UNEC İqtisadi Forumunun birinci günü uğurla başa çatıb

 

Dekabrın 1-də Təhsil Nazirliyinin, İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı dövlət müstəqilliyinin bərpasının 30 illiyinə həsr olunan UNEC İqtisadi Forumu-2021 öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, forumun iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad ediblər, məzarları önünə əklil və gül dəstələri qoyublar.

Sonra Şəhidlər xiyabanı ziyarət olunub. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinə ehtiram ifadə edilib, məzarları üzərinə güllər düzülüb.

Gülüstan” sarayında təşkil olunan UNEC İqtisad Forumu çərçivəsində Qarabağ Dirçəliş Fondunun və UNEC Dizayn məktəbinin təşkil etdiyi rəsm sərgisinə baxış keçirilib.

Forumun açılışında Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

UNEC-in rektoru professor Ədalət Muradov çıxış edərək forum çərçivəsində ilk tədbirin dünya şöhrətli alim, Nobel mükafatçısı Əziz Səncərin gənc tədqiqatçılar ilə görüşünə həsr edildiyini bildirib. Rektor alimin həyat yolundan, elmi fəaliyyətindən söz açıb, onu hər kəsə örnək olan şəxs kimi səciyyələndirib.

Forumun devizinin “Zəfər yoluolduğunu diqqətə çatdıran professor Ədalət Muradov bu gün hər bir azərbaycanlının ürəyinin qürurla döyündüyünü, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qəhrəmanlığı sayəsində torpaqlarımızın işğaldan azad edilməsi nəticəsində xalqımızın qələbə sevincini yaşadığını deyib. Rektor ölkəmizin hərb meydanında əldə etdiyi zəfəri, elm sahəsində də əldə edəcəyini, forumun bu istiqamətdə mühüm töhfələr verəcəyini vurğulayıb.

Tədbirdə çıxış edən Nobel mükafatı laureatı, professor Əziz Səncər yenidən Azərbaycana gəlməkdən məmnunluğunu ifadə edərək, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi zəfərdən söz açıb: “Qarabağ hamımızın könlündədir. Qarabağ zəfəri ilə Azərbaycan çox şeyi bacardı. Qarabağ qələbəsi asanlıqla qazanılmadı, çoxlu şəhidlər verdik. Bütün türk dünyası şəhidlərə minnətdardır. Azadlıq verilmir, azadlıq qazanılır. Kimsə başqa bir dövlətin torpağını işğal edərək uzun illər bunu dünyaya qəbul etdirə bilməz. Azərbaycanlı qardaşlarımız Qarabağı azad etməklə bütün dünyaya dərs verdilər”.

Gənc alimlərlə təcrübəsini bölüşən professor Əziz Səncər elmi fəaliyyətindən, Nobel mükafatı qazanılması yolundakı çalışmalarından bəhs edib. Alim uşaqlara erkən yaşlarından təcrübə aparmaq bacarıqlarını öyrətməyin vacibliyindən danışıb: “Dünya ilə yarışmaq üçün bumeranq yaratmalıyıq. Təməl bilik önəmlidir. Bundan başqa, qızlara da oğlanlarla bərabər eyni təhsil fürsətləri verməliyik, erkən yaşlarda təcrübələrini reallaşdırmağa imkan yaratmalıyıq. Siyasət və elm bir-birindən fərqləndirilməlidir. Elm adamlarına imkanlar yaradılmalıdır. Elmlə məşğul olmağa başladıqda, bu şəxslərə azadlıq, müstəqillik verilməlidir, onlarabunu et, onu et”, deyilməməlidir”.

Böyük maraqla qarşılanan çıxışdan sonra Əziz Səncər iştirakçıların suallarını cavablandırıb.

Forum “Azərbaycanın gələcək inkişaf strategiyası: qlobal trendlər və yerli faktorlarmövzusuna həsr olunan panel çıxışları ilə davam edib.

