon ictimaiyyətinin iştirakı ilə anadan olduğu Xuluf kəndində torpağa tapşırıldı.

 

Şamxal Əjdərli şəhadətindən sonra Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamları ilə “Vətən  uğrunda”, “Döyüşlərdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

 

 

Rəhman SALMANLI,

Azərbaycan.-2021.-17 avqust.- S.4.