Enerji resurslarından səmərəli
istifadə və enerji effektivliyi haqqında
Azərbaycan
Respublikasının Qanunu
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin 11-ci bəndinə uyğun
olaraq enerji resurslarından səmərəli istifadə və
enerji effektivliyi sahəsində dövlət siyasətinin
hüquqi, təşkilati və iqtisadi əsaslarını
müəyyən edir, bu sahədə dövlət
orqanlarının (qurumlarının), fiziki və hüquqi
şəxslərin fəaliyyətini və onlar arasında
yaranan münasibətləri tənzimləyir.
1-ci fəsil
Ümumi
müddəalar
Maddə 1. Bu Qanunun əhatə dairəsi
Bu Qanun enerjinin istehsalı, saxlanması, ötürülməsi,
paylanması, satışı və istehlakı sahəsində
yaranan münasibətləri tənzimləyir və bu sahədə
fəaliyyət göstərən dövlət orqanlarına
(qurumlarına), fiziki və hüquqi şəxslərə, o
cümlədən son istehlakçılara şamil olunur.
Maddə 2. Əsas anlayışlar
2.1. Bu Qanunda
istifadə olunan əsas anlayışlar
aşağıdakı mənaları ifadə edir:
2.1.1. enerji (enerji resursları) - bütün növ
enerji məhsulları, o cümlədən yanacaq növləri,
bərpa olunan enerji, elektrik, istilik, su enerjisi və digər
enerji formaları;
2.1.2. enerji effektivliyi - məhsulun (işin, xidmətin)
və ya enerjinin istehlak olunan enerjiyə nisbəti;
2.1.3. təsərrüfat subyekti - hüquqi şəxslər
və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti
ilə məşğul olan fiziki şəxslər;
2.1.4. enerji resurslarından səmərəli istifadə
- ətraf mühitə texnogen təsirin azalması şərtilə
enerji resurslarının (enerjinin) iqtisadi cəhətdən
daha faydalı istifadəsi;
2.1.5. enerji effektivliyi üzrə tədbirlər -
enerji resurslarından səmərəli istifadəyə
yönəlmiş təşkilati,
hüquqi, elmi, texnoloji və iqtisadi tədbirlərin məcmusu;
2.1.6. enerjiyə qənaət - enerji effektivliyi
üzrə tədbirlərin tətbiqi nəticəsində
istehlak olunan enerji miqdarının azaldılması;
2.1.7. enerji auditi - enerji istehlakına dair məlumatın
əldə edilməsi və iqtisadi cəhətdən səmərəli
enerji istehlakı imkanlarının müəyyənləşdirilməsi
məqsədilə qeyri-yaşayış sahələrinin və
təsərrüfatların qiymətləndirilməsi;
2.1.8. enerji auditoru - bu Qanunla müəyyən
edilmiş tələblərə cavab verən və enerji
auditini həyata keçirən, energetika və iqtisadi sahələrdə
ali təhsilə malik və
müvafiq ixtisas üzrə ən azı 3 (üç)
il iş təcrübəsi olan fiziki şəxs;
2.1.9. enerji effektivliyi üzrə xidmətlər -
istehlak olunan enerjinin həcminin ölçülməsi, təhlili
və səmərəliliyin qiymətləndirilməsi, habelə
enerji effektivliyi üzrə tədbirlərin
tətbiqi ilə bağlı xidmətlərin məcmusu;
2.1.10. enerji istehlakı üzrə məhsulların
etiketlənməsi - enerji və digər resurslarından istifadənin
effektivliyinin səviyyəsi barədə
istehlakçının enerji etiketi vasitəsilə məlumatlandırılması;
2.1.11. enerji etiketi - enerji istehlak edən və ya enerji
istehlakına təsir edən avadanlığın, qurğu və
cihazların enerji istehlakı həcminə dair sənəd;
2.1.12. enerji menecmenti sistemi - enerji effektivliyi üzrə
