Tarix yazan şanlı türk
ordusu
Türkiyənin Zəfər
Bayramı
Əski qaynaqlara görə, qədim türklərdə belə bir inanc formalaşmışdı ki, Ulu Tanrı cahanda barış və əmin-amanlığın qurulması görəvini onların üzərinə qoymuşdur. Təsadüfi deyil ki, türk millətinin son minillik tarixi qəhrəmanlıq olayları ilə doludur. Malazgird, Kosova, Çanakkala savaşları, 1919-1923-cü illərin İstiqlal savaşı milli tarixin qızıl hərflərlə yazılmış səhifələridir. Vətən həm də dədə-baba məzarlarının yerləşdiyi müqəddəs yurddur. Onun uğrunda ölüm-dirim savaşına qalxmış türk əsgərləri öz canlarından keçmişlər. Bu savaşların gedişində 50 milyondan çox şəhid verilmişdir.
Bu millətə belə bir düşüncə hakim olmuşdu ki, Yer üzündə nizam-intizam və əmin-amanlıq yalnız ordunun sayəsində mümkün ola bilər. Böyük türk cahangiri Mətə xaqan nizam-intizamın bir ordu üçün igidlikdən də üstün olduğunu anlayaraq tarixin ən intizamlı ordusunu qurmuşdu. O, igidlik və hərbi məharəti sərt intizamla birləşdirərək türk irqini əbədiləşdirmişdi. Təsadüfi deyil ki, bu gün də türk ordusu öz nizam-intizamı, bacarıq və məharəti ilə seçilir və barış missiyası yerinə yetirdiyi ölkələrdə sevilir, ona sayğı ilə yanaşırlar.
Onların tarix boyu qazandığı zəfərlərin kökündə mənəvi amillərlə yanaşı, həm də hərb sənətini gözəl bilməsi, dövrünün ən yeni və mütərəqqi taktikalarına sahib olması dururdu. Təsadüfi deyil ki, odlu silah çıxanadək türklərin tətbiq etdiyi aypara, qurd oyunu, qaçdı-qovdu taktikaları həmişə onlara az qüvvə ilə çoxsaylı düşmən üzərində zəfər qazandırmışdır. Qədim türklər döyüş meydanında at belində deyil, xəstələnərək yataqda ölməkdən utanar və xəcalət çəkərdilər. Onlar oxla hədəfi sərrast vurmaq üçün savaş zamanı havanın yağmurlu keçməsindən xoşları gəlməzdi. Baharın gəlişilə ilk göy gurultusu hərbi təlimlərə başlamaq üçün bir işarə olardı. Təlim zamanı 840 addım məsafəyədək ox atardılar.
Türklər heç zaman dövlətsiz olmamışlar. Onlar tarix yaratmış, ancaq bu barədə az yazmışlar, daha doğrusu, qayalar, daşlar üzərində kitabələr həkk etməklə kifayətlənmişlər. Səlcuqlu və Osmanlı dönəmində baş vermiş qanlı savaşlar zamanı dövlətçilik ənənələri daha da zənginləşmiş, ordu elit bir qüvvəyə çevrilmişdir. Müasir Türkiyə Cümhuriyyəti isə türk millətinin XX yüzillikdə cahan tarixinə qızıl hərflərlə yazmış olduğu bir qəhrəmanlıq əsəridir.
Birinci Dünya müharibəsi zamanı türklərin doğma yurdları uğrunda savaşları sonucda qurtuluş hərəkatına gətirib çıxardı. İngilis və fransız orduları Çanaqqalaya hücum edən zaman əmin idilər ki, özlərinin üstün silahları və təlimləri qarşısında Balkan müharibəsindən çıxmış yorğun və təchizatı zəifləmiş türk əsgəri heç bir şey edə bilməyəcəkdir. Hətta müttəfiq kimi türk ordusundakı alman zabitləri də eyni düşüncədə idilər. Lakin Ənvər Paşanın sərt intizamı ilə il yarım ərzində hazırlanan ordu, yetkin və fədakar zabitlərin komandanlığı altında, birə qarşı iki ölərək, onları durdurub qaçırtdı. Çünki ruhlarını zəfər inancı bürümüşdü. Osmanlı türkü dünyanın böyük güclərinə qarşı Birinci Dünya savaşına 2,8 milyon əsgərlə girmiş və ondan 560 min qazi ilə çıxmışdır. Verdiyi şəhidlərin qanı yerdə qalmadı. Öz qanı bahasına islam və türk torpaq coğrafiyasında müstəqil dövlətlərini qurdular.
