Böyük dayaq

 

 

Yaşadığımız dünyada hər bir insanın əsas niyyəti öz əməlləri ilə cəmiyyətə bircə zərrə də olsa gözəllik bəxş etməkdir, gördüyü nəcib işlərin parlaqlığı ilə xeyirin işığını daha da gurlaşdırmaqdır.

 

Həyatı aydınlığa çıxarmaq, başqalarına yol göstərməkdir. Minillər boyu formalaşmış əxlaqi normalar, ənənə və dəyərlər insana bunları öyrədir. Ömrün məsuliyyətini bizə hər an anladır. Eyni zamanda, bu məsuliyyəti dərk edənləri, özündən çox başqaları üçün yaşayanları tarix zamanın fövqünə ucaldır. Dünyanı rifahla yaşadan, gələcəyə sonsuz ümid, inam yaradan məhz belə şəxsiyyətlərdir.

 

Mənəvi-insani dəyərlərə xitab, xalqın arzu və amallarının real həyata  çevrilməsi Prezident İlham Əliyevin işıqlı qayəsidir. Qarşıya qoyduğu, reallaşdırdığı ali məqsədlər yüksək ideallardır. Azərbaycan Prezidenti bu məqsədlərə doğru aparan haqq yolunda ona görə bu qədər uğurludur ki, ən çətin məqamın hər addımında ümumxalq dəstəyindən güc alır. Bu qətiyyətli, möhtəşəm fəaliyyətin daha bir məntiqli səbəbi də ölkənin Birinci xanımı Mehriban Əliyeva kimi dönməz silahdaşının, məsləkdaşının, etibarlı yol-yoldaşının olmasındadır.

 

Mehriban xanım Əliyeva xalqımızın qürur duyduğu şəxsiyyətdir, millətin tərəqqisi üçün yeniləşən ideyalar sahibidir.

 

Azərbaycanın Birinci vitse-prezidentinin inkişafa doğru hər addımı sosial reallığı dəyişən, daha gözəl, daha sağlam, hər kəs tərəfindən məmnunluqla qarşılanan yaradıcılıq məzmunu təqdim edir. Cəmiyyətin firavanlığına bu proseslərin əsas məqsədi kimi yanaşır, insanı müasir həyatımızın ən qiymətli dəyəri kimi qəbul edir.

 

Mehriban xanımın fəaliyyətində məsuliyyət yükü böyük və şərəflidir. Çünki onun həyata keçirdiyi ali məqsədlər, yüksək amallardır. Bunlar o amallardır ki, tarixin heç bir dönəmində başqalaşmır, məzmununa xələl gətirmir. Dünyanı yaşadan, gələcəyə ümidi, inamı sarsılmaz edən belələrinin haqq yolunda apardıqları qətiyyətli fəaliyyətləri hər addımda ümumxalq sevgisi ilə əhatə olunur. Müstəqil Azərbaycan dövlətinin ötən əsrin 90-cı illərinin ortalarından bəri qazandığı nailiyyətlərdə Mehriban xanım Əliyevanın imzası, böyük xidmətləri var.

 

 

 

Gələcəyə aparan yollar

 

 

 

Mehriban Əliyevanın adı uzun illərdir ki, xeyirxahlığın, insanlara sevginin, şəfqətin, köməyə ehtiyacı olanlara əl uzatmağın, el üçün yaxşı bir iş görmək hissinin, dəyərlərə sahib çıxmaq əzminin simvolu kimi çəkilir. Birinci xanım bunu hər hansı inzibati imkanların gücü ilə qazanmayıb. Onu belə bir ali mərtəbəyə ucaldan dünyaya və insanlara tükənməz sevgisidir. Özünün də qeyd etdiyi kimi, dərk edilmiş məsuliyyətidir. Sadə insanları hiss və həyəcanları, problemləri, qayğıları ilə bir yerdə görə bilməsidir.

 

Mehriban xanım adamların düşüncələrini, istəklərini duya və buna uyğun davrana bildiyi qədər müasir dünyamızın çağırışlarını, cəmiyyətin inkişaf yönünü, can atdığı istiqamətləri də həssaslıqla hiss edir. Zamanın gələcəyə doğru düzgün istiqamətlənməsi, inkişaf axarından kənarda qalmaması üçün böyük fədakarlıq göstərir. Müasir dövrün mühüm vəzifələr kimi aktuallaşdırdığı məsələlərin həlli üçün böyük zəhmətlər çəkir. Yaratdığı nümunələrlə milyonlarla adama sabaha aparan yolları göstərir.

