Tükənməz xalq məhəbbətinin ifadəsi
Xeyirxahlıq missiyasını yorulmadan daşıyan, həssaslığı ilə seçilən, yurd-yuvası Ermənistan tərəfindən darmadağın olunaraq məcburi köçkünə çevrilən vətəndaşlarımız daim Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqətində olub, mərhəmətindən bəhrələniblər.
Humanizm, xeyirxahlıq və nəcib əməllərin - ali mənəvi keyfiyyətlərin sahibləri, şərəfli missiyanın daşıyıcıları öz varlıqları ilə xalqına şan-şöhrət gətirir, onun sevimlisinə çevrilirlər. Əlbəttə ki, xalqın sevimlisinə çevrilmək o qədər də asan deyil. Bunun üçün geniş qəlbin, xalqla birgə döyünən ürəyin, xeyirxahlığın, insanpərvərliyin, hər kəsin qayğısına qalmaq kimi ali insani keyfiyyətin olmalıdır. Belə ali xarakter sahibləri tutduqları və daşıdıqları vəzifələrindən asılı olmayaraq, xalqın nəinki yaddaşına, əslində, tarixinə əbədi həkk olurlar. Şükürlər olsun ki, xalqımızın da taleyinə belə şərəfli missiya daşıyanlar yazılıb.
Əbəs yerə deməyiblər: qadınlar dünyanın sülh carçılarıdır! Onlar bəşəriyyətin ən humanistlik missiyasını daşımaqla, fəlakətləri belə aradan qaldırmaq məharətinə malikdirlər.
UNESCO və ICESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva haqqında xalqımızın ən həssas qrupuna daxil olan keçmiş məcburi köçkünlər də doğmaları, əzizləri kimi söz açır, dualarını əskik etmirlər. Bunun səbəbləri, təbii ki, çoxdur.
Mehriban xanım Əliyeva belə xeyirxahlıq missiyasını Heydər Əliyev Fondunun prezidenti olandan daşımaqdadır. Təbii ki, Mehriban xanımın humanist fəaliyyətini yalnız məcburi köçkünlərə daimi göstərdiyi qayğı ilə məhdudlaşdırmaq olmaz. Ölkəmizin istər aztəminatlı və şəhid ailələri, eləcə də qazilərimizin, tənha və kimsəsizlərin, bir sözlə, sosial problemlərlə üzləşən hər kəsin qayğısına qalmaq Mehriban xanım Əliyevanın fəaliyyətinin əsas xəttini təşkil edir.
Sadalamaqla bitməyən uğur və qazanılan nailiyyətlər
2005, 2010 və 2015-ci illərdə Milli Məclisin deputatı seçilən Mehriban xanım Əliyevanın fəaliyyəti parlament tarixinin şərəfli səhifələrindəndir. Əslində, Mehriban xanımın deputat kimi, əsas fəaliyyəti yalnız seçicilərinin problemlərinin həllindən ibarət olmayıb. Öz seçicilərinə diqqət və qayğısı, onların sosial problemlərinin həlli istiqamətində gördüyü misilsiz işlərlə əsl millət vəkilliyinin nümunəsini yaradan Mehriban Əliyeva Milli Məclisin müzakirəsinə təqdim etdiyi layihələrlə də milli qanunvericiliyin təkmilləşməsinə böyük töhfələr verib. Ölkənin birinci xanımının eyni zamanda parlamentdə dostluq qrupunun sədri kimi fəaliyyəti nəticəsində müxtəlif ölkələrlə əməkdaşlıqda qazanılan uğurları da sadalamaqla bitməz.
Cəmiyyət üçün ciddi təhlükə törətməyən minlərlə insanın Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul edilən amnistiya aktı əsasında həbsdən azadlığa buraxılması da deputatlıq fəaliyyətinin xoşməramlı missiyasından xəbər verir. Əlbəttə, təlqin etdiyi xeyirxahlıq, mərhəmət, maarifçilik kimi ali, yer üzündə sülhə, mədəni dəyərlərin qorunmasına, sivilizasiyalararası dialoqa verdiyi töhfələr beynəlxalq aləmdə Mehriban xanım Əliyevaya böyük nüfuz qazandırıb. O, UNESCO və ISESCO-nun xoşməramlı səfiri kimi Qərb və Şərq dünyasının bu iki yüksək statusunu eyni vaxtda daşıyan ilk və yeganə şəxsiyyətdir.
