Sağlamlığımızı
qorumaq öz əlimizdədir
COVID-19-dan qorunmaq
üçün vaksinasiyaya
və qayda-qanunlara əməl etmək
lazımdır
Sağlamlıq xalqımızın genefondunu qorumaq qədər vacib bir məsələdir. Bəzən bunu unudur, özümüzü və ətrafımızı sanki bilərəkdən xəstəliklər girdabına salmaqdan belə çəkinmirik.
2019-cu ilin son ayından başlayaraq dünyaya sürətlə yayılan koronavirus infeksiyası pandemiyayadək genişlənərək ölkələri və xalqları öz çənginə aldı. İlk vaxtlardan onun qarşısının alınması absurd görünürdü. Yəni heç bir mütəxəssisin dəqiq diaqnoz qoya bilmədiyi bu bəladan çıxış yolları yalnız özünütəcrid, gündəlik adi gigeyenik qaydalara əməl etmək, məsafə saxlamaq, “evdə qal, sağlam ol” devizinə qoşulmaq idi. Bu, o günlər idi ki, hələ heç bir peyvənd və vaksindən söhbət belə getmirdi.
Lakin “min dərdin
minbir dərmanı var” imiş. Bu klassik deyim özünü
pandemiyaya qarşı
mübarizədə də
insanlara təsəlli
verən amillərdən
birinə çevrildi.
Müəyyən axtarışlar
və tədqiqatlar göstərdi ki, müasir tibb, inkişaf
etmiş səhiyyə
heç də bu “bəla”nın qarşısının alınmasında
aciz deyil.
ÜST-ün bəşəriyyətə
müraciəti də
öz təsirini göstərməyə bilməzdi. Belə ki,
vaksinlərin tədqiqi
və istehsalına da nail olundu, baxmayaraq ki, onların dünya çapında düzgün,
ədalətlə bölüşdürülməsində
haqsızlıqlara da rast gəlindi. Bu məsələdə Azərbaycan Prezidentinin beynəlxalq tədbirlərdə
açıq şəkildə
münasibəti də
öz təsirini göstərdi. İlk vaksin
alanlardan biri kimi, Azərbaycan, eyni zamanda, pandemiya
ilə mübarizədə
də qabaqlayıcı
tədbirlər ölkəsi
kimi nümunəyə
çevrildi. Bu, ilk növbədə, ölkə
vətəndaşlarının sağlamlığının dövlət
səviyyəsində qorunması
deməkdir.
Qayıdaq vaksinlərin insanlara təsiri və ona inam məsələsinə. Ölkə
əhalisinin vaksinasiyada
iştirakı könüllülük
prinsipinə əsaslandığı
üçün, ilk vaxtlar
məsələnin ciddiliyinə
fikir verənlər az oldu.
Peyvəndin yan təsirlərini
bəhanə gətirib,
hətta saxta sənəd almaq təşəbbüsləri də
üzə çıxdı.
Maraqlıdır, peyvənd məgər
insanlara hələ uşaqlıq illərindən
vurulmurmu? Onun yan təsirlərindən çəkinmək,
bununla da özünü könüllü
olaraq xəstəliyin
girdabına atmaq hansı məntiqə sığır?!
Ən sevindirici
hallardan biri isə vaksinlərin tədqiqində Azərbaycan
həkimlərinin də
iştirak etməsidir. AMEA-nın
müxbir üzvü,
eləcə də Türkiyənin Səhiyyə
Nazirliyinin Sağlamlıq
İnstitutları Başkanlığının
Peyvənd Elmi Komitəsinin əməkdaşı,
Akdeniz Universitetinin professoru Tərlan Məmmədov da belə mütəxəssislərimizdəndir.
Onun rəhbərlik etdiyi tədqiqatçılar
qrupu tərəfindən
hazırlanmış COVID-19-a qarşı bitki əsaslı peyvənd haqqında informasiyalar dövri
mətbuatda az dolaşmadı. Tərlan Məmmədov COVID-19-a qarşı peyvənd hazırlayan ilk azərbaycanlı
alimdir. Təxminən bir ildən
artıqdır qrup Türkiyənin Akdeniz Universitetində bu istiqamətdə işlərə
başlayıb. COVID-19-a
qarşı həm peyvəndlər, həm dərman, həm də xəstələrdə
antikor səviyyəsinin
təyin edilməsi üçün kitlər
hazırlayıb. Mühüm testlər
çoxdan başa çatıb.
Haqqında söz açılan
peyvəndlərin heyvanlar
üzərində testləri
göstərib ki, onların qanında yüksək funksional antikorlar sintez edilir. Ən mühüm olan - virusu neytrallaşdırma testlərini Türkiyənin
digər universitetləri
ilə birgə tədqiqatlarla başa çatdırıblar: “İşlərin
davamını xüsusi
laboratoriyalarda görmək
tələb olunduğundan,
SARS-CoV-2 virusu neytrallaşdırma
testləri türkiyəli
professor Aykut Özdarendelinin
laboratoriyasında aparıldı.
Bizim bu yöndə birgə işlərimiz
var. Bir neçə
ay öncə professor virusu
neytrallaşdırma testləri
həyata keçirdi.
