Əsl Azərbaycan anası
Təbiət qadına analıq səadəti bəxş
edəndə bununla yanaşı ona bir böyüklük
də ərməğan verir. Analar mərhəmətli, məsuliyyətli, sərvaxt
olar həmişə. Harada
bir körpə ağlasa,
onu özününkü
bilib məhəbbətlə kökslərinə
sıxarlar. Harada bir ehtiyaclı insan görsələr, ona əl tutmağa
can atarlar. Dünyanın
hər hansı bir yerindən gələn top-tüfəng
səsini lap yaxınlıqda
hiss edərlər. Şadlananla
sevinməyi, dərdli
ilə kədərlənməyi
bacarır bizim analar...
Bəli,
Azərbaycan anasına
bu duyğular daha böyük səxavətlə verilib,
ona ən ali mərhəmət
hisslərindən daha
çox pay düşüb.
Bu gün biz bu
timsallı ananı Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın nümunəsində
görürük.
Azərbaycanın bir xoşbəxtliyi
də ondadır ki, Prezidentinin belə ömür-gün
yoldaşı, dostu və silahdaşı, xalqının belə xeyirxahı, qayğıkeşi,
analarının və
körpələrinin belə
həmdəmi, himayədarı
var!
Azərbaycanın Birinci vitse-prezidenti,
Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı
səfiri... Bu adların hər birinin arxasında böyük məsuliyyət,
zəhmət və səriştə tələb
edən vəzifələr
dayanır. Onların hər
birini layiqincə yerinə yetirmək üçün səbir,
düşüncə, bilik
və təcrübə
vacibdir, əməli işlər görmək lazımdır.
Mehriban xanım
Əliyeva bütün
bu vəzifələrə
üstəlik ana qəlbi və ana təmkini ilə yanaşır. Başladığı hər yeni layihəyə,
keçirdiyi hər bir tədbirə ana qəlbinin odunu, hərarətini qatır. Bütün çıxışlarından
ana səsi-sədası
gəlir, bütün
söhbətlərində ana
qayğısı, nəvazişi
duyulur. Azərbaycanın
birinci xanımının
daşıdığı böyük,
müqəddəs bir
ad da var - Ana adı!
Ana adı və
missiyası Mehriban xanım üçün çox əzizdir. Ona görə də o, belə deyib: “Əlbəttə, hər şəxsin formalaşmasında
ailənin, ailə mühitinin, ailə tərbiyəsinin rolu əvəzsizdir. Ailəyə
bağlılıq, ailə
dəyərləri, uşaqlara
qayğı, böyüklərə
hörmət Azərbaycan
xalqına məxsus olan ən gözəl
xüsusiyyətlərdən biridir... Hər bir qadın
üçün onun ailəsi, onun uşaqları həyatının
ən vacib, ən mühüm hissəsidir. Mən özüm
üç uşaq anası olaraq analıq missiyasını
həyatımın ən
vacib missiyası kimi dəyərləndirirəm.
Əlbəttə ki, hər bir valideyn arzulayır
ki, onun uşağı sağlam,
bilikli, savadlı, xoşbəxt böyüsün
və bunun üçün əlindən
gələni edir”.
Azərbaycan xalqının leksikonunda qədim zamanlardan belə bir ifadə
də var - el anası. Ehtiyacı olanın
çətinliyini duymağı
bacaran, dərdliyə
həmdəmlik edən,
yetimi sinəsinə çəkən, qısası,
bir kəndin, bir obanın camaatına qayğı göstərməyə qadir
olan genişürəkli
xanımlara el anası
deyiblər!
Azərbaycanın birinci xanımının bu yönümdəki xeyirxahlıq missiyası bir ailənin, kəndin, yaxud şəhərin çərçivəsindən
çıxaraq daha geniş miqyas alıb. Mehriban xanım Əliyeva
bütün Azərbaycan
xalqının xeyirxahı,
həmdəmi, qayğıkeşidir.
O, hamıya kömək
etməyə, yaxşı
işlərdə dəstək
verməyə, yardım
göstərməyə qadir
və həmişə
hazır olan böyük Anadır!
Mehriban Əliyevanın
xeyirxahlıq missiyası
təkcə özümüzə
deyil, bütün dünyaya bəllidir. Bu missiyanın bəhrələri
özünü artıq
Yer üzünün ayrı-ayrı guşələrində
də göstərməkdədir.
