Mingəçevir
Dövlət Universiteti modern ali təhsil
müəssisəsinə transformasiya yolundadır
Müzəffər
Ali Baş Komandanımızın rəhbərliyi və Azərbaycan
əsgərinin qəhrəmanlığı sayəsində
44 günlük Vətən müharibəsində tarixi Zəfərin
qazanılması, Azərbaycan tarixinin möhtəşəm,
şanlı səhifələrinin yazılması və beləliklə,
ölkəmizdə və regionda yeni dövrün
başlanması ilə əlaqədar olaraq, 2020/2021-ci tədris
ili bir çox əlamətdar hadisələrlə yadda
qalmışdır.
Eyni
zamanda dünyada və ölkəmizdə COVID-19
pandemiyasının davam etdiyi cari tədris ilində dövlət
başçısının ali təhsil sahəsində
qarşıya qoyduğu vəzifələrdən irəli gələrək
hökumət tərəfindən qəbul edilmiş yeni
qaydalar və təlimatlar, ali təhsil müəssisələri
tərəfindən həyata keçirilən tədbirlər,
universitetlərdə əvvəlki tədris ilində
qazanılmış təcrübələr və yaradılan
yeni imkanlar ali təhsildə davamlılığın, əlçatanlığın
təmin olunmasına və cari tədris ilinin uğurla
başa çatdırılmasına imkan vermişdir.
Regionda
yerləşən ali təhsil müəssisələrindən
biri olan Mingəçevir Dövlət Universitetində (MDU)
bütün fəaliyyətlər milli və beynəlxalq ali təhsil
məkanında müşahidə olunan inkişaf trendləri,
meydana çıxan yeni çağırışlar və
reallıqlar, eləcə də yeni dövrün universitetinə
çevrilmək, paytaxtın qabaqcıl universitetləri səviyyəsində
ali təhsil xidmətləri göstərmək, regionun hərtərəfli
inkişafına davamlı töhfə vermək kimi strateji hədəflərə
doğru mühüm addımlar atılmışdır.
Qlobal
pandemiyanın mövcud çətinliklərinə baxmayaraq,
dövlət tərəfindən ali təhsilə göstərilən
yüksək diqqət və qayğı, tələbə və
əməkdaşların həmrəyliyi və əzmkarlığı,
mövcud vəziyyətə həssas, realistik yanaşma və
çevik adaptasiya nəticəsində 2020/2021-ci tədris ili
MDU üçün, ilk növbədə, tədrisin məsafədən
uğurlu təşkili, elmi fəaliyyətin genişlənməsi,
idarəetmənin təkmilləşdirilməsi və rəqəmsallaşması,
kadr potensialının gücləndirilməsi, “universitet-universitet”,
“universitet-cəmiyyət”, “universitet-sənaye” əlaqələrinin
və beynəlxalq əməkdaşlığın
inkişafı ilə xarakterizə oluna bilər.
Hazırda
iqtisadiyyat, mühəndislik və pedaqoji profilləri əhatə
edən üç fakültə və on kafedranın
mövcud olduğu, 21 ixtisas (bakalavriat) və 14 ixtisaslaşma
(magistratura) üzrə kadr hazırlığının həyata
keçirildiyi MDU-da 2700-dən artıq tələbə və
magistrant təhsil alır. Hesabat dövründə
dövlətin hərtərəfli dəstəyi ilə
universitetin müasir tələblərə cavab verən yeni kampusunun
yaradılması və MDU-nun dayanıqlı inkişaf əsaslı
universitetə transformasiyası istiqamətində müvafiq
işlərə başlanılması mövcud potensialın
yaxın gələcəkdə əhəmiyyətli dərəcədə
artacağına zəmin yaradır.