Mehriban Əliyevanın həyatda mükafatları çoxdur. Ən ali mükafatı isə respublikamızda mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə, həmçinin Birinci Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə Prezident İlham Əliyevin sərəncamı ilə verilən “Heydər Əliyev” ordenidir. Bu mükafat, əslində, Azərbaycan dövlətinin Mehriban xanım Əliyevanın fəaliyyətinə və xalqımız qarşısındakı xidmətlərinə verdiyi yüksək qiymətdir.
Mehriban xanım Əliyevanın fəaliyyətində sosial məsələlər, həssas vətəndaş qruplarına, qayğıya daha çox ehtiyacı olanlara, kimsəsiz uşaqlara kömək göstərilməsi əsas yer tutur. Birinci vitse-prezident təyin olunduğu ilk günlərdən xeyirxahlıq və daha çox sosial qayğıya ehtiyacı olan vətəndaşlara yüksək diqqət yetirir. Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti kimi öz vəzifəsinin icrasına məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasından başlaması əsl vətəndaşlıq missiyasından, xüsusən sosial məsələlərə olan həssas münasibətindən xəbər verirdi.
Mehriban Əliyeva: “...Məhəbbətiniz mənim üçün ən əsas güc mənbəyidir...”
Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı müşavirənin keçirilməsi heç də təsadüfi deyildi. Orada qarşıya qoyulan vəzifələr göstərdi ki, əhalinin xüsusi qayğıya ehtiyacı olan qruplarının, o cümlədən məcburi köçkünlərin sosial məsələlərinin həlli daim Birinci vitse-prezidentin diqqətində olacaq. Artıq arxada qalan illər ərzində minlərlə məcburi köçkün ailəsi yeni mənzillərlə təmin olunub. Aprel döyüşlərində hərbi rəşadət göstərmiş hərbçilərimiz ilə görüşü isə Birinci vitse-prezident kimi Mehriban Əliyevanın respublikamızda həssas təbəqədən olan insanların, əlilliyi olan şəxslərin sosial müdafiəsinə, reabilitasiya və cəmiyyətə inteqrasiya məsələlərinə xüsusi diqqətinin əyani göstəricisi idi.
2019-cu il aprelin 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakı şəhərinin Nəsimi rayonundakı Tibb Universitetinin 4 saylı yataqxanasında və Qaradağda salınan “Qobu Park” yaşayış kompleksində məskunlaşan məcburi köçkünlərlə görüşündə bir daha göstərdi ki, o, sözün əsl mənasında, insanların doğmasıdır.
1993-cü ildən işğal altında olan bütün rayonlardan məcburi köçkünlərin məskunlaşdığı yataqxanada 150-dən çox ailə yaşayırdı. Məcburi köçkün ailələri dövlətin onlara göstərdiyi diqqət və qayğını yüksək dəyərləndirdiklərini bildirdilər və bu dəstəyi hər zaman hiss etdiklərini söylədilər.
Həmin görüşdə bu istiqamətdə görülən işlərin yenə də davam etdiriləcəyini vurğulayan Birinci vitse-prezident Mehriban Əliyeva dedi: “Çox sağ olun ki, məni belə qarşılayırsınız. Əziz analar, əziz bacılar, mən sizi çox sevirəm. Mən sizin üçün əlimdən gələn hər şeyi edəcəyəm. Mən gəlmişəm sizinlə danışım, problemlərinizi öyrənim. Sizə söz verirəm, həm cənab Prezident, həm mən daim sizin yanınızdayıq. Mən bilirəm ki, siz yararsız binalarda çətin vəziyyətdə yaşayırsınız. İnanın mənə, tapşırığımla yeni yol xəritəsi hazırlanır. Bütün yataqxanalarda, bütün ponsionatlarda həm nazirliyin, həm Heydər Əliyev Fondunun əməkdaşları, həm də Regionların İnkişafı Fondunun əməkdaşları bir-bir gəzəcəklər, araşdıracaqlar, insanlarla görüşəcəklər, bütün problemləri öyrənəcəklər, lazım gəlsə, özüm də bütün pansionatları gəzəcəyəm...”