tədbirlərin həyata keçirilməsini nəzərdə
tutan daimi enerji idarəetmə sistemi;
2.1.13. enerji idarəçisi (meneceri) - müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqanın
(qurumun) müəyyən etdiyi tələblərə cavab verən,
energetika və texniki sahələrdə ali təhsilə malik
və müvafiq ixtisas üzrə ən azı 3 (üç)
il iş təcrübəsi olan, enerjidən səmərəli
istifadəyə cavabdeh fiziki şəxs;
2.1.14. ağıllı sayğac - istehlak olunan
enerjinin miqdarını və dəyərini zamana görə
ölçən, məlumatların müasir informasiya və
kommunikasiya texnologiyalarından istifadə etməklə, təchizatçılara
və istehlakçılara çatdırılmasını təmin
edən müasir ölçmə cihazı;
2.1.15. kogenerasiya - bir proses çərçivəsində
istilik enerjisi ilə elektrik və ya mexaniki enerjinin eyni zamanda
yaradılması;
2.1.16. kogenerasiya qurğusu - kogenerasiya rejimində
işləyə bilən qurğu;
2.1.17. yüksək effektiv kogenerasiya qurğusu -
istilik və elektrik enerjisinin ayrılıqda istehsalı ilə
müqayisədə ilkin enerji resursuna ən azı 10 faiz qənaət
edən kogenerasiya qurğusu;
2.1.18. ekoloji dizayn tələbi - enerji istehlak edən
və ya enerji istehlakına təsir edən məhsulun ətraf
mühitə təsir göstəricilərinin ekoloji tələblərə
uyğunluğunu təmin etmək üçün məhsula
və ya onun konstruksiyasına dair tələblər;
2.1.19. ekoloji dizayn - ekoloji dizayn tələblərinin
enerji istehlak edən və ya enerji istehlakına təsir
göstərən məhsulun dizaynına inteqrasiyası;
2.1.20. effektivlik potensialı - texniki cəhətdən
mümkünlüyü və iqtisadi cəhətdən əlverişliliyi
nəzərə alınmaqla enerji effektivliyi üzrə tədbirlərin
tətbiqi nəticəsində qənaət oluna biləcək
enerjinin miqdarı.
2.2. Bu Qanunda istifadə olunan digər anlayışlar
energetika sahəsində Azərbaycan Respublikasının
qanunlarında və digər normativ-hüquqi aktlarda nəzərdə
tutulmuş mənaları ifadə edir.
Maddə 3. Enerji resurslarından səmərəli istifadə və
enerji effektivliyi haqqında Azərbaycan Respublikasının
qanunvericiliyi
3.1. Enerji
resurslarından səmərəli istifadə və enerji
effektivliyi sahəsində Azərbaycan Respublikasının
qanunvericiliyi Azərbaycan Respublikasının
Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdən,
bu Qanundan, energetika sahəsini tənzimləyən Azərbaycan
Respublikasının qanunlarından, energetika və enerji
resurslarından səmərəli istifadə sahəsində
münasibətləri tənzimləyən Azərbaycan
Respublikasının digər normativ - hüquqi aktlarından
ibarətdir.
3.2. Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdə
enerji resurslarından səmərəli istifadə və enerji
effektivliyi sahəsində bu Qanundan fərqli qaydalar müəyyən
edildikdə, həmin beynəlxalq müqavilələr tətbiq
olunur.
3.3.
Ələt azad iqtisadi zonasında enerji resurslarından səmərəli
istifadə və enerji effektivliyi sahəsində münasibətlər
“Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan
Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.