 

 

 

Mədəniyyətimizin qazandığı dostlar

 

 

 

Mehriban xanım Əliyeva 1995-ci ildə yaratdığı “Azərbaycan Mədəniyyətinin Dostları Fondu”nun fəaliyyəti ilə respublikanın ən çətin dövrlərində mılli mədəniyyətimizin inkişafına dəstək oldu. Onda Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə hüquqi dövlət quruculuğu prosesləri gedirdi. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbulundan sonra qanunvericilik bazası təkmilləşdirilir, zamanın tələbinə uyğun idarəetmə təsisatları formalaşdırılırdı. Demokratik institutların, vətəndaş cəmiyyətinin inkişafına dəstək verilir, azad bazar iqtisadiyyatına keçid proseslərinə şərait yaradılırdı. Davamlı islahatlar aparılır, beynəlxalq aləmə inteqrasiya gedir, ölkə qarşısında duran bir sıra köklü problemlərin həlli yönündə ardıcıl addımlar atılırdı. Azərbaycana maraq getdikcə artırdı. Beynəlxalq aləm ölkəmiz haqqında daha çox öyrənməyə, geniş məlumatlar əldə etməyə çalışırdı. Müstəqilliyini yenicə qəbul etmiş ölkənin özünü dünyaya zəngin təbii sərvətləri ilə yanaşı, həm də zəngin mədəniyyəti ilə təqdim etməsi zaman keçdikcə daha böyük zərurətə çevrilməkdə idi. Eyni vaxtda, təkcə təqdimatla iş bitmirdi. Dünyada Azərbaycan mədəniyyətini dərindən duyub hörmət bəsləyənlərin, bizə dost münasibətində olanların sayını artırmaq, əhatəsini genişləndirmək lazım gəlirdi. Müstəqil dövlətimizin yenicə formalaşaraq inkişaf etməkdə olan xarici siyasət xətti, diplomatiyası mədəniyyət sahəsində də öz əhatə dairəsini, imkanlarını genişləndirməli idi. Çünki dünyada heç bir güc mədəniyyətin gücündən üstün deyil. Ən böyük və davamlı nailiyyətlər məhz mədəniyyət müstəvisində qazanılan, mədəniyyətə söykənən, mədəniyyətdən qidalanan nailiyyətlərdir.

 

Mehriban xanım bunun vacibliyini duyaraq “Azərbaycan Mədəniyyətinin Dostları Fondu”nu yaratdı və milli mədəniyyətimizin, dəyərlərimizin bütün dünyada təbliği istiqamətində fəaliyyətə başladı.

 

Hər bir işdə kommunikasiya, onun üsul və vasitələri çox mühüm rol oynayır. Mədəni dəyərlərin təbliği sahəsində, bu, xüsusilə önəmlidir. 1990-cı illərin ortalarında Azərbaycanda müstəqil mətbuat sürətli inkişaf yoluna qədəm qoysa da, milli dəyərlərimizi müxtəlif xarici dillərdə ölkə hüdudlarından kənarda tanıda biləcək kütləvi informasiya vasitələri ya yox idi, ya da onların keyfiyyəti beynəlxalq auditoriyanın tələblərinə o qədər də uyğun gəlmirdi. Mehriban xanım Əliyevanın baş redaktorluğu ilə nəşrə başlayan “Azərbaycan İrs” jurnalı belə bir zərurətdən yarandı. Jurnal ilk nömrələrindən beynəlxalq çevrədə böyük maraq doğurdu, Azərbaycan mədəniyyəti ilə maraqlanan hər kəs üçün mötəbər, maraqlı və populyar bilgi qaynağına çevrildi və jurnalın yaratdığı zəngin resurslar bu gün də böyük fayda verir.

 

Mehriban xanım Əliyeva mədəni dəyərlərimizin hamisidir. O, Azərbaycan muğamına yeni həyat verdi. Sənət adamlarımızı yaradıcılığa ruhlandırdı. Milli mədəniyyətimizi beynəlxalq aləmdə tanıtdı. Ölkənin birinci xanımının həyata keçirdiyi layihələr sayəsində bütün dünya ictimaiyyəti Azərbaycan mədəniyyətinin zənginliyini, demək olar ki, yenidən kəşf etdi.