Mehriban xanım Əliyeva onu da bildirdi ki, Prezident İlham Əliyevin diqqətində olan ən vacib məsələ məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasıdır. Bugünə qədər çox böyük işlər görülüb - 300 mindən artıq insan evlə təmin olunub. O da xatırladıldı ki, 2017-2018-ci illərdə 6126 mənzil təhvil verilibsə, yalnız 2019-cu ildə bu rəqəm 6 minə çatacaq.
Mehriban xanım Əliyeva bu dəfə də məcburi köçkünlərin sınıq qəlbini ovunduran səmimi ürək sözləri ilə adını onların yaddaşına yazdı: “...Çox sağ olun, siz də bilin ki, sizin sözləriniz, dəstəyiniz, məhəbbətiniz mənim üçün ən əsas güc mənbəyidir. Mən bunu görəndə daha da çox işləməyə hazıram və mənim vəzifəm budur. Hər zaman sizin yanınızdayam...”
Verilən vəd, əməli fəaliyyət
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Qaradağ rayonunda məcburi köçkünlər üçün salınan “Qobu Park” yaşayış kompleksində olarkən də öz tarixi missiyasını şərəflə daşıdığını təsdiqlədi: “...Bu münaqişə və torpaqlarımızın işğal altına düşməsi nəticəsində qaçqın və köçkün həyatı sürməyə məcbur olan soydaşlarımızın problemlərinin həlli bizim ən böyük vəzifəmizdir. Buraya gəlməmişdən əvvəl Bakıda yataqxanada məskunlaşmış soydaşlarımızla görüşdüm. Çox acınacaqlı, təhlükəli vəziyyətdə yaşayırlar. Onların hamısını normal ev şəraiti ilə təmin etmək dövlətimizin, Prezidentimizin, şəxsən mənim ən vacib vəzifəmizdir. Bu istiqamətdə bütün lazımi işlər görülüb və görülür. İndiyədək 300 mindən çox soydaşımız evlə təmin olunub, 103 yeni qəsəbə, şəhərcik salınıb. Mən əminəm, buna iradə də, imkan da var. Bütün bu məsələlər ardıcıl olaraq öz həllini tapacaq. İnşallah, Qarabağ problemi də öz həllini gərək sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri əsasında tapsın, soydaşlarımız doğma torpaqlarına qayıtsın. Hələ ki bütün soydaşlarımızı normal yaşayış şəraiti ilə, işlə təmin etmək Azərbaycan dövlətinin ən əsas vəzifəsidir. Mən sizin hər birinizi görməyə çox şadam. Əgər sizin hansısa problemləriniz, xahişləriniz varsa, mən hər zaman kömək etməyə hazıram, hər zaman sizin yanınızdayam”.
Birinci vitse-prezident səmimi şəkildə görüşdüyü insanlara bildirdilər ki, həm Prezidentin, həm də özünün ürəyində daim onlara böyük hörmət, məhəbbət, istək var: “Bilin ki, fəaliyyətimdə mənim üçün ən vacib, ən mühüm güc mənbəyi məhz sizinlə, insanlarla ünsiyyətdə olmaqdır. Mən sizin sevginizi, dəstəyinizi hiss edəndə daha inamlı oluram. Mənim üçün böyük şərəfdir ki, insanlar mənə dəstək verir, məni sevir, mənə inanır. Sizi əmin etmək istəyirəm ki, mən sizin etimadınızı doğruldacağam”.
Birinci vitse-prezident “Qobu Park-3” yaşayış kompleksində olarkən məlumat verildi ki, məcburi köçkünlər üçün salınmış 111-ci qəsəbənin özəlliyi də var: ilk dəfədir ki, qaçqın və məcburi köçkünlərin məskunlaşdığı ərazidə istehsal müəssisələri qurulub. Kompleksdə 1336 məcburi köçkün ailəsi yerləşəcək. Bütövlükdə isə Qobu qəsəbəsində 3 layihədə üst-üstə 3700-ə yaxın məcburi köçkün ailəsinin müvəqqəti məskunlaşdırılması nəzərdə tutulurdu.
