Ağdam mədəni ruhunu özünə
qaytarır
Erməni vandallığını
faktlarla ifşa edən “Sara” romanı isə ilk təqdimat kitabı oldu
Kim bilərdi ki, 27 il ərzində “ruhlar şəhəri” kimi səssizliyə, xarabalığa çevrilən Ağdam bir anda dirçələ, doğrula bilər?!
Azadlığına qovuşan şəhərdə çox qısa zamanda quruculuq, bərpa işlərinə başlanar, Qarabağın yeni və uğurlu təməl daşı da məhz bu şəhərdə qoyular?!
Kim deyə bilərdi ki, düz 30 il erməni talançıları tərəfindən torpağının altı üstünə çevrilən və görənləri dəhşətə gətirən şəhər bu gün artıq möhtəşəm mədəniyyət tədbirlərinə evsahibliyi edər?!
Ağ şəhərin özü əsir
düşmüşdü...
Bəli, möcüzə kimi səslənən bütün bu hadisələr reallıqda sürətlə gerçəkləşdirilir və Ağdamın əvvəlki şan-şöhrəti özünə qaytarılır.
Elə o gün də işğaldan azad olunmuş Şahbulaqda bir yerə yığışmışdı Azərbaycanın, Ağdamın mədəniyyət, ədəbiyyat adamları, ziyalıları...
Yeni Ağdamın tarixində ilk dəfə həyata keçiriləcək kitab təqdimatının həyəcanı içərisində idilər...
Yazıçı-jurnalist İlqar Rəsulun bir neçə il erməni girovluğunda qalmış azərbaycanlı qızın həyatından bəhs edən “Sara” romanı oxucuların ixtiyarına verilirdi...
O dəqiqələrdə hər kəs susmuşdu, acı hıçqırıqlar içərisində gözü ilə gördüyü, şahidinə çevrildiyi, özünün də yaşadığı erməni müsibətini anladırdı Sara: “...Ermənilər tonqalın ətrafında qışqırışaraq göyə güllə atıb şənlənirdilər. Arada araq şüşəsini tonqalın içində dikəlib vurnuxan girova tolazlayır, türkləri söyür, ucadan gülürdülər. Tonqalda tərpəniş duyulmayanda sıraya düzülmüş kişiləri yenə döyməyə başladılar. Yıxılanı güllələyirdilər. Ona görə nə qədər vursalar da, hamısı ayaq üstdə qalmağa çalışırdı...”
Gənc qız gördüyü, şahidi olduğu, yaşadığı tükürpədici müsibətdən danışdıqca uşaq, qoca, qadın, kişi bağırtıları, dəhşətli zarıltılar bürüyürdü ətrafı...
Çarəsiz insan qışqırtıları Ağdamın qulaqlarında da ağrılı haray kimi səslənir, ona illər əvvəl yaşadığı acıları bir daha hiss etdirirdi...
...Ağ şəhərin o ağ günlərindən heç əsər qalmamışdı. Zülmət kimi qara gecələr çökmüşdü bəyaz damlarının üzərinə...
Neçə gün idi ki, Ağdama üz tutan saysız-hesabsız xocalılının meyitlərini daşıyan qara maşın karvanlarının ardı-arası kəsilmirdi. Həmin maşınlar bir-bir gəlib Cümə məscidinin yuyat yerinin qarşısında dayanır, qandonduran işgəncələrlə öldürülən insanların meyitləri Ağdam camaatı tərəfindən boşaldılırdı. Şəhərdə elə bir adam yox idi ki, göz yaşları tökə-tökə, erməni vəhşiləri tərəfindən dəhşətli hala salınmış meyitlərin yuyulmasında, kəfənlənməsində, basdırılmasında iştirak eləməsin...
1992-ci ilin 26 fevralından erməni əsirliyində, girovluğunda qalan xocalılılar da azad edilərək ilk dəfə Ağdama gətirilmiş, erməni quldurlarının zalım əməllərinin canlı şahidləri əsirlikdə başlarına gətirilən zülmləri də elə ilk dəfə Ağdama danışmışdılar...
Cəmi bir il sonra isə Ağdam özü erməni əsirinə çevrilmişdi. Barbar düşmən indi də ağ şəhərə qənim kəsilmiş, Ağdamı başdan-başa çapıb-taladıqdan sonra onun daşını, torpağını da daşımışdı. Bununla da ürəkləri soyumamış məzarlara hücum çəkmişdilər, Şəhidlər xiyabanını, Qarağacı qəbiristanlığını yerlə-yeksan edib şumlamışdılar...
Tamamilə tari-mar olmuş Ağdam bir daha dirçələcəyinə, ağ günlər yaşayacağına ümid qalmayan xarabazara çevrilmişdi...
Amma başdan-başa yandırılan şəhərin bomboz külləri altında közərən qurtuluş işartıları heç zaman öləziməmişdi...
Təqdimatın rəmzi mənası vardı
Bəli, Ağdam o müsibətli anları “Sara” romanının təqdimatında bir daha hiss etmişdi, amma bu dəfə ürəyində həmin günahsız insanların, özünün qisasının alınmasından doğan bir yüngüllük də duymuşdu...
