Polkovnik-leytenant Emil Cəfərov: Helikopter “Qaraheybət” aviasiya poliqonuna çatıb eniş etdiyi anda qəzaya uğradı

 

Qəzanın baş verdiyi gün - noyabrın 30-da məqsədimiz planlaşdırılmış praktiki-məşq uçuşlarını yerinə yetirmək idi. Bunun üçün birinci mərhələdə Səngəçal aerodromundan qalxıb “Qaraheybət” aviasiya poliqonuna enişi yerinə yetirməli idik. Yerüstü heyət, yəni uçuşların idarəedilməsi qrupu, rabitə növbətçiləri, həkimlər enişdən sonra öz yerlərini tutmalı və ardınca atışlar başlamalı idi.

Bunu Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğraması nəticəsində yaralanan hərbi qulluqçu, polkovnik-leytenant Emil Cəfərov dekabrın 1-də AZƏRTAC-a müsahibəsində deyib.

Qəza anı barədə danışan zabit bildirib: Helikopter “Qaraheybət” aviasiya poliqonuna çatıb eniş etdiyi anda qəfildən yerə çırpıldı. Mən sərnişin kabinəsində olduğum üçünbaş verdiyini tam anlamadım. Helikopterin yerə çırpılmasının təsirindən bayıra düşdüm. Bu sayədə sağ qaldım”.

Bəzi sosial media istifadəçilərinin bu hadisə ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar səsləndirdiklərini vurğulayan polkovnik-leytenant Emil Cəfərov qeyd edib: “Bu hadisə ilə bağlı bütün məlumatlar olduğu kimi rəsmi qaydada ictimaiyyətə çatdırılıb. Qəza helikopterin poliqonda eniş etdiyi anda baş verib. Yəni, heç bir kənar müdaxilə olmayıb”.

Hadisə nəticəsində yaralanan digər hərbi qulluqçu, kapitan Ramin Ədilov da helikopterin “Qaraheybət” aviasiya poliqonunda eniş etdiyi zaman qəzaya uğradığını bildirərək deyib: “Qəza anidən baş verdi. Səngəçalda aerodromdan havaya qalxıb Xızı rayonu ərazisindəki “Qaraheybət” aviasiya poliqonu istiqamətində uçuş yerinə yetirdik. Poliqona çatıb, enişi yerinə yetirdiyimiz anda helikopter qəfildən sürətlə düşməyə başladı və yerə çırpıldı. Ondan sonra heç nə yadımda deyil. Qəza nəticəsində üzümdən və sol dizimdən xəsarətlər almışam. Hazırda vəziyyətim yaxşıdır”.

Xatırladaq ki, noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin (DSX) Mİ-17 tipli helikopterinin təlim uçuşu yerinə yetirərkən qəzaya uğraması nəticəsində 14 hərbi qulluqçumuz həlak olub, 2 hərbi qulluqçu yaralanıb. Hadisə ilə əlaqədar Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 352.2-ci (uçuşya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan ikiya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb, aidiyyəti qurumların nümayəndələrindən ibarət istintaq qrupu yaradılıb.

 

Azərbaycan.- 2021.- 2 dekabr.- S.2.