Regionu yeni hədəflərə aparan Lider

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyənin “CNN Türk” televiziya kanalına müsahibəsi öz məzmunu ilə, aktuallaşdırdığı məsələlərlə son günlərin ən əhəmiyyətli yeniliklərindən oldu. Müsahibənin əsas məqsədi Vətən müharibəsindəki tarixi qələbəmizdən keçən müddət ərzində yaranmış yeni reallıqları dəyərləndirmək, ortaya çıxan bir sıra suallara aydınlıq gətirməkdən ibarət idi.

 

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi zamanı yaratdığı ən böyük tarixi reallıq işğalçı düşmənin torpaqlarımızdan çıxarılması, 30 il ərzində pozulan ədaləti bərpa etməsi, bu illər ərzində ATƏT-in Minsk qrupunun həllinə nail ola bilmədiyi məsələni yoluna qoymaqla beynəlxalq hüququn norma və prinsiplərini təmin etməsidir. Vətən müharibəsinin nəticələri bir daha hər kəsə göstərdi ki, müəyyən xarici qüvvələrin dondurulmuş halda onillərlə uzatmağa çalışdıqları vəziyyətlə Azərbaycan xalqının əsla barışmayacağı barədə verilən bəyanatlar sadəcə söz deyilmiş. Prezident İlham Əliyevin hər kəlməsi, bununla bağlı bütün dünyaya səsləndirdiyi müraciətlər, reallaşdırdığı siyasət həyatda da öz yerini tutdu və parlaq qələbəmizlə təsdiqini tapdı. Bu siyasətlə tarixin axarı dəyişdi. Bütün bəşəriyyət üçün faydalı olan, davamlı inkişafa, insanların rifahına xidmət edən yeni yollar görünməyə başladı. Gələcəklə bağlı strateji baxışlar müəyyənləşdi. Havadarlarının əli ilə cənnət yurdlarımızı zəbt edən azğın düşmənin özü haqqında yaratdığı mif darmadağın oldu. Onların ərazi iddiaları məhv edildi.

 

Azərbaycan Prezidenti xalqını milli hədəflərinə çatdırdı, ona imzasını atdı. Azərbaycan dövləti tarixinin ən yüksək zirvəsinə ucaldı, onu ən qüdrətli mərhələsinə yetirdi. Qazanılan bu Zəfər, nailiyyət möhtəşəm və qürurlu oldu.

 

 

 

Tarixi baxış

 

 

 

Azərbaycan Prezidentinin müsahibəsi sentyabrın 27-də ilk ildönümü olacaq Vətən müharibəsinə həm də tarixi bir baxış idi. Bu müharibə Ermənistanın öz ordusu haqqında uydurduğu yalançı mifləri darmadağın etməklə yanaşı, işğalçının qeyri-insani davranışlarını, bəşəri dəyərlərdən uzaq düşdüklərini, acizliklərindən hər cür vəhşiliyə, ləyaqətsiz hərəkətlərə əl atdıqlarını növbəti dəfə göstərdi. Ermənilər Azərbaycanın dinc əhalisinin yaşadığı şəhər, qəsəbə və kəndlərini ağır silahlardan aramsız atəşə tutmaqla yüzlərlə mülki vətəndaşımızın ölümünə bais oldular. 1992-ci ildə Xocalı soyqırımını törədənlər yenə insanlığa qarşı vəhşiliklərindən qalmadılar. Amma bu onları labüd aqibətdən xilas edə bilmədi. Müharibəni sivil qaydalara, beynəlxalq konvensiyalara uyğun şəkildə ləyaqətlə aparan, Qarabağ bölgəsində - ermənilərin işğalı altında olan yerlərdə və onların yaşadıqları ərazilərdə heç bir dağıntı törətməyən, innovativ silahlarla yalnız hərbi obyektləri hədəfə alan Azərbaycanın silahlı qüvvələri qısa zamanda Ermənistan ordusunu məhv etdi. Onlar onillər boyu havadarlarının dəstəyi ilə pulsuz alıb topladıqları silahları qırıq-sökük vəziyyətdə döyüş meydanlarında qoyub qaçdılar.

