Şəhid ailələrinə
və müharibə əlillərinə dövlət
qayğısı davamlıdır
Bu qəbildən olan insanlara
göstərilən yüksək diqqət bütün
Azərbaycan cəmiyyətinin ehtiramının ifadəsidir
İkinci Qarabağ müharibəsi xalqımızın yenilməzliyinin, dövlətimizin qüdrətinin təcəssümü oldu. İlham Əliyevin Ali Baş Komandanlığı ilə ordumuz 44 gün davam edən bu savaşda tariximizin möhtəşəm salnaməsini yaratdı. Bu qələbə ilə həm torpaqlarımız azad olundu, həm də Azərbaycan regionda yeni reallıqlar yaratdı.
Düşmənin başını əzərək əzəli torpaqlarımıza qayıtdıq
Azərbaycan torpaqları 30 ilə yaxın idi ki, işğal altında idi. Bütün dünya işğal altında olan Qarabağı və ətraf rayonları Azərbaycanın ərazisi kimi tanısa da, BMT Təhlükəsizlik Şurası tərəfindən müvafiq qətnamələr qəbul edilsə də, bu dövrdə Ermənistana qarşı heç bir beynəlxalq təzyiq baş vermədi. Əksinə, əksər beynəlxalq təşkilatlar, problemin həllində vasitəçilik missiyası həyata keçirənlər ikili standartlar siyasəti yürüdərək işğal siyasətinə dəstək vermiş oldular.
İşğala məruz qalan Azərbaycan olsa da, danışıqlar prosesində kompromisə
getmək üçün ölkəmizə
təzyiqlər edildi. Lakin Azərbaycan milli maraqlarından bir addım da belə
geri çəkilmədi. Respublikamız heç zaman torpaqlarının işğal
altında olması ilə barışmadı.
Prezident İlham Əliyev həmişə
bəyan edirdi ki, torpaqlarımız mütləq azad olunacaq. Ordumuzun döyüş imkanlarının
artırılmasının, ən müasir silah və hərbi
texnikanın alınmasının
bu məqsədə xidmət etməsi də məlum idi. Beləliklə, Prezident İlham
Əliyevin müdrik rəhbərliyi ilə ölkəmizin dinamik inkişafı və yüksəlişi həm
də torpaqlarımızın
işğaldan azad edilməsi üçün
tarixi şərait formalaşdırdı və
nəhayət, Vətən
müharibəsi xalqımızın
ən böyük arzusunu çin etdi, dövlətimizin yeganə ağrılı
probleminə son qoydu.
“Dediyim sözlər həyatda öz yerini tutdu və
Azərbaycan qurtuluş
savaşına başlayaraq
öz tarixi torpaqlarını işğalçılardan
azad etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları bizim
torpaqlardan qovdu və öz ərazi bütövlüyünü,
torpaq bütövlüyünü
bərpa etdi”, - deyə Prezident İlham Əliyev bu barədə bildirib.
Vətən müharibəsindən sonra
ortaya çıxan mənzərə də göstərdi ki, Ermənistanın məqsədi
zəbt etdiyi bütün torpaqlarımızı
əbədi işğal
altında saxlamaq idi. Belə olmasaydı, mürəkkəb
müdafiə istehkamları
qurmazdılar. Amma
bütün bunlar qüdrətli Azərbaycan
Ordusunun, qəhrəman
hərbçilərimizin qarşısını
kəsə bilməzdi
və Prezident İlham Əliyevin dediyi kimi, Ermənistan
ordusunu məhv edərək qayıtdıq,
Ermənistan faşizminin
başını əzərək
qayıtdıq, erməni
cəlladlarını cəzalandıraraq
qayıtdıq, şəhidlərimizin
qanını alaraq qayıtdıq...
Torpaq uğrunda mübarizənin
nümunəsi
Ötən il noyabrın 8-də Prezident
İlham Əliyev xalqımıza müraciətində
deyib: “Döyüş
qabiliyyətinin artırılması
ordu quruculuğu sahəsində əsas amildir. Biz müasir
silahlardan istifadə edirik, texnikadan istifadə edirik, düşmənin texnikasını
məhv edirik. Torpaqlarımızı ancaq Azərbaycan
əsgəri azad edir, Azərbaycan zabiti azad edir,
sinəsini qabağa verərək, heç nədən qorxmayaraq, əlində bayraq, əlində silah düşməni qovan da əsgərdir, düşməni məhv edən də əsgərdir. Eşq olsun
bizim əsgərlərimizə!”