44 günlük Vətən müharibəsi və şanlı Qələbənin açdığı yeni yollar
2018-ci və 2019-cu illərdə istifadəyə verilən “Qobu-1” və “Qobu-2” layihəsinin təşəbbüskarı məhz Mehriban xanım olub və 2017-ci ildə özünün iştirakı ilə burada yaşayış kompleksinin təməli qoyulub. Kompleksin açılışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev bildirdi ki, o vaxt bura boş ərazi idi, heç nə yox idi və demək olar ki, 3 il ərzində ardıcıllıqla burada gözəl bir şəhər yaradılıb: “Çünki bu 3 şəhərcikdə toplam 20 minə yaxın insan yaşayacaq və bu, bir daha onu göstərir ki, əgər iradə varsa, əgər siyasət düzgün aparılırsa və əgər insanların ürəyində ən ülvi hisslər reallıqda öz əksini taparsa, istənilən təşəbbüs, istənilən gözəl ideya həyata keçər. Ötən il rekord sayda evlər-mənzillər tikildi - 5 minə yaxın. Bu il qarşıya hədəf qoyulub ki, 7 min, bəlkə də 8 min məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin edilsin. Əgər biz buna nail olsaq, bir il ərzində həm Bakı şəhərində, Sumqayıt şəhərində və digər şəhərlərdə təqribən 40 minə yaxın insan yeni evlərə köçürüləcək... Ancaq onu da bilməliyik və bütün Azərbaycan xalqı bilməlidir ki, bu, sizin üçün müvəqqəti yaşayış yeridir. Torpaqlarımız işğaldan azad ediləndən sonra biz bu gün hələ də işğal altında olan torpaqlarda buna oxşar gözəl binalar, şəhərciklər tikəcəyik, ermənilər tərəfindən dağılmış şəhərlərimizi yenidən quracağıq...”
Azərbaycan Prezidentinin əminliklə “Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, bunu deməyə əsas verən bir çox amillər var - bizim hərbi gücümüz və biz bunu göstərmişik”,-söyləməsi, əlbəttə, məcburi köçkünlərin dövlət başçısına və Birinci vitse-prezidentə xalq məhəbbətini birə-min artırmış oldu: “... Biz bu gün işğal altında olan bütün digər torpaqlarda da bərpa işləri görəcəyik. Azərbaycan öz suverenliyini təmin edəcəkdir. Beynəlxalq hüquq, hərbi qüdrətimiz, eyni zamanda, iqtisadi üstünlüyümüz, əlbəttə ki, torpaqlarımızın azad olunmasında əsas rol oynayacaqdır. Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc amili ön plana çıxır, bəzi ölkələr, hətta böyük demokratik ənənələri olan ölkələr də bəzi hallarda beynəlxalq hüquqa məhəl qoymadan öz maraqlarını təmin edirlər. Nəyin hesabına? Gücün hesabına. Ona görə ordu quruculuğu mənim Prezident kimi fəaliyyətimdə həmişə ön plandadır. Bu gün biz elə bir qüdrətli ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Əlbəttə ki, sadaladığım bütün bu müsbət amillər, eyni zamanda, demoqrafik vəziyyət bizim üstünlüyümüzü bundan sonra da təmin edəcək. Dağlıq Qarabağ probleminin həlli tarixi məsələdir və biz bu məsələni birdəfəlik və tam həll etməliyik. Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmalıdır”.
Həyata keçirilən tədbirlər nəticəsində 315 min məcburi köçkünün, yəni, 62 min 494 ailənin mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Dövlət başçısının da həmin görüşdə xüsusi vurğuladığı kimi, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva məcburi köçkünlərin sosial məsələlərinin həllinə olduqca həssaslıqla yanaşır, bu qəbildən olan soydaşlarımızın həyat şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması, sosial rifahının daha da yüksəldilməsi məsələsinə xüsusi qayğı göstərir. Bu qayğı özünü “Qobu Park-3” yaşayış kompleksində də aydın nümayiş etdirir.
Beləliklə, onu demək kifayətdir ki, verilən vədlər ardıcıl olaraq yerinə yetirilir. Ötənilki 44 günlük Vətən müharibəsndə əldə etdiyimiz şanlı Qələbə də məhz dövlət başçısının və Birinci xanım Mehriban Əliyevanın məcburi köçkün vətəndaşlarımızın arzularının, istəklərinin gerçəkləşəcəyinə verilən vədin əyani təsdiqidir. Məhz belə şərəfli xidmətə görə artıq doğma yurdları işğaldan azad edilən keçmiş məcburi köçkünlərin dövlət başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya tükənməz məhəbbəti var.
Məhəmməd NƏRİMANOĞLU,
Azərbaycan.-2021.- 26 avqust.- S.11.