COVID-19 pandemiyası şəraitində 2020/2021-ci tədris
ilində tədrisin keyfiyyətli şəkildə
davamlılığının təmin edilməsi, məsafədən
təhsil prosesində tələbələrin yüksək
davamiyyətinə, fəallığına və mənimsəmə
səviyyəsinə, biliyin qiymətləndirilməsi üzrə
optimal mexanizmin tətbiqinə nail olunması qarşıya
qoyulan əsas vəzifələr olmuşdur. Mövcud məhdudiyyətlərə
baxmayaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin
müvafiq qərarları, Təhsil Nazirliyinin müvafiq əmrləri
və dəstəyi, universitetdə tətbiq olunan yeni qaydalar,
onlayn kommunikasiya alətlərindən geniş istifadə,
infrastruktur imkanların və kadr potensialının səfərbər
olunması sayəsində MDU bu vəzifələrin öhdəsindən
uğurla gələ bilmişdir.
Cari tədris
ilində professor-müəllim heyəti, tələbə və
magistrantları ilə silsilə onlayn görüşlərin
keçirilməsi, İmtahan Qərargahı və Apellyasiya
Komissiyasının yaradılması, “İmtahanlara dəstək
qrupu”, “Texniki dəstək qrupu” və “Qaynar xətt”in fəaliyyət
göstərməsi MDU-da tədris prosesinin səmərəli
təşkili, imtahanların obyektiv, şəffaf və ədalətli
keçirilməsində mühüm rol oynamışdır.
Müvafiq fənlər üzrə mühazirə mətnləri,
təqdimatlar, dərslik və dərs vəsaitləri, imtahan
sualları və onların xülasə şəklində
cavablarının elektron formatda tələbələrə
çatdırılması, eləcə də professor-müəllim
heyəti tərəfindən hazırlanan 2300-dən çox
videodərslər tələbələrimizin zəruri bilik və
bacarıqlar əldə etməklə imtahanlarda uğurlu nəticələr
göstərməsinə, universitetin əsas akademik göstəricilərinin
müsbət dinamika ilə inkişafına şərait
yaratmışdır. 2018/2019-cu tədris ilinin yaz semestri ilə müqayisədə
2020/2021-ci tədris ilinin yaz semestri üzrə MDU tələbələrinin
müvəffəqiyyət göstəricisi 20,0
faiz bəndi artaraq 78,9 faizdən 98,9 faizə, keyfiyyət
göstəricisi isə 21,3 faiz bəndi artaraq 18,7 faizdən
40 faizə yüksəlmişdir.
Elmi fəaliyyətdə
səmərəliliyin və nəticəyönümlülüyün
təmin edilməsini, orta və uzunmüddətli perspektivdə
ölkənin və regionun inkişafına töhfə verən
tədqiqat universitetinə çevrilməyi diqqət mərkəzində
saxlayan MDU-da 2020/2021-ci tədris ili ərzində elmi potensialın
inkişaf etdirilməsi sahəsində müsbət keyfiyyət
dəyişiklikləri baş vermiş və yeni meyillər
formalaşmışdır.
Son
dövrdə elmi fəaliyyətin təşviq edilməsinə
xüsusi diqqətin göstərilməsi, o cümlədən
cari tədris ilində Elmi Şuranın müvafiq qərarı
ilə “MDU əməkdaşlarının elmi nəşrlərdə
dərc edilən əsərlərə görə
mükafatlandırılması Qaydaları”nın
təsdiq edilməsi universitetdə elmi fəaliyyətin
genişlənməsinə və əməkdaşların
nüfuzlu beynəlxalq elmi jurnallarda dərc edilən məqalələrinin
sayının artmasına səbəb olmuşdur. Belə ki, 2019-2021-ci illər ərzində MDU əməkdaşlarının
“Web of Science” bazasında indekslənən elmi nəşrlərdə
dərc olunan məqalələrinin sayı (13 ədəd)
1991-2018-ci illər üzrə müvafiq göstəricidən
(7 ədəd) təxminən 2 dəfə çox
olmuşdur.