2-ci fəsil
Enerji resurslarından səmərəli
istifadə və enerji effektivliyi sahəsində dövlət
siyasəti
Maddə 4. Enerji resurslarından səmərəli istifadə və
enerji effektivliyi sahəsində dövlət siyasətinin əsas
məqsədləri və dövlətin vəzifələri
4.1. Enerji
resurslarından səmərəli
istifadə və enerji effektivliyi sahəsində dövlət
siyasətinin əsas məqsədləri
aşağıdakılardır:
4.1.1. Azərbaycan
Respublikasının energetika sisteminin
etibarlılığının və təhlükəsizliyinin
təmin edilməsi;
4.1.2. enerji resurslarından səmərəli istifadə
etməklə rəqabətə davamlı iqtisadi
inkişafın təmin edilməsi;
4.1.3. enerji resurslarından səmərəli istifadəyə
xidmət edəcək əlverişli mühitin
yaradılması, enerji effektivliyi üzrə tədbirlərə
və yüksək effektiv texnologiyalara investisiyaların cəlbinin
təşviq edilməsi;
4.1.4. enerji istehsalçıları,
ötürücüləri, paylayıcıları, təchizatçıları
və istehlakçıları, habelə dövlət
orqanları (qurumları) və yerli özünüidarəetmə
orqanları arasında əməkdaşlığın
gücləndirilməsi.
4.2. Enerji
resurslarından səmərəli istifadə və enerji
effektivliyi sahəsində dövlətin vəzifələri
aşağıdakılardır:
4.2.1. bu sahədə normativ - hüquqi bazanın
qabaqcıl beynəlxalq təcrübəyə
uyğunlaşdırılması;
4.2.2. enerji effektivliyi üzrə stimullaşdırıcı
və təşviqedici mexanizmlərin həyata keçirilməsi,
enerjiyə qənaət edən texnologiyalara və xidmətlərə
investisiya qoyuluşunun dəstəklənməsi;
4.2.3. enerji effektivliyi üzrə tədbirlərin həyata
keçirilməsinin faydası, iqtisadi, ekoloji və sosial
üstünlükləri haqqında enerji
istehlakçılarının maarifləndirilməsi və məlumatlandırılması;
4.2.4. energetika sistemlərinin iş rejiminin
optimallaşdırılması, enerjinin istehsalı,
saxlanması, ötürülməsi, paylanması, habelə
satışında və istehlakında normadan artıq enerji sərfinin
və itkilərin aradan qaldırılması, enerji
resurslarının istehsalı və istehlakı sahəsində
tarif siyasətinin optimallaşdırılması;
4.2.5. yüksək effektiv texnologiyalardan və
müasir ölçmə vasitələrindən istifadə
edilməsi;
4.2.6.
ayrı-seçkiliyə yol vermədən şəffaf və
enerjinin istehsalı, saxlanması, ötürülməsi,
paylanması, satışında və istehlakında
iştirak edən tərəflərin maraqlarına uyğun
enerji audit sisteminin fəaliyyətinin təmin edilməsi;
4.2.7. enerji effektivliyi üzrə xidmət
bazarının inkişaf etdirilməsi;
4.2.8. enerjidən səmərəli istifadə sahəsində
elmi tədqiqatların aparılmasının və
innovasiyaların tətbiqinin təşviq edilməsi;
4.2.9. binaların enerji effektivliyi üzrə
pasportlaşdırılmasının həyata keçirilməsi;
4.2.10. enerji menecmenti sisteminin
formalaşdırılması və tətbiqi;
4.2.11. enerji effektivliyi üzrə tədbirlərin
müəyyən edilməsi və həyata keçirilməsi;
4.2.12. enerji resurslarından səmərəli istifadə
sahəsində dövlət nəzarətinin həyata
keçirilməsi;
4.2.13. enerji resurslarından səmərəli istifadə
və enerji effektivliyi sahəsində kadr
hazırlığının həyata keçirilməsi.
Maddə 5. Enerji resurslarından səmərəli istifadə və
enerji effektivliyi sahəsində dövlət proqramları
5.1. Enerji
resurslarından səmərəli istifadə və enerji
effektivliyi sahəsində dövlət siyasətinin
formalaşdırılması və həyata keçirilməsi,
mövcud enerji effektivliyinin təhlili və qiymətləndirilməsi,
enerji effektivliyinin yüksəldilməsi tədbirlərinin tətbiqi,
gözlənilən və ya əldə ediləcək enerjiyə
qənaət miqdarının müəyyən edilməsi məqsədilə
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) enerji effektivliyi üzrə dövlət
proqramları qəbul edir.
