Kəngərlilərin altı
generalından biri
Hərb tariximizin
şanlı səhifələrini yaradan Cəmşid Naxçıvanskinin
Naxçıvandakı ev-muzeyindən virtual
reportaj
“Müstəqil Azərbaycanın bu gün də, gələcəkdə də çox güclü ordusu olmalıdır. Olmalıdır ki, torpaqlarımız bundan sonra işğal edilməsin. Olmalıdır ki, torpaqlarımızın hər bir qarışı qoruna bilsin. Olmalıdır ki, dünya tarixində böyük yer tutmuş sərkərdələr kimi müstəqil Azərbaycanın özünün də hərbi sərkərdəsi olsun”. Bu fikirlərin müəllifi olan Ulu Öndər Heydər Əliyevin böyüklüyü bir də ondadır ki, hələ sovetlər birliyi dövründə müdrikliyi və uzaqgörənliyi sayəsində ölkənin gələcəkdə qüdrətli Milli Ordusunun formalaşmasında mühüm rol oynayacaq hərbi kadrların yetişdirilməsi barədə düşünmüşdür. Naxçıvanda hərbi təmayüllü məktəbin yaradılması da məhz həmin uzaqgörənliyin nəticəsi idi.
Əlbəttə, hər bir xalqın şanlı tarixində şəxsiyyətlər az olmayıb. Onların hər biri göstərdikləri rəşadətlə yaddaşlara yazılıblar. Şifahi xalq ədəbiyyatından tanıdığımız, haqqında nağıl, rəvayət, sonralar dastanlarda vəsf edilən qəhrəmanları əfsanələşdirən onların misilsiz xidmətləri, milli, bəşəri düşüncələri, siyasi-ideoloji baxışları, fəlsəfi məfkurələridir.
Bu ilin iyul ayında xalqımızın qəhrəman oğlu, şəhid general Polad Həşimovun keçdiyi mərdlik, igidlik, vətənpərvərlik yolu da məhz haqqında oxuduğu, öyrəndiyi Cəmşid Naxçıvanski kimi sərkərdələrdən başlayıb. O sərkərdə ki, Azərbaycanın hərb tarixinə 6 general bəxş edən Kəngərli nəslindən boy verib. Əlbəttə, bu nəslin yetişdirdiyi yüksək rütbəli hərbi xadimlər kimi tanıdığımız Ehsan xan, Kalbalı xan, İsmayıl xan, Hüseyn xan, Cəfərqulu xan Cəmşid Naxçıvanskinin həyatında mühüm rol oynayıb.
Xalqımızın hərb tarixinin şanlı səhifələrindən tanıdığımız görkəmli sərkərdənin adını daşıyan muzey də ziyarət yerinə çevrilib. Bu ziyarətgaha yolu düşənlər burada bir-birindən zəngin materiallardan öyrənir ki, ötən əsrin 20-30-cu illərində milli hərbi kadrların yetişdirilməsində, vətənimizin müdafiə qüdrətinin möhkəmləndirilməsində sərkərdələrimizin xüsusi xidmətləri olub. Belə sərkərdələrdən biri də Naxçıvan şəhərində dünyaya göz açan Cəmşid Naxçıvanskidir. Cəmi 43 illik ömrünün 26 ilini hərb sənətinə həsr edib - sıravi əsgərdən igidliyi, qəhrəmanlığı və şücaəti sayəsində generaladək şərəfli, lakin çox çətin yol keçib.
O zaman hərb sənətinin inkişafında və kadr hazırlığı sahəsində mühüm rol oynayan sərkərdənin fəaliyyəti diqqətdən kənarda qalmayıb, dəfələrlə mükafatlandırılıb. Lakin misilsiz xidmətlərinə, göstərdiyi böyük şücaətlərinə baxmayaraq, ötən əsrin 30-cu illərinin repressiyası Azərbaycanın digər görkəmli nümayəndələrindən biri kimi, təəssüf ki, onun da həyatından yan keçməyib: 1938-ci il avqustun 26-da Cəmşid Naxçıvanski ağır repressiyaya məruz qalıb, totalitarizmin qurbanına çevrilib.
Xalqın həyatında mühüm iz qoymuş fədakarlar heç vaxt unudulmayıb. Cəmşid Naxçıvanski də bu mənada xoşbəxtdir ki, ev-muzeyi, adını daşıyan Respublika Hərbi Təyinatlı Orta İnternat Məktəbi və küçələr var.
Görkəmli sərkərdənin şərəfli ömür yolu haqqında zəngin məlumatlarla dolu olan ev-muzeyi doğulduğu, ömrünün 12 ilini yaşadığı, çoxlarının Cəfərqulu xanın mülkü kimi tanıdığı doğma ocağında fəaliyyət göstərir.