Mənə zəng edərək
virusu neytrallaşdırma
fəallığı yüksək
olan peyvəndin əldə olunduğunu bildirdi...” - deyə T.Məmmədov məlumat
verib.
Bu gün tətbiq olunan vaksinlər barədə ictimaiyyətin
məlumatı az deyil. Bunların əksəriyyəti biotexnologiyalar
vasitəsilə, digər
qrup vaksinlər isə klassik üsulla hazırlanır.
Məsələ ondadır ki,
virus mutasiyaya uğradıqca
hazırlanan peyvənd
də yenidən işlənmə tələb
edir.
Həkim deyir ki, mutasiyaları
nəzərə alaraq,
yeni sekvenslər yaradırıq. Yeni peyvəndin üstünlüyü
də ondadır ki, mutasiyalara qarşı daha effektlidir. Hazırda tanınan peyvəndlərin
bir qismi üçüncü nəsil
texnologiyaların iştirakı
ilə hazırlanır.
Peyvənddən sonra da koronavirusa yoluxub xəstəliyi ağır keçirənlər var. Bu məsələyə münasibət bildirərkən professor qeyd edir ki, koronavirusa təkrar tutulma mümkün haldır: “Peyvənd bədənə vurulubsa, ona qarşı orqanizmdə antikor (antitel) sintez olunmalı və bu da virusu neytrallaşdırmalıdır. Antitel lazımi miqdarda sintez olunursa, xəstəliyə qarşı immunitet yaranır, əks halda yenidən xəstəliyə tutulma riski ortaya çıxır. Deməli, əgər peyvənd vurulduqdan sonra da antikor kifayət qədər sintez olunmayıbsa, xəstəlik təkrar yaşana bilir.
Demək, antitelin sintez olunması bədənin spesifik xüsusiyyətlərindən irəli gələn məsələdir. Digər yandan peyvəndin qoruyuculuq göstəricisi də şərtdir. Bir insanda peyvənddən sonra koronavirusa təkrar yoluxma varsa, daha güclü təsir edən peyvəndə müraciət etməlidir ki, antikor sintez oluna bilsin”.
Vaksinasiya prosesinə qoşulmaya görə də ölkəmiz öndə gedənlərdən sayılır. Ölkə əhalisinin son üç ayda yarısından çoxunun peyvəndləmədə fəal iştirakı sevindirici olsa da, bu gün yoluxma və ölənlərin sayının yüksəlməsi diqqətdən kənar qala bilməzdi. Ötən gün Azərbaycanda vaksinasiyada iştiraka baxanda sevinsən də, yoluxma və ölüm hallarının rəqəmlərinin sürətlə artması, əlbəttə, vəziyyətin ciddi nəzarətə alınmasını da reallaşdırır. Pandemiya dövrünün ən şiddətli günlərində Azərbaycan nəinki yerləşdiyi regionda, əslində, dünya dövlətləri arasında mübarizə aparmaqda nümunəyə çevrilmişdi. Ona görə də Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qayda və qanunlarda müəyyən yumşaldılmaya gedildi. Əhalinin isti yay aylarında özünü qorumasına şərait və imkanlar yaradılması vacib şərt hesab edilməklə, müəyyən kütləvi tədbirlərin keçirilməsinə icazə də verildi. Sən demə, bütün bunlar insanlar tərəfindən birmənalı dərk edilmədi: sanki pandemiya bitdi! Buna görə də arxayınçılıq yarandı...
Məhz bu arxayınçılığın nəticəsidir ki, koronavirusdan qorunmaq əvəzinə, bəziləri qayda-qanunları pozmaqda “yarışdı”. Söhbət ictimai yerlərdə qaydalara əməl etməməkdən gedir. Qapalı məkanlarda tibbi maskadan istifadəni belə çoxları “unutmuş”, bəziləri nəinki toy və yas mərasimlərində əvvəlki qaydada “doğmalaşır” - qucaqlaşır, nəfəs-nəfəsə təmasda olur.
İctimai nəqliyyatda kimsə yanında tibbi maskasız dayanan, yaxud oturan sərnişindən - yol yoldaşından soruşmur ki: “niyə maska taxmır, məsafə saxlamır?!” Daha acınacaqlısı isə odur ki, polisin cəriməsindən çəkinir, amma koronavirusun insanları məhv etməsindən qorxmuruq.
Budur günün mənzərəsi, məhz belə laqeydliyin nəticəsidir ki, pandemiya ölkəmizdə yenidən “ayaq açıb”: Son sutkada koronavirusa yoluxanlarımızın sayı 3614-dür. Ölənlərin sayı 23-ə çatdı. Rəqəmlər həyəcan siqnalı çalmırmı?! Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında göstərilir ki, indiyədək ölkədə ümumilikdə 380918 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib ki, onlardan 342256 nəfər müalicə olunaraq sağalıb, 5231 nəfər vəfat edib, aktiv xəstə sayı 33431 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15786, ötən müddət ərzində isə ümumilikdə 4268668 test aparılıb.
Məhəmməd
NƏRİMANOĞLU,
Azərbaycan.-2021.- 20 avqust.- S.1;7.