 

İndi bütün dünyanın gözü bizdədir. Azərbaycan öz tarixi haqlarına, müqəddəs arzusuna nail ola bildi. Haqqı-ədaləti bərpa etdi. Bu gün dünyanın müxtəlif ölkələrində xeyli sayda münaqişə ocaqları var. Bu ocaqların olması kimlərəsə sərf edir. Hansısa xarici qüvvələr müəyyən maraqlarını təmin etməkdən ötrü bu münaqişə ocaqlarını yaradır və idarə edirlər. Bütün bunlar bəşəriyyətin əsrlərcə görə-görə gəldiyi acı reallıqdır.

 

Dünyanın böyük güc mərkəzləri üçün kifayət qədər əhəmiyyətli bölgə olan Cənubi Qafqaz da bu bəladan xali deyil. İmperiyalar dağılanda, əfsus ki, onların ağır miraslarından biri məhz bu cür münaqişə ocaqları olur. Keçmiş SSRİ imperiyasının belə “qalıqlarına” Azərbaycanla yanaşı, qonşu Gürcüstanda, Moldovada, Ukraynada, müəyyən səviyyələrdə digər postsovet ölkələrində də rast gəlmək olar. On illər boyu danışıqlar davam edir. Guya, həll yolları axtarılır. Amma bütün bunların hədər olduğunu zaman sübuta yetirir. İtirilən illərin əziyyətini sadə insanlar çəkir. Hər qanlı toqquşmada minlərlə adam həlak olur. Milyonlarla şəxs yurd-yuvasını  itirir, illərlə zərrə-zərrə tikib qurduqları ev-eşikləri dağıdılır. Ömürləri tar-mar olur. Gələcəklə bağlı arzuları puça çıxır. Didərginliyin necə dəhşətli bir tale olduğunu 30 ilə yaxındır bu ömrü yaşayan milyonlarla soydaşımızın həyatında görürük. Prezident İlham Əliyev müsahibəsində bu məsələləri genişliyi ilə açıqladı, təhlil etdi və münasibətini bildirdi.

 

 

 

İnsanlığın qələbəsi

 

 

 

Azərbaycanın Vətən müharibəsindəki qələbəsi, əslində, bir ölkənin, xalqın yox, insanlığın qələbəsidir. İşğaldan azad edilmiş yurd yerlərimizdəki mənzərəni gördükcə buna hər birimiz əmin oluruq. Ermənilər işğal altında saxladıqları yaşayış məskənlərimizdə nə varsa söküb dağıdıblar. Ağdam, Füzulu, Cəbrayıl boyda şəhərlərimizin, abad kəndlərimizin daşı-daş üstündə qalmayıb. Hamısını daşıyıb aparıb, satıb-sovublar. Bu qədər genişmiqyaslı vandallığı, dağıdıcılığı ancaq elementar bəşəri prinsiplərdən, ali dəyərlərdən uzaq vəhşi toplumlar edə bilərlər. Bu vandallıq mənzərələri, əslində, Azərbaycan dövlətinin necə faşist xislətli bir düşmənə qalib gəldiyini, dünyanı necə qara ləkədən təmizlədiyini göstərir.

 

Ermənilərin daha bir bəşəri cinayəti işğal altında saxladıqları torpaqlarda basdırılmış yüz minlərlə minadır. Yüz minlərlə mina bir o qədər, hətta ondan da çox insan həyatı deməkdir. Bu torpaqlar həmişə danışıqlar predmeti olub. Münaqişənin sülh yolu ilə nizamlanması, insan itkilərinə yol verilməməsi üçün beynəlxalq qurumların vasitəçiliyi ilə onillər ərzində müzakirələr aparılıb. İndi düşmənin mənfur xislətinə bax ki, hansı tərəfə aid olmasından asılı olmayaraq insanları qorumaq niyyəti ilə Azərbaycanın təmkinlə davam etdirdiyi sülh danışıqları gedişində də təxribatlarından əl çəkmirlər. Vandallar torpağın altını da minalarla doldurublar. Yeni insan faciələrinə zəmin hazırlayıblar.