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və qayğısı ilə yaradılan, Azərbaycanın ilk milli atıcı diviziyasının komandiri olmuş Cəmşid Naxçıvanskinin ev-muzeyi hərb tarixində bizə məlum olmayan məqamlar barədə də söhbət açır. Sərkərdənin keçdiyi döyüş yolunun, hərbi fəaliyyətinin təbliği, adının əbədiləşdirilməsi muzeyin yaradılmasının əsas məqsədlərindən biri olub. Ümummilli Lider Heydər Əliyev respublikaya sovetlər birliyi dövründə rəhbərlik edərkən, Cəmşid Naxçıvanskinin anadan olmasının 85 illik yubileyi ilə əlaqədar 1981-ci il 8 avqust tarixli qərar imzalayıb. Bundan təxminən bir il sonra, daha dəqiq desək, 22 oktyabr 1982-ci ildə isə Naxçıvan şəhərində generalın ev-muzeyi fəaliyyətə başlayıb.
Muzeyin açılışı zamanı onun fondunda cəmi 300 eksponat olub. Lakin bu gün onların sayı 6 minə yaxındır. Ekspozisiyasında 500-dək eksponat nümayiş etdirilən muzey, sözün əsl mənasında generalın ömür yoluna işıq salır, keçdiyi hər döyüşdən, qazandığı qələbədən soraq verir.
Muzey 6 ekspozisiya zalından, fond və iş otaqlarından ibarətdir. Sərkərdənin xatirəsinin əbədiləşdirilməsi, onun uşaqlıq və gənclik, həmçinin hərbi təhsil illəri, Birinci Dünya müharibəsində iştirakı, Azərbaycan Xalq Cümhuriyyətinin təşkil etdiyi milli ordu quruculuğunda, Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonrakı dövrdə və Moskvada Frunze adına Hərbi Akademiyada hərbi-pedaqoji fəaliyyəti, təltifləri, repressiyaya məruz qalması, eləcə də generalın ailəsi və yaxın qohumları ilə bağlı sənədlər, kitablar, fotoşəkillər, digər eksponatlar müxtəlif bölmələrdə mühafizə edilir.
Görkəmli hərbi xadimin şücaəti, xalqı qarşısında, vətənin müstəqilliyi uğrunda danılmaz xidmətləri hər zaman yüksək qiymətləndirilib. Generalın anadan olmasının 120 illik yubileyi ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci il 2 aprel tarixli Sərəncamı görkəmli şəxsiyyətə dövlət tərəfindən verilən dəyərin bariz nümunəsidir.
Cəmşid Naxçıvanski irsinin yaşadılmasında, gələcək nəsillərə çatdırılmasında, gənclərdə hərbi-vətənpərvərlik tərbiyəsinin formalaşdırılmasında muzey öz fəaliyyətini uğurla davam etdirir. Burada Ümummilli Lider Heydər Əliyevin adını daşıyan otaq zənginliyi ilə diqqəti çəkir.
Son illər əldə edilən eksponatlar əsasında yeni guşə yaradılıb, digərləri isə zənginləşdirilib. Qafqazşünas alim R.N.İvanov tərəfindən muzeyə hədiyyə olunan Cəmşid Naxçıvanski ilə bağlı qiymətli eksponatlar “Cəmşid Naxçıvanskinin son taleyi” adlı guşədə nümayiş etdirilir.
Muzeyin ötən il sentyabrın 23-də
yenidənqurmadan sonra
açılışında Naxçıvan Muxtar
Respublikasının Ali Məclisinin sədri
Vasif Talıbov qeyd edib ki, Naxçıvanskilər
nəslinin nümayəndələri olan generallar şərəfli döyüş
yolu keçmiş, gələcək
nəsillər üçün nümunəvi
vətənpərvərlik irsi qoyub getmişlər. Cəmşid Naxçıvanski də bu nəslin yetirdiyi altı generaldan biri olub.
Həyatının məqsədini Vətənə
xidmətdə görən
Cəmşid Naxçıvanski
bir-birinə zidd olan üç quruluşda yaşamasına
baxmayaraq, şərəfli
zabit adını yüksək tutub, təmsil etdiyi nəslin və xalqın ləyaqətini qoruyub. 1920-ci ilin
əvvəllərində Dağlıq
Qarabağda azərbaycanlı
əhaliyə amansız
divan tutan erməni quldur dəstələrinin
komandanlıq etdiyi alay tərəfindən
darmadağın edilməsi
və qısa müddətdə orada əmin-amanlıq yaratması
xalqının müstəqilliyini
sevən sərkərdə
kimi Cəmşid Naxçıvanskinin şöhrətini
daha da artırıb.
Muzey həm də gələcək nəsillərin tərbiyəsi
və vətənpərvərlik
ruhunda yetişməsində
mühüm əhəmiyyəti
ilə seçilir.
Məhəmməd NƏRİMANOĞLU,
Azərbaycan.-2021.- 26 avqust.- S.14.