QHT rəhbərləri Ağdamda erməni vəhşiliyini öz gözləri ilə görüblər

 

Avqustun 17-də Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının (QHT) rəhbərləri işğaldan azad olunmuş Ağdam şəhərinə səfər ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Pənahəli xanın Ağdam şəhərində yerləşən imarəti və İmarət stadionu ilə tanış olublar. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov ermənilərin vəhşiliyinə məruz qalan tikili barədə məlumat verib. Bildirilib ki, erməni vandalizmi təkcə yaşayış yerlərindən deyil, Azərbaycanın tarixi abidələrindən də yan keçməyib.

Sonra qonaqlar şəhər mərkəzində yerləşən Ağdam Cümə məscidini ziyarət ediblər. Qeyd edilib ki, digər tarixi abidələrimiz kimi, 1868-ci ilin yadigarı olan Ağdam məscidi də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra talan olunub, yandırılıb. Binanın minarələrinin uçurulmamasına səbəb isə erməni işğalçılarının buradan müşahidə məntəqəsi kimi istifadə etməsi olub. Məhz Cümə məscidinin minarələrindən ətrafı asan müşahidə etmənin mümkünlüyü tarixi abidənin xilasına səbəb olub. Buna baxmayaraq, bütün müqəddəs məkanlarımız kimi, bu məscidin də ibadət zalından erməni vandalları heyvan saxlamaq üçün istifadə ediblər.

Həmçinin səfər iştirakçıları erməni vəhşiliyi nəticəsində yerlə-yeksan edilən Ağdam şəhərinin dağıntıları ilə tanış olublar. Şəhər Dram teatrının salamat qalan bir divarına baxış keçirilib.

 

Azərbaycan.-2021.-18 avqust.- S.10.