 

Bütün müharibələr gec-tez bitir, münaqişələr hansısa şəkildə həllini tapır. Torpağın altındakı minalar isə illər keçdikcə günahsız insanların ölümünə səbəb olur, taleləri qaraldır, düşmənçilik hissini hər dəfə yenidən alovlandırır.

 

“Müharibə başa çatandan sonra - 10 noyabr tarixindən bu günə qədər 150-dən çox mülki şəxs və hərbçi minaya düşərək ya həlak olub, ya da ki öz sağlamlığını itirib. Ona görə minatəmizləmə işi getməlidir və gedir. Ermənistan bizə minaların xəritələrini də vermir və son mərhələdə verilən xəritələrin dəqiqliyi cəmi yüzdə iyirmi beş faizdir. Yəni burada da özlərini qeyri-səmimi aparırlar”, - deyə Prezident İlham Əliyev diqqətə çatdırdı.

 

 

 

Böyük qayıdışın başlanğıcı

 

 

 

Azərbaycan Prezidenti müsahibəsində əhalinin azad edilmiş yurd yerlərimizə qayıdışı ilə bağlı suallara da cavab verdi. Məlum olduğu kimi, düşməndən təmizlənmiş ərazilərdə - Qarabağda və Şərqi Zəngəzurda indi həm minalardan təmizləmə işləri, həm də bərpa-quruculuq tədbirləri sürətlə davam etdirilir. Ermənilərin 30 il ərzində dağıtdıqları məkanlarda müasir infrastruktur  qurulur. Azərbaycan geniş quruculuq əzmi ilə də dünyaya nümunə göstərir, müqayisə imkanları yaradır, bu torpaqların əsl sahibinin həqiqətdə kim olduğunu nümayiş etdirir. Qısa müddətdə yaradılan nəhəng infrastruktur sistemini - çəkilməkdə olan yolları, elektrik, su xətlərini, inşa edilən hava limanlarını, dəmir yollarını bu ərazilərin dirçəlişi prosesini diqqətində saxlayan hər kəs görə bilər.

 

Elə bu günlərdə Prezident İlham Əliyev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə birgə Laçın və Kəlbəcərə səfəri zamanı Laçın hava limanının da təməlini qoydu. Füzulidə tikilən hava limanı, demək olar ki, başa çatmaq üzrədir. Ağdam şəhərinin Baş planı mayın 28-də Müstəqillik Günündə təsdiqlənib və orada artıq ölkənin dördüncü ən böyük şəhərinin, həmçinin layihədən də göründüyü kimi dünyanın ən gözəl, müasir şəhərlərindən birinin tikintisinə başlanılıb. “Ağıllı kənd”lərin salınması ilə bağlı ilk pilot layihə artıq gerçəkləşdirilir. Zəngilan rayonunda 3 kəndi birləşdirən ilk “ağıllı kənd” layihəsi gələn ilin əvvəlinə kimi hazır olacaq. Azərbaycan Prezidenti müsahibəsində qeyd etdi ki, bu yaxınlarda yenə də bir neçə kəndin planı ona təqdim olunub və təsdiqlənib. Yaxın gələcəkdə həmin layihələr də icra ediləcək. Bu məsələlərlə bağlı dövlət başçısı dedi: “Ancaq qayıdış üçün bizə zaman lazımdır. Çünki 30 il ərzində ermənilər o yerləri dağıdıblar və bu gün oranı bərpa etmək, əlbəttə ki, vaxt tələb edir. Bizim burada əsas rəqibimiz zamandır. Çünki Qarabağın və Şərqi Zəngəzurun bərpası üçün kifayət qədər maliyyə vəsaiti toplanıb və səfərbər olunub. Amma bizim əsas rəqibimiz zamandır və hər kəs anlamalıdır ki, burada da zamana ehtiyac var. Lakin biz vətəndaşlarımızı ən qısa müddət ərzində qaytaracağıq”.

