Qürurlu və mətin lider
Soçi görüşü və Aşqabad zirvəsi Müzəffər Komandan İlham Əliyevin
Ermənistana növbəti zərbəsi kimi
tarixə düşdü
Ötən həftə ölkənin ictimai-siyasi həyatında çox mühüm hadisələr yaşandı. Öncə noyabrın 26-da Prezident İlham Əliyev Soçidə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdü. Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə keçirilən görüşdə çox maraqlı məsələlər müzakirə edildi və demək olar ki, bütün proseslər, imzalanan yeni sənəd Azərbaycanın maraqları çərçivəsində həll olundu.
Üçtərəfli danışıqlar zamanı kimin qalib, kimin isə məğlub olduğu açıq-aşkar hiss olundu. İlham Əliyev təmkinli və müzəffər, Nikol Paşinyan isə içində faciəvi emosiyaları gizlədən biri kimi göründü. Rusiyaya 44 günlük Vətən müharibəsinin qalib Sərkərdəsi kimi yollanan İlham Əliyev bu görüşdən də məğrur lider kimi ayrıldı.
Noyabrin 28-də isə İlham Əliyev yüksək əhvali-ruhiyyədə Türkmənistanda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Zirvə Görüşünə qatıldı. Azərbaycanın xilaskar lideri həm toplantıdakı çıxışı, həm də üzv dövlətlərin liderləri ilə təkbətək görüşündə bir daha regionda yaranmış yeni reallıqları qiymətləndirdi və dost-qardaş ölkələri Qarabağ və Şərqi Zəngəzura investisiya yatırmağa, birgə işbirliyinə dəvət etdi.
İƏT-in
üzvlərinin yeni işbirliyi yaxın gələcəkdə
böyük uğurlar vəd edir
Zirvə görüşündə Azərbaycanın regionda və dünyada artan rolu qeyd edildi və ölkəmizin tarixi Zəfərinin yaratdığı reallıqların böyük perspektivlər vəd etdiyi vurğulandı. Bütün bunlar isə İlham Əliyevin müstəqil, qətiyyətli siyasətinin gələcəyə hesablandığını bir daha təsdiqlədi.
Ümumiyyətlə, İƏT-in Zirvə Görüşü maraqlı məqamlarla yadda qaldı. Siyasi ekspertlərin bu toplantıda müzakirə edilən məsələlərlə bağlı səsləndirdiyi fikirlərə nəzər yetirsək, görərik ki, həm Azərbaycan Prezidentinin diplomatik gedişləri yüksək qiymətləndirilir, həm də İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətlərinin yeni işbirliyi yaxın gələcəkdə böyük uğurlar vəd edir.
Amerikalı ekspert Piter Teys deyir ki, İƏT-in Zirvə Görüşündə qəbul edilən Aşqabad Bəyannaməsi İlham Əliyevin görkəmli liderliyinin simvoludur. Onun fikrincə, Zirvə görüşü Avrasiya qitəsində, xüsusilə sənaye və iqtisadi inkişaf sahəsində əsas prioritetləri müəyyən edən böyük qlobal tədbirdir: “İƏT-ə üzv dövlətlərin bu münasibətlə təsdiqlədiyi və İkinci Qarabağ müharibəsində Azərbaycanı şanlı qələbə münasibətilə təbrik edən bəyannamə Ermənistanı məğlubiyyətini etiraf etməyə və Azərbaycanla əməkdaşlığın yeni səhifəsini açmağa çağırışdır. İƏT-in Aşqabad Bəyannaməsi Prezident İlham Əliyevin görkəmli liderliyinin simvoludur”.
Onun sözlərinə görə, Türkmənistan və İƏT-ə digər üzv dövlətlər Zəngəzur dəhlizindən onları Türkiyə, Qara dəniz regionu və Avropa bazarları ilə birbaşa birləşdirəcək körpü kimi istifadə etməklə Azərbaycanla əməkdaşlığın daha da inkişaf etdirilməsini səbirsizliklə gözləyirlər. Ermənistan isə İƏT-ə üzv dövlətlərlə iqtisadi tərəfdaşlığı qəbul etmək üçün addım atmalı və xaricdə imicini korlayan kölgə iqtisadiyyatından əl çəkməlidir.
Gözlənilən diplomatik qələbə
Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov deyir ki, Aşqabad Bəyannaməsində Azərbaycana işğal olunmuş ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpası münasibətilə təbriklərin yer alması birbaşa Ermənistana zərbədir. Özü də bu, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan Qazaxıstan, Qırğızıstan və Tacikistan tərəfindən olan təbriklərdir.
S.Markov bunu Azərbaycanın diplomatik qələbəsi adlandırib: “Burada müasir dünyanın görkəmli diplomatlarından biri olan Prezident İlham Əliyevin şəxsiyyətinin rolu olub. Bu, gözlənilən diplomatik qələbədir, Azərbaycan rəhbərliyinin bütün illik fəaliyyətinin nəticəsidir”.
S.Markov vurğulayıb ki, Ermənistanla qarşıdurmada Azərbaycan əksər dövlətlərdən, o cümlədən postsovet məkanındakı ölkələrdən və Ermənistanın KTMT-nin üzvü olmasına baxmayaraq, bu təşkilatın əksər üzvlərindən böyük dəstək alır.