5.2. Bu
Qanunun 5.1-ci maddəsində nəzərdə tutulmuş
dövlət proqramlarının layihələrinə dair
“Ətraf mühitə təsirin qiymətləndirilməsi
haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş qaydada strateji ekoloji qiymətləndirmə (SEQ) sənədi
hazırlanır və həmin sənədin dövlət
ekoloji ekspertizası həyata keçirilir.
3-cü fəsil
Enerji
auditi, enerji menecment sistemləri və enerji idarəçisi
(meneceri)
Maddə 6. Enerji auditi
6.1. Enerji
auditi enerji effektivliyinin artırılması və enerjiyə
qənaət imkanlarını, enerji itkilərinin və ətraf
mühitə atılan tullantıların miqdarını və
həyata keçiriləcək iqtisadi cəhətdən səmərəli
enerji effektivliyi tədbirlərini müəyyənləşdirmək
məqsədilə aparılır. Enerji auditi bu
Qanunun 6.3-cü maddəsində göstərilən hal istisna
olmaqla könüllü aparılır.
6.2. Enerji
auditinin nəticəsinə dair hesabat enerji auditinin
sifarişçisinə təqdim olunur.
6.3. Təşkilati-hüquqi
və mülkiyyət formasından asılı olmayaraq, məcburi
enerji auditi keçirilməli olan təsərrüfat subyektlərinin
və qeyri-yaşayış binalarının siyahısı
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqanın (qurumun) müəyyən etdiyi meyarlar əsasında
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.
6.4. Məcburi
enerji auditi 3 ildən bir keçirilir.
6.5. Məcburi
enerji auditinin aparılması ilə bağlı tələblər
Azərbaycan Respublikası rezidentlərinin Azərbaycan
Respublikası ərazisindən kənarda yerləşən
filial və nümayəndəliklərinə şamil edilmir.
6.6. Enerji
auditi müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqandan (qurumdan) ixtisas attestatı almış fiziki şəxslər
(enerji auditorları) tərəfindən bu Qanunun tələbləri
nəzərə alınmaqla həyata keçirilir.
6.7. Fiziki
şəxsə ixtisas attestatının verilməsi
üçün onun işlədiyi hüquqi şəxs
(enerji auditi üzrə təşkilat) bu barədə
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqana (quruma) müraciət edir.
6.8. Enerji
auditorlarının və enerji auditi üzrə təşkilatların
reyestrinin aparılmasını və onların fəaliyyətinə
nəzarəti müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) həyata keçirir.
6.9. Bu Qanunun 6.7-ci maddəsində nəzərdə
tutulan ixtisas attestatının forması və verilməsi,
attestatın qüvvədə olma müddətinin
dayandırılması və ya onun ləğv edilməsi, eləcə
də enerji auditorlarının və enerji auditi üzrə təşkilatların
reyestrinin aparılması və onların fəaliyyətinə
nəzarətin həyata keçirilməsi qaydası
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.
6.10.
Energetika və iqtisadi sahələrdə cinayət törətməyə
görə məhkum edilmiş şəxslər enerji auditoru
kimi fəaliyyət göstərə bilməz.
6.11.
Enerji auditorları və enerji auditi üzrə təşkilatlar
məcburi enerji auditi aparılan təsərrüfat subyektlərinin
tabeliyində ola bilməz.
6.12.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) enerji auditorlarının və enerji auditi
üzrə təşkilatların reyestrində olan
aşağıdakı məlumatları rəsmi internet səhifəsində
yerləşdirir və müntəzəm olaraq yenilənməsini
təmin edir:
6.12.1. enerji auditi üzrə təşkilatın
adı, təşkilati-hüquqi forması və
ünvanı;
6.12.2. enerji auditorunun soyadı, adı, atasının
adı və ünvanı;
6.12.3. ixtisas attestatının nömrəsi, verilmə
və qüvvədə olma tarixi;
6.12.4. ixtisas attestatının qüvvədə olma
müddətinin dayandırılması və ya onun ləğv
edilməsi barədə məlumat.
6.13.