 

 

 

Məqam ustalığı

 

 

 

Prezident İlham Əliyevin müsahibəsi Azərbaycanın yaratdığı yeni reallıqlar dövründə Ermənistan rəhbərliyinə və ictimaiyyətinə konkret çağırışlarla da böyük maraq doğurur. “Mən bir neçə dəfə öz sözümü açıq demişdim ki, biz istəyirik Ermənistanla sülh müqaviləsi imzalansın. Ermənistan və Azərbaycan bir-birilərinin ərazi bütövlüyünü tanısınlar və sərhədlərin delimitasiyası, yəni müəyyən edilməsi prosesi də başlasın. Ancaq bu günə qədər Ermənistandan müsbət cavab almamışıq. Belə görünür ki, Ermənistan buna hazır deyil, ya da bunun əleyhinədir. Mən söylədim ki, bu, böyük yanlışlıq olar və onlar özləri də peşman olacaqlar”, - deyən Azərbaycanın dövlət başçısı vurğuladı ki, biz bu təklifi masa üzərində əbədi saxlamalı deyilik. Prezidentin fikrincə, əgər Ermənistan bu təklifə etiraz edirsə, o zaman onlar Azərbaycanla sülh müqaviləsi imzalamaq istəmədiklərini açıq söyləməlidirlər. Belə olan halda ölkəmiz də öz siyasətini buna uyğun şəkildə aparacaq. Prezident İlham Əliyev bir daha bəyan etdi ki, əgər Ermənistan Azərbaycanın bütün dünya tərəfindən qəbul edilən ərazi bütövlüyünü tanımağa hazır olsa, onda bölgəyə uzunmüddətli sülh gələcək: “Biz bunu istəyirik və eyni zamanda buna nail olmaq üçün indi konkret təkliflər də masa üzərindədir. Yolların açılması, Zəngəzur dəhlizinin yaradılması, bütün ticarət əlaqələrinin bərpası, yəni Cənubi Qafqazda uzun fasilədən sonra sülhün təmin edilməsi bizim maraqlarımıza cavab verir. Hesab edirəm ki, Ermənistanın da maraqlarına cavab verir. Çünki Zəngəzur dəhlizi onların da maraqlarına xidmət edəcək. Onlar da dəmir yolu ilə həm İranla, həm Rusiya ilə əlaqə yarada bilərlər. Bu günə qədər bu əlaqə yoxdur və onlar üçün də yeni fürsətlər ortaya çıxacaq”.

 

Azərbaycan rəhbərliyi ötən illər ərzində həqiqəti bərpa etmək üçün ölkənin, cəmiyyətin inkişafına nail oldu. Ordunu modernləşdirməyi, gücləndirməyi bacardı. Döyüş meydanında düşmənin dizini yerə qoymağın sirlərini öyrəndi, diplomatik meydanda üstünlükləri ələ aldı. Haqq işinə dəstək verənlərin sayını ildən-ilə artıra bildi. Dünyaya öz həqiqətlərini çatdırdı. Düşmənin yalanlarını ifşa etdi. Qüdrətli ordunun öldürücü zərbəsi ilə düşməni məhv etmək üçün əlverişli məqamı müəyyən etdi. Vaxtında hərəkətə keçməyə müvəffəq oldu. Azərbaycan hərbi təcrübəsi ilə dünyanı mat qoydu. Dövlət rəhbərimizin “Biz nəyi, nə zaman, necə etməyi yaxşı bilirik” kəlmələri hər zaman olduğu kimi, bu dəfə də sözdə deyil, real əməldə öz təcəssümünü tapdı.