1919-cu il mayın 19-da Mustafa Kamal Paşanın Samsuna çıxması ilə Qurtuluş savaşı başlandı. Həmin ilin dekabrında Ankaraya gələn Kamal Paşa 1920-ci ilin aprelində Türkiyə Böyük Millət Məclisini (TBMM) qurdu. Beləliklə, bütün məmləkətin idarəçiliyi xalqın iradəsinə tabe edildi. Həm də Qurtuluş savaşının mərkəzi Ankara oldu. “Milli Xartiya sərhədləri içində vətənin bir bütün olduğu və parçalanmayacağı görüşü” əldə rəhbər tutulmaqla düşmənə qarşı mücadilə etmək qərara alındı.
Beləliklə, təşkil edilən nizami ordularla savaşa başlanıldı. İlk uğurlar Şərq cəbhəsində Rusiyadan və Qərb ölkələrindən xeyli miqdarda silah-sursat almış 150-200 minlik erməni-daşnak dəstələrinə qarşı qazanıldı. Daha sonra Qərb cəbhəsində yunanlara qarşı Birinci və İkinci İnönü savaşlarının qazanılması ilə yunanlara böyük bir zərbə endirildi. Ardınca yunan ordusu yenidən hücuma keçdi. Bununla əlaqədar Kamal Paşa savaşa girəcək türk ordusuna “Xətti müdafiə yoxdur, səthi müdafiə vardır. Bu səth bütün vətəndir. Vətənin hər qarış torpağı vətəndaşın qanı ilə islanmadıqca tərk olunamaz!” əmrini verdi. Türk əsgəri böyük bir əzm və fədakarlıqla bu qərara əməl etdi.
1921-ci il avqustun 23-dən sentyabrın 12-dək gecə-gündüz aramsız davam edən Sakarya savaşı türk millətinin müdafiə durumundan hücum vəziyyətinə keçdiyi önəmli bir savaş olaraq tarixə düşdü. Bu zəfərin sonunda TBMM tərəfindən Mustafa Kamal Paşaya “Qazi” adı və “Marşal” rütbəsi verildi. Türk tarixinin dönüş nöqtələrindən biri olan Sakarya meydan savaşından sonra böyük bir hücumla düşməni tamamilə məhv etmək qərara alındı.
Həmin günlərdə qalib türk ordusu dahi komandan Mustafa Kamal Paşanın başçılığı altında qazanmış olduğu zəfərlə yurdu düşmən qüvvələrinin işğalından azad etdi. Sakarya döyüşündə məğlub olan yunan birlikləri geri çəkilərək əvvəlcədən hazırlamış olduqları səngərlərdə və istehkamlarda mövqe tutdular. Bu mövqelər Əskişəhr, Kutahya və Afyonun şərqində yerləşirdi. Onlar bu mövqeləri vaxt keçirmədən sürətlə möhkəmləndirməyə başladılar. Məqsədləri uzun bir müdafiə savaşına hazırlaşmaq idi. Belə bir şəraitdə sentyabrın 14-15-də səfərbərlik elan edildi. Qısa zamanda Qərb cəbhəsinə 200 min nəfərlik qüvvə cəmləndi. Ancaq bir xaricinin ifadəsilə desək, “türk ordusu çılpaq deyiləcək dərəcədə pis geyindirilmişdi”. Sayca üstün olan yunanlar isə daha yaxşı təchiz olunmuşdular.
Kamal Paşa 1922-ci il mayın 6-da Məclisə gəldi və qapalı müşavirə keçirdi. Uzun izahatlardan və sərt müzakirələrdən sonra keçirilən səsvermədə 15 bitərəf, 11 əleyhinə və 177 lehinə olmaqla “Baş Komandanlıq haqqında Qanun” yenidən qəbul olundu. Nəhayət, ordu bütün hazırlığını yenicə tamamlamışdı ki, 1922-ci il iyunun 16-da Baş komandan Mustafa Kamal Paşa Böyük hücuma başlamaq haqqında qərar qəbul etdi. O, baş qərargah rəisinə, milli müdafiə nazirinə və ordu komandanlarına hücum üçün gizlicə lazım olan tədbirlərin görülməsi əmrini verdi. Qarşı-qarşıya duran iki ordunun canlı qüvvə və tüfəng baxımından qüvvələri demək olar ki, eyni idi. Lakin yunan ordusu pulemyot, top, təyyarə, nəqliyyat vasitələri, döyüş sursatı və digər ehtiyaclar baxımından çox üstün vəziyyətdə idi. Süvari qüvvələr baxımından isə türk ordusu üstün vəziyyətdə idi.