Enerji auditoru ilə enerji auditinin sifarişçisi arasında
münasibətlər, eləcə də enerji auditoruna ödəniləcək
xidmət haqqının məbləği tərəflər
arasında bağlanmış müqavilə ilə tənzimlənir.
6.14.
Enerji auditinin keçirilməsi qaydası, həmçinin
enerji auditinin nəticəsinə dair hesabatın təqdim
edilməsi qaydası və forması müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
müəyyən edilir.
Maddə 7. Enerji menecmenti sistemi
7.1. Təsərrüfat
subyektləri bu Qanunun tələblərinə riayət etməklə
enerji menecment sistemi yaratmaq hüququna malikdirlər.
7.2. Enerji
menecment sisteminə dair tələbləri müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) müəyyən edir.
7.3. Bu Qanunun 6.4-cü maddəsinin tələbləri
“Uyğunluğun qiymətləndirilməsi sahəsində
akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu
ilə müəyyən edilmiş qaydada akkreditasiya edilmiş
qurum tərəfindən enerji menecmenti sisteminin
yaradılması ilə bağlı
sertifikatlaşdırılmış təsərrüfat
subyektlərinə şamil edilmir.
Maddə 8. Enerji idarəçisi (meneceri)
8.1.
Aşağıda qeyd edilən təsərrüfat subyektlərinin
rəhbərləri və qeyri-yaşayış
binalarının mülkiyyətçiləri (idarəçiləri)
tərəfindən enerjinin səmərəli istifadəsinə
cavabdeh şəxs olan enerji idarəçisi (meneceri) təyin
edilir:
8.1.1. illik enerji istehlakı 1 000 ton neft ekvivalentindən
çox olan təsərrüfat subyektlərində;
8.1.2. tikinti ərazisi ən azı 10 000 kvadratmetr və
ya illik enerji istehlakı 250 ton neft ekvivalentindən çox
olan qeyri-yaşayış binalarında.
8.2. Enerji
idarəçisinə (menecerinə) dair tələbləri,
habelə onların attestasiyadan keçirilməsi
qaydasını müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) müəyyən edir.
4-cü fəsil
Enerji
effektivliyi üzrə xidmətlərin təşkili və təşviqi
Maddə 9. Enerji effektivliyi üzrə xidmətlər
9.1. Enerji
effektivliyi üzrə xidmətlər sifarişçi ilə
enerji effektivliyi xidmətlərinin icraçısı
arasında bağlanmış müqavilə əsasında
göstərilir.
9.2. Bu Qanunun 9.1-ci maddəsində nəzərdə
tutulmuş müqavilənin nümunəvi formasını və
şərtlərini, habelə bu xidmətlərin həyata
keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) müəyyənləşdirir.
Maddə 10. Enerji effektivliyi üzrə xidmətlərin təşviqi
10.1.
Enerji effektivliyi üzrə xidmətləri təşviq etmək
və bu xidmətlərdən istifadəni genişləndirmək
məqsədilə müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) aşağıdakı tədbirləri
həyata keçirir:
10.1.1. enerji effektivliyi üzrə xidmətlərin
icraçılarının siyahısını rəsmi
internet səhifəsində yerləşdirir və müntəzəm
olaraq yenilənməsini təmin edir;
10.1.2. tərəfləri bu sahədə qabaqcıl təcrübə
barədə məlumatlandırır;
10.1.3. enerji effektivliyi üzrə xidmətlərin mövcud
vəziyyətinə və inkişafına dair hesabat
hazırlayır və dərc edir.
5-ci fəsil
İstehlak
olunan enerjinin hesablanması və istehlakçıların məlumatlandırılması
Maddə 11. İstehlak olunan enerjinin hesablanması
11.1.
Enerji təchizatçıları elektrik enerjisi, təbii qaz,
mərkəzi isitmə və soyutma təchizatı və isti
məişət suyu istehlakçılarını
ağıllı sayğaclarla təchiz edir.
11.2.
Enerji təchizatçıları mövcud sayğaclar zədələndiyi
və ya onların dəyişdirilməsi zərurəti
yarandığı hallarda da istehlakçıları
ağıllı sayğaclarla təmin edir.
