İstehsal genişlənsə
də, tələbat ödənilmir
Süd məhsulları
bazarının inkişafına mane olan səbəblər nədir?
İnsan orqanizmi üçün ən dəyərli qidalardan olan süd məhsullarının istehsalı Azərbaycanda ildən-ilə artsa da, mövcud tələbat hələ də tam ödənilmir. İstehsalın həcminin yetərincə olmaması səbəbindən Azərbaycan özünü tam olaraq süd və süd məhsulları ilə təmin edə bilmir. İstehlakçıların süd məhsullarına tələbatının ödənilməsi üçün ölkədə süd istehsalının həcminin təxminən 15-20 faiz artırılmasına ehtiyac var.
Ədalətsiz rəqabət
Hazırda tələbat ödənilmədiyindən ölkəmizə xaricdən geniş çeşiddə süd məhsulları idxal edilir. Bu məhsulların idxalı istehlakçılar üçün əlavə seçim imkanı yaratsa da, yerli istehsalçıların mallarının çox zaman zəif satılmasına səbəb olur. Yerli məhsullar əksər hallarda xarici məhsullardan daha baha qiymətə satıldığı üçün istehsalçılar hazırkı şəraitdə yaranmış rəqabəti hətta müəyyən mənada ədalətsiz rəqabət də sayırlar. Onlar bu bazarın tənzimlənməsi üçün tədbirlərin görülməsini zəruri sayır, süd emalı sahəsindəki bəzi məsələlərin qısa zaman ərzində həllini gözləyirlər. İstehsalçıların fikrincə, bütün bu problemlərin həlli yerli süd məhsullarının qiymətinin ucuzlaşmasına səbəb olar.
Süd emalı sahəsindəki problemləri açıqlayan Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyasının (ASSMİİA) sədri Samir Eyyubovun sözlərinə görə, emal müəssisələrinin ədalətli yerli bazara, məqsədyönlü vergi sisteminə və beynəlxalq qiymətlərə uyğun, yüksək keyfiyyətli xam südə ehtiyacı var.
Yerli bazarda qeyri-şəffaf rəqabətin mövcud olması qənaətində olan qurum sədri deyir ki, bir çox xırda emal müəssisələri bazara aşağı keyfiyyətli məhsullar təklif edir, istehlakçılar bilərəkdən və ya bilməyərəkdən çaşdırılır, keyfiyyətsiz məhsullar onlara keyfiyyətli, bahalı mal kimi təqdim edilir.
Kərə yağını buna misal göstərən qurum sədri deyir ki, 1 kq 82,5 faizli əsl kərə yağı əldə etmək üçün 22-24 litr südə ehtiyac var. Xam südün orta satış qiymətini 0,6 qəpikdən hesabladıqda kərə yağının satış qiymətinin ən azı 14 manat olması lazımdır. Ancaq piştaxtalarda
9-10 manata “nehrə yağı” satılır ki, onun tərkibinin də minimum 50 faizi bitki mənşəli yağ qatqısı, başqa sözlə, insan orqanizminə zərərli olan palma yağıdır.
ƏDV aşağı salınarsa...
Assosiasiya sədri məqsədyönlü vergi sisteminin tətbiqini də vacib sayır. Onun sözlərinə görə, hazırda respublikada kənd təsərrüfatı məhsulları, o cümlədən xam süd ƏDV-dən azad olunub. Lakin xam süd emal prosesinə daxil olan kimi onun bütün dəyərinə 18 faiz ƏDV şamil olunur. Beləliklə, son emal məhsulu 18 faiz ƏDV- li qiymətlə, yəni daha baha qiymətə piştaxtalara çıxarılır. Digər tərəfdən, yerli fermer ƏDV hesabı olmadığına görə ƏDV ilə alınmalı olan məhsullar üçün əsas hesabdan pul ödəməyə məcbur olur. Bu isə yerli xam südün dəyərini bahalaşdırır. Buna görə də təklif olunur ki, ƏDV bütün dəyər zəncirinə tətbiq edilsin və 8 faiz civarında müəyyənləşdirilsin.
