“Könüllülərin Zəfəri”
Gənclərin vətənpərvərlik ruhunun daha da
yüksəldilməsi hər zaman prioritetdir
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllülər İctimai Birliyinin təşkilatçılığı ilə “Könüllülərin Zəfəri” layihəsi keçirilir.
Layihə çərçivəsində Vətən müharibəsi iştirakçıları, hərbi ekspertlər və Azərbaycanı xarici təşkilatlarda təmsil edən nümayəndələri ilə gənc könüllülərin görüşləri təşkil edilir.
İlk görüş hərbi jurnalist Heydər Mirzə və Vətən Müharibəsi Qəhrəmanı Vüsal Yaqubovun, ikinci görüş rəsmi dövlət nəşri “Azərbaycan” qəzetinin Beynəlxalq həyat, idman və informasiya şöbəsinin redaktoru, Vətən müharibəsi iştirakçısı Rəşad Baxşəliyev və İslam Əməkdalıq Təşkilatı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin icraçı direktoru Vüsal Qurbanovun iştirakı, Azərbaycan Könüllülər İctimai Birliyinin prezidenti İmaməddin Quliyevin moderatorluğu ilə baş tutub.
Qonaqlar 44 günlük müharibə zamanı yaşadıqları xatirələri gənclərlə bölüşüb, eyni zamanda onlar tərəfindən zəfər yolumuzla bağlı verilən sualları ətraflı şəkildə cavablandırıblar.
Vətən Müharibəsi Qəhrəmanı gənc Vüsal Yaqubov, müharibədə qələmini süngüyə çevirən jurnalist döyüşçü Rəşad Baxşəliyev könüllü olaraq yollandıqları İkinci Qarabağ müharibəsində keçdikləri şərəfli yoldan danışaraq xoş xatirələrini bölüşüblər. Rəşad Başxəliyev savaşa jurnalist kimi deyil, Azərbaycan Ordusunun zabiti kimi könüllü yollandığını söyləyib və tabeliyində olan döyüşçü gənclərin hər birinin müqəddəs savaşa könüllü kimi qoşularaq şərəfli missiyanın daşıyıcılarına çevrildiklərini bildirib.
Hərbi jurnalist Heydər Mirzə Vətən müharibəsi dövründə hazırladığı reportajlar barədə məlumat verib və diqqət-çəkən məqamları gənclərlə bölüşməklə yanaşı, Azərbaycan hərbçilərinin yüksək döyüş ruhu və çətin vəziyyətlərdə istənilən əməliyyatlara hazır olduğunu vurğulayıb.
İslam Əməkdalıq Təşkilatı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin icraçı direktoru Vüsal Qurbanov isə informasiya müharibəsidə gənclərin rolu, beynəlxalq tədbirlərdə fəal iştirakı və bu istiqamətdə könüllülərin fəallığının artırılmasının zəruriliyini qeyd edib və bu istiqamətdə öz təcrübəsini bölüşüb.
Qonaqlar gənclərə könüllülük fəaliyyəti ilə bağlı məsləhətlər verib və sonda xatirə şəkli çəkdiriblər.
Qeyd edək ki, layihənin icrasının başlıca məqsədi gənclərin könüllülük hərəkatına marağını daha da artırmaq, milli vətənpərvərlik və Vətənə sədaqət ruhunda tərbiyə olunması istiqamətində həyata keçirilən layihələrdə gənclərin fəal iştirakını təmin etməkdir.
Gənclərlə Vətən müharibəsində iştirak edən qəhrəmanların görüşü ilə yanaşı, musiqili klip də hazırlanmışdır. Klip Beynəlxalq Könüllülər Günü münasibətilə 6 dekabr 2021-ci il tarixdə “Cinema Plus”da gənclərə təqdim olunacaqdır.
Musiqili klipdə əsas mesaj könüllülərin iştirakı ilə qızıl hərflərlə tarixin yazıldığı anın qısa musiqili klip şəklində gənclərə aşılanmasıdır. Həmçinin könüllülərin Vətənə və dövlətə sevgi ilə xidmətindən bəhs edilir.
Ülkər XASPOLADOVA,
Azərbaycan.- 2021.- 5 dekabr.- S.3.