11.3. Bu Qanunun 11.1-ci və 11.2-ci maddələrində nəzərdə
tutulmuş hallarda ağıllı sayğacların
quraşdırılmasının texniki cəhətdən
mümkünsüzlüyü və iqtisadi cəhətdən
səmərəsiz olması enerji təchizatçıları
tərəfindən əsaslandırılmalıdır.
11.4.
Binaların istilik enerjisi ilə təchizatı mərkəzləşdirilmiş
qaydada həyata keçirildikdə qoşulma nöqtəsində
istilik və isti su sayğacı quraşdırılır.
11.5.
İstilik enerjisini ölçmək üçün
istehlakçıların ağıllı sayğaclardan
istifadəsi texniki cəhətdən mümkün və ya
iqtisadi cəhətdən səmərəli
olmadığı hallarda, istilik enerjisinin təchizatçısı
öz hesabına istilik enerjisi istehlakının
ölçülməsi məqsədilə istilik nəzarət
cihazlarını və istilik xərclərinin istilik istifadə
miqdarına bağlı olaraq bölgüsünü təmin
edən sistemləri bu Qanunun 11.3-cü maddəsi nəzərə
alınmaqla quraşdırır.
Maddə 12. Məlumatların istehlakçılara
çatdırılması və qorunması
12.1.
Enerji təchizatçısı istehlakçıların
istehlak olunmuş enerjiyə dair aşağıdakı məlumatlara
əlçatanlığını təmin edir:
12.1.1. ən azı son üç ili əhatə edən
və mütəmadi təqdim olunan hesabat dövrlərinə
uyğunlaşdırılmış istehlak məlumatları;
12.1.2. ağıllı sayğacdan müasir internet
şəbəkəsi vasitəsilə ötürülən
və ya sayğacın interfeysindən əldə edilən
istənilən müddət (ay və il) üzrə istehlak məlumatları.
12.2.
Enerji təchizatçısı:
12.2.1. istehlak edilən enerji haqqında məlumatları
istehlakçıya və istehlakçının
razılığı ilə enerji effektivliyi xidməti
icraçısına mütəmadi, asanlıqla başa
düşülən və analoji dövrlə müqayisə
etmə imkanı verən formada təqdim edir;
12.2.2. istehlakçılara enerji istehlakı üzrə
məlumatların elektron formada göndərilməsi
imkanının yaradılmasını, həmçinin
istehlakçıların sorğusu əsasında onlara
istehlak etdikləri enerjiyə dair aydın və başa
düşülən izahın verilməsini təmin edir;
12.2.3. ağıllı sayğacın funksiyaları və
ondan istifadə qaydası barədə
istehlakçıları məlumatlandırır;
12.2.4. istehlakçıya aid məlumatların
qorunmasını və məxfiliyini təmin edir.
12.3. Bu
maddədə nəzərdə tutulan məlumatlar enerji təchizatçısı
tərəfindən istehlakçıya ödənişsiz təqdim
edilir.
6-cı fəsil
Enerjinin
istehsalı, saxlanması, ötürülməsi,
paylanması və təchizatında səmərəlilik
Maddə 13. Effektivlik potensialının qiymətləndirilməsi və
enerji effektivliyi üzrə öhdəliklər
13.1.
Effektivlik potensialının qiymətləndirilməsini
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) həyata keçirir.
13.2.
Elektrik və istilik enerjisi istehsalı və təbii qazın
emalı üzrə effektivlik potensialının qiymətləndirilməsi
qaydasını və qiymətləndirmə meyarlarını
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) müəyyən edir.
13.3.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) enerji effektivliyi potensialının qiymətləndirilməsinin
nəticələri nəzərə alınmaqla, enerji
istehsalçıları üçün enerji
resurslarından səmərəli istifadəyə dair öhdəliklər
müəyyən edir.