Rayonun işğaldan azad edilmiş hissəsindəki Şahbulaq qalasında keçirilən ilk kitab təqdimatı Azərbaycan Yazıçılar Birliyi və Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi və “Gələcəyə Baxış” Avropaya İnteqrasiya İctimai Birliyi, Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyasının təşkilatçılığı ilə baş tutdu. Tədbirdə ictimai-siyasi xadimlər, yazarlar, QHT və media rəhbərləri, jurnalistlər, şəhid ailələrinin üzvləri, qazilər iştirak etdilər.
Giriş hissəsində “Müharibə - yadları, özgələri, ədavətliləri belə bir səngərə yığıb bir-birindən ötrü canından keçməyə hazır olan doğmalara çevirəndir” yazılan “Sara” romanının ilk kitab təqdimatı kimi məhz Ağdamda oxucuların ixtiyarına verilməsinin xüsusi rəmzi mənası olduğunu söyləyən müəllif İlqar Rəsul bildirir ki, işğaldan azad olunan rayonların bütün sahələrdə dirçəldilməsi olduqca sevindiricidir. O cümlədən də Ağdam rayonu bəzi tədbirlərin keçirilməsində yetərincə aktivdir. Vandal düşmənin bir salamat bina belə qoymadığı şəhərdə qısa zaman içərisində mədəniyyət tədbirlərinin keçirilməsi böyük uğurdur.
Özü də Ağdamda doğulub böyüyən, lakin doğma yurdundan illərlə ayrı yaşamaq məcburiyyətində qalan İlqar Rəsul deyir ki, torpaqlarımızın işğaldan azad olunacağına aradan keçən bu 30 ilə yaxın müddətdə bir gün belə şübhə etməyib.
Hesab edib ki, mütləq o torpaqlar işğaldan azad olunacaq, Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq: “O baxımdan torpaqların azad edilməsi mənim üçün nə qədər sevindirici olsa da, qətiyyən təəccüblü olmadı. Hər zaman fikirləşirdim ki, biz görsək də, görməsək də, o torpaqlar mütləq bir gün azadlığına qovuşdurulacaq. Düzdür, böyüklərimizə bu xoş günləri görmək nəsib olmadı, nisgilli köçdülər bu dünyadan... Amma xoş qismətdir ki, biz bu günləri görə bildik. Hesab edirəm ki, işğaldan azad olunmuş şəhərdə ilk dəfə elə o şəhərin yazıçısının əsərinin təqdimatının keçirilməsinin özü də böyük xoşbəxtlikdir. Bizə bu şəraiti yaratdığına görə Ali Baş Komandana, Azərbaycan əsgərinə minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin”.
Bundan əvvəl 4 kitabının işıq üzü gördüyünü, amma heç biri üçün təqdimat keçirmədiyini deyən İlqar Rəsul “Sara”nın təqdimatının Ağdamda olacağını duyduqda böyük məmnuniyyət, qürur hissi ilə bunu gerçəkləşdirmək istəyib: “Bu, işğaldan azad edilmiş rayonumuzda ilk kitab təqdimatı idi. O baxımdan da adi təqdimat deyildi, qeyri-adi, rəmzi bir xarakter daşıyırdı. Buna görə də həmin təqdimatdan çox qürurla danışıram”.
26 ildir
gecikən romana Zəfər məntiqi yekun vurdu
Fasilələrlə üzərində 26 ildir işlənən “Sara” romanını hansısa qeyri-adi səbəbdən yekunlaşdırmaq mümkün olmurdu. Demə, qismətində sonluğunun Zəfərlə bitirilməsi, işğaldan azad olunan torpaqlarda ilk kitab kimi təqdimatının olacağı varmış...
Bu barədə danışan İlqar Rəsul məlumat verir ki, “Sara” romanı əslində 1995-ci ildən yazılmağa başlanıb. Hekayə kimi yazılıb, sonra povest halına salınıb: “Amma hər zaman düşünürdüm ki, bu mütləq roman olmalıdır. Lakin onu da düşünürdüm ki, roman olması üçün Qarabağ müharibəsinin zəfərimimzlə bitməsi mütləqdir. 2020-ci ildə kitab yekunlaşmaq üzrə idi. Qismət elə gətirdi ki, bu müddətdə torpaqlarımız da işğaldan azad oldu və mən romanı qələbə ilə yekunlaşdıra bildim”.
Yazıçı qeyd edir ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın Zəfər qazanması romanda struktur dəyişikliklərə səbəb olub. Roman əvvəl yazıldığı süjet xəttində qalsa da, başlanğıcına və sonuna əlavələr edilib: “Sara” müqəddəs şəhərə, Şuşaya hücumla başlayır və illərdir xalqımızın arzusunda olduğu Zəfər paradı ilə yekunlaşır. Yəni Zəfər romana arzuladığımız əlavəni gətirdi. Bu iki əlavəni zaman, hadisələr və qazandığımız qələbə diktə etdi. Qalan süjet xətti isə olduğu kimi qaldı”.
