Vətəndaş məsuliyyəti təhlükəli virusa qalib gələ bilər
Son günlər dünyanın əksər ölkələri kimi, Azərbaycanda da koronavirusla bağlı məlumatlar təşviş və narahatlıq doğurur. Bu təhlükəli virus səbəbindən xəstələnənlərin və həyatını itirənlərin sayı artır.
Avqustun 20-də Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə məsələ ilə bağlı bir sıra suallara aydınlıq gətirilib. Brifinqdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev sentyabrın 1-dən ticarət mərkəzləri, ictimai-iaşə obyektləri, yəni kafe-restoranlar, şadlıq evləri, o cümlədən hotellərdə vətəndaşların COVID pasportunun yoxlanılacağını diqqətə çatdırıb: “Ümumi tapşırığa əsasən, bu prosesin operativ həyata keçirilməsi üçün “ASAN xidmət” tərəfindən xüsusi mobil tətbiq sistemi hazırlanıb. Bu sistemdən istifadə edənlər həmin obyektlərin əməkdaşları olacaq və onlar sistemi istifadə etmək haqqında təlimatlandırılacaqlar. Çalışmışıq ki, maksimum asan bir sistem olsun”. O, qeyd edib ki, mobil tətbiqə xüsusi proqram yüklənir və onun vasitəsilə vətəndaşların COVID pasportu yoxlanılacaq: “COVID pasportu həmin sənəd vətəndaşın üzərindədirsə, ondakı QR kod vasitəsilə, mobil telefonda şəkli varsa, onu göstərməklə və heç biri yoxdursa, şəxsiyyət vəsiqəsinin məlumatları əsasında yoxlanıla bilər. Pasportu varsa, məkana buraxılacaq. Burada iki tərəf var. Vətəndaşlardan xüsusi bir prosedur tələb olunmur. Yalnız xahiş edilir ki, belə məkanlara gəldikdə COVID pasportları üzərlərində olsun. Bu, mobil telefonda şəkil formasında da ola bilər, kağız formasında da üzərlərində gəzdirə bilərlər. Əgər bunlar yoxdursa, şəxsiyyət vəsiqəsi məlumatları, yəni ad, ata adı, soyad və doğum tarixi,
FIN kodu bildirməklə onun COVID pasportunun olub-olmamasını sistem yoxlayıb məlumat verə bilir. COVID pasportu dedikdə hər iki doza vurulduqdan sonra vətəndaşa verilən xüsusi sertifikat nəzərdə tutulur. Onu vətəndaşlar həm “e-Təbib” proqramı, həm “myGov” platformasından əldə edə bilərlər. Bunlar mobil tətbiqlərdir və çox rahat yükləmək olar. Hər birimizin COVID pasportu haqqında məlumatlar həmin tətbiqlərdə var. Onları telefona yükləyib saxlamaqla istənilən məkana rahat giriş imkanı əldə edə biləcəyik.
Yeganə xahişimiz həmin məkanlara giriş üçün peyvənd olunmayanların vaksinasiyadan keçməsidir, olunanların isə həmin pasportu üzərlərində gəzdirməsidir.
İkinci bir tərəf həmin obyektlərin səlahiyyətli şəxsləridir. Onlara pasportun yoxlanılması vəzifəsi həvalə olunacaq. Onların “icaze.gov.az” portalında şəxsi kabinetləri var. Portalda həmin mobil tətbiqdən istifadə qaydaları yerləşdirilib, oradan baxa bilərlər. Eyni zamanda, onların e-mail və bizdə olan mobil nömrələrinə video təlimat SMS və ya e-mail formasında göndəriləcək. Əlavə 9108 Çağrı Mərkəzi vasitəsilə həmin obyekt sahiblərinin suallarına cavab veriləcək, problem yaranarsa, onun həlli istiqamətində dəstək göstəriləcək”.
Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri tərəfindən iyulun 1-dən bugünədək respublika ərazisində 4865 toy şənliyinin monitorinqi aparılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. Deyib ki, monitorinqlər zamanı bəzi sahibkarlıq subyektlərinin və vətəndaşların karantin koronavirus infeksiyasının yayılmasına qarşı tətbiq olunan qaydalara etinasızlıq göstərmələri müşahidə edilib. Monitorinqlər zamanı toy şənliklərində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 38 nəfər həbs olunub. Həmçinin 2366 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən inzibati tənbeh tədbiri tətbiq edilib. 27 nəfər barəsində materiallar baxılması üçün məhkəməyə göndərilib. Eləcə də 31 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.