Maddə 14. Enerjinin ötürülməsi və paylanmasında effektivlik
14.1.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) elektrik enerjisi, təbii qaz və istilik
enerjisinin ötürücü və paylayıcı sistemlərində
effektivlik göstəricilərinin qiymətləndirilməsi əsasında
enerji effektivliyi üzrə tədbirlərin dairəsini müəyyənləşdirir
və aşağıdakıların həyata keçirilməsini
təmin edir:
14.1.1. enerji effektivliyi tədbirlərinin
stimullaşdırılmasını;
14.1.2. enerji effektivliyini stimullaşdıran tarif siyasətinin
formalaşdırılması üçün təkliflərin
verilməsini;
14.1.3. istehsal gücləri və sistemin daha optimal
iş rejimi hesabına xərclərin azaldılmasına
yönəldilmiş tədbirlərin həyata keçirilməsini.
7-ci fəsil
Enerji
resurslarından səmərəli istifadə və enerji
effektivliyi üzrə tədbirlər
Maddə 15. Enerji resurslarından səmərəli istifadə və
enerji effektivliyi üzrə təşviqedici tədbirlər
15.1.
Enerji effektivliyi üzrə tədbirlərin həyata
keçirilməsinin təşviqi məqsədilə
aşağıdakı stimullaşdırıcı tədbirlər
həyata keçirilir:
15.1.1. qrant və subsidiyaların ayrılması;
15.1.2. pilot layihələrin tətbiqi;
15.1.3. güzəştli kreditlərin verilməsi.
15.2. Bu
Qanunun 15.1-ci maddəsində nəzərdə tutulan təşviqedici
tədbirlər aşağıdakı istiqamətlər
üzrə həyata keçirilir:
15.2.1. enerji effektivliyi üzrə tədbirlərin və
dövlət proqramlarının icrasının dəstəklənməsi;
15.2.2. bu Qanunun 19.2-ci maddəsində nəzərdə
tutulan elmi-texniki fəaliyyətin maliyyələşdirilməsi;
15.2.3. enerji menecmenti sisteminin tətbiqi;
15.2.4. ağıllı sayğacların və sistemlərin
tətbiqi;
15.2.5. kogenerasiya və yüksək effektiv kogenerasiya
qurğularının tətbiqi;
15.2.6. bərpa olunan enerji mənbələrindən
istifadə.
Maddə 16. Enerji effektivliyi fondunun yaradılması və fəaliyyəti
16.1.
Enerji resurslarından səmərəli istifadə və enerji
effektivliyi üzrə tədbirlərin
stimullaşdırılması və təşviqi məqsədilə
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) enerji effektivliyi fondu yaradır.
16.2.
Enerji effektivliyi fondu aşağıdakı mənbələr
hesabına maliyyələşir:
16.2.1. enerji resurslarının tarif və qiymətlərində
fonda ayrılması nəzərdə tutulan vəsait (enerji
resurslarının satışından əldə olunan vəsait);
16.2.2. kreditlər və qrantlar;
16.2.3. hüquqi və fiziki şəxslərin
könüllü ianələri;
16.2.4. beynəlxalq təşkilatların və digər
donorların ayırmaları;
16.2.5. fondun vəsaitinin idarə olunmasından əldə
olunan gəlirlər;
16.2.6. qanunla qadağan olunmayan digər mənbələr.
16.3.
Enerji effektivliyi fondunun vəsaiti bu Qanunun 15.2-ci maddəsində
nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi
üçün istifadə olunur.
16.4.
Enerji effektivliyi fondunun vəsaitlərinin
formalaşdırılması və istifadə qaydasını
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) müəyyən edir.
Maddə 17. Enerji resurslarından səmərəli istifadə və
enerji effektivliyi üzrə digər tədbirlər
17.1.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) enerji effektivliyinin yüksəldilməsi
üçün aşağıdakıları müəyyən
edir:
17.1.1. binalar üçün minimum enerji effektivliyi
normalarını;
17.1.2. binaların enerji effektivliyi üzrə
pasportlaşdırılması qaydalarını;
17.1.3. enerji istehlakı ilə əlaqədar məhsulların etiketlənməsi
qaydalarını;
17.1.4. enerji istehlak edən və ya enerji istehlakına
təsir edən məhsullar üzrə ekoloji dizayn tələblərini.