 

 

 

Bölgədə yeni fürsətlər

 

 

 

Azərbaycan Prezidenti Ermənistanda sülh müqaviləsi ilə bağlı insanların, hakim dairələrin belə bir perspekivi istəsələr də dilə gətirə bilməmələrinin səbəbinə toxundu. Bu səbəb işğalçı ölkədə beyinləri zəhərləmiş ifrat millətçilik, türkofobiya, azərbaycanofobiya, islamofobiyadır. Üstəlik, Azərbaycan Ordusu onların otuz il ərzindəki ideoloji sütunlarını darmadağın etməklə, erməni miflərini havaya sovurmaqla Ermənistan cəmiyyətini və hakimiyyətini çox çətin psixoloji duruma salıb. Bununla belə, Ermənistan rəhbərliyi və ölkə ictimaiyyəti nəhayət ki, haqq yolunun hansı tərəfdə olduğunu görməli, regionda formalaşmış yeni tarixi reallıqların yaratdığı fürsətlərdən kənarda qalmamalıdır. Prezident İlham Əliyev Qərbi Zəngəzur ərazisindən, Mehri bölgəsindən keçməklə Naxçıvan Muxtar Respublikasına, oradan isə Türkiyəyə aparacaq dəmir yolu xətti ilə yanaşı, eyni marşrut üzrə avtomobil yolunun çəkilməsinin də zəruriliyini vurğuladı: “Əfsuslar olsun ki, Ermənistan buna etiraz edir. Son günlərə qədər Zəngəzur dəhlizinin açılmasına etiraz etmişdi. Sadəcə olaraq, bir neçə gün bundan əvvəl orada bir müsbət fikir ortaya çıxdı ki, onlar da etiraz etmirlər. Ancaq Zəngəzur dəhlizinin tam fəaliyyəti üçün həm dəmir yolu, həm avtomobil yolu olmalıdır. Biz Bakıda avtomobilə əyləşib oradan rahatlıqla Türkiyəyə və Naxçıvana keçə bilərik”.

 

Dövlət rəhbəri qeyd etdi ki, bu nəqliyyat xətləri bütün bölgə ölkələri üçün yeni fürsət olacaq. Bu, Avrasiyanın yeni bir nəqliyyat layihəsinə çevrilmək perspektivinə malikdir. Azərbaycan Prezidentinin Zəngəzur dəhlizi adlandırmaqla irəli sürdüyü bu qlobal təşəbbüsün adı artıq beynəlxalq leksikonda da öz yerini tutmaqdadır. Prezident İlham Əliyev Avropa İttifaqının da bu məsələyə müsbət yanaşdığını diqqətə çatdırdı. Bu yaxınlarda Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişel Bakıda olarkən onunla bu məsələ üzrə geniş fikir mübadiləsi aparıldığını və onların bu layihəni çox dəstəklədiklərini vurğuladı.

 

 

 

Azərbaycan yeni inkişaf reallıqları yaradır

 

 

 

Azərbaycan regionda sülh və sabitliyin, dayanıqlı inkişafın təmin edilməsində maraqlı olan, özünü bu prosesin bir parçası kimi görərək imkanlardan faydalanmaq istəyən hər kəsin önündə geniş fürsətlər dünyasının qapılarını açıb. Regionun gələcək mənzərəsini tərəqqipərvər bəşəriyyətin gözləri önündə şəkilləndirib. Eyni zamanda belə bir gələcəyin qurulması, bölgənin təhlükəsizliyini, inkişaf axarını təhdid edən amillərin aradan qaldırılması üçün əsas gözləntiləri öz ünvanlarına yetirir. Bu gözləntilərin mühüm bir qismi 10 noyabrda imzalanmış üçtərəfli Bəyanata uyğun olaraq sülhyaratma missiyasını öz üzərinə götürmüş Rusiyaya aiddir. Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərə Ermənistandan silah və hərbçilərin göndərilməsinin qarşısı alınmalıdır. Eyni zamanda Ermənistanı silahlandırmaq siyasətinə son qoyulmalıdır.