Məclis 1922-ci il iyulun 20-də təkrar baş komandanlıq səlahiyyətini müddətsiz olaraq Qazi Mustafa Kamal Paşaya verdi. Bu zaman bütün yurdda fövqəladə hazırlıq görülürdü. Elə başa düşülürdü ki, artıq bir ölüm-dirim savaşına başlanılacaqdır. Millət əlində nəyi varsa ordusuna verir və qəti zəfəri gözləyirdi. Vəziyyət olduqca ağır idi. Sakarya savaşından sonra piyada və topçuların döyüş ehtiyatı tükənmək üzrə idi. Bunları yenidən təchiz etmək lazım gəlirdi. Şərqdən və cənubdan qərbə göndərilən hərbi birliklərin və topçu qüvvələrinin oraya yetişməsi uzun bir vaxt almışdı. Çünki o günlərdə bu bölgədə dəmir yolu xətti yox idi. Əsgərlər piyada olaraq göndərilirdi. Döyüş sursatı, ərzaq və hər növ materiallar heyvanlarla, arabalarla daşınırdı.
Bu arada minlərlə sandıq döyüş sursatı, top və tüfəng müttəfiq dövlətlərin işğalı və nəzarəti altında olan İstanbuldan qaçırılır, çətinliklə və böyük təhlükələri dəf edərək Anadoluya gətirilirdi. Həmçinin Rusiya, İtaliya və Fransadan alınan silahlarla, miqdarı artırılan və yeni qoyulan vergilərlə, Hindistan müsəlmanlarının pul yardımı ilə ordunun silah, sursat, minik, ərzaq və pal-paltar ehtiyacları ödənilirdi. Hərbi emalatxanalar gecə-gündüz çalışırdı. Pəncərə dəmirlərindən və dəmir yolu relslərindən süngü və xəncərlər hazırlanırdı. Yeni təyyarələr alınır, zədə almışlar isə təmir edilərək uçacaq hala gətirilirdi.
İyulun 28-də ordu komandaları arasında təşkil edilmiş futbol yarışına tamaşa etmək bəhanəsi ilə bütün komandanlar Akşehirə dəvət olundu. Kamal Paşa onlara Böyük hücumun təfərrüatları barədə məlumat verdi. Sonra Ankaraya dönərək hücum qərarını hökumətə bildirdi. Belə bir şəraitdə avqustun 6-da hücuma hazırlaşmaq üçün orduya gizli əmr verildi. Savaş hazırlığının bitməsinə baxmayaraq, Kamal Paşa son dəfə bir barış təşəbbüsü göstərdi. O, daxili işlər nazirini Avropaya göndərdi. Bir aya qədər Avropada görüşlər keçirən nazir London və Parisdə çox soyuq qarşılandı.
Mustafa Kamal Paşa avqustun 17-dən 18-nə keçən gecə gizli surətdə Ankaradan çıxaraq avtomobillə Konya yolu ilə Qərb cəbhəsi qərargahının yerləşdiyi Akşehirə gəldi. Onun Ankaradan ayrıldığını yalnız bir neçə nəfər bilirdi. Hətta avqustun 21-də Kamal Paşanın Çankayada bir “çay dəsgahı” təşkil etməsi haqqında xəbər də çıxdı. Halbuki o, avqustun 20-də Akşehirdə Qərb cəbhəsi qərargahında idi. Məlumata görə, bu arada iki gün ərzində Kamal Paşa “Çalıquşu” romanını oxumuş və onu çox bəyənmişdi. Komandanlarla keçirilən qısa bir toplantıdan sonra avqustun 26-da sübh çağı hücuma başlamaq haqqında qərar qəbul olundu.
Avqustun 24-də komandanlıq qərargahı Akşehirdən hücum cəbhəsinin arxasındakı Şuhut qəsəbəsinə köçürdü. Baş komandan və ordu generalları avqustun 25-də səhər tezdən Şuhutdan, hücumun idarə ediləcəyi Kocatəpənin cənub-qərbindəki çadır-qərargaha gəldilər. Həmin gün Anadolu bir ölüm sükutuna bürünmüşdü.