Mehriban xanım Əliyevanın təşəbbüsü və
rəhbərliyi ilə
reallaşan “Diabetli uşaqlara ən yüksək qayğı”
və “Talassemiyasız
həyat naminə” layihələri sözügedən
xəstəliklərdən əziyyət çəkən
insanların, xüsusilə
uşaqların pulsuz müayinə olunmasına
və müalicə almasına, nəticədə
şəfa tapmasına
imkan yaradıb. Bu və digər
xəstəliklərin aradan
qaldırılmasına kömək
edən neçə-neçə
yeni tibb müəssisəsi, o cümlədən
Talassemiya mərkəzi
istifadəyə verilib.
Bakıda və ölkənin digər regionlarında mütəmadi keçirilən qanvermə aksiyaları, ürək çatışmazlığından, dodaq və damaq bitişməzliyi patologiyasından əziyyət çəkən uşaqların əməliyyat olunması, aztəminatlı ailələrin üzvlərinin müayinələri, lazım gəldikdə insanların xarici ölkələrə müalicəyə göndərilməsi... Bütün bunlar Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xeyirxah əməlləri nəticəsində baş tutur.
Hələ biz “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” və digər layihələri demirik...
Bir zamanlar uşaq evindəki balaca oğlan və qızların o qədər də yaxşı qidalanmaması, ailələrdə böyüyən atalı-analı yaşıdlarından geyim-kecimdə də geridə qalması hamıya məlum olan həqiqət idi. İndi bu uşaqların heç nəyə ehtiyacı yoxdur! Necə deyərlər, kefləri kök, damaqları çağdır. Bunun hamısı Mehriban Əliyevanın zəhməti, səyi nəticəsində olub. Ancaq uşağı çörəklə, ləziz nemətlərlə doydurmaq, əyin-başını düzəltmək hələ işin yarısıdır. Onun isti nəfəsə, qayğıya ehtiyacı daha çox olur. Hamımız Mehriban xanımın yetim, yaxud xəstə uşağı necə məhəbbətlə qucağına götürdüyünü, necə istəklə bağrına basdığını çox görmüşük! Bu, internatlarda və uşaq evlərində işləyən qadınlara bir nümunə, bizim hamımıza, bütün cəmiyyətə bir mesajdır!
Əvvəllər uşaq evində böyüyən oğlan və qızların məktəbi bitirəndən, yəni yetkinlik yaşına çatandan sonra haraya üz tutacağı, harada yaşayacağı da cəmiyyəti narahat edən bir problem idi. Mehriban xanım bu uşaqların da qayğısına bir ana kimi qaldı. Onlar üçün ev tikdirdi...
Şanlı Qələbəmizədək yaşadığımız son illər ərzində Mehriban xanım Əliyeva qaçqın və məcburi köçkünlərin problemlərinin həlli üçün də ardıcıl işlər aparıb. Təsadüfi deyil ki, Birinci vitse-prezident vəzifəsinə təyin olunandan sonra ilk müşavirəsi də onlara həsr edilmişdi. “Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı binalarda yaşayan bütün köçkün ailələri tezliklə yeni mənzillərə köçürülməlidir. Bu məqsədlə əlavə vəsait ayrılmalıdır, binaların inşası üçün ərazi müəyyənləşdirilməlidir və tezliklə binaların inşası başlamalıdır. Bununla yanaşı, Bakı və Sumqayıt şəhərlərində tikilmiş yeni binalarda köçkün ailələrini yerləşdirmək üçün mənzillər alınmalıdır”. Həmin tədbirdə Mehriban Əliyeva belə dedi. Dedi və həmişə olduğu kimi vədinə əməl etdi. Birinci xanım da dövlətimizin başçısı kimi vədinə, verdiyi sözə həmişə sadiqdir.
Nəhayət, xalqımıza Qələbə və qürur gətirən, bunları bizə bəxş edərək uca şəhidlik mərtəbəsinə yüksələn oğullarımızın ailələri də daim Mehriban xanımı öz yanlarında görürlər. Azərbaycanın birinci xanımı öz ciyərparasını itirmiş anaların, körpəsi atasız qalmış gəlinlərin dərdinə şərik çıxır, kədərini bölür və bütün bunlarla bahəm onlara təsəlli verir, Vətən yolunda qəhrəmanlıq göstərmiş əzizləri üçün qürur keçirməli olduqlarını deyir. Amma bunları deyərkən özünü də qəhər boğur, kövrəldiyini bəzən gizlədə bilmir. Bu da ana qəlbinə xas olan əlamətdir...
Mehriban xanım böyük Analıq missiyasını da qəlbindən qaynaqlanan bir təbiiliklə yerinə yetirir.
Flora SADIQLI,
Azərbaycan.-2021.- 26 avqust.- S.3.