Samir Eyyubov hesab edir ki, əgər 8 faiz bütün dəyər zəncirinə tətbiq edilərsə, o halda yerli emalçının məhsulu daha aşağı qiymətə başa gələ bilər.
Assosiasiya sədri Azərbaycan bazarında yerli süd məhsullarından başqa, Rusiya, Ukrayna və Belarus məhsullarının satıldığını, lakin onların qiymətinin daha aşağı olduğunu söyləyir: “Daha ucuz xam südə malik olan Belarus, Ukrayna, Rusiya məhsulları piştaxtalarda yerli məhsullardan ucuz satılır və buna görə də həmin məhsullar istehlakçılara daha cazibəli görünür. Məsələn, Belarus istehsalı olan kərə yağlarının 1 kiloqramının qiyməti 12-13 manata olduğu halda, eyni keyfiyyətli yerli yağların qiyməti 15-16 manatadır. Hesab edirik ki, dövlət xaricdən gətirilən süd məhsulları üçün 18 faizlik ƏDV-ni saxlamaq şərtilə yerli məhsullar üçün bütün dəyər zənciri üzrə 8 faiz ƏDV tətbiq edərsə, onda piştaxtaya çıxarılan yerli məhsulların qiymətləri indikindən 10 faiz aşağı olar. Bu halda yerli məhsullar qiymət baxımından rəqabətədavamlı ola bilər”.
Samir Eyyubov istehsalçıların ehtiyacının əsasən ucuz yem, maliyyə çatışmazlığı, peşəkar mütəxəssislərin sayının az olması ilə bağlı olduğunu da deyir. Onun sözlərinə görə, torpaq ehtiyatlarının məhdud olması, suvarma sistemlərinin lazımi səviyyədə olmaması və peşəkar mütəxəssislərin azlığı südün maya dəyərinin 70 faizini təşkil edən yemlərin istehsalını məhdudlaşdırır. Digər tərəfdən, bir sıra yem komponentləri xaricdən gətirilir ki, onların da qiyməti bahadır: “Bunları nəzərə alaraq, demək olar ki, belə bir şəraitdə xam südün qiymətinin baha olması labüddür. Bunun qarşısını almaq üçün işğaldan azad edilən ərazilərdə geniş əkin işləri aparılmalı, xaricdən dövlət sifarişi ilə böyük həcmdə yem komponentləri idxal edilməli və ƏDV bütün dəyər zənciri üzrə tətbiq olunmalıdır”.
Assosiasiya sədri maliyyə çatışmazlığını da istehsalçıların əsas problemlərindən biri sayır. O qeyd edir ki, emalçılara verilən xam südün pulu bir çox hallarda fermerlərə gec ödənilir: “Bu müddət 2-3 aya qədər uzana bilir. Bu isə gündəlik yemə ehtiyacı olan fermerlərin maliyyə dayanıqlığına mənfi təsir göstərir. Ucuz kreditlər və pərakəndə marketlərdə yerli istehsal üçün müəyyən edilən yeni ödəniş şərtləri çərçivəsində bu problemi dəf etmək olar”.
Süd məntəqələrində elementar standartlar qorunmur
Samir Eyyubov bununla yanaşı, baytar həkimlərə, zootexnoloqlara, aqronomlara, fermaların idarəedilməsi və emal üzrə müxtəlif istiqamətli mütəxəssislərə çox böyük ehtiyacın olduğunu bildirir. Onun sözlərinə görə, həmin ehtiyac hazırda xaricdən gətirilən mütəxəssislər hesabına qarşılanır. Bu isə öz növbəsində həm yerli mühit amillərinin nəzərə alınmaması ilə nəticələnir, həm də istehsal prosesini bahalaşdırır.
