Kəlbəcər və
Laçın Ermənistandan qat-qat
yüksəkdədir
Həm coğrafi,
həm də görülən işlərin səviyyəsi və
həcmi cəhətdən
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfəri işğaldan azad olunmuş ərazilərimizə növbəti dəfə edilən ziyarətdən daha çox indiki siyasi və hərbi şəraitdə mühüm əhəmiyyət daşıyan hadisədir. O səbəbdən ki, Ermənistan ağır hərbi məğlubiyyətdən sonra yenidən havadarlarının verdikləri “sifariş”lə “rəqs” etmək istəyinə düşüb və Azərbaycanın ali rəhbərliyinin haqqında bəhs etdiyimiz səfəri onun bu “arzu”sunu ürəyində qoydu. Ən azından İlham Əliyevin dilindən həmin “rəqs”in real təhlükəsi barədə xəbərdarlığı eşitdi.
Eşitdi ki, hansı havaya “rəqs” etmək istəməsinin Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur. Əsas məsələ odur ki, işğaldan azad edilən rayonlarımızın sosial-iqtisadi inkişafını təmin etmək, sakinlərini öz doğma yerlərinə qaytarmaq üçün geniş abadlıq-quruculuq işlərinə başlamışıq və bu quruculuq işlərinin səs-küyündən Ermənistan üçün sifariş verilmiş “hava”nın vızıltısı eşidilməz olur.
Təbii ki, dağlıq rayonlar olan Kəlbəcər və Laçının bərpasında yol infrastrukturu böyük əhəmiyyət daşıyır. Çünki düzən ərazidə yerləşən rayonlardan fərqli olaraq burada yalnız bir yoldan istifadə etmək mümkündür. Bu üzdən qışda uzun müddət qarla örtülən mövcud yollardan daim istifadə etmək üçün onların yenidən qurulması, müasir tələblərə cavab verməsi əsas şərtdir. Qarşıdan isə qış gəlir və bu baxımdan ilboyu rayonda abadlıq və quruculuq işlərinin davam etdirilməsi mühüm əhəmiyyət daşıyır.
Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində - Murovdağda 11,6 kilometrlik tunelin inşasına başlanıb. Xatırladaq ki, yolun 16-cı kilometrindən Murovdağ silsiləsi başlanır və yüksəklik getdikcə 1900 metrdən 3260 metrə qədər artır. Məhz ərazinin çətin relyefi və təhlükəsizlik vəziyyəti nəzərə alınaraq Murovdağ silsiləsinin altından tunel tikilir.
Tunel ilin bütün fəsillərində Kəlbəcər və Laçın rayonlarına rahat gediş-gəlişi təmin edəcək.
Tunelin təməlqoyma mərasimində iştirak edən Prezident İlham Əliyev yaxın tariximiz barədə maraqlı məlumatlara toxunaraq demişdir: “...Ermənistanı Şərqi Zəngəzurla və Qarabağla üç yolla birləşdirmək istəyirdilər. Bunun yeganə məqsədi qanunsuz məskunlaşma siyasəti aparmaqdır və bu da hərbi cinayət sayılır. Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olan beynəlxalq qurumlar, ilk növbədə, ATƏT-in Minsk qrupu buna laqeyd yanaşmışdılar. Ermənistana heç bir irad tutmamışdır, onları bu işdən çəkindirməyə cəhd göstərməmişdir, sadəcə olaraq, müşahidəçi kimi bunu müşahidə edirdi... O vaxt bu yolun çəkilişində biz etirazımızı bildirmişdik. Biz səsimizi qaldırmışdıq, biz demişdik ki, buna yol vermək olmaz, Azərbaycan ərazisində qanunsuz işlər aparıla bilməz. Ancaq bizi eşidən yox idi. Amma bu gün mən gəlmişəm, həmin yolun üstündə durmuşam və biz bu yolda bundan sonra da əbədi dayanacağıq, bu bölgədə əbədi yaşayacağıq”. Sözsüz ki, dövlət başçısının bu mesajı hər vasitə ilə ATƏT-in Minsk qrupunun fəaliyyətini bərpa edib bizi mənasız “sülh” danışıqlarına məcbur etmək istəyən ermənipərəst qüvvələrə qəti cavabdır.
Məlumdur ki, bölgənin yenidən qurulması, əhalinin doğma yerlərinə qayıtması, burada yeni müəssisələrin fəaliyyətə başlaması üçün enerji təminatı mühüm rol oynayır. Bu məqsədlə dövlət başçısı işğaldan azad olunmuş ərazilərin enerji təminatına xüsusi diqqət ayırır. Prezidentin səfər çərçivəsində tanış olduğu Kəlbəcər Kiçik Su Elektrik Stansiyasında suyu hidroaqreqata ötürən dağıdılmış su borusu təzələnir. Maşın zalı və 110/6 kilovoltluq yarımstansiyada isə işlər başa çatıb. Bir sözlə, ermənilər tərəfindən dağıdılan “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası yenidən tikilir və qarşıdakı aylarda istifadəyə veriləcək.
Dövlət başçısı səfəri zamanı həmçinin 110/35 kV-luq “Kəlbəcər” yarımstansiyasının açılışında iştirak etmişdir. Bu yarımstansiyanın istismara verilməsi nəticəsində rayon dayanıqlı elektrik enerjisi ilə təmin olunacaq. Qeyd edək ki, yarımstansiya məsafədən idarə olunan SCADA Dispetçer İdarəetmə sisteminə qoşulub. Yarımstansiyanın faəliyyətini təmin etmək məqsədilə Daşkəsəndən 70 kilometrlik məsafədən 110 kV-luq yüksək gərginlikli ikidövrəli elektrikötürmə xətti çəkilib.
Prezident tərəfindən Laçın Beynəlxalq Hava Limanının təməlinin qoyulması da böyük əhəmiyyət kəsb edir. Bu liman bölgənin dünyaya açılmasında, investisiyaların cəlb olunmasında, bölgədə turizmin inkişafında önəmli rol oynayacaq. Çətin relyef şəraitində tikilən həmin hava limanından yaxınlıqdakı Kəlbəcər və Şuşa rayonlarının sakinləri də istifadə edəcək. Dövlət başçısının vurğuladığı kimi, bu hava limanının hərbi təyinatı da olacaq və erməniləri də ən çox qorxudan elə budur.
Səfər zamanı dövlət başçısı düşmən tərəfindən dağıdılan “İstisu” sanatoriyasında da oldu. Təməli 1928-ci ildə qoyulan bu məşhur sanatoriya da tezliklə bərpa edilərək əvvəlki şöhrətinə qovuşacaq.
Kəlbəcər həm də zəngin təbii sərvətləri və florası olan rayondur. Bu isə arıçılığın inkişafında başlıca amildir. Dövlət başçısının rayon arıçıları ilə səmimi söhbəti oldu. Rayonun təbiətinin arıçılığı inkişaf etdirmək, bol məhsul götürmək üçün əlverişli olduğu vurğulandı. Qeyd edildi ki, Kəlbəcər və Laçın rayonlarında arı ailələrinin sayının artırılması dünyada böyük tələbat olan balın ixracına da imkan yaradacaq.
Rüstəm KAMAL,
Azərbaycan.-2021.- 25 avqust.- S.4.