Avqustun 25-də gecə türk birlikləri bəzi yerlərdə düşmən mövqelərinə 400 metrədək yaxınlaşaraq veriləcək hücum əmrini gözləyirdilər. Mustafa Kamal Paşa sübh tezdən saat 4-də yuxudan oyanıb bir fincan qəhvə içdi. Sonra o, çadırının önündə “Allahım! Sən türk millətini və ordusunu müzəffər eylə!” söyləyib, atla Kocatəpənin zirvəsinə doğru irəlilədi (Xatırladaq ki, Səlcuq imperatoru Alparslan da Malazgird savaşından öncə bu tərzdə dua etmişdi).
Beləliklə, türk tarixinə Zəfər bayramı kimi daxil olmuş başlıca hücum əməliyyatları 1922-ci il avqustun 26-da səhər saat 04-30-da müzəffər türk ordusunun topçu birliyinin atəşi ilə başlandı. Savaşlar qısa zaman içində daha da genişləndi. Düşmən mövqeləri bir-birinin ardınca ələ keçirildi. Nə baş verdiyini anlamayan düşmən çaşqın bir vəziyyətə düşərək başını itirmişdi. Çünki türklərin hücumu yunanların heç gözləmədiyi bir zamanda və heç gözləmədiyi bir yerdən başlamışdı.
Həmin gün və ertəsi günü qanlı çarpışmalar davam etdi. Avqustun 27-də türk qoşunları düşməni qabağına qataraq Sincanlı və Afyon düzənliklərinə endilər. Afyon azad edildi. Düşmən böyük bir şaşqınlıq və şayiə içində özünə gəlməyə, qüvvələrini səfərbər etməyə macal tapmadı. Darmadağın edilmiş yunan hərbi birlikləri canlarını qurtarmaq üçün Dumlupınar-Uşak istiqamətində qaçırdılar. Yunan əsgərlərinin böyük bir qismi cənubdan Birinci ordu, şimaldan İkinci ordu birliklərinin təzyiqləri nəticəsində Aslihanlar bölgəsində sıxışdırıldı. Ancaq avqustun 28-29-da düşmənin arxa cəbhəsinə keçən türk birlikləri onların İzmirə doğru qaçış yollarını kəsdilər. Beləliklə, yunanların əsas cəbhəsi yarıldı və onlar iki yerə parçalandı. Bu əməliyyatın nəticəsi olaraq düşmənin beş diviziyadan ibarət bir qüvvəsi (40-50 min nəfər) Dumlupınar bölgəsində mühasirəyə alındı.
Bu sırada olduqca maraqlı bir olay yaşandı. Hücumun qızğın çağında 57-ci diviziyanın komandiri polkovnik Rəşad bəy qanlı savaşda ona həvalə olunmuş təpəni ilk cəhddə ələ keçirə bilməmişdi. Baş komandan onu telefona çağırıb bildirmişdi ki, onun ləngiməsi digər birlikləri pis vəziyyətdə qoyur. Rəşad bəy belə cavab vermişdi ki, “Yarım saatdan sonra hədəflərə varacağız. Narahat olmayın, Paşam”. Bunu söyləyəndən sonra polkovnik təkrar atəş xəttinə qaçmış və hər nəyin bahasına olursa-olsun bu yarım saat içində Çiğiltəpəni ələ keçirmək üçün diviziyanı yenidən hücuma qaldırmışdı. Lakin düşmən kəskin müqavimət göstərdiyindən yarım saat ərzində təpəni əldə etmək mümkün olmamışdı. Baş komandan yenidən ona telefon açır. Lakin polkovnik dərhal növbətçi zabiti yanına çağırıb ona bir kağız verib tapşırır ki, bunu şəxsən Paşaya oxuyarsan, mən səngərdən ayrıla bilmərəm. Zabit telefonda gözləyən Baş komandana belə cavab verir: “Rəşad bəy intihar etmişdir, Paşam. Sizə oxumaq üçün vidanaməni göndərdi: “Yarım saat içində bu mövqeni almaq üçün sizə söz verdiyim halda, sözümü yerinə yetirmədiyimə görə yaşaya bilmərəm...”
Polkovnik Rəşad bəyin növbətçi zabiti tərəfindən oxunan bu məktub bitən zaman dolmuş mavi gözlərini üfüqlərə zilləyən baş komandan Mustafa Kamal Paşa “Allah rəhmət eləsin” dedi və ruhunun dərinliklərinə çökən bir ağrı ilə “O, çox yaxşı bir əsgərdi” deyərək bu silah dostunu rəhmətlə anmışdı.