8-ci fəsil
Yekun
müddəalar
Maddə 18. Enerji resurslarından səmərəli istifadə və
enerji effektivliyi sahəsində informasiya təminatı və
maarifləndirmə
18.1.
Enerji resurslarından səmərəli istifadə və enerji
effektivliyi sahəsində
informasiya təminatı və maarifləndirmə müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən həyata keçirilir. Bu məqsədlə
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) aşağıdakı tədbirləri həyata
keçirir:
18.1.1. enerji resurslarından səmərəli istifadə
və enerji effektivliyi üzrə stimullaşdırıcı
və təşviqedici mexanizmlər barədə məlumatların,
enerji auditi və enerji effektivliyi xidmətləri, eləcə
də enerji effektivliyi üzrə fondun vəsaitləri və
onlardan istifadəyə dair məlumatların
yayılmasını təmin edir;
18.1.2. istehlakçıları enerji effektivliyi üzrə
tədbirlərin faydası barədə məlumatlandırmaq
məqsədilə maarifləndirmə və təlim təşəbbüslərini
təşviq edir;
18.1.3. istehlakçıların enerji resurslarından
səmərəli istifadə və enerji effektivliyi, habelə
məhsulların enerji səmərəliliyi ilə
bağlı zəruri məlumat təminatını həyata
keçirir;
18.1.4. kütləvi informasiya vasitələrində
enerji resurslarından səmərəli istifadə və enerji
effektivliyi ilə bağlı maarifləndirməni təşkil
edir;
18.1.5. istehlakçıların enerji resurslarından
səmərəli istifadə sahəsində elmi-texniki yeniliklər,
enerji effektivliyi üzrə tədbirlər, enerji auditorları
və enerji effektivliyi üzrə xidmət təminatçıları
barədə məlumatlandırılmasını təmin
edir.
Maddə 19. Enerji resurslarından səmərəli istifadə və
enerji effektivliyi
sahəsinin elmi-texniki təminatı
19.1.
Enerji resurslarından səmərəli istifadə və enerji
effektivliyi sahəsinin elmi-texniki təminatı elmi tədqiqat
proqramları, o cümlədən enerjiyə qənaət
texnologiyalarının, avadanlığın və
materialların yaradılması, habelə tətbiqi üzrə
innovasiya layihələri çərçivəsində həyata
keçirilir.
19.2.
Enerji resurslarından səmərəli istifadə və enerji
effektivliyi sahəsində stimullaşdırıcı və təşviqedici
tədbirlər çərçivəsində
aşağıdakı istiqamətlər üzrə həyata
keçirilən elmi fəaliyyətə dəstək verilir:
19.2.1. enerji effektivliyi sahəsində elmi nailiyyətlərin
və yeniliklərin tətbiqi;
19.2.2. enerji effektivliyi sahəsində yeni
materialların, texnika və texnologiyaların yaradılması
və tətbiqi;
19.2.3. enerji effektivliyi üzrə tədqiqat
proqramlarının və layihələrin hazırlanması;
19.2.4. elmi araşdırmaların aparılması.
Maddə 20. Enerji resurslarından səmərəli istifadə
və enerji effektivliyi sahəsində
beynəlxalq əməkdaşlıq
Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında həyata keçirilir.
Maddə 21. Bu Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.
Maddə 22. Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət nəzarəti
22.1. Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.
22.2. Bu Qanunun 22.1-ci maddəsində nəzərdə tutulan nəzarətin həyata keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.
Maddə 23. Bu Qanunun qüvvəyə minməsi
23.1. Bu Qanun 2022-ci il iyulun 1-dən qüvvəyə minir.
23.2. Bu Qanun qüvvəyə mindiyi gündən “Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikasının 1996-cı il 30 may tarixli 94-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, ¹ 2, maddə 120; 2001, ¹ 12, maddə 736; 2004, ¹ 4, maddə 202; 2017, ¹ 6, maddə 1016) ləğv edilir.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 9 iyul
2021-ci il
Azərbaycan.-2021.- 22 avqust.- S.2.