“Enerji
resurslarından səmərəli istifadə və enerji effektivliyi
haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli
359-VIQ nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, “Enerji resurslarından səmərəli
istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının 2021-ci il
9 iyul tarixli 359-VIQ nömrəli Qanununun
2022-ci il iyulun 1-dən
qüvvəyə minməsi
ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədilə
qərara alıram:
1. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
1.1. doqquz ay müddətində:
1.1.1. “Enerji resurslarından səmərəli istifadə
və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası
Qanununun pozulmasına görə inzibati məsuliyyəti müəyyən
edən qanun layihəsini hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
1.1.2. həmin
Qanunun 16.4-cü maddəsinə
uyğun olaraq, enerji effektivliyi fondunun vəsaitlərinin formalaşdırılması və
istifadə qaydasının
layihəsini hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
1.1.3. həmin Qanunun
22.2-ci maddəsinə uyğun
olaraq, enerji resurslarından səmərəli
istifadə və enerji effektivliyi sahəsində
dövlət nəzarətinin
həyata keçirilməsi
qaydasının layihəsini
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
1.1.4. həmin Qanunun 6.9-cu maddəsinə uyğun olaraq, enerji auditinin həyata keçirilməsi üçün
ixtisas attestatının
formasını, verilməsi
qaydasını, onun qüvvədə olma müddətinin dayandırılması
və ləğv edilməsi, eləcə də enerji auditorlarının və enerji auditi üzrə
təşkilatların reyestrinin
aparılması və
onların fəaliyyətinə
nəzarətin həyata
keçirilməsi qaydasını
Azərbaycan Respublikasının
Prezidenti ilə razılaşdırmaqla təsdiq
etsin;
1.1.5. həmin Qanunun
6.14-cü maddəsinə uyğun
olaraq, enerji auditinin keçirilməsi,
həmçinin enerji
auditinin nəticəsinə
dair hesabatın təqdim edilməsi qaydasını və formasını Azərbaycan
Respublikasının Prezidenti
ilə razılaşdırmaqla
təsdiq etsin;
1.1.6. həmin Qanunun
8.2-ci maddəsinə uyğun
olaraq, enerji idarəçisinə (menecerinə)
dair tələbləri,
habelə onların attestasiyadan keçirilməsi
qaydasını Azərbaycan
Respublikasının Prezidenti
ilə razılaşdırmaqla
təsdiq etsin;
1.1.7. həmin Qanunun
17.1-ci maddəsinə uyğun
olaraq, binaların enerji effektivliyi üzrə pasportlaşdırılması
qaydalarını Azərbaycan
Respublikasının Prezidenti
ilə razılaşdırmaqla
təsdiq etsin;
1.1.8. həmin Qanunun
6.3-cü maddəsinə uyğun
olaraq, məcburi enerji auditi keçirilməli
olan təsərrüfat
subyektlərinin
və qeyri-yaşayış
binalarının müəyyən
edilməsi üçün
meyarları təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
1.1.9. həmin Qanunun
7.2-ci maddəsinə uyğun
olaraq, enerji menecment sisteminə dair tələbləri təsdiq edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.1.10. həmin Qanunun
9.2-ci maddəsinə uyğun
olaraq, enerji effektivliyi müqaviləsinin
nümunəvi formasını
və şərtlərini,
habelə enerji effektivliyi xidmətlərinin
həyata keçirilməsi
qaydasını təsdiq
edib Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
1.1.11. həmin Qanunun
13.2-ci maddəsinə uyğun
olaraq, elektrik və istilik enerjisi istehsalı və təbii qazın emalı üzrə effektivlik potensialının
qiymətləndirilməsi qaydasını
və qiymətləndirmə
meyarlarını təsdiq
edib Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
1.1.12. həmin Qanunun
17.1-ci maddəsinə uyğun
olaraq, binalar üçün minimum enerji
effektivliyi normalarını,
enerji istehlakı ilə əlaqədar məhsulların
etiketlənməsi qaydalarını, enerji istehlak edən və ya enerji
istehlakına təsir
edən məhsullar üzrə ekoloji dizayn tələblərini
təsdiq edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.2. həmin Qanunun
16.1-ci maddəsinə
uyğun olaraq, Azərbaycan Respublikası
Energetika Nazirliyinin təklifləri əsasında
enerji effektivliyi fondunun yaradılması ilə bağlı təkliflərini altı
ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
1.3. həmin Qanunda
nəzərdə tutulmuş
tədbirlərin icrasını
təmin etmək məqsədilə Azərbaycan
Respublikası Energetika
Nazirliyinin Aparatının
işçilərinin say həddinin
artırılması ilə
bağlı təkliflərini
beş ay müddətində
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
1.4. həmin Qanundan
irəli gələn digər məsələləri
həll etsin.
2. Müəyyən edilsin ki:
2.1. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.13-cü, 5.1-ci, 6.3-cü (hər iki halda), 6.6-cı, 6.7-ci,
6.8-ci, 6.9-cu, 6.12-ci, 6.14-cü, 7.2-ci, 8.2-ci, 9.2-ci, 10.1-ci, 13.1-ci, 13.2-ci, 13.3-cü, 14.1-ci, 16.1-ci, 16.4-cü, 17.1-ci maddələrində, 18.1-ci maddəsinin birinci və ikinci cümlələrində, 22.1-ci və 22.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
2.2. həmin Qanunun 5.1-ci, 16.1-ci, 16.4-cü və 22.2-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;
2.3. həmin Qanunun 2.1.13-cü, 6.9-cu, 6.14-cü, 8.2-ci və 17.1-ci (binaların enerji effektivliyi üzrə pasportlaşdırılması qaydalarına münasibətdə) maddələrində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirir;
2.4. həmin Qanunun 6.3-cü (birinci halda), 7.2-ci, 9.2-ci, 13.2-ci və 17.1-ci (binalar üçün minimum enerji effektivliyi normalarına, enerji istehlakı ilə əlaqədar məhsulların etiketlənməsi qaydalarına, habelə enerji istehlak edən və ya enerji istehlakına təsir edən məhsullar üzrə ekoloji dizayn tələblərinə münasibətdə) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
2.5. həmin Qanunun 6.3-cü (ikinci halda), 6.6-cı, 6.7-ci, 6.8-ci, 6.12-ci, 10.1-ci, 13.1-ci, 13.3-cü, 14.1-ci maddələrində, 18.1-ci maddəsinin birinci və ikinci cümlələrində və 22.1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Energetika Nazirliyi nəzərdə tutulur.
3. Bu Fərmanın icrası ilə əlaqədar qəbul ediləcək normativ - hüquqi və normativ xarakterli aktlar “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi gündən tez olmayaraq qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 20 avqust 2021-ci il
Azərbaycan.-2021.- 22 avqust.- S.2.