Türk ordusu düşmənə qəti və sarsıdıcı zərbəni avqustun 30-da endirdi. Səhər tezdən hər tərəfdən sıxışdırılan düşmən qüvvələri ilə türk birlikləri arasında bu bölgədə böyük bir meydan savaşı başlandı. Baş komandan Kamal Paşanın doğru-düzgün, məharətlə idarə etdiyi, yönəltdiyi bu savaşa Qərb cəbhəsinin komandanı İsmət Paşa haqlı olaraq “Baş komandan müharibəsi” adını vermişdi. Onun hərbi dühası sayəsində böyük bir uğurla rəhbərlik etdiyi bu savaşda bir gün içində yunan ordusunun əhəmiyyətli bir qismi məhv edildi, digər bir qismi isə əsir alındı.
Baş komandan elə həmin
gün baş qərargah rəisi Fövzi Paşanı, Qərb
cəbhəsi komandanı İsmət Paşanı
(İnönü), ordu komandanları Yaqub Şevki və Nurəddin
paşaları, qərargahın qurulmuş olduğu Çal kəndində
toplayaraq yaranmış vəziyyəti dəyərləndirdi.
Toplantının yekununda düşmənin sürətlə
təqib edilməsi, İzmir və ətrafındakı
qüvvələri ilə birləşə bilməməsi
üçün üç istiqamətdən Egeyə
doğru irəliləmək münasib bilindi. Bundan sonra Mustafa Kamal tarixi əmrini verdi: “Ordular! İlk hədəfiniz
Ağ dənizdir. İrəli!”
Amansız təqibin sonunda türk birlikləri
sentyabrın 2-də yunan əsgərləri tərəfindən
xarabalığa çevrilmiş Uşak şəhərinə
daxil oldular. Burada maraqlı bir səhnə
yaşanmışdı. Çarpışan
iki ordunun baş komandanları qarşı-qarşıya
dayanmışdılar. Bir tərəfdə məğlub
olmuş yunan ordusunun baş komandanı və əsir alınmış
general Trikopis, digər tərəfdə isə
qalib ordunun baş komandanı Mustafa Kamal Paşa. Kamal Paşa əsir alınmış yunan baş
komandanına törətdiyi vəhşiliklərə rəğmən
hörmətlə, səmimi davrandı. Təkəbbürlü
deyildi. Trikopisi qonağı kimi qəbul edərək
onunla xoş rəftar etdi (Səlcuq hökmdarı Alparslan da
Malazgird savaşında Bizans imperatoru Roman Diogeni əsir alarkən
ona qarşı bu cür hörmətlə
davranmışdı).
Kamal Paşa savaşın sonuna qədər kiçik
önəmsiz döyüşlər biçimində
açıqlama verirdi. Həqiqəti dünyadan gizlədirdi.
Səbəbi düşmən ordusunu məğlubiyyətdən
qurtarmaq üçün böyük dövlətlərin
baş vuracağı cəhdlərə yol verməməkdən
ibarət idi. Buna baxmayaraq, atəşkəs
anlaşması üçün cəhdlər də oldu.
Bu vaxt türk ordusu İzmir yolunda idi. Yunanlar qaçarkən türk birlikləri də
işğal altındakı yerlərə bir-birinin ardınca
girirdilər. Gediz, Alaşehir, Eşme, Salihli, Manisa, Kula,
Aydın, Nif (Kemal Paşa) azad edildi. Bu qovalama
sentyabrın 9-da İzmirdə sona çatdı. Digər tərəfdən şimalda Eskişehir və
Bursa tərəflərə irəliləyən türk birlikləri,
bu iki bölgəni də qısa zamanda düşməndən
təmizlədilər. Düşmən
qoşunundan geriyə qalanlar Kapıdağ yarımadasına
qaçaraq oradan gəmilərə minib uzaqlaşdılar.