Bəli, bu müharibədə torpaqlarımızı Ali Baş
Komandanı İlham Əliyev olan Silahlı Qüvvələrimizin
əsgərləri, zabitləri,
çavuşları, gizirləri
azad etdilər. Onlar müharibənin
ilk anından son gününə
qədər işğalçıya
divan tutdu, necə lazımdırsa onu cəzalandırdı. Bu müharibədə
rəşadətlə döyüşən,
düşmənə göz
açmağa imkan verməyən Azərbaycan
Silahlı Qüvvələrinin
şəxsi heyəti
öz mübarizliyi ilə qəhrəmanlıq
simvoluna çevrildi. Hərbçilərimiz döyüş meydanlarından
bütün dünyaya
göstərdilər ki,
torpaq uğrunda mübarizə necə olur. Hər bir vətən
övladı igidliyin,
cəsarətin, qorxmazlığın
nümunəsini yaratdı,
qəhrəmanlıq salnaməsi
yazdı.
Müharibə itkisiz olmur, həm də torpaq uğrunda ölən varsa vətəndir. 44 günlük
Vətən müharibəsində
oğullarımız ölümün
gözünə dik baxdılar, şəhadətə
ucaldılar. İşğaldan azad olunmuş vətən torpaqlarımız
şəhidlərimizin qanı
ilə daha da müqəddəsləşdi
bizim üçün.
Şəhid ailələrinə və müharibə əlillərinə 300 mənzil və 50 avtomobil təqdim olundu
Azərbaycan dövləti hər zaman Vətən uğrunda döyüşən, sağlamlığını itirən vətən övladlarına, şəhidlərimizin ailələrinə xüsusi qayğı ilə yanaşıb. Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstəriş və tapşırıqlarına əsasən bu kateqoriyadan olan insanların sosial qayğıları daim diqqət mərkəzində saxlanılır, onların aradan qaldırılması məqsədilə genişmiqyaslı layihələr həyata keçirilir. Şəhid ailələri və müharibə əlilləri üçün yaşayış komplekslərinin, şəhərciklərin inşa edilməsi, reabilitasiya mərkəzlərinin istifadəyə verilməsi də bunun bariz ifadəsidir.
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə avqustun 26-da Abşeron rayonunda şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması bir daha təsdiq edir ki, bu qəbildən olan vətəndaşlarımızın sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər davamlıdır. Bu dəfə şəhid ailələrinə, müharibə əlillərinə və Vətən Müharibəsi Qəhrəmanlarına 300 mənzil, həmçinin müharibə əlillərinə 50 avtomobil təqdim olunub. “Bu gün Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirmək, daim qəlbimizdə saxlamaq üçün böyük işlər görülür və görülməlidir. Şəhid ailələrini, Qarabağ qazilərini evlərlə təmin etmək bizim siyasətimizin əsas istiqamətlərindən biri idi, bu gün də bu, belədir”, - deyə Prezident İlham Əliyev mərasim zamanı şəhid ailələrinin üzvləri, müharibə əlilləri və Vətən müharibəsi qəhrəmanları ilə görüşdə deyib.
Qeyd edək ki, şəhid ailələri və müharibə əlillərinin mənzil və digər sosial qayğılarının həlli üçün mühüm layihələr həyata keçirilir. İndiyədək bu kateqoriyadan olan 10 minə yaxın insan dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə təmin olunub. 2020-ci ildə 1572 mənzil verilib, bu il 3 minə yaxın mənzil veriləcək. Avqustun 25-də Prezident İlham Əliyevin “Vətən Müharibəsi Qəhrəmanları və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında” imzaladığı Sərəncam da bu prosesin ardıcıl xarakter aldığını göstərir və bu kateqoriyadan olan vətəndaşların mənzil problemlərinin həllində müstəsna rol oynayır. Eləcə də indiyədək müharibə əlillərinə 7200 avtomobil verilib.
Müharibə əlillərinə, şəhid ailələrinə göstərilən diqqət və qayğı cəmiyyətimizdə böyük razılıqla qarşılanır. Onlar vətən uğrunda döyüşərək sağlamlıqlarını itiriblər, vətən uğrunda canlarından keçiblər. Buna görə bu qəbildən olan insanlara göstərilən qayğı həm də bütün Azərbaycan cəmiyyətinin ehtiramının ifadəsidir.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2021.- 28 avqust.- S.1-2.