Onu da qeyd edək ki, Zirvə görüşü maraqlı müzakirələrlə yadda qaldı. Toplantı çərçivəsində iştirakçı dövlətlər arasında liderlərin təkbətək görüşləri diqqət çəkdi. İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi və Pakistan Prezidenti Arif Alvi ilə səmimi söhbətlərini əks etdirən görüntülər xüsusi maraq yaratdı. İkitərəfli görüşlərdə Azərbaycanın regionda və dünyada artan rolunun təqdir edilməsi, ölkəmizin tarixi Zəfərinin yaratdığı reallıqların böyük perspektivlər vəd etdiyinin vurğulanması uğurlu siyasətin məqsədyönlülüyünü, gələcəyə hesablandığını bir daha təsdiqlədi. Azərbaycanın İƏT-in fəal üzvü kimi beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində hər iki quruma üzv dövlətlərlə səmərəli əməkdaşlıq qurması xarici siyasətin prioritet istiqamətlərindəndir.
Araz çayı boyunca dəmir yolu və avtomobil yolunun tikintisi məsələsi
də həllini tapıb
Zirvə toplantısında digər mühüm məqamlardan biri Zəngəzur dəhlizinin açılmasının regiona hansı yenilikləri gətirəcəyi barədə oldu.
İlham Əliyev bəyan etdi ki, Zəngəzur dəhlizi reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturu “Şərq-Qərb” və “Şimal-Cənub” dəhlizlərinin önəmli hissəsinə çevriləcək. İƏT-ə üzv ölkələr bu dəhlizdən istifadə edəcəklər.
Soçi görüşündən sonra İlham Əliyevin İƏT tribunasından da Zəngəzur dəhlizinin artıq reallığa çevrilməsini bəyan etməsi özündə bir sıra vacib məqamlar ehtiva edir. Azərbaycan son illər Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Zəngəzur dəhlizinin reallaşması regionun nəqliyyat sektorunun inkişafına yeni imkanlar yaradacaq.
İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr tərəfindən Azərbaycanın Vətən müharibəsində tarixi Qələbəsindən sonra Cənubi Qafqazda yaranmış yeni reallıqlar birmənalı olaraq yüksək qiymətləndirilib. Çünki İƏT üzvləri arasında ticarət həcmini artırmaq, iqtisadi əlaqələri fəallaşdırmaq üçün yaxşı fürsətlər yaranıb və bu baxımdan Türkiyənin irəli sürdüyü Xəzərdən keçən Şərq-Qərb Orta dəhliz təşəbbüsü və Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsi xüsusi əhəmiyyət kəsb edir.
Zirvə görüşü çərçivəsində təkbətək görüşlər keçirən liderlər digər mühüm məsələlər ətrafında da müzakirələr aparıblar. Onlardan biri də Araz çayı boyunca dəmir yolu və avtomobil yolunun tikintisi məsələsidir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistandan qayıdarkən mətbuata açıqlamasında deyib ki, artıq məsələ müsbət həllini tapıb: “Araz çayı boyunca dəmir yolu və avtomobil yolunun tikintisi məsələsi də həllini tapıb. Bu addımla yanaşı, İğdıra çəkiləcək avtomobil yolu məsələsi də var. Bu avtomobil yolu ilə, xüsusilə Naxçıvan məsələsi həll olunmaqla, həmçinin Azərbaycanın Ermənistan ərazisindən keçməklə İğdırla əlaqəsinin yaradılması yolunda addım atılmış olacaq. Bu istiqamətdə həm dəmir yolu, həm də avtomobil yolu ilə daşımaların artırılması üçün böyük addım atılacaq”.
Zirvə görüşü çərçivəsində Azərbaycanla İran arasında imzalanan saziş də tarixi əhəmiyyətə malik sənəd hesab olunur. İki ölkənin prezidentlərinin iştirakı ilə “İran İslam Respublikasının ərazisindən təbii qazın tranzit şərtlərini müəyyənləşdirən Saziş”ə əsasən Azərbaycan İran üzərindın Türkmənistan qazını alacaq. Sazişi dəyərləndirən İlham Əliyev qeyd edib ki, bu, üçtərəfli əməkdaşlıq üçün çox gözəl zəmindir və dost ölkələrin niyyətini göstərir. İmzalanmış bu sənədin iqtisadi və enerji təhlükəsizliyi baxımından da çox böyük önəmi var.
İran Prezidenti Seyid İbrahim Rəisi isə sazişi qiymətləndirərkən deyib ki, Azərbaycan, İran və Türkmənistan arasında imzalanan qaz sazişi əlaqələrin, iki və üç ölkə arasındakı münasibətlərin inkişafına xidmət edəcək. Bu sahədə ciddi və çoxsaylı addımların atılması zəruridir və iki ölkənin iradəsi sayəsində ölkələrimiz arasındakı əlaqələr, o cümlədən iqtisadiyyat, ticarət, tranzit, mədəni sahələrdə əməkdaşlıq iki dövlət arasındakı əlaqələrin genişlənməsinə yönəlməlidir.
Yeni reallıqlara uyğun əməkdaşlıq
formatları yaradılacaq
Aşqabad Zirvə
görüşündə, eləcə də səfər
çərçivəsində dövlət
başçıları arasında baş tutan
görüşlərdə müzakirə olunan aktual məsələlər
bir daha sübut edir ki, yalnız səyləri birləşdirməklə
və İƏT-in mövcud imkanlarından daha səmərəli
istifadə etməklə qarşıya qoyulan hədəflərə
yüksək səviyyədə nail olmaq mümkündür.
Qlobal miqyaslı təşəbbüsləri ilə regionda bir çox beynəlxalq layihələrin reallaşmasında müstəsna rolu olan Azərbaycan Prezidentinin təklifləri İƏT-ə üzv dövlətlər üçün əlverişli imkanlar yarada bilər.
Bir sözlə, əminliklə deyə bilərik ki, yeni reallıqlara uyğun yeni əməkdaşlıq formatları yaradılacaq və qarşılıqlı əməkdaşlıq fonunda bölgənin iqtisadi inkişafı daha da sürətlənəcək.
R.BAXŞƏLİYEV,
Azərbaycan.- 2021.- 2 dekabr.- S.1; 3.