Bildirilib ki, monitorinqlər keçirilən ünvanlarda - fəaliyyətinə icazə verilən restoran və ictimai iaşə obyektlərində COVID-19 pasportu olmadığına görə 46 min 899 nəfər monitorinq qrupları tərəfindən toy şənliklərinə buraxılmayıb. Onların arasında aktiv koronavirus xəstələri, potensial virus daşıyıcıları, sağlamlıq durumu riskli şəxslər də olublar. İnsanların sıx toplaşdığı, yoluxma riskinin yüksək olduğu ərazilərlə bağlı müəyyən qaydalar təsdiq edilib. Bununla bağlı, xüsusilə tədris mövsümünün başlaması ilə əlaqədar təhsil müəssisələrində monitorinq qruplarına Təhsil Nazirliyinin nümayəndələri ilə yanaşı, ərazi üzrə rayon icra hakimiyyətlərinin və müvafiq təşkilatların təmsilçiləri də dəvət olunacaqlar.
Brifinqdə məktəblərdə dərslərin başlaması ilə bağlı məsələdən də danışılıb. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov sentyabrın 15-dən məktəblərdə ənənəvi tədrisin bərpası nəzərdə tutulduğunu söyləyib. Amma bununla belə diqqətə çatdırıb ki, ənənəvi tədrisin bərpası sentyabrın 15-nə olan epidemioloji vəziyyətdən asılıdır.
Şahmar Mövsümov bildirib ki, valideynlərin və uşaqların vaksinasiya olunması ilə bağlı hər hansı bir tələb yoxdur, ancaq təhsil sistemində işləyənlərin vaksinasiya olunması tələbi var, onların ən azı 80 faizi peyvənd olunmalıdır.
TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri bildirib ki, 2021-ci il avqustun 20-nə olan statistikaya əsasən, dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma sayı 210 milyon, xəstəlikdən vəfat edənlərin sayı isə təxminən 4 milyondur. Dünya üzrə gündəlik yoluxma sayı 722 minə yaxındır. Ən çox yoluxma qeydə alınan ölkələr arasında ABŞ, Hindistan və Braziliyanın adları çəkilir. O Azərbaycanda da son günlər COVID-19-a yoluxmada kəskin artımın müşahidə edildiyini diqqətə çatdırıb: “Artım dinamikasında önəmli olan yoluxma əmsalıdır. Əgər avqustun əvvəlində ölkədə koronavirusa yoluxma əmsalı 7 faizə yaxın idisə, indi bu göstərici 23 faizdir. Bu, son 20 gün ərzində ciddi artımın olduğuna işarədir”. Yaqut Qarayeva hazırda ölkədə 18 pandemiya müəssisəsinin fəaliyyət göstərdiyini söyləyib: “Onların 11-i Bakı, Abşeron və Sumqayıtda, 7-si isə regionlarda yerləşir. Bundan başqa, ehtiyat tibb müəssisələri mövcuddur. İstənilən halda, biz bütün qaydalara ciddi şəkildə riayət etməliyik. Ehtiyat tibb müəssisələrinin mövcudluğu bizi arxayın etməməlidir. Həmin tibb müəssisələrinin əksəriyyəti rayon mərkəzi xəstəxanalarıdır. Əgər həmin xəstəxanalarda yalnız COVID xəstələri qəbul edilərsə, əhalinin normal tibbi ehtiyaclarını ödəməkdə çətinlik yaranar”.
Respublikada hazırkı epidemioloji vəziyyətə səbəb koronavirusun “delta” ştamı olduğunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva nəzərə çatdırıb: “Lakin digər ştamlarla müqayisədə “delta” ilə yoluxma zamanı da xüsusi kliniki fərqlər müşahidə edilmir”.
TƏBİB-in rəsmisi peyvəndlər barədə də danışıb. O, Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 4 növ peyvənddən istifadə edildiyini vurğulayıb: “Hər bir vaksin preparatının effektivliyi istehsalçı şirkətlərin həmin peyvəndləri Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) təqdim etdiyi vaxtdan məlumdur. Yəni, vaksinlərin səmərəliliyi ilə əlaqədar göstəricilər ictimaiyyətə məlumdur, bu rəqəmlər heç vaxt gizli saxlanılmayıb. Ümumiyyətlə tarix boyu istifadə edilən vaksinlərin heç birinin effektivliyi 100 faiz olmayıb. Əsas odur ki, bu gün COVID-19 əleyhinə vurulan peyvəndlərin effektivlik faizi ÜST tərəfindən qoyulan tələblərə uyğundur”.