 

 

 

Birinci xanım

 

 

 

2003-cü ilin 15 oktyabrında cənab İlham Əliyev xalqın yekdil dəstəyi ilə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra dövlət rəhbərimizin ömür-gün yoldaşı kimi Mehriban xanımın üzərinə daha bir tarixi missiya düşdü. O, milli dövlətçilik tariximizdə ilk dəfə olaraq Birinci xanım institutunu formalaşdırdı. Bəlli ki, Mehriban xanıma qədər Azərbaycanda müəyyən səbəblərdən belə bir status olmamışdı, onun ənənələri mövcud deyildi. Bir sıra inkişaf etmiş xarici ölkələrdə uzunmüddətli ənənələri olan Birinci xanım institutunun Azərbaycanda necə tətbiq oluna biləcəyi, özünü nə dərəcədə doğruldacağı maraqlı görünürdü. Eyni zamanda bunun bir ənənə kimi formalaşması kifayət qədər də çətin gəlirdi. Çünki mədəniyyətlər, münasibətlər fərqlidir. Söhbət milli dövlətçilik ənənələrinin tərkib hissəsinə çevrilən bir dəyərdən gedirsə, onu başqalarından olduğu kimi götürüb tətbiq etmək o qədər də özünü doğrultmazdı. Mehriban xanım Əliyeva bütün məsələlərdə olduğu kimi bu işdə də kimisə təkrarlamadı. Məhz özü oldu, özü kimi davrandı. Azərbaycanın birinci xanımı kimi heç kimə bənzəməyən ictimai obrazı ilə insanların dərin sevgisini, hörmətini qazandı. Azərbaycan nümunəsində ölkənin birinci xanımı obrazının mükəmməl meyarlarını yaratdı. Gördüyü işlərlə, formalaşdırdığı ictimai dəyərlərlə, prinsiplərlə başqaları üçün də nümunə oldu. Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətə xalqın rəğbətini, dəstəyini daha da artırdı. Xalq və hakimiyyət arasındakı bağlılığı möhkəmləndirdi. Vətəndaşlarla qurulan münasibətlərdə səmimiyyəti, doğmalığı, qarşılıqlı inam və güvəni gücləndirdi. Azərbaycan Prezidentinin idarəçilik üslubu, qarşıya qoyduğu milli hədəflər, həyata keçirdiyi mütərəqqi dəyişikliklər, həm də bu doğmalıq mühitində vətəndaşların dərin rəğbətini, sarsılmaz dəstəyini qazandı. Cəmiyyətimizdə milli vəhdət təmin olundu. 

 

Mehriban xanım Əliyeva, eyni zamanda həm UNESCO-nun, həm də ICESCO-nun xoşməramlı səfiri statuslarını daşıyan ilk xanım kimi Azərbaycan qadınının adını layiq olduğu ən yüksək mərtəbəyə yüksəltdi. Qadınlarımızın ictimai fəallığının artırılmasında, bu sahədə zəngin tarixə malik ənənələrin müasir dünyamızın çağırışlarına uyğun inkişafında müstəsna rol oynadı.

 

Mehriban xanım Əliyeva xalqımızın milli dünyagörüşündə hər zaman özünəməxsus yer tutmuş, xalq olaraq ən gözəl xüsusiyyətlərimizdən birinə çevrilmiş xeyriyyəçilik ənənələrimizə yeni həyat verdi. Onun daha çox sistemli hərəkat kimi təşəkkülünə yol açdı. Mehriban xanım Əliyeva uşaq evlərində valideyn himayəsindən məhrum halda böyüyən körpələrə doğma ana oldu. Naxələf övladların ahıllar üçün nəzərdə tutulmuş evlərdə dövlətin ümidinə buraxdıqları yaşlılar üçün də doğma övlad oldu. Hərtərəfli təminat, sosial qayğı ilə yanaşı, onlara övlad sevgisini, övlad əlinin hərarətini bəxş etdi.

 

Bu gün həmin siyasət ən yüksək səviyyədə davam etdirilir.

 

 

 

Mənəvi irsin varisliyi

 

 

 

2004-cü ildə Heydər Əliyev Fondunun yaradılması ilə Mehriban Əliyevanın fəaliyyətində, eləcə də cəmiyyətimizin ictimai həyatında sanki yeni bir mərhələ başlandı.