Paneldə çıxış edən UNEC-in rektoru professor Ədalət Muradov hər il keçirilməsi nəzərdə tutulan forumun ölkəmizin gələcək inkişafı baxımından əhəmiyyət kəsb edən məsələlərin müzakirə platformasına çevrilməsini hədəflədiyini deyib. Forumun həm qlobal, həm də milli müstəvidə çox böyük tarixi hadisə və proseslərin yaşandığı bir dövrə təsadüf etdiyini, uzun illərdir həllini gözləyən ən böyük milli probleminin həll olunduğunu və Qarabağın işğaldan azad edildiyini deyib. Rektor Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş möhtəşəm zəfərin Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın inkişafı üçün yeni perspektivlər açdığını, Qarabağın yenidənqurma prosesinə misli görülməmiş sürətlə start verilməsinin dünyanın diqqətini bir daha Azərbaycana, onun iqtisadi imkanlarına və iqtisadi qüdrətinə yönəltdiyini bildirib.

Professor Ədalət Muradov çıxışında pandemiyanın yaratdığı yeni sosial-iqtisadi problemlərə toxunub: “Dördüncü Sənaye İnqilabı və bu çərçivədə baş verən rəqəmsallaşma qlobal iqtisadi artımı yeni və kifayət qədər də təcili çağırışlarla üz-üzə qoyur; qlobal vaksin siyasəti, idarəetmə problemləri, gəlir və sərvət bərabərsizliyinin dərinləşməsi, sosialiqtisadi imkanlara çıxışda qeyri-bərabərliyin artması daha ədalətli iqtisadiyyatlar naminə daha adekvat siyasətlərin tətbiqini tələb edir. Rəqəmsallaşmanın sürətlə artması, iqtisadiyyatların rəqəmsal transformasiya prosesindəki qeyri-bərabərliklər, yüksək texnologiyalara əsaslanan istehsal ekosisteminin formalaşdırılması prosesində yaranan çətinliklər qlobal iqtisadi inkişaf paradiqmalarında da köklü dəyişikliklərə gətirib çıxarır. Ölkələr arasında artan rəqəmsal uçurum bir növ gələcək və həm də daha dərin iqtisadi bərabərsizliyin təməllərini atır”.

Rektor bütün bu və digər məsələlər barədə forumun müxtəlif panellərində üç gün ərzində dünya miqyaslı alimlər və mütəxəssislər tərəfindən ətraflı müzakirələrin aparılacağını diqqətə çatdırıb.

UNEC-in prorektoru Neman Muradlının moderatorluğu ilə keçirilən paneldə Polşanın Kozminski Universitetinin professoru Qjeqoj Kolodko, İsveçrənin UBS Bankının Strategiya departamentinin rəhbəri Massimiliano Kastelli, İngiltərənin Bayes Biznes Məktəbinin Strategiya və rəqəmsal transformasiya üzrə professoru Gianvito Lanzolla, “McKinsey & Company” Moskvadakı baş tərəfdaşı Yermolay Soljenitsın mövzu ilə bağlı çıxış ediblər. Xarici qonaqlar bu istiqamətdə qarşıda duran problemlərdən və onların həlli yollarından danışıblar, trendləri açıqlayıblar.

Sonra Polşanın Kozminski Universitetinin professoru Qjeqoj Kolodkonın alimlərlə görüşü keçirilib. Polşalı professor Q. Kolodko qloballaşmaonun sosial-iqtisadi sahəyə təsiri barədə çıxış edib, iştirakçıların mövzu ilə bağlı suallarını cavablandırıb.

Forum çərçivəsində UNEC ilə Türkiyə Respublikasının Əmək və Sosial Təminat Nazirliyinin Təhsil Mərkəzi (ÇASGEM) arasında institusional əməkdaşlıq protokolu imzalanıb.

UNEC rektoru professor Ədalət Muradov və Türkiyənin əmək və sosial müdafiə nazirinin müavini professor Lütfihak Alpkan arasında imzalanan sənəddə birgə elmi tədqiqatların, təlim proqramlarının və layihələrinin həyata keçirilməsi, əməkdaşların təcrübə və biliklərinin mübadiləsi, birgə tədqiqat və konsaltinq fəaliyyətləri, rəqəmsal təhsil texnologiyalarında əməkdaşlıq nəzərdə tutulub.

Dekabrın 2-də forum işini davam etdirəcək.

 

Azərbaycan.- 2021.-2 dekabr.- S.5.