Dövlətin dəstəyi kəndlinin
əməyini əvəzsiz qoymur
Bu mövsüm pambıqçının
qazancı daha çox
olacaq
Prezident İlham Əliyevin ölkədə qeyri-neft sektorunun inkişafı məqsədilə müəyyən etdiyi siyasət, bu yolda həyata keçirdiyi genişmiqyaslı tədbirlər özünü doğrultmaqdadır. Bu baxımdan dövlət başçısının 2016-cı ilin sentyabrında pambıqçılıqla bağlı Sabirabadda keçirdiyi respublika müşavirəsi ənənəvi və gəlirli sahənin dirçəldilməsinin başlanğıcı oldu.
Həmin müşavirədən sonra sanki kənd əhalisinin üzünə gün doğdu. Tarlalar yavaş-yavaş ağarmağa başladı. Dolanışığı torpaqdan çıxan kəndlinin gün-güzəranı ildən-ilə müqayisəedilməz dərəcədə yaxşılaşdı. İllər keçdikcə sözügedən tarixi müşavirədə dövlət başçısının söylədiyi “Mən əminəm ki, Sabirabad rayonunda və bütün başqa pambıq əkilən rayonlarımızda pambıqçılığın şöhrətini bərpa edəcəyik. Bu, həm insanlar, həm dövlət üçün böyük gəlir gətirən bir sahədir” sözlərinin həqiqət olduğunu zaman birmənalı təsdiq etdi. Necə etməsin ki, son 5 il ərzində ölkədə pambıq istehsalı 89 min tondan 336 min tona yüksəlmişdir.
Bəli, bu gün ölkənin aqrar sektorunda pambıqçılıq əsas istiqamətlərdən biridir. Strateji əhəmiyyətə malik bu sahənin inkişafı daim dövlətin diqqət mərkəzindədir. Bunu sübut etmək ən son misal: cari ilin məhsulu üçün pambığın alış qiyməti hər ton üçün 50 manat artırılmışdır. Bundan əlavə isə, fermerlərə təhvil verilən pambığın hər tonuna görə, 100 manat subsidiya və pambıq əkdikləri sahənin hər hektarına görə, 260 manat əkin subsidiyası ödənilir.
Artıq pambıqçılıqda məsul dövrdür. Aylardan bəri çəkilən zəhmətin, axıdılan alın tərinin məntiqi nəticəsi olaraq göz işlədikcə uzanan tarlalar yavaş-yavaş ağ örpəyə bürünür. Bir neçə gündən sonra məhsul yığımına start veriləcək. İndi bu mühüm təsərrüfat kampaniyasına yerlərdə ciddi hazırlıq görülür. Yığım və nəqliyyat vasitələri təmir edilib hazır vəziyyətə gətirilir, emal müəssisələrinin qəbul məntəqələrində son hazırlıq işləri görülür.
Bərdə bütün zamanlarda Azərbaycanın pambıqçılıq mərkəzi kimi ad çıxarmışdır. 80-ci illərdə Bərdədə pambıq istehsalının həcmi 125 min ton səviyyəsinə yüksəlmişdir. Bu gün də rayonun fermerləri pambıqçılığın inkişafında maraqlıdırlar. Cari ilin məhsul yığımı ərəfəsində pambığın alış qiymətinin artırılması xəbəri isə bu marağı daha da artırmışdır.
“Azər Pambıq”ın Bərdə filialında olarkən aldığımız təəssürat, fermerlərin söhbətindəki nikbinlik deməyə əsas verir ki, cari il Bərdə pambıqçıları bu maddi dəstəkdən faydalanaraq həm öz maddi durumlarını yaxşılaşdıracaq, həm də ölkə iqtisadiyyatının güclənməsinə yeni töhfələr verəcəklər. Filialın məsul işçisi Məmməd Əsgərovun söhbətindən öyrəndik ki, bu il 4.350 hektarda pambıq əkilib. Becərmədə aqrotexniki tələblərə ciddi əməl edilməsi nəticəsində tarlalarda bol məhsul yetişdirilib. Xatırladaq ki, keçən il filial 13.707 ton pambıq istehsal edib. Hər hektarın məhsuldarlığı 31,8 sentner olub. Cari ilin hədəfi isə 35 sentnerdir.
Bu günlər zavodda işlərin qızğın çağıdır. Pambıqyığan maşınlar, nəqliyyat traktorları, dərmansəpən aqreqatlar təmir olunur, yeni mövsümə tam hazırlanması üçün digər zəruri tədbirlər görülür.
Bərdədə ötən illərdə olduğu kimi, yenə də məhsul yığımında texnikaya geniş meydan veriləcək. Məhsul yığımında 21 pambıqyığan maşından istifadə olunacaq. 77 nəqliyyat traktoru da qoşqularla birlikdə start xəttindədir. Pambıq kollarının yarpağının tökdürülməsi üçün isə 14 traktora dərmansəpən aqreqatlar quraşdırılmışdır. Mexanizatorlar Nazim Mustafayev, Vüqar Nəsirov, Rafil Gülməmmədov, Elşad Ağayev, Şahin Süleymanov və başqaları yığımı səbirsizliklə gözləyirlər.
“Azər Pambıq”ın Bərdə filialı ilə bağladığı müqavilə əsasında pambıq əkib-becərən ayrı-ayrı fermerlərlə görüşüb həmsöhbət olduq. Qabaqcıl fermer Feruz İsmayılov keçən il 22 hektar sahənin hər hektarından orta hesabla 50 sentner pambıq istehsal etmişdir. Şirvanlı kəndinin bu hünərvər əmək adamı cari ilin məhsulu üçün pambığın alış qiymətinin hər ton üçün 50 manat artırılmasından məmnunluqla söz açdı:
- Pambığın alış qiymətlərinin hər tona görə 50 manat artırılmasını çəkdiyimiz zəhmətin, axıtdığımız alın tərinin dəyərləndirilməsi kimi qiymətləndirirəm. Bu il 35 hektarda bol məhsul yetişdirmişik. Orta hesabla hər hektardan 55 sentner məhsul götürmək əzmindəyik. Bütövlükdə azı 200 ton pambıq tədarük edəcəyik. Hesablamışam, yeni qiymət artım hesabına qazancımız təxminən 10 min manat artıq olacaq. Az pul deyil. Sağ olsunlar. Bizdən isə bu addımı atanlara təşəkkür etmək qalır.
Lazım QULİYEV,
Azərbaycan.-2021.- 28 avqust.- S.1;3.