Şuşaya Zəfər
yolu Füzulidən başlayır
Qarabağın məhv edilən maddi-mədəniyyət
nümunələri minillik tariximizin yadigarıdır
30 ilə yaxın müddətdə torpaqlarının 20 faizi təcavüzkar Ermənistan tərəfindən işğala məruz qalan Azərbaycan, nəhayət ki, düşmənə öz yerini göstərdi. Hələ şanlı zəfər yürüşünədək Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şəraiti ilə tanış olarkən düşmən tərəfə 2016-cı ilin “Aprel dərsi”ndən düzgün nəticə çıxarmağı xatırlatmışdı:
“Lələtəpə əməliyyatı bizim qəhrəmanlıq rəmzimizdir. Lələtəpə tarixə düşdü. Əgər erməni silahlı qüvvələri Aprel döyüşlərindən düzgün nəticə çıxarmasalar, gələcəkdə Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaqdır. Ermənistanın siyasi rəhbərliyi, nəhayət, dərk etməlidir ki, işğalçılıq hərəkətləri onları uçuruma aparır. Azərbaycan gündən-günə güclənir, möhkəmlənir. Bizim güclü potensialımız və güclü Ordumuz var. Biz Ordumuzla, əsgər və zabitlərimizlə, sizinlə - bax, burada düşmənlə üz-üzə dayanan oğullarımızla fəxr edirik. Sizə eşq olsun! Azərbaycan inkişaf edəcək və biz ərazi bütövlüyümüzü bərpa edəcəyik!”
Ötən il 44 günlük Vətən müharibəsində həmin şərəfli günün şahidinə çevrildik. Tarixin elə səhifələri var ki, onlar yazıya alınmasalar da, maddi-mədəniyyət abidələrində öz əksini tapır. Belə müqəddəs abidələr məskəni olan Azərbaycanın da tarixinin oxunulmamış səhifələri, yaxud daşlaşmış mədəni məbədləri az deyil. Zaman, ictimai-iqtisadi formasiyalar və quruluşlar, dinlər bir-birini əvəzlədikcə həmin abidələrə münasibət də dəyişib: sonrakı dövrlərdə “qəzəb”ə tuş gələrək bir çoxu yer üzündən silinib.
Təkcə Azərbaycanın deyil, dünyanın ən qədim tarixə malik diyarlarından biri olan Füzuli rayonunun ərazisindəki Azıx mağarası da ilk insan məskəni kimi bəşəri sivilizasiyanı heyran qoyurdu. Bu uludan-ulu məkan minilliklər boyu müxtəlif məşəqqətlərin şahidi olub. “Böyük Ermənistan” uğrunda aparılan çirkin, şovinist siyasət Azərbaycanın, sözün əsl mənasında, dilbər guşəsi olan Qarabağının nəinki dağlıq hissəsində, onun digər ərazilərində də öz izlərini qoydu. İşğala məruz qalan qədim yaşayış məskənlərimizdən biri də ərazilərinin xeyli hissəsi 27 il Ermənistan silahlı birləşmələrinin nəzarəti altında qalan, vaxtilə dünyanın etnoqraflarını heyrətdə qoymuş Azıx mağarasının yerləşdiyi Füzuli rayonudur.
Dünya üçün maraqlı görünən Azıx mağarası insanlara uzun müddət vahiməli, əjdahaların və digər sehrli canlıların yaşadığı yer kimi görünüb. Ona görə də bu sirri açanlardan savayı, kimsə ora girməyə cəsarət etməyib. Beləliklə, Azıx uzun müddət qapalı şəkildə qalıb. Buradakı tapıntı üzərində aparılan tədqiqatlar təsdiqləmişdi ki, o, ən azı, 350-400 min illik bir dövrü əhatə edir.
Füzulidə Əcəmi memarlıq məktəbinin təsiri ilə inşa olunan bir sıra tarixi-mədəni abidələr də vardı. Əhmədalılar və ya Arğalı türbəsi (XIII əsrin sonu), Babı türbəsi (1273-cü il), Aşağı Veysəllidə hamar daşlardan tikilən qülləvari Mirəli türbəsi (XV əsr), Qarğabazar kəndindəki Hacıqiyasəddin məscidi (1862-ci il), Karvansara (1864-cü il), Füzuli şəhərindəki Hacı Ələkbər məscidi (XIX əsr), Merdinli kəndi yaxınlığında daşdan yonulmuş at, qoç fiqurları tariximizin dərin qatlarından soraq verən, mədəniyyətimizin inkişafını təsdiqləyən, ulu etnikə malik olduğumuzu sübut edən tutarlı faktlar olmuşdur. Təəssüf ki, erməni vandalizminin qurbanlarına çevrilmiş tarixin bu daş salnaməsinin sonrakı taleyi bizə məlum deyil. Digər işğal olunmuş rayonlarımızın ərazisindəki kimi, burada da daşnak tör-töküntüləri tarixi-memarlıq abidələrimizə divan tutmuş, müqəddəs ziyarətgahları yerləyeksan etmişlər.
Rayonda bir şəhər, bir şəhər tipli qəsəbə, 75 kənd və digər yaşayış məntəqələri olub. Bu yerlərdən axan Qusarçay, Köndələnçay, Qozluçay, Çərəkan Xan Arazın hövzəsinin çayları - qollarıdır.
İşğala qədər rayonda 70 kitabxana, 20 mədəniyyət evi, 45 klub, xalq və dövlət dram teatrı, 685 çarpayılıq 13 xəstəxana, 40 feldşer-mama məntəqəsi, vərəm və dəri-zöhrəvi xəstəlikləri dispanseri, 20 kinoqurğu, texnikum, 2 texniki-peşə məktəbi, 38 məktəbəqədər müəssisə, 2 muzey, stadion, 65 kolxoz və sovxoz, 12 fermer təsərrüfatı və digər obyektlər var idi.
1988-ci ildən başlayan erməni təcavüzünə qarşı barışmaz mübarizə aparan Füzuli əhalisi doğma torpaq uğrunda çox itki verib. Müharibənin bu ərazidə əsas ağırlığını rayonun Yağlıvənd, Qacar, Divanallar, Yuxarı və Aşağı Veysəlli, Qaradağlı, Üçbulaq, Arış, Qoçəhmədli, Cuvarlı, Güzdək, Gorazıllı, Cəmilli, Dilağarda, Govşad, Xələfşə, Mollavəli kəndlərinin əhalisi çəkib. Birinci Qarabağ döyüşlərində 1100 nəfərdən çox şəhid, yüzlərlə itkin vermiş Füzulidə bu gün 1500-dən çox əlil və şikəst var. 27 il öncə itkin düşmüş, girov götürülmüş 113 füzulilidən hələ də soraq yoxdur. Erməni təcavüzü nəticəsində Füzulidə dünyaya gələn uşaqlardan 36361 nəfəri zərər çəkib ki, onlardan 155-i atasız, anasız qalıb.
Füzuli rayonu da tamamilə işğala məruz qalmış rayonlarımızdan idi. Ulu Öndər Heydər Əliyevin bir çağırışı ilə 1994-cü ildə Füzuli rayonunun müəyyən hissəsi, sonradan isə Lələtəpə yüksəkliyi, Cəbrayılın Cocuq Mərcanlı kəndi, daha sonra 44 günlük Vətən müharibəsində qazanılan qələbə! İndi Füzuli yenidən qurulur. Çox keçməz ki, bu diyarımız cənnətməkana çevrilər.
Məhəmməd
NƏRİMANOĞLU,
Azərbaycan.-2021.- 24 avqust.- S.2.