MDU tarixində
ilk dəfə olaraq, “Dayanıqlı inkişaf” adlı
müstəqil, multidissiplinar elmi jurnalın təsis edilməsi
universitetin alimləri və gənc tədqiqatçıları
tərəfindən həyata keçirilən elmi tədqiqatların
nəticələrinin geniş ictimaiyyətə
çatdırılması, dayanıqlı inkişaf məsələləri
ilə bağlı son nəzəri yanaşmaların, yeniliklərin
və müsbət təcrübələrin
yayılmasında, yerli və xarici ölkələrin tədqiqatçıları
arasında elmi kommunikasiyanın inkişaf etdirilməsində
mühüm rol oynayacaqdır.
2021-ci ilin may-iyun aylarında müxtəlif elm sahələri
üzrə universitetin bir əməkdaşı elmlər
doktoru, üç əməkdaşı isə fəlsəfə
doktoru elmi dərəcəsini almaq üçün dissertasiya
işlərini uğurla müdafiə etmişlər. Bundan əlavə, cari tədris
ilində MDU-nun bir əməkdaşı və bir məzununun
Türkiyənin Qazi Universitetində müvafiq olaraq “Təhsilin
idarə edilməsi” və “Kompüter elmləri” ixtisasları
üzrə doktoranturaya qəbul olması elmi kadr
potensialının gücləndirilməsi baxımından
mühüm əhəmiyyət kəsb edir.
MDU-da
Ümummilli Lider Heydər Əliyevin zəngin idarəçilik
irsinin, “Nizami Gəncəvi ili” çərçivəsində
dahi şairin əsərlərinin tədqiqi və təbliği
məqsədilə, Vətən müharibəsində əldə
olunan tarixi qələbənin perspektivləri və
işğaldan azad edilmiş bölgələrin gələcək
inkişafına, cəmiyyətin aktual problemlərinə və
əlamətdar tarixi günlərə həsr edilən, eləcə
də “Elm Günü” və görkəmli elm xadimi Lütfi
Zadənin anadan olmasının 100 illiyi münasibətilə
yerli və xarici tərəfdaşlarla birgə keçirilən
müxtəlif formatlı elmi tədbirlər məhsuldar və
uğurlu olmuşdur.
Cari tədris ilində MDU-da akademik və inzibati heyət
üzvlərinin, təhsilalanların hərtərəfli
inkişafına xidmət edən çoxsaylı təlimlər
təşkil edilmişdir. Konkret olaraq, təhsildə
innovasiya və sahibkarlıq yanaşması, peşə dəyərləri,
məsafədən təhsil, tyutor xidmətləri, rəqəmsal
iqtisadiyyat, layihə idarəetməsi, turizm və digər
mövzularda tanınmış ekspert və mütəxəssislər
tərəfindən keçirilən təlimlər xüsusi
maraqla qarşılanmışdır.
Regional ekosistemin mühüm faktoruna çevrilməyi hədəfləyən
MDU-da hesabat dövründə təhsil və sənaye
işbirliyinin inkişaf etdirilməsinə xüsusi önəm
verilmişdir.
2021-ci ilin 10 iyun tarixində MDU, Mingəçevir Peşə
Məktəbi və “Azmade Group” MMC şirkəti arasında əməkdaşlığa
dair Anlaşma Memorandumunun imzalanması ilə “universitet -
peşə məktəbi - sənaye” üçtərəfli
əməkdaşlıq formatının əsası
qoyulmuşdur. Əmək bazarının dinamik
dəyişən tələblərinə uyğun kadr
hazırlığının keyfiyyətinin yüksəldilməsi,
tədrisin məzmununun təkmilləşdirilməsi və nəticəyönümlü
tədqiqatların dəstəklənməsi məqsədilə
tərəfdaş sənaye müəssisələri ilə
birgə konfrans, seminar, təlim, infosessiya, infotur və təcrübə
proqramı reallaşdırılmışdır.