 

Heydər Əliyev irsi təkcə bütün həyatını xalqının, dövlətinin yüksəlişinə həsr etmiş Ümummilli Liderin öz ömürlüyü ilə yaratdığı tarix deyil. Bu irs həm də bu günümüz və gələcəyimizdir. Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyinə təminat yaradan, önümüzdə aydın inkişaf istiqamətləri müəyyənləşdirən yol bələdçisidir. Bu irsdən daim öyrənməyə, formalaşdırdığı dəyərləri təbliğ etməyə, gələcək nəsilləri həmin dəyərlər ruhunda yetişdirib tərbiyələndirməyə həmişə ehtiyacımız var. Fond hazırda Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə nəcib əməllərin parlaq salnaməsini yazır.

 

Çox gözəl təşəbbüslər, strateji niyyətlər ola bilər ki, müəyyən müddətdən sonra ortada görünən solğun nəticələri ilə uzlaşmasın. Görülmüş iş, verilmiş vədə tən gəlməsin. Heydər Əliyev Fondu isə öz fəaliyyəti ilə nəinki Azərbaycandakı ictimai qurumlar, ümumən dünyada eyni məqsədlərlə fəaliyyət göstərən təsisatlar üçün mükəmməl bir nümunə formalaşdırdı. Qısa müddətdə cəmiyyətdə böyük rəğbət yaradan heyrətamiz nəticələr, real əməllər ortaya qoymağa başladı. Bu, Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq qabiliyyətindən, təşəbbüskarlığından, gələcəyə strateji baxışından, problemləri görə bilmək və onların həlli üçün qərar verməyi bacarmaq əzmindən, eyni zamanda, komanda qura bilmək məharətindən irəli gəlir.

 

Heydər Əliyev Fondu qısa zamanda insanların ümid qapısı, pənah ünvanı kimi tanındı. Azərbaycanın bu günü və gələcəyi ilə bağlı parlaq ideyaların mərkəzinə, düşüncə və əməl qaynağına çevrildi. İndiyə qədər Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun gördüyü işlər haqqında çox qiymətli fikirlər deyilib, yazılıb. Ən yüksək qiymət isə Azərbaycan Respublikasının Prezidentinə məxsusdur: “Heydər Əliyev Fondu Azərbaycanı gələcəyə aparan gözəl bir vasitədir. Modernləşmə, müasirləşmə, dünya birliyinə inteqrasiya, Azərbaycanın milli maraqlarının müdafiə edilməsi, ölkəmizin dünyaya olduğu kimi təqdim edilməsi - bütün bu şərəfli funksiyalar bu fondun üzərinə düşübdür. Düşübdür deyəndə, fond və fondun rəhbərliyi bütün bu işləri öz təşəbbüsü ilə görür...”   

 

Heydər Əliyev Fondu bu gün də ümumən bəşəriyyətin xoşbəxtliyinə, inkişaf və rifah içində yaşamasına hədəflənmiş möhtəşəm layihələr həyata keçirir. Elm, təhsil, mədəniyyət, incəsənət, səhiyyə sahəsində böyük işlər görür. Milli-mənəvi ideallara, humanizm, insanpərvərlik dəyərlərinə sadiq gənc nəslin formalaşmasına, gender bərabərliyinin təmin olunmasına, imkanların hər kəs üçün əlçatanlığına çalışır. Sivilizasiyalar arasında dialoqun təşviqinə, multikulturalizm, tolerantlıq dəyərlərinin bütün dünyada yayılmasına, nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlıq əlaqələrinin dərinləşməsinə töhfə verir. Təsadüfi deyil ki, 2008-ci ildən Azərbaycanın təşəbbüsü ilə başlanan, bütün dünyada sülhə, mədəniyyətlərin təmasına, bəşəriyyətin gələcək inkişafına xidmət edən  “Bakı prosesi” bu gün BMT də daxil olmaqla, dünyanın mötəbər qurumları tərəfindən ən layiqli qiymətini alır. Bu prosesin başlanmasında və uğur qazanmasında “Bakı prosesi” çərçivəsində ölkəmizin evsahibliyi etdiyi beynəlxalq forumların, dünyanın tanınmış düşüncə adamlarının müzakirə platformalarının təşkilində Mehriban xanım Əliyevanın xidmətləri müstəsnadır.