Mütəxəssis bu fikirdədir ki, hazırda süd qəbulu məntəqələrinin fəaliyyəti qənaətbəxş deyil. Əksər hallarda süd məntəqələrində elementar standartlar qorunmur, ucuz süd tədarük edilir və keyfiyyətsiz süd məhsulları emalçılara satılır. Buna görə də süd məntəqələrinin müasirləşdirilməsinə və yenilərinin yaradılmasına ehtiyac var.
ASSMİİA sədri əlavə edib ki, hazırda yerli süd məhsulları az həcmdə olsa da belə, xaricə ixrac edilir: “Azərbaycanın süd məhsullarının ixracı istiqamətində çox böyük potensialı var. Lakin bir sıra problemlər ixracın artmasına ciddi mane olur. Sadalanan məsələlər həll edildikdən sonra bu potensialdan yararlanmaq mümkündür. Qurum sədri hazırda dövlət orqanları ilə bu istiqamətdə müzakirələrin aparıldığını, məsələnin müsbət həll olunduğu təqdirdə ixrac rəqəmlərinin artacağını söyləyir.
Südün maya dəyərinin
formalaşmasında yemin
payı çoxdur
Kənd Təsərrüfatı Nazirliyinin
(KTN) Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin
müdiri Eldar Həsənov bildirir ki, hazırda süd istehsalçılarının
əsas problemləri xam südün bazar qiymətləri ilə bağlıdır:
“İstənilən halda
xam südün bazar qiymətinin dəyişməsi, fermerlərin
emal müəssisələri
ilə işlərinin
düzgün qurulmaması,
qarşılıqlı münasibətlərdə
bütün meyarların
nəzərə alınmaması
süd istehsalçısı
və emalçısı
arasında yaranan balansın pozulmasına səbəb olur. Bunun aradan
qaldırılması üçün
istehsalçı və
emalçı arasında
qarşılıqlı razılaşma
olmalıdır”.
Südün maya dəyərinin formalaşmasında yemin payı çoxdur. Fermerlər özləri
yem istehsal edərlərsə, südün
maya dəyəri aşağı düşər.
Fermerin istehsal etdiyi südün maya dəyəri aşağı
düşdükcə satış
qiymətindən asılı
olaraq, o, daha çox gəlir əldə edə bilər. Amma maya dəyərinin
əsas komponenti olan yem və
yem əlavələrinin
qiyməti bazarda qalxırsa və fermer özü bu yemləri istehsal etmirsə, onda həmin təsərrüfatın rentabelliyindən
söhbət gedə bilməz.
Südçülüyün inkişaf etdirilməsi üçün ən vacib tədbirlərdən
biri heyvanların düzgün yemlənməsidir. Fermerlər düzgün
yemlənmə tətbiq
etmədikdə gözlənilən
məhsuldarlığı əldə
etmək mümkün
deyil.
Silosluq qarğıdalı
südçülükdə məhsuldarlığı artırmaq
üçün ən
dəyərli yem komponentlərindən biridir. Buna görə də torpaq sahəsi olan fermerlər silosluq qarğıdalı
əkininə diqqəti
artırmalıdırlar.
Süd məhsullarının
keyfiyyətinin yüksək,
qiymətinin münasib
olması bu bazarın inkişafına
göstərilən dəstəkdən
birbaşa asılıdır. Südçülük sahəsindəki problemlərin
həlli yalnız sahibkarların deyil, həm də istehlakçıların marağına
xidmət edir. Bu
problemlərin həlli
sayəsində istehsalçı
özü üçün
daha ədalətli saydığı bazarda rəqabət aparmağa, öz istehsalını genişləndirməyə nail ola bilər.
Belə halda isə istehlakçı bazardan keyfiyyətsiz məhsulların
satışının sıxışdırılıb
çıxarılması nəticəsində
daha keyfiyyətli məhsullar alıb istifadə edər. Süd istehsalının genişlənməsi
həm də süd məhsullarının
ixrac imkanlarını
genişləndirməklə ölkəyə əlavə
valyutanın gəlməsinə
imkan verər.
İlhamə İSABALAYEVA,
Azərbaycan.-2021.- 25 avqust.- S.1;5.