Romanın əsas süjet xətti Sara adlı girov düşmüş gənc bir azərbaycanlı qızın taleyi ilə bağlıdır. Həmin xəttin üzərinə Azərbaycan dövləti, xalqı üçün önəmli olan tarixi hadisələr yığılıb ki, oxucular bu qızın həyatı ilə yanaşı, eyni zamanda erməni vandallığı, onların azərbaycanlıların başına gətirdikləri müsibətlərlə bağlı tarixi faktlarla da tanış olsunlar. Əsərin yazılmasında real faktlardan, tarixi sənəddlərdən, rəsmi qurumların və beynəlxalq təşkilatların hesabatlarından, keçmiş döyüşçülərin, eləcə də müharibə zamanı Ermənistan ordusu tərəfindən əsir və ya girov götürülmüş insanların ifadələrindən istifadə olunub. “Sara” romanında adıçəkilən insanların çoxu gerçək obrazlardır. Əsər yazılarkən onların bir qismi artıq həyatda olmadığından ailə üzvləri, qohumları ilə söhbətlər aparılıb. Əsaslı səbəblərə görə bəzi obrazların adı dəyişdirilib. Bu roman yazıçı təxəyyülü ilə bərabər, gerçək tarixi faktların üzərində qurulub.
Müəllifin fikrincə, adətən yalnız quru faktlardan, yaxud da ki, ümumi müharibədən ibarət olan romanlar o qədər də maraqlı olmur. Amma roman bir insanın taleyinin üzərində qurulanda daha cəlbedici olur və oxucu rahat oxuyub mənimsəyir: “O baxımdan deyərdim ki, “Sara” romanı orada təsvir olunan işgəncə faktlarının ağırlığına baxmayaraq, oxucu üçün kifayət qədər maraqlı olacaq”.
“Kitablaryazılmalı, filmlərçəkilməlidirki,
xalqkeçmişiniunutmasın”
“Ağdamı, doğulub böyüdüyün şəhəri dağılmış vəziyyətdə görmək çox ağrılı idi” söyləyən İlqar Rəsul bildirir ki, doğma şəhərinə təqdimata gedəndə öz həyətlərinə də baş çəkə bilib: “Baxdım ki, evimizin bir divarı, eyni zamanda böyük pilləkəni yarıuçuq halda da olsa, qalır. Bu xarabalığın, ümumi faciənin, bədbəxtçiliyin içərisində təkcə sevindirici o idi ki, doğma şəhərində gedib yarıuçuq da olsa, evinin divarını, pilləkənini tapırsan. Evimizdən heç bir əsər qalmadığı fikri ilə ora yollanıb ondan kiçik bir nişanə tapmaq məni toxdatdı... Əslində, o anda duyduğum hisslərimi ifadə etməyə çətinlik çəkirəm, bu, tam sevinc də deyildi və elə həm də sevinc idi...
Düşünürəm ki, Ağdamın əvvəl və sonradan xarabaya qalmış vəziyyətini görən heç kəs onu ölənə qədər unuda bilməyəcək. Ömrümüzün əsas hissəsini doğulub böyüdüyümüz yerlərsiz keçirdik. Yəqin ki, bu, taleyimizdə, həyatımızda öz izini buraxdı. Amma buna da şükür, kimlərsə görmədi, nisgilli köçdülər bu dünyadan. Bu baxımdan ümumi faciənin içərisində bizi nisbətən xoşbəxt nəsil hesab etmək olar”.
İlqar Rəsul sonda onu da əlavə edir ki, Azərbaycanda dövlət, Ali Baş Komandan, əsgərlər öz işlərini görüb, hərbi-siyasi müstəvidə Qələbə qazanıb, torpaqlarımız işğaldan azad edilib. Qarabağda, Şərqi Zəngəzurda quruculuq işlərinə, erməni vandallarının dağıtdığı tarixi, mədəni, dini mədəniyyət abidələrimizin bərpasına başlanılıb. Eləcə də yaradıcı insanlar öz sözlərini deməli, kitablar yazılmalı, filmlər çəkilməlidir ki, xalq keçmişini unutmasın və gələcəyə hazır olsun.
Bu gün təkcə tikinti və digər sahələrdə çalışan insanlar yox, mədəniyyət, incəsənət, ədəbiyyat adamları da sevinclə Ağdama üz tutur, yeni uğurlarını bu qədim Qarabağ yurdu ilə bölüşməyə tələsir...
Görənlərin dəhşətlə “Qafqazın Xirosiması” adlandırdığı Ağdamda artıq rəsm sərgiləri, kitab təqdimatı keçirilir və daha neçə-neçə mədəniyyət tədbirlərinin keçiriləcəyi də gözlənilir...
Bütün bunlar isə onu göstərir ki, düşmən nə qədər çalışsa da, vandallıqlara əl atsa da, Ağdamın mədəni, mənəvi ruhunu sındıra, məhv edə bilməyib...
Yasəmən MUSAYEVA
Azərbaycan.- 2021.- 2 dekabr.- S.7.