Baykal-Amur
magistralında dünyanın ən mürəkkəb tuneli sayılan Severomuyski ulu öndər Heydər Əliyevin birbaşa rəhbərliyi ilə uğurla tikilib
Noyabrın
29-da “Rossiya-24” telekanalında Rusiya Federasiyasının
Prezidenti Vladimir Putinin Rusiyanın “BTS-MOST” Səhmdar Cəmiyyətinin
Direktorlar Şurasının sədri Ruslan Baysarovla
görüşü barədə videomaterial yayımlanıb.
AZƏRTAC
xəbər verir ki, görüşdə ümummilli lider Heydər
Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi
Komitəsinin Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər
Soveti Sədrinin birinci müavini vəzifəsində
çalışarkən həmin dövrdə dünyanın
ən mürəkkəb tuneli sayılan və xarici ölkələrin
şirkətlərinin inşa edə bilmədiyi Baykal-Amur
Magistralındakı (BAM) Severomuyski tunelinin Ulu Öndərin
birbaşa rəhbərliyi ilə uğurla tikildiyi xüsusi
olaraq vurğulanıb.
Qeyd edək ki, sovet dövrünün möcüzələrindən sayılan Baykal-Amur Magistralının tikinti prosesində ittifaqın bütün ölkələrinin vətəndaşları və millətləri yaxından iştirak edirdilər. Azərbaycan xalqının nümayəndələri də onların arasında idi.
Magistral tikilən zamanlarda ulu öndər Heydər Əliyevin böyük layihə ilə bağlı xidmətləri bu gün də yüksək səviyyələrdə etiraf və təqdir olunur. 1974-cü ildə tikintisinə qərar verilən layihənin icrası məqsədilə o vaxt hələ Azərbaycana rəhbərlik edən Heydər Əliyevin tapşırığı ilə minlərlə gənc BAM-a yollandı. “Rossiya-24” telekanalında Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Rusiyanın “BTS-MOST” Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının sədri Ruslan Baysarovla görüşü barədə yayımlanan videomaterialda Ulu Öndərin xidmətləri xüsusi qeyd olunub.
Ruslan Baysarov: Vladimir Vladimiroviç, Sizin
diqqətinizi bir məqama cəlb etmək
istəyirəm: on tunelin
hamısı, o cümlədən ən
mürəkkəb sayılan Severomuyski tuneli “Bamtonnelstroy” Səhmdar
Cəmiyyətinin işçiləri tərəfindən tikilib. Əvvəlcə səkkiz tunelin olması
planlaşdırılmışdı, sonra
Hökumətin qərarı ilə daha
iki tunel əlavə edildi. Bu şəkillərdə
bizim işçilər tərəfindən
tikilmiş tunellər, o
cümlədən Severomuyski tuneli təsvir edilir. Severomuyski tuneli dünyada ən mürəkkəb tuneldir.
Vladimir
Putin: Severeomuyski?
Ruslan Baysarov: Bəli. Bu, “Bamtonnelstroy” işçilərinin
əzmkarlığının rəmzidir. Xarici mütəxəssislər bu tuneli tikməkdən
imtina edir və bizim də
imtina etməyimizi təklif edirdilər.
1984-cü ildə Sov.İKP MK Siyasi Bürosunun üzvü, Nazirlər Soveti Sədrinin birinci müavini Heydər Əliyev tunel inşaatçılarını dəstəkləmək üçün
bu tikintiyə gəlmişdi. Bildiyiniz kimi,
tunelin tikintisi başa çatdırıldı
və o, indiyə qədər dünyada ən mürəkkəb tuneldir, çox maraqlı obyektdir.
Vladimir
Putin: Onun mürəkkəbliyi
nədən ibarətdir?
Ruslan Baysarov: Orada qrunt çox ağırdır, tektonik titrəyişlər, yeraltı
cərəyanlar, qaz atmaları olub. Bu, çox mürəkkəb
layihədir, lakin biz onu başa çatdırdıq.
Vladimir
Putin: Uzunluğu 45 kilometrdir,
eləmi?
Ruslan Baysarov: Biz orada cəmi 45 kilometr tunel tikmişik, bu tunelin uzunluğu isə 15,5 kilometrdir. Siyasi Büro əvvəlcə cəmi səkkiz tunel planlaşdırmışdı. Heydər Əliyev gələndə fəhlələr ona izah etdilər ki, əlavə iki dolanbac tunel tikilməsi də zəruridir. Heydər Əliyev “Bamtonnelstroy” işçiləri ilə birgə elə yerindəcə qərar qəbul etdi. Orada daha iki dolanbac tunel tikildi. Təsəvvür edirsinizmi? Bu, çox mürəkkəb, çox maraqlı obyektdir və indiyə qədər dünyada ən mürəkkəb obyektlərdən biri kimi qalır.
Xatırladaq ki, ulu öndər Heydər Əliyevin birbaşa nəzarət etdiyi BAM-ın tikintisi öz çətinliyi və ziddiyyətləri ilə seçilirdi. Miqyasına görə dünyada analoqu olmayan layihə böyük olduğu qədər də çoxsaylı problemlərə malik idi. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dönəmdə tikintisi vüsət götürən magistralın 210-cu kilometrliyində azərbaycanlılar tərəfindən Ulkan stansiyası inşa edildi və onun ətrafında Ulkan qəsəbəsi salındı. Həmin qəsəbənin salınması isə birbaşa Ulu Öndərin nəzarəti altında həyata keçirilirdi. Onu da əlavə edək ki, Azərbaycandan ilk inşaat dəstəsi bu ərazilərə 1975-ci ilin əvvəlində gəlib. O vaxt Ulkan qəsəbəsinin yalnız adı var idi. İndi bu yerlər tanınmaz dərəcədə dəyişib, yeni insan məskəni salınıb. Azərbaycanlıların da iştirakı ilə tikilən və uzunluğu 209 kilometr olan dəmir yolu xəttinin çəkilişi vaxtından 2 ay əvvəl başa çatdırıldı.
Sovet cəmiyyətində
BAM-ın tikintisinə münasibət də birmənalı deyildi. M. Qorbaçovun elan etdiyi
yenidənqurmaya qədər onun nəhəngliyi
dövlətin böyüklük və məğlubedilməzliyi
kimi qəbul edilirdisə, yenidənqurma
dövründə ötən illərin bütün
nailiyyətlərinin kiçildilməsi prosesi
başlandı. Ancaq Heydər Əliyevin
ölkə sənayesinin inkişafı məqsədilə
irəli sürdüyü təşəbbüslərin
bu günün
özündə də məmnunluqla xatırlanması Azərbaycan
xalqı və onun Liderinə olan ehtiramın nümunəsi sayıla bilər.
Təsadüfi deyil ki,
2008-ci il iyulun 18-də
BAM-ın Anqoya stansiyasında istifadəyə
verilən vağzala Azərbaycan
xalqının ümummilli lideri
Heydər Əliyevin adı verildi. Tədbirdə
Moskva, Bakı, Severebaykalsk,
İrkutsk və digər şəhərlərdən
yüksəksəviyyəli qonaqların iştirakı Ulu Öndərin əziz xatirəsinə olan ehtiramın təzahürü idi.
Azərbaycan.-2021.- 1 dekabr.- S.5.