Qarabağın dirçəlişinin böyük himayədarı

 

44 gün davam edən  müharibədə müzəffər Azərbaycan Ordusunun təcavüzkar Ermənistanı məğlub edərək işğaldan azad etdiyi Vətən torpaqlarında bu gün həyata keçirilən tikinti-quruculuq işləri hər birimizi qürurlandırır. Sevinirik ki, Azərbaycanın 30 ilə yaxın erməni işğalında qalmış yurd yerlərinin əsl sakinlərini qarşılaması üçün hazırlıq işləri görülür.

 

Yolumuz Kəlbəcərədir, işğaldan azad edilmiş Kəlbəcərə. Ömər aşırımından keçərək Kəlbəcərə gedirik. Bu yol son bir neçə ay ərzində genişləndirildi. Çünki bu yol, demək olar ki, keçilməz idi. İndi yol boyunca tunellər tikilir. Tunellər tikiləndən sonra gediş-gəliş çox rahat olacaq. Amma hələlik biz bu yoldan istifadə edirikbu gözəl mənzərələr də göz oxşayır. Kəlbəcərin mənzərələri indi daha da gözəldir. İndi yolumuza davam edirik. Bu aşırımın hündür hissəsində dayanaraq bir daha Azərbaycan xalqını tarixi Zəfər münasibətilə təbrik etmək istəyirəm”. Bu sözləri Vətən müharibəsindən sonra Kəlbəcərə ilk səfərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir. Həmin səfərdə dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ömər aşırımından Kəlbəcərin füsunkar mənzərəsini seyr etmişlər.

 

Mehriban xanım Kəlbəcərin gözəl mənzərəsini çəkir və yol boyunca Azərbaycanın gözəl təbiətini seyr edirik. Əminəm ki, bu, kadrlara baxanlar üçünçox maraqlı olacaq. Artıq Kəlbəcərin meşələri də göründü. Bildiyimiz kimi, Kəlbəcərin çox füsunkar təbiəti var - dağlar, dərələr, meşələr.

 

Baxın bu dağıntılara. Ermənilər Kəlbəcəri tərk edərkən buraları dağıdıblar. Bütün binaları, su elektrik stansiyalarını, hamısını dağıdıblar. Bu dağıntılar erməni vəhşiliyinin növbəti təzahürüdür”. Bunlar da Kəlbəcərə gedərkən Prezident İlham Əliyevin dediyi sözlərdir.

 

Mehriban Əliyeva həmin gün - avqustun 16-da rəsmi “Instagram” səhifəsində Kəlbəcər və Laçın rayonlarına səfərlə bağlı videogörüntülər paylaşdı. Paylaşımda dostlara sevinc, düşmənə gözdağı olan bu xəbər yer aldı: “İşğaldan azad olunmuş rayonlarımıza səfərlərimiz davam edir. Bu gün biz Kəlbəcər və Laçın rayonlarında olduq...”

 

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin ilk günlərindən hər bir azərbaycanlının qəlbində qələbəyə sonsuz inam vardı. Sentyabrın 29-da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində etdiyi paylaşımda vurğulamışdır: “Azərbaycan dövləti heç vaxt başqasının torpaqlarına iddialı olmayıb, heç zaman insanlığa qarşı cinayət törətməyib. Azərbaycan Ordusu başqa dövlətin torpaqlarına ayaq basmayıb, o, doğma torpağını qoruyuronun uğrunda döyüşür!”

 

Paylaşımda Ermənistanın növbəti silahlı təxribatına cavab verildiyi, Azərbaycan Ordusunun öz Vətənini müdafiə edərək uğurlu əks-hücum əməliyyatı keçirdiyi, işğal altında olan ərazilərimizi azad etdiyi fəxrlə, fərəhlə qeyd olunurdu. Azərbaycanın bütün əsgərlərinin, zabitlərinin həyatı və sağlamlığı üçün dua etdiyini bildirən, Ulu Tanrıdan xalqımıza müqəddəs mübarizəsində yar olmasını diləyən Mehriban Əliyeva hər bir vətənsevər azərbaycanlının arzusunu belə ifadə etmişdir:Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!”