 

Dövlət başçısı İlham Əliyevin müsahibəsində diqqətə çatdırdığı faktlar, rəqəmlər vəziyyətin Azərbaycanın tam nəzarəti altında olduğunu və heç bir məntiqi əsasa söykənməyən, sülh proseslərinə xələl gətirən belə halların  aradan qaldırılmasının zəruriliyini göstərdi. “Nədir, Ermənistan yeni müharibəyəmi hazırlaşır?! Əgər belədirsə, onda biz qabaqlayıcı tədbirlər görəcəyik” - dedi, Azərbaycan Prezidenti - “Mən bunu demişdim və bir daha demək istəyirəm, əgər yenə də erməni faşizmi baş qaldırmağa cəhd belə göstərsə, biz onun başını bir daha əzəcəyik. İkinci Qarabağ müharibəsindəki məğlubiyyət onlar üçün dərs olmalıdır”. Məsuliyyətsiz bəyanatlar səsləndirən Ermənistan rəsmiləri də bundan nəticə çıxarmalı, revanşist xülyalara düşməkdənsə, fikirlərini sülh, əməkdaşlıq, hər kəs üçün birgə inkişaf imkanlarına yönəltməlidirlər.

 

 

 

Yerinə yetirilmiş tarixi missiya

 

 

 

Prezident İlham Əliyev müsahibəsində Cənubi Qafqazda tətbiq edilə biləcək 3+3 formatı ilə bağlı məsələlərə də münasibət bildirdi, belə bir əməkdaşlıq formatının Azərbaycan və Türkiyə tərəfindən dəstəkləndiyini söylədi. Qeyd etdi ki, regional işbirliyi, sabitliyin təmin olunması və gələcəkdə müharibə riskinin sıfra endirilməsi üçün bölgə ölkələri arasındakı əlaqələr çox önəmlidir. Azərbaycan Prezidenti Zəngəzur dəhlizinin və digər yolların açılması ilə yanaşı, Ermənistanla digər nəqliyyat layihələrimizin də olmasının, ticarət əlaqələrinin bərpasının mümkünlüyünü qeyd etdi. Cənubi Qafqazda uzunmüddətli sülhün təmin edilməsi üçün bütün bunların çox önəmli məsələlər olduğunu bildirdi: “Çünki biz artıq öz tarixi missiyamızı yerinə yetirdik. Bizə yeni müharibə lazım deyil. Rusiya sülhməramlı missiyasının nəzarətində olan ərazidə yaşayan erməniləri biz yolunu azmış Azərbaycan vətəndaşları sayırıq. Onların sayı o qədər də çox deyil. Dəqiq məlumata görə, 25 minin altındadır. Əlbəttə ki, onlar da Azərbaycan cəmiyyətinə inteqrə olunmalıdır. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir və burada bir çox xalqlar yaşayır, bir ailə kimi yaşayır, o cümlədən ermənilər də yaşayırlar. Bu gün Bakıda erməni də var”.

 

Dövlət rəhbəri Vətən müharibəsindəki tarixi qələbəmizdən sonra hazırda önümüzdəki strateji hədəfləri göstərdi. Bəyan etdi ki, indi yeni hədəflərimiz qələbəmizi daha da möhkəmləndirmək, Azərbaycanın təhlükəsizliyini təmin etmək, azad olunmuş torpaqları yenidən qurmaq və Ermənistanın revanşist qüvvələrinin baş qaldırmasına imkan verməməkdir. Azərbaycan bu hədəflərə də uğurla çatacaq.

 

 

İradə ƏLİYEVA,

Azərbaycan.-2021.- 20 avqust.- S.1-2.