Bu dəfə də ilk medalımız bürünc oldu

 

Pauerliftinqçimiz Pərvin Məmmədov paralimpiadanı 3-cü yerdə başa vurdu

 

 

 

Tokioda XVI Paralimpiya Oyunları davam edir. Planetin ən güclü idmançılarının yarışdığı turnirdə gərgin idman mübarizəsinin şahidi oluruq. Azərbaycanda da hamı Tokiodan medal xəbəri eşitmək ümidi ilə yarışları izləyir.

 

Bundan əvvəl iştirak etdikləri 6 paralimpiadada qazandıqları medallarla xalqımızı sevindirən Paralimpiya yığmamız artıq ilk medalını qazanıb. İlk yarış günündə bu idman növündə Pərvin Məmmədov (-49 kq) bürünc medala layiq görülüb.

 

Təmsilçimiz 156 kq ağırlıq qaldıraraq bürünc medal qazanmaqla yanaşı, ölkə idmanı tarixinə düşüb. Belə ki, bununla Azərbaycan komandasının paralimpiadalarda medal qazandığı növlərin sayı 5-ə yüksəlib. Xatırladaq ki, idmançılarımız indiyədək güllə atıcılığı, cüdo, atletika üzgüçülük növlərində fərqlənmişlər.

 

İlk medalçımız Pərvin Məmmədov deyib ki, sevincinin həddi-hüdudu yoxdur: “Bu, dünənə qədər mənim üçün yuxu kimi idi. Çox sevinirəm ki, Tokioda bayrağımızı ucalda bildim. Məşqçimizlə çox əziyyət çəkdik. Şükür Allaha, əziyyətimiz yerdə qalmadı. Azərbaycana ilk medalı qazandırdığım üçün çox xoşbəxtəm. Yarış çətin keçdi rəqiblərim çox güclü idi. Ən əsası, mükafatçılar arasında yer almağı bacardım”.

 

Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov bildirib ki, paralimpiyaçımız Pərvin Məmmədov ölkəmizi layiqincə təmsil etdi: “Komandamızın üzvü ölkəmizə ilk medal qazandırdığı üçün sevincimizin həddi-hüdudu yoxdur. Ümid edirik ki, medalların həm əyar, həm də say üzrə davamı gələcək. Hamını təbrik edirəm. Bundan sonra bizdən yeni qələbələr gözləyin və var gücünüzlə dəstəkləyin”.

 

 

Azərbaycan.-2021.- 27 avqust.- S.1;8.