 

Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətinin təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda da rəğbətlə qarşılanmasının səbəbləri kifayət qədərdir: qurum təkcə milli-mənəvi dəyərlərin, qeyri-maddi irsin beynəlxalq aləmdə təbliğini deyil, həm də sivil dünyada sülhü, sabitliyi, sivilizasiyalararası dialoqu, bir sözlə, insanlığın tərəqqisinə yönələn ali ideyaların reallaşmasını, bu sahələrdə səylərin birləşdirilməsini əsas götürür.

 

Prezident İlham Əliyevin sərəncamı ilə 2015-ci ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Ulu Öndərin siyasi irsinin təbliği sahəsində böyük xidmətlərinə, mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycanın mədəni irsinin beynəlxalq miqyasda təbliğinə və I Avropa Oyunlarının təşkilində apardığı genişmiqyaslı işlərinə görə ölkənin ən ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif edildi.

 

 

 

Birinci vitse-prezident

 

 

 

Şəxsiyyətin yaşı yoxdur, deyirlər. Mehriban xanımın qərar tutduğu şəxsiyyət ucalığı, yaşadığı mənalı ömür milyonlarla insana etdiyi yaxşılıqların yaşındadır, bəşəriyyətə verdiyi xeyirli əməllər qədərdir. İnsanların sosial problemlərinə həssas münasibəti, bu problemlərin həlli yönündə gördüyü işlər, qazandığı sevgi və rəğbət bu görkəmli ictimai-siyasi xadimə dövlət və cəmiyyət naminə daha böyük səlahiyyətlərin verilməsini, fəaliyyət hüdudlarının genişləndirilməsini zərurətə çevirmişdir. 2017-ci ilin 21 fevralında dövlət rəhbərimizin sərəncamı ilə Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi vətədaşlarımızın ürəyindən xəbər verən bir addım oldu. Bu qərar Azərbaycan insanlarının birmənalı dəstəyini qazandı. Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti kimi öz vəzifəsinin icrasına məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasından, 2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsindən başlaması onun əsl vətəndaşlıq missiyasından, xüsusən sosial məsələlərə olan həssas münasibətindən xəbər verirdi.

 

Ölkəmizin Birinci vitse-prezidenti çətin sınaq günlərində cəmiyyətimizdə milli həmrəyliyin əldə olunmasında müstəsna xidmətlər göstərdi. Müzəffər ordumuzun hər şanlı qələbəsindən sonra Mehriban xanımın müxtəlif sosial şəbəkələr üzərindən xalqımıza ünvanladığı təbrik sözləri, sevinc, qürur və ümid dolu kəlmələri insanlar arasında qələbə əzmini daha da gücləndirdi. Onları vahid amala, milli hədəflərə doğru səfərbər etdi.

 

Hələ hərbi əməliyyatların ilk günlərindən “hamımız əsgərik”, deyən  Mehriban xanım öz “Instagram” səhifəsində paylaşım edərək yazmışdı: “Bu gün biz hamımız həqiqətən tarixi hadisələrin şahidləriyik! Lakin biz baş verənləri, sadəcə, kənardan müşahidə edə bilmərik. Bizim hər birimiz Böyük Qələbə anını yaxınlaşdırmaq üçün əlimizdən gələni etməyə borcluyuq. Deməli, biz hamımız erməni yalanını ifşa etmək üçün maksimum səy göstərməyə borclu olan əsgərlərik”.

 

Mehriban xanım dövlətimizi Azərbaycan insanına doğmalaşdıran bir şəxsiyyətdir. O, vətəndaşların sevgi ünvanı, inam və güvən mənbəyidir. Buna böyük Zəfərimizlə nəticələnən 44 günlük Vətən savaşında hər birimiz şahid olduq. 30 illik işğaldan sonra torpaqlarımızın addım-addım düşməndən təmizləndiyi o qürur dolu günlərdə Birinci vitse-prezident öz qəhrəman övladlarının igidliyi ilə öyünən, nisgilli yurdlarımızın azadlığına sevinib fərəhlənən, amma, eyni zamanda, həm də döyüş meydanındakı övladlarımızın taleyinə görə həssas ana qəlbi ilə həyəcan keçirən, onların bu haqq savaşını sağ-salamat başa çatdırıb Zəfərlə geri dönməsini arzulayan, şəhid məzarları önündə, yaralanmış oğullarımızın mətinliyi, iradəsi qarşısında göz yaşlarını boğa bilməyən Azərbaycan analarının ümumi obrazı idi.

