Uğurlarımız yenə də
dünyanın reytinq agentliklərinin diqqət
mərkəzindədir
Azərbaycan iqtisadi uğurlarını inamla davam etdirir. Bu uğurlar, həmişə olduğu kimi, son günlərdə də dünyanın nüfuzlu reytinq agentliklərinin diqqətindən kənarda qalmır və bir sıra beynəlxalq mötəbər nəşrlər öz səhifələrində nailiyyətlərimizi təsdiqləyən məqalələr dərc edirlər.
ABŞ-ın nüfuzlu “Jamestown Fondu”nun “Avrasiya Gündəlik Monitor” jurnalında “Azərbaycanın uzunmüddətli geo-iqtisadi strategiyasında Ələt Azad İqtisadi Zonasının rolu” başlıqlı analitik yazı dərc olunub. Yazının müəllifi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Strateji planlaşdırma və inkişaf departamentinin rəhbəri Ayaz Müseyibovdur.
Qeyd edək ki, artıq azərbaycanlı alim və tədqiqatçıların dünya mediasına çıxışı, onların apardıqları araşdırmaların nüfuzlu nəşrlər üçün maraq doğurması adi hala çevrilir. Bu da onu göstərir ki, ölkənin iqtisad elmində yeni düşüncə tərzini, yeni fikri və dərin iqtisadı araşdırmaları beynəlxalq mediaya çıxarmaq gücündə olan tədqiqatçı alimlər nəsli yetişir.
Sözügedən məqalədə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyata keçirdiyi nəqliyyat-logistika və infrastruktur layihələrinin vahid məqsədlərə xidmət etdiyi vurğulanır. Müəllif son illər ərzində gerçəkləşən Bakı-Tbilisi-Qars, Astara-Astara dəmiryolu kimi layihələrdən, eyni zamanda Zəngəzur dəhlizinin açılmasının 44 günlük müharibənin ardınca yeni reallıqlar fonunda gətirəcəyi faydalardan bəhs edir. Eləcə də Ələt Azad İqtisadi Zonasının təkcə bir iqtisadi infrastruktur layihəsi deyil, uzunmüddətli geo-iqtisadi strategiyaların tərkib hissəsi olduğunu vurğulayır, rəqib layihələrin potensial imkanlarını göstərir.
Xatırladaq ki, “Jamestown Fondu” ABŞ-ın nüfuzlu strateji beyin mərkəzlərindən hesab olunur və burada yüksək ranqlı Amerika diplomatları və dövlət rəsmilərinin analitik yazıları nəşr olunur. Bu baxımdan azərbaycanlı tədqiqatçıların araşdırmalarının belə nüfuzlu nəşrlərdə dərc edilməsi, şəksiz ki, müsbət haldır.
Ümumiyyətlə, Azərbaycan haqqında dərc edilən bütün yazılar, araşdırmalar, reytinq agentliklərinin keçirdikləri sorğular mahiyyət etibarı ilə ölkə iqtisadiyyatındakı reallıqlara söykənir və müxtəlif istiqamətlərdə qazandığımız uğurları özündə ehtiva edir. Bu baxımdan Dünya Bankının “Ali Audit Qurumlarının Müstəqilliyi İndeksi” üzrə ölkələrin reytinqi ilə bağlı hazırladğı hesabatda Azərbaycanın ali audit qurumunun, yəni Hesablama Palatasının müstəqillik parametrlərinə görə dünya miqyasında ən yaxşı performans göstərməsi kiçik uğur sayılmamalıdır.
Həmin hesabatda maraqlısı odur ki, qlobal miqyasda yalnız iki ölkə 10 bal əldə etməklə “ən yüksək müstəqillik” meyarına cavab verə bilmişdir. 17 ölkənin audit qurumu “yüksək səviyyədə müstəqil”, 33-ü “əsasən yüksək”, 37-si “orta səviyyədə yüksək”, 29-u isə “aşağı səviyyədə” müstəqil qiymətləndirilmişdir. Bu sıralamada Azərbaycanın ali audit qurumunun fəaliyyətinin 9-9,5 balla “yüksək səviyyədə müstəqillik” kimi qiymətləndirilməsi, necə deyərlər, həqiqətən yüksək səviyyədir.
Məlumat üçün
qeyd edək ki, “Beynəlxalq
Büdcə Tərəfdaşlığı” təşkilatı
da audit
qurumlarının müstəqilliyini “Açıq Büdcə
Sorğusu” hesabatı əsasında hər
2 ildə bir dəfə mərhələli
əsasda qiymətləndirir. Son hesabatda Azərbaycan
audit prosedurlarının icra
olunmasına görə
89 bala layiq görülmüşdür.
Bundan başqa, BMT-nin Asiya və Sakit
Okean Komissiyasının
(UNESCAP) “Transsərhəd kağızsız
ticarətə hazırlığın
qiymətləndirilməsi” layihəsinin cari il üzrə
sorğusunun nəticəsinə
görə də Azərbaycan 2019-cu illə
müqayisədə
5 faiz artım nümayiş etdirərək
ümumilikdə 86,02 faizlə
həm qonşu (Rusiya 84,95, Gürcüstan
82,8, İran 77,42, Ermənistan
62,37, Türkiyə 86,02 faiz),
həm də MDB ölkələri ilə müqayisədə irəli
çıxaraq birinci
yerdə qərarlaşmışdır.
Göründüyü kimi, İlham Əliyevin bütün istiqamətlərdə tətbiq
etdiyi geniş islahatlar paketi daha böyük nailiyyətlərə imza
atmağa imkan yaradır. Prezidentin “Rəqəmsal Ticarət Qovşağı” portalının
yaradılması və
“Rəqəmsal Ticarət
Qovşağı kimi
mövqeyinin gücləndirilməsi
və xarici ticarət əməliyyatlarının
genişləndirilməsi ilə
bağlı əlavə
tədbirlər haqqında”
fərmanından irəli
gələn tapşırıqların
səlis icrası transsərhəd ticarət
prosedurlarını sadələşdirmiş,
elektron və kağızsız ticarətin,
xüsusilə də transsərhəd kağızsız
ticarətin inkişafını
stimullaşdırmışdır. Təsadüfi deyil ki, Azərbaycan reytinqin transsərhəd kağızsız ticarət
alt indikatoru üzrə
2 il müddətinə
33 faiz artım əldə etmiş və bu sahənin
inkişaf sürətinə
görə qlobal səviyyədə öncül
mövqeyə sahib olmuşdur.
Bahadur İMANQULİYEV,
Azərbaycan.-2021.- 22 avqust.- S.1;4.