Yaqut Qarayeva məlumat verib ki, bu ilin martından yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanlar arasında reanimasiyada müalicə alanların 96 faizi peyvənd olunmayanlardır. O bildirib ki, süni nəfəs aparatına qoşulan xəstələrin də 97 faizi vaksinasiyadan keçməyənlərdir: “COVID-19 xəstəliyindən həyatını itirənlərin də 99 faizinin peyvənd olunmadığı aşkarlanıb. Bugünə qədər Azərbaycanda vaksinasiyadan keçən vətəndaşlar arasında, sadəcə, 0,6 faiz yoluxma faktı aşkarlanıb. Bütün dünyada koronavirusa qarşı cəmi 788 milyon doza vaksin vurulub. ABŞ, İsrail, Almaniya, ümumiyyətlə Avropa ölkələri, Rusiya və Türkiyədə əhali daha çox vaksin olunub. Azərbaycanda 6 milyon doza vaksin vurulsa da, 2 dozanı qəbul etmiş vətəndaşların sayı əsas götürülür”.
Şahmar Mövsümov deyib ki, artıq 6 milyona yaxın doza vurulub və hər hansı bir fəsad yoxdur, heç kimdə vaksinə görə hər hansı xəstəlik, problem meydana gəlməyib. O, peyvənd effektivliyinin rəqəmlərdə də göründüyünü, bu prosesin vəziyyətdən yeganə çıxış yolu olduğunu söyləyib: “Vaksin olunanlar arasında yoluxanlar cəmi 0,6 faizdir. Vaksinin effektiv və təhlükəsiz olması artıq heç kəsdə şübhə doğurmamalıdır. Artıq bu nəzəriyyə deyil, faktdır”.
Brifinqdə saxta vaksin pasportları verən həkimlər haqqında da danışılıb. Şahmar Mövsümov təəssüflə bildirib ki, belələri var. O deyib: “Bizdə də hazırda reanimasiyada olan insanlar var ki, əllərində vaksin olunması ilə bağlı pasportu var. Bir neçə halda istintaq əməliyyatları və sorğu-suallar nəticəsində bəlli olub ki, həmin insanlar saxta pasportla özlərini peyvənd olunmuş kimi təqdim ediblər. Amma faktiki olaraq onlara peyvənd vurulmayıb. Bu gün onlar reanimasiyada ağır vəziyyətdədirlər. Təsəvvür edin, insan öz əli ilə pul verib saxta pasport alıb və bu gün onun həyatı böyük təhlükə altındadır. Təbii ki, bütün bunlar araşdırılır və müxtəlif səhiyyə müəssisələri ilə bağlı cinayət işləri açılıb.
Prezidentin köməkçisi Azərbaycanda lazımi qədər vaksin ehtiyatının olduğunu, bu, ilin sonuna kimi kifayət edəcəyini qeyd edib: “Bu gün isə növbəti il üçün vaksinlərin ölkəyə gətirilməsi ilə bağlı danışıqlar aparılır”.
Şahmar Mövsümov qeyd edib ki, hər bir vətəndaş atdığı addımlara məsuliyyətlə yanaşsa, vaksinasiya prosesində uğur əldə ediləcək. Bu gün bizdə xəstəxanalarda ciddi təzyiqin olmamasına səbəb peyvəndləmədir. “Hazırda ölkəmizdə peyvəndlənmə səviyyəsi 24 faizdir. Biz bunu 60 faizə qaldıra bilsək, Azərbaycanda pandemiya bitəcək. Ona görə hər kəsi peyvəndlənməyə çağırırıq”.
Yeni növ koronavirus (COVID-19) əleyhinə vaksinasiya olunanların xəstəliyi ağır keçirməsinin səbəbini Yaqut Qarayeva onlarda yanaşı xroniki və ya onkoloji xəstəliklərin mövcudluğu ilə izah edib. TƏBİB-in rəsmisi bir sıra ölkələrdə 3-cü doza vaksinasiya təcrübəsi olduğunu vurğulayıb: “3-cü doza peyvənd orqanizmin xəstəliyə qarşı əldə etdiyi immuniteti gücləndirir. Xüsusən yaşlı insanlar və tibb işçilərinin vaksinasiyanın ikinci mərhələsindən 6 ay vaxt keçdikdən sonra əlavə 1 doza da peyvənd vurdurmaları məsləhətdir”.
O, Azərbaycanda infeksiyaya yoluxanlar arasında təkrar yoluxma faktının az hallarda qeydə alındığını deyib.
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan.-2021.- 22 avqust.- S.1;8.