 

 

 

Bizim Mehriban

 

 

 

Bütün dünyanı çənginə almış koronavirus pandemiyasının Azərbaycanda da böyük çətinliklər yaratdığı, sərt karantin tədbirlərinin zərurət olduğu günlərdə Mehriban xanımın insanlarımıza “Sizin Mehriban” imzası ilə bitən müraciətləri yaxşı yadımızdadır. Onun səmimi sözləri, doğma bir insan kimi vətəndaşlara çağırışları pandemiya ilə bağlı maarifləndirmə işlərinin aparılmasında, karantin qaydalarının hər kəs üçün normaya çevrilməsində böyük rol oynadı. Bütün bunlar sayəsində Azərbaycan pandemiyadan ən az ziyan çəkən ölkələrdən biri oldu. Dövlətimizin pandemiyanın ziyanlı təsirlərinə məruz qalmış aztəminatlı vətəndaşlar, eləcə də biznes subyektləri üçün nəzərdə tutduğu dəstək paketlərinin hazırlanmasında, bu paketlər çərçivəsində verilən yardımların öz ünvanına çatmasına nəzarət işinin təşkilində ölkənin Birinci vitse-prezidenti kimi Mehriban xanım Əliyevanın da müstəsna əməyi var. Onun ictimai obrazı cəmiyyətimizdə milli birliyi sarsılmaz edir, dövlət-vətəndaş münasibətlərində qarşılıqlı inamı, güvəni möhkəmləndirir.

 

Mehriban xanım işğaldan azad edilmiş rayon və kəndlərimizə səfərlərində daim Azərbaycan Prezidentinin yanındadır. Onun bu səfərlər zamanı yolboyu mobil telefonun kamerasına köçürdüyü görüntülər cəmiyyətdə böyük sevgi və maraqla izlənir. İnsanlarımız azad torpaqlarımıza Mehriban xanımın sevgi dolu nəzərləri ilə baxırlar. Bu nəzərlərdən o torpaqların yenidən abad olacaq, inkişafa qovuşacaq cah-cəlallı günləri görünür. Mehriban xanım düşməndən təmizlənmiş torpaqların dirçəlişi üçün strateji proqramların hazırlanmasında da yaxından iştirak edir.

 

Birinci vitse-prezidentin təşkilatçılığı ilə Şuşada keçirilən və möhtəşəm tarixi anları ilə milyonlarla dünya azərbaycanlısının yaddaşına yazılan “Xarıbülbül” festivalı da bu torpaqların xoşbəxt günlərinin daha bir müjdəsi idi. Bu festivalda Azərbaycan dövləti ölkəmizdə əsrlərdir qarşılıqlı hörmət içində dinc yanaşı yaşayan, xoş və ağır günlərdə də, dara düşəndə də daim bir-birinə dəstək verən, ortaq mədəniyyət yaradan toplumları bir araya gətirmişdi və belə bir zəngin mədəniyyətə sahibliyin əslində nə qədər böyük xoşbəxtlik və hüzur mənzərəsi yaratdığını bütün dünyaya nümayiş etdirirdi. Dövlətimiz mədəniyyət diplomatiyasının gücü ilə kimin kim olduğunu göstərirdi. Bölgədə sülhə, davamlı inkişafa, tolerantlığa, fərqli mədəniyyətlər arasında dialoqa illərdir məhz Azərbaycanın can atdığını, bu istiqamətdə mühüm nailiyyətlərin əldə edildiyini sərgiləyirdi. Bununla işğalçı, vandal Ermənistanın illərdir uydurduğu saxta miflər bir daha darmadağın edilirdi. Vandal ermənilərin azğın, quldur mahiyyəti ifşa olunurdu.

 

Bu gün Mehriban xanımın təşəbbüsü ilə Heydər Əliyev Fondu görkəmli Azərbaycan şairi Vaqifin Şuşadakı məqbərəsini, ermənilərin dağıdıb talan etdikləri digər mədəniyyət məbədlərimizi yenidən həyata qaytarır, əvvəlki görkəmini bərpa edir. Vandalizmin viran qoyub məhv etdiklərini indi mədəniyyətin gücü yenidən dirildir, dirçəldir. Tarixin, insanlığın itirilmiş ümidlərini özünə qaytarır. Gələcəyə doğru işıq salır, yol açır.

 

Bu Onun missiyasıdır. Missiya isə davam edir...

 

 

 

İradə ƏLİYEVA,

Azərbaycan.-2021.- 26 avqust.-  S.1;6.