Azərbaycan dünyanı heyrətləndirməkdə davam edir

 

Ermənilərin viran qoyduğu Qarabağ və Şərqi Zəngəzur tezliklə cənnətə çevriləcək

 

Torpaqlarımızın işğaldan azad edilməsindən çox zaman keçməyib. Yurd yerlərimiz düşmən tapdağından qurtulduğu bu qısa dövrdə dünya iki məsələyə heyrət edir.

Bunlardan biri erməni barbarlığı nəticəsində torpaqlarımızın viran edilməsi, onların uzun illər boyu daşı daş üstünə qoymamasıdır. Dünyanın heyrət etdiyi ikinci məsələ isə Azərbaycanın bu qısa dövrdə işğaldan azad olmuş ərazilərdə  gördüyü işlərdir.

Füzuli Hava Limanının qısa bir müddətdə istifadəyə verilməsi  indiyəcən müxtəlif ölkələrdən gələn siyasətçiləri, diplomatları və jurnalistləri heyrətə gətirir. Adi fakt deyil - cəmi 8 ayda dörd bir tərəfi dağıdılmış və minalanmış bu ərazidə möhtəşəm hava limanı inşa edilmişdir. Ən maraqlısı isə budur ki, işğaldan azad edilmiş torpaqlarımızda daha iki hava limanı tikiləcək, özü də maliyyə üçün heç bir beynəlxalq təşkilatın qapısını döymədən.

Məlumdur ki, işğaldan azad edilmiş ərazilərin çox hissəsi dağlıqdır. Üstəlik, az qala hər qarışında mina basdırılıb. Erməni vandallarının nə üçün bu qədər mina basdırması əcnəbiləri təəccübləndirsə də, biz təəccüblənmirik.

Çünki onların məkrli əməllərinə bələdik. Düşmən yaxşı bilirdi ki, bir gün Azərbaycan xalqı öz torpaqlarını onların tapdağından xilas edəcək. Ona görə də bərpa-quruculuq işləri aparmağımızın və soydaşlarımızın doğma yurdlarına qayıtmasının mümkün qədər qarşısını almaq istəmişlər.

İndi erməni faşistləri yenidən müharibə edib qalib gəlmək barədə xam xəyalla yaşayırlar. Rusiyadan ümidləri kəsiləndə Avropaya üz tutur, Avropadan nə isə əldə edə bilməyəndə yenidən Rusiyaya bel bağlayırlar. Azərbaycan xalqı isə Prezidentinə, Ordusuna və özünə güvənir. Dünyanın hansı guşəsində hansı siyasətçinin nə deməsinə əhəmiyyət vermədən doğma torpaqlara həyat gətirir. Prezident İlham Əliyevin torpaqlarımız düşmən işğalından azad olunandan dərhal sonra bəyan etdiyi kimi, biz bu yerləri cənnətə çevirəcəyik.

Bir il ərzində icra olunan layihələrə diqqət yetirdikdə əminliklə deyə bilərik ki, Qarabağ tezliklə Azərbaycanın deyil, dünyanın ən gözəl guşələrindən biri olacaq. Ona görə ki, bu yerlər təbiət etibarilə çox səfalıdır. Həm də ona görə ki, burada bərpa-quruculuq işləri müasir dünya standartlarına uyğun icra edilir. Məsələn, “ağıllı kənd” və “ağıllı şəhər” layihələri insanların ətraf mühitə ziyan vurmadan yaşamasına hesablanıb.

Bölgənin bərpa-quruculuq işlərinə infrastruktur layihələrindən başlanılıb və bu, təsadüfi deyil. Çünki mükəmməl infrastruktur yaratmadan iqtisadiyyatın bərpası və insanların məskunlaşması mümkün deyil. Odur ki, indiyədək yüz kilometrlərlə avtomobil yolunun çəkilməsi istiqamətində xeyli görülüb. Tarixi “Zəfər” yolunun çəkilməsi təkcə infrastruktur layihəsi deyil, şanlı qələbəmizə qoyulan abidədir. İndi işğaldan azad olunan ərazilərdə dəmir yolu çəkilir, Zəngilan Hava Limanında tikinti işləri görülür, su xətləri çəkilir.

Həyata keçirilən infrastruktur layihələri sırasında enerji layihələri önəmli yer tutur. Bu da səbəbsiz deyil. İndiki dövrdə iqtisadi inkişafın ən vacib şərtlərindən biri enerji ilə təminatdır. Buna görə də Prezident İlham Əliyev qələbədən dərhal sonra bölgənin etibarlı və dayanıqlı enerji ilə təmin edilməsi barədə müvafiq dövlət qurumlarına göstəriş verdi. İşğaldan azad edilən ərazilərin Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məqsədi ilə Prezidentin tapşırığına uyğun olaraq Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının hər birində 110/35/10 kV-luq yarımstansiyalar tikildi. Ağdam rayonunda isə 110/35/10 kV-luq iki yarımstansiya inşa edilməkdədir. “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarına “Xındırıstan” yarımstansiyasından 40 kilometr məsafədə ikidövrəli 110 kilovoltluq yüksəkgərginlikli elektrik verilişi xətti də çəkilir.

Qeyd edək ki, Azərenerji” tərəfindən Füzulidən Şuşaya 75, Daşkəsəndən isə Kəlbəcərə 70 kilometr məsafədə 110 kV-luq ikidövrəli elektrik verilişi xətti çəkilib, 110/35/10 kV-luqŞuşa” və “Kəlbəcər” yarımstansiyaları tikilərək istismara verilib, həmçinin Füzuli şəhərində 110/35/10 kV-luqFüzuli” yarımstansiyası tikilib, eyni zamanda rayondakı “Şükürbəyli” yarımstansiyası genişləndirilərək tam yenidən qurulub. Bununla yanaşı, “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik yarımstansiyaları yenidən qurulduqdan sonra enerji istehsalına başlayıb.

İşğaldan azad olunan bütün əraziləri dayanıqlı və etibarlı enerji ilə təmin etmək üçün yenə də yarımstansiyalar tikilirötürücü xətlər çəkilir. Bu gün energetiklər bölgədə soyuq hava şəraitinə, relyefin çətinliyinə baxmayaraq, gecə-gündüz çalışırlar.

İşlərin xeyli hissəsi görülsə də, qarşıda icrasını gözləyən layihələr hələ çoxdur. Yəni hədəflər daha böyükdür. Burada dağ çaylarının üzərində 22-dən çox kiçik su elektrik stansiyası tikiləcək. Eyni zamanda bölgənin təbii enerji əldə etmək imkanlarından geniş istifadə olunacaq. Artıq xarici sərmayədarlar işğaldan azad edilən ərazilərdə külək və Günəş eherjisi istehsalı sahəsinə sərmayə qoymaq barədə istəklərini bildiriblər. Yəqin ki, yaxın gələcəkdə bu ərazilərdə istehsal olunan enerjinin ixrac edilməsinin də şahidi olacağıq.

 

Rüstəm KAMAL

 

Azərbaycan.- 2021.- 5 dekabr.- S.1; 4.