 

44 gün davam edən Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirdi. Müzəffər Ordumuz işğalçı Ermənistan ordusunu darmadağın etdi. Erməni qəsbkarları əlacı 30 ilə yaxın işğal altında saxladıqları Azərbaycan torpaqlarından qaçmaqda gördülər. Qalib Azərbaycan Ordusu Zəfər salnaməsi yazdı. Azərbaycan xalqı tarixi ədaləti güc, birlik, igidlər və şəhidlər hesabına bərpa etdi.

 

2020-ci il noyabrın 10-da Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsindəki paylaşımda zəfər sevincini belə bildirmişdir: “Bu gün böyük gündür - Qələbə Günüdür! Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu! Tarixi ədalət bərpa olundu! Həqiqətən əlamətdar olan bu hadisə münasibətilə Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm!

 

Ermənistan özünün tam və qeyd-şərtsiz kapitulyasiyasını etiraf etdi! Biz öz nəcib xilaskar missiyamızı şərəflə yerinə yetirdik! Biz öz Vətənimizi qoruduq, əzəli Azərbaycan torpaqlarını işğaldan azad etdik, Azərbaycanın səbrlə gözlədiyi Qələbəni qazandıq!”

 

Zəfərdən sonra Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə səfərləri başladı. Ötən il noyabrın 16-da Füzuli və Cəbrayılda oldular. Noyabrın 23-də isə Ağdam şəhərinə getdilər. Dövlət başçısı və birinci xanım Ağdam məscidini ziyarət etdilər. Prezident İlham Əliyev Məkkədən gətirdiyi “Qurani-Kərim”i Ağdam məscidinə bağışladı.

 

İlham Əliyev çıxışında bütün tarixi abidələrimizin dövlət tərəfindən qorunduğunu vurğuladı: “Mənim göstərişimlə və dövlət vəsaiti hesabına hazırda iki pravoslav kilsəsi təmir edilir, üçüncü kilsə isə təmir olunub. İnzibati bina tikilir. Müharibə dövründə udi qardaşlarımızın kilsəsi Heydər Əliyev Fondu tərəfindən təmir olunaraq istifadəyə verilib. Bizim Qafqaz Albaniyası kilsələri milli sərvətimizdir. Gürcü kilsələrimiz, erməni kilsəsi. Vəhşi düşmən bax bu məsciddə inək saxlayıb, donuz saxlayıb. Bu şəkillər var internetdə. Azad edilmiş Zəngilan məscidində, Cəbrayıl məscidində donuz saxlayıb”.

 

Bu il martın 16-da Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşa şəhərində oldular. Dövlət başçısı dedi: “Keçən dəfə yanvar ayında gəlmişdik. Natəvanın, Üzeyir bəy Hacıbəylinin və Bülbülün büstlərini Şuşaya qaytardıq. Bu gün bir daha Şuşaya gəlmək insana böyük zövq verir”, - deyən Prezident qısa vaxtda Azərbaycanın bu tarixi şəhərinə ikinci dəfə gəldiklərini vurğuladı.

 

Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Molla Pənah Vaqifin büstünün qoyulacağı əraziyə getdilər. İlham Əliyev: “Artıq işlərə start verilib. Layihəyə baxmışam. Bax, burada fotoşəkillər də var. Ulu Öndər Heydər Əliyev burada olarkən həm açılışda, həm də Vaqif poeziya günündə iştirak edib. Tarixi bərpa edirik. Bu layihəni Heydər Əliyev Fondu öz vəsaiti hesabına icra edəcək, Heydər Əliyev Fonduna xas olan zövqlə, Mehriban xanımın rəhbərliyi ilə”.

