Tokioda Azərbaycan paralimpiyaçılarından “qızıl yağışı”

 

Paracüdoçularımız medalların əyarı və sayına görə bütün ölkələrdən öndədir

 

 

 

Yay Olimpiya Oyunları kimi paralimpiada da dünya idmansevərlərinin maraqla izlədiyi ən mötəbər turnirlərdən sayılır və bu dəfə Tokioda keçirilən yarışların hər keçən günü maraqlı anlarla yadda qalır. Planetin ən güclü paralimpiyaçılarının yarışdığı turnirdə gərgin idman mübarizəsinin şahidi oluruq. Azərbaycanda da hamı Tokiodan medal xəbəri eşitmək ümidi ilə yarışları izləyir. Sevindirici haldır ki, paralimpiyaçılarımız bu ümidimizi gözümüzdə qoymur.

 

Azərbaycan komandasının hesabında hələlik 13 medal var. Onlardan 9-u qızıl, 4-ü isə bürüncdür. Paracüdoçular Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (52 kq), Xanım Hüseynova (63 kq), Vüqar Şirinli (60 kq), Hüseyn Rəhimli (81 kq), Dürsədəf Kərimova (+70 kq) qızıl, Namiq Abaslı (66 kq) və İlham Zəkiyev (+100 kq) bürünc medala sahib olublar.

 

Paracüdo yığmamıza növbəti qızıl medalı Dürsədəf Kərimova qazandırıb. +70 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz 1/4 finalda Ukrayna idmançısı Anastasiya Harnikə, yarımfinalda Braziliya təmsilçisi Meq Emmerikə qalib gəlib. Finalda Qazaxıstan idmançısı Zarina Baybatina ilə qarşılaşan idmançımız qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

Paracüdo üzrə yığmamızın lideri İlham Zəkiyev isə (+100 kq) budəfəki paralimpiadada 3-cü yeri tutub. 1/4 finalda Cənubi Koreya təmsilçisi Van-Gen Çoiyə uduzan Zəkiyev təsəlliverici qarşılaşmada yamaykalı Teador Subbaya qalib gələrək bürünc medal uğrunda görüşdə iştirak hüququ qazanıb. Şirin Şaripov (Özbəkistan) bürünc medal uğrunda görüşə çıxmadığından Zəkiyev karyerasında 4-cü paralimpiada medalını qazanıb. Xatırladaq ki, millimizin lideri “Afina-2004” və “Pekin-2008”-i qızıl, “London-2012”ni bürünc medalla başa vurmuşdur. İkiqat dünyayeddiqat Avropa çempionu olan İ.Zəkiyev həmçinin “Bakı-2015” ilk Avropa Oyunlarının qalibidir.

 

Beləliklə, paracüdoçularımız “Tokio 2020”də medalların həm əyarı, həm də sayına görə liderdir. Bu sıralanmada Özbəkistan ikinci (2-2-2), İran üçüncü yeri tutub (2-0-0).

 

Amma bu da hələ hamısı deyil. 100 metr məsafəyə üzgüçülük yarışlarında Raman Saleh paralimpiya çempionu adını qazanıb. Nizəatma yarışlarında dünya rekordu müəyyənləşdirən para-atletimiz Həmid Heydəri də qızıl medala sahib olub. Elvin Astanov isə nüvəitələmə yarışlarında birinci olub. Uzunluğa tullanmada Səid Nəcəfzadə, pauerliftinqçi Pərvin Məmmədov da medalsız qayıtmayıblar. Onlar fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.

 

 

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2021.- 31 avqust.- S.12.