MDU-nun gənc əməkdaşları və tələbələri 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrdə, COVID-19 pandemiyasına qarşı müvafiq sosial dəstək, təbliğat və maarifləndirmə işlərində, eləcə də əlamətdar günlərə və tarixi şəxsiyyətlərə həsr olunan tədbirlərin təşkilində yüksək fəallıq nümayiş etdirmiş və uğurlu nəticələrə nail olmuşlar. Hesabat dövründə Ümummilli Liderə həsr olunan şəhər müsabiqəsində birinciliyə, “İlin Tələbə Gənclər Təşkilatı”, “İlin könüllüsü” mükafatlarına və müxtəlif adlı təqaüdlərə MDU təmsilçilərinin layiq görülməsi bu uğurların bariz nümunələrindən hesab edilə bilər.
Bununla yanaşı, koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində MDU-da dəfələrlə tibbi-profilaktik və dezinfeksiya işləri aparılmış, universitet əməkdaşlarının 92 faizi vaksinasiyadan keçmişdir. Ənənəvi təhsilin bərpa olunmasını səbirsizliklə gözləyən tələbə və magistrantlar da bu prosesə aktiv qoşulmuşlar.
Gənclərin xalqına, vətəninə və dövlətinə bağlı layiqli vətəndaş kimi yetişdirilməsini əsas vəzifələrindən biri kimi diqqət mərkəzində saxlayan MDU-da cari tədris ilində təhsilin məzmununda vətənpərvərlik tərbiyəsinin önəminin daha da yüksəldilməsi istiqamətində mühüm addımlar atılmışdır. Bu məqsədilə universitetdə yeni yaradılmış Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin təşkilatçılığı ilə müntəzəm olaraq universitetin şəhid məzunlarının ailələri ziyarət edilmiş, onlar haqqında silsilə məqalələr dərc olunmuş, qazi məzunlarla görüşlər keçirilmiş, Hərbi Qənimətlər Parkına ekskursiya təşkil edilmiş, şəhər və respublika miqyasında qəhrəmanlarımıza həsr olunmuş tədbirlərdə tələbə və əməkdaşların fəal iştirakı təmin edilmişdir.
Akademik potensialın gücləndirilməsi və ali təhsil xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə paytaxtın qabaqcıl universitetləri ilə sıx əməkdaşlığa strateji önəm verən MDU-da cari tədris ilində tərəfdaş ali təhsil müəssislərindən olan Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə mövcud əlaqələrin inkişafı diqqət mərkəzində saxlanılmışdır.
Cari tədris ilinin payız semestrində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti, Siegen Universiteti ilə işbirliyi, Avropa Ali Təhsil Məkanı üzv-ölkələrinin Nazirlər Konfransında, Kəmər və Yol Universitetləri Alyansının beynəlxalq konfransında, eləcə də Erasmus+ proqramında iştirak çərçivəsində həyata keçirilən universitetin beynəlxalq əməkdaşlığı yaz semestrində Türkiyənin Yıldız Texniki Universiteti, Qazi Universiteti, Ankara Hacı Bayram Veli Universiteti, KTO Karatay Universiteti, Özyeğin Universiteti, eləcə də Ukraynanın Kiyev Milli İqtisadiyyat Universiteti ilə məqsədyönlü əlaqələrin qurulması nəticəsində yüksək dinamikası, məhsuldarlığı ilə fərqlənmiş və yeni mərhələyə qədəm qoymuşdur.
Fikrimizcə, pandemiya dövrünün çətinliklərinə və məhdudiyyətlərinə baxmayaraq, dövlətimizin diqqət və qayğısı sayəsində universitetdə bütün fəaliyyət istiqamətləri üzrə baş verən müsbət keyfiyyət dəyişiklikləri MDU-nun strateji hədəflərinə yaxınlaşmasına böyük zəmin yaradır.
Şahin BAYRAMOV,
Mingəçevir Dövlət
Universitetinin rektoru
Azərbaycan.-2021.-
28 avqust.- S.5.