 

Qeyd edək ki, işğaldan azad edilən Qarabağda və ətraf rayonlarda minlərlə maddi-mədəni abidələrimiz erməni vandalizminə məruz qalıb. Azərbaycan xalqının tarixi, milli-mənəvi irsi olan həmin abidələr yenidən qurulacaq. Artıq Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən Qarabağdakı dini abidələrimizin, məscidlərimizin restavrasiyasına başlanıb.

 

2004-cü ildən ictimai qurum kimi fəaliyyət göstərən Heydər Əliyev Fondu çoxşaxəli layihələri uğurla reallaşdırır. Fond indiyədək elm, təhsil, mədəniyyət, incəsənət, səhiyyə və idmanın inkişafına xidmət edən layihələrin gerçəkləşdirilməsi, milli-mənəvi ideallara, humanist, insanpərvər dəyərlərə sadiq gənc nəslin formalaşması, gender bərabərliyinin təmini, sivilizasiyalararası dialoqun təşviqi, nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığın dərinləşməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, xüsusən də Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ölkəmizin haqlı mövqeyinin beynəlxalq aləmdə dəstəklənməsi istiqamətində geniş işlər görür.

 

Fond Qəbələ Beynəlxalq Musiqi Festivalı kimi onlarla qlobal və möhtəşəm layihələr reallaşdırıb, Azərbaycanda muğam sənətinin qorunması, inkişafı və təbliği sahəsində böyük işlər görüb. Bu müddətdə Azərbaycan muğamı UNESCO-nun bəşəriyyətin qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil edilib. Milli mədəniyyətin təbliği sahəsində, Qarabağın əzəli və əbədi Azərbaycan torpağı olduğunu bütün dünyaya nümayiş etdirən fond bir çox layihələrə imza atıb. Həmin uğurlu layihələrdən biri də UNESCO xəttilə hazırlanan “Qarabağ xanəndələri” albomudur.

 

Ümumiyyətlə, bu illər ərzində Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, Ermənistanın təcavüzkarlıq siyasətinin ifşası, həmçinin işğal nəticəsində tarixi torpaqlarından didərgin düşmüş məcburi köçkünlərimizin hüquqlarının beynəlxalq miqyasda qorunması Heydər Əliyev Fondunun fəaliyyətində xüsusi yer tutub. Bu baxımdan, “Qarabağ həqiqətləri” silsiləsi də Heydər Əliyev Fondunun uğurlu layihələrindən hesab edilir. İngilis dilində nəşr edilən, beynəlxalq ictimaiyyətə ünvanlanan, xaricdəki diplomatik nümayəndəliklərimiz, Azərbaycan diaspor təşkilatları və digər kanallarla bütün dünyaya yayılan “Qarabağ həqiqətləri” toplusuna “Qarabağın tarixi haqqında məlumat”, “Qarabağ münaqişəsinin başlanması”, “Xocalı soyqırımı”, “Azərbaycana qarşı erməni təcavüzünün nəticələri”, “Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti” kitabçaları daxildir. Avropa ölkələrində keçirilən soyqırımı qurbanlarının xatirəsini anma mərasimlərində həmin topluların elektron variantları diplomatik korpuslara, beynəlxalq təşkilatlara, kütləvi informasiya vasitələrinə, tanınmış siyasi-ictimai xadimlərə paylanılıb. Yeri gəlmişkən qeyd edək ki, Mehriban Əliyeva Heydər Əliyev Fondunun prezidenti kimi bir çox nəhəng layihələrin həyata keçirilməsinə rəhbərlik edib və dünyanın nüfuzlu mükafatlarına layiq görülüb.