İzmir limanı qayıqlara minə bilmək üçün bir-birini dənizə tullayan düşmən əsgərlərinin həm gülünc, həm də şərəfsiz görüntüləri ilə dolmuşdu. Kamal Paşa sentyabrın 10-da İzmirə gəldi. Şəhərin hökumət binasına tərəf gedən Paşanı salamlamaq, təbrik və təşəkkür etmək üçün hamı onu görməyə tələsirdi. Bu zaman İzmirdə böyük bir gərginlik yaşanırdı. Yunanların bir çoxu gəmilərlə qaçsa da, daha geridə bir yığın xarici, xüsusilə də yunan qalmışdı. Üç il əvvəl yunanların İzmiri işğal etdikləri zaman türklərə qarşı törətdikləri insanlığa zidd hərəkətlərin bu dəfə türklər tərəfindən onlara qarşı ediləcəyindən qorxurdular. Lakin qorxuları həqiqətə çevrilmədi. Tarix boyu türklərin barbarlığa eyni barbarlıqla cavab vermələrindən söhbət belə gedə bilməz. Bununla belə İzmirdə olan müttəfiq dövlətlərin təmsilçiləri türklərin etnik azlıqlara qarşı bir qisas almaq cəhdlərinin qarşısını almaq üçün Mustafa Kamalın yanına getdilər. Ancaq onların bu hərəkətlərinə də lüzum yox idi. Çünki Kamal Paşa bu məsələdə gərəkli tədbirləri görmüşdü.
Bu dövrdə yunanlar İzmirin yarısını atəşə tutub külə döndərmişdilər. Necə ki, qaçarkən geridə buraxdıqları digər kənd və qəsəbələri yandırdıqları kimi. Bu dəhşətli görüntünü Mustafa Kamal da ürək ağrısı ilə izləmişdi. Lakin düşüncələrini yaxın gələcəyin mədəni və çiçəklənən İzmirinə yönəltmişdi. Beləliklə, 1922-ci il sentyabrın 18-də Qərbi Anadolu işğalçı yunan birliklərindən tamamilə təmizləndi. Türk ordusu 15 gün ərzində savaşa-savaşa 400-500 km yol qət etdi. Bununla da yurdun bütövlüyü təmin edildi və Türkiyə Cümhuriyyətinin yaranmasına aparan yol açılmış oldu. Atatürk zəfərlə sonuclanan bu hərəkatdan bəhs edərək yazırdı ki, “Bu əsər türk millətinin hürriyyət və müstəqillik fikrinin əbədi abidəsidir”.
1922-ci il avqustun 30-da böyük zəfərlə sonuclanan Dumlupınar savaşını türk millətinin yenidən dirçəliş günü hesab etmək olar. Bu savaş Anadolu torpaqlarının “Türk vətəni” olduğunu bir daha düşmənə sübut etdi. 1935-ci ildən başlayaraq hər il avqustun 30-u Zəfər bayramı kimi qeyd olunur. Bu bayram eyni zamanda Türkiyə Cümhuriyyətinin və Quzey Kıbrıs Türk Cümhuriyyətinin milli bayamıdır. O zaman işğalçı qoşunlar ölkə hüdudlarını bir qədər gec tərk etsələr də, 30 avqust rəmzi olaraq ölkə ərazilərinin geri alındığı gün anlamındadır.
Bu zəfərin məntiqi yekunu isə müasir Türkiyə dövlətinin meydana gəlməsi oldu. Bu tarixi Türkiyə, Quzey Kıbrıs ilə yanaşı, çiyin-çiyinə qardaş Azərbaycan da böyük sevinc hissilə qeyd edir. Ancaq əvvəlki illərdən fərqli olaraq bu il qardaş Türkiyənin Zəfər bayramı ilə yanaşı, bütün türk dünyası daha bir Zəfər bayramını - noyabrın 10-da Azərbaycan Milli Ordusunun Ermənistan ordusu üzərində qələbəsinin ildönümünü qeyd edəcəkdir. Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində düşmən üzərində parlaq qələbə qazanmasında qardaş Türkiyənin Azərbaycanı qətiyyətlə müdafiə etməsi mühüm rol oynamışdır.
Bu gün qalib türk ordusunun üzərinə böyük bir vəzifə düşür. Bu da üç qitədə barışın və əmin-amanlığın qoruyub saxlanılması işinə öz töhfəsini vermək, regional münaqişələrin aradan qaldırılmasında vasitəçilik missiyasını yerinə yetirmək, beynəlxalq terrorizmə qarşı qətiyyətlə mübarizə aparmaqdır. Hazırda bu tarixi missiyanı çağdaş türk ordusu şərəf və ləyaqətlə yerinə yetirir.
Atamoğlan MƏMMƏDLİ,
BDU-nun dosenti
Azərbaycan.-2021.- 31 avqust.- S.11.