Cənubi amerikalı jurnalistlər Füzulidə minalanmış sahələrin təmizlənməsi prosesini izləyiblər

 

 

Ölkəmizdə səfərdə olan cənubi amerikalı jurnalistlər avqustun 26-da Füzulidə Minatəmizləmə Agentliyinin nümayəndələri ilə görüşüb, minalanmış sahələrin təmizlənməsi prosesini izləyiblər.

 

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xarici jurnalistlər Füzuli-Cəbrayıl yolunda minatəmizləmə işləri ilə tanış olublar. Bildirilib ki, ötən il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan 30 ildir işğal altında qalan torpaqlarını düşməndən azad edib. Ermənistan tərəfi həm işğal dövründə, həm də müharibə vaxtı Azərbaycan torpaqlarına yüz minlərlə mina basdırıb. Hazırda azad olunmuş ərazilərdə minatəmizləmə əməliyyatları bütün gücü ilə davam edir. 2020-ci il noyabrın 10-da Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından sonra mina partlaması nəticəsində 30-a yaxın Azərbaycan vətəndaşı həlak olub, 100-dən çox insan yaralanıb.

 

Bundan əlavə, minalar azad olunmuş ərazilərdə yenidənqurma prosesini və məcburi köçkünlərin evlərinə qayıdışını da ləngidir. Belə geniş ərazilərin minalardan təmizlənməsi olduqca böyük zamanresurs tələb edir. Ermənistan isə mina xəritələrini verməkdən boyun qaçırır. Beynəlxalq ictimaiyyət Ermənistanı məcbur etməlidir ki, azad olunmuş bütün ərazilərin dəqiq olan mina xəritələrini Azərbaycana versin. Çünki bəzi rayonların mina xəritələrini versələr də, onların dəqiqliyi 25 faizə bərabərdir.

 

Diqqətə çatdırılıb ki, təmizlənmiş ərazilərdə əsasən Rusiya istehsalı olan tank əleyhinə və Ermənistan istehsalı olan piyada əleyhinə minalar aşkarlanır. Təkcə bu gün 10 belə mina aşkarlanaraq zərərsizləşdirilib.

 

Qonaqlara məlumat verilib ki, Qarabağda və Şərqi Zəngəzurda indi həm minalardan təmizləmə işləri, eyni zamanda, infrastruktur işləri sürətlə gedir. Böyük infrastruktur layihələri – avtomobil yolları, elektrik xətləri, su xətləri, hava limanları, dəmir yolları tikilir. Növbəti mərhələdə isə yaşayış yerlərinin inşasına start veriləcək. Artıq ilk belə pilot layihə Cəbrayılda həyata keçirilir. Bütün bu işlərin sürətlə aparılması üçün ərazilərin minalardan təmizlənməsi vacib şərtdir.

 

Sonra qonaqlar Cəbrayıl rayonuna yola düşüblər.

 

Qeyd edək ki, avqustun 26-da Cənubi Amerikadan olan KİV nümayəndələrinin işğaldan azad edilən ərazilərə səfəri başlayıb. Qonaqları Azərbaycanın Xarici İşlər Nazirliyinin əməkdaşı Emin Ələsgərov müşayiət edir. Səfərin məqsədi cənubi amerikalı jurnalistlərin işğal zamanı ermənilər tərəfindən Azərbaycan ərazilərində törədilən vəhşiliklər, dağıdılan tarixi abidələr və yerlə-yeksan olunan yaşayış əraziləri barədə məlumatlandırılmasıdır. Üç günlük səfər zamanı xarici jurnalistlər Füzuli, Cəbrayıl, Şuşa və Gəncədə olacaqlar.

 

Cənubi Amerikadan gələn media qrupuna Meksikanın ən nüfuzlu KİV-indən olanEl Universal” gündəlik qəzetinin redaktoru Qabriel Moyssen, Kolumbiyanın geniş izləyici kütləsinə malikImpacto Mundo” telekanalının aparıcısı, ölkənin ən nüfuzlu siyasi xəbər portallarından “Las2Orillas”, “El Expediente” və “Ola Politica” agentliklərinin müxbiri Roberto Trobaxo, Perudan olan siyasi şərhçi, ölkənin aparıcı jurnalistlərinin bir arada cəmləşdiyi “Peru Jurnalistlər Federasiyası”nın vitse-prezidenti Rikardo Sançes, Perunun nüfuzluLa Razon” qəzeti və “Prensa21” xəbər portalının direktoru Karlos Linares Uarinqa, Kosta-Rikadan isə “Horizontes TV” telekanalının aparıcısı Denis Mora Qusman daxildirlər.

 

Azərbaycan.-2021.- 27 avqust.- S.7.