 

Fondun başqa bir layihəsi də Qarabağdakı dini irsimizin, məscidlərimizin bərpası ilə bağlıdır. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, mütəxəssis qrupu işğaldan azad olunan ərazilərimizdə ermənilər tərəfindən dağıdılan dini abidələr, məscidlərin bərpasına dair layihə üzrə işlərə başlayıb. Bununla bağlı Heydər Əliyev Fondunun yaydığı məlumatda bildirilib ki, Avstriyanın “Atelier Erich Pummer GesmbH” şirkətinin rəhbəri, memar Erix Pummer Ağdam məscidində olub və məscidin mövcud vəziyyətinə dair qiymətləndirmə aparılıb.

 

Layihə çərçivəsində yerlixarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçiriləcək. İşğal illəri ərzində Şuşa şəhərində və Ağdam rayonunda dağıntılara məruz qalmış dini ibadət yerlərinin bərpası üzrə müvafiq işlərə artıq başlanılıb. Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində bununla bağlı paylaşımında bildirib: “...Əlbəttə, işğaldan azad olunmuş torpaqlarımızdakı hazırkı mənzərəni hər birimiz ürək ağrısı ilə seyr edirik. Erməni təcavüzkarları bu illər ərzində şəhər və rayonlarımızı, oradakı yaşayış və inzibati binaları, bütün infrastrukturu dağıtmış, təbii sərvətlərimizi talan etmiş, bu ərazilərdəki dini, tarixi, mədəni abidələrimizi vandalizm aktlarına məruz qoymuşdur. Bir vaxtlar Azərbaycanın dilbər guşəsi olan Qarabağ bölgəsindəki abadlıqdan əsər-əlamət qalmamışdır.

 

Amma əminliklə bildirmək istəyirəm ki, Prezident İlham Əliyevin rəhbərliyilə bütün Qarabağ bölgəsini Azərbaycanın ən gözəl bölgələrindən birinə çevirəcəyik. Burada yenidən həyat canlanacaq, bütün rayonlarımız bərpa olunacaq, vətəndaşlarımız öz doğma yurd-yuvalarında yaşayıb, yaradacaqlar”.

 

Mehriban Əliyeva vurğulayıb ki, Heydər Əliyev Fondu fəaliyyət göstərdiyi ilk gündən Azərbaycanda müxtəlif sahələri əhatə edən layihə və proqramlar həyata keçirir: “Bu gün isə qürur hissi ilə sizə Heydər Əliyev Fondunun qədim Qarabağ torpağında Azərbaycan xalqının milli sərvəti olan dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başladığını bildirmək istəyirəm. Layihə çərçivəsində yerlixarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçiriləcək. İşğal illəri ərzində Şuşa şəhərində və Ağdam rayonunda dağıntılara məruz qalmış dini ibadət yerlərinin bərpası üzrə müvafiq işlərə artıq başlanmışdır”. Mehriban Əliyeva bildirib ki, bir zamanlar ermənilərin vəhşicəsinə dağıtdığı, tövləyə çevirdiyi müqəddəs dini məkanlarımız yenidən dirçələcək və bütün Qarabağ ərazisindəki məscidlərimizdə azan səsləri eşidiləcək, dualar oxunacaq!

 

Bu yerdə bildirək ki, ermənilər Şuşadakı Yuxarı Gövhər ağa məscidində təmir adı ilə kütləvi saxtakarlıqlar ediblər. Bu məscid də Heydər Əliyev Fondunun layihəsi çərçivəsində əsaslı şəkildə bərpa olunacaq.

 

Qarabağın dini abidələrinin bərpa edilməsi Heydər Əliyev Fondunun mühüm layihələrindən olmaqla yanaşı, həm də dünyaya bir mesajdır. Bəli, biz öz tarixi, mədəni, dini irsimizə sahib çıxır, onları yenidən həyata qaytarırıq. Qarabağdakı dini abidələrimizin bərpası prosesinin başlanması Azərbaycan tərəfindən tarixi gerçəklik missiyasının, ədalətin bərpası deməkdir.

 

 

 

Zöhrə FƏRƏCOVA,

Azərbaycan